«Tərcümə Mərkəzini Azərbaycanın dünyaya açılan Xitabət kürsüsü adlandırmaq olar» - İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh
Fevralın 9 - da İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru A. Məsud qonağı salamlayaraq, dil və tərcümə sahəsində görülən işlərdən, Azərbaycanda ərəb dilinə və ədəbiyyatına olan maraqdan, ərəb yazıçı və şairlərinin əsərlərindən edilən tərcümələrdən, həmçinin, dil və tərcümə müstəvisində dünya ölkələri ilə yaradılan sıx ədəbi əlaqələrdən söz açıb, yaxın vaxtlarda Misirdə ərəb dilində nəşri və təqdimat mərasimi gözlənilən «Müasir Azərbaycan ədəbiyyatı antologiyası» ndan danışıb.
- Bu, akademik bir nəşrdir. Antologiyaya Azərbaycanın tanınmış ədiblərinin seçmə əsərləri toplanıb. Biz bu kitabı Misirlə yanaşı, digər ərəb ölkələrində, eləcə İordaniyada da nəşr etmək niyyətindəyik. Ərəb dili və dünyası yer üzünün böyük bir hissəsini əhatə edir. İstəyirik ədəbiyyatımız bütün ərəb ölkələrində tanınsın. Ərəb ədəbiyyatına gəlincə, hazırda Mərkəzdə böyük ərəb nasiri Nəcib Məhfuzun seçilmiş əsərlərindən ibarət kitab çapa hazırlanır. Kitabın təqdimatını Azərbaycanda fəaliyyət göstərən ərəb ölkələri səfirliklərinin iştirakı ilə təşkil etmək niyyətindəyik.
Mərkəzin dil və tərcümə, beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işləri yüksək qiymətləndirən səfir İordaniya Haşimilər Krallığı səfirliyinin, bu istiqamətdə Mərkəzlə birgə həyata keçirə biləcəyi layihələrdən danışıb:
- Sizinlə, bu qədər əhəmiyyətli işlər ərsəyə gətirən bir qurum rəhbəri, eyni zamanda tanınmış ədib kimi, tanışlıqdan böyük şərəf duyuram. Mərkəzin fəaliyyəti haqqında da məlumatlıyam. Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq aləmdə, eləcə də dünya ədəbiyyatının Azərbaycanda təbliği istiqamətində həyata keçirdiyiniz layihələr, bu gün dünya xalqları arasında qarşılıqlı anlaşmaya böyük imkanlar yaradır. Ədəbiyyat, bədii söz, əlbəttə ki, sərhəd tanımır. Bu mənada, Mərkəzi, Azərbaycanın dünyaya açılan böyük Xitabət kürsüsü adlandırmaq olar. Azərbaycan ədəbiyyatının İordaniyada təbliği ilə bağlı səsləndirdiyiniz qiymətli təkliflər bizi yalnız sevindirir və düşünürəm, bu kitab Azərbaycanla İordaniya arasında əlaqələrin daha da yaxınlaşması istiqamətində öz töhfəsini verəcək.
Görüşün sonunda qonağa Mərkəzin kitab nəşrləri, «Xəzər» dünya ədəbiyyatı jurnalı, həmçinin, Mərkəz tərəfindən bu vaxta qədər tərcümə və nəşr olunmuş əsərlərin ərəb dilində kataloqu və bukletlər təqdim olunub.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...