"Yolüstü söhbət"in təqdimatı keçirildi
Noyabrın 18-də ARNK yanında Tərcümə Mərkəzində tanınmış yazıçı, tərcüməçi Saday Budaqlının "Yolüstü söhbət" kitabının təqdimatı keçirildi.
Mərasimi giriş sözü ilə Mərkəzin direktoru Afaq Məsud açdı:
- Sadayla ilk dəfə 1978-ci ildə Zuğulbada keçirilən "Gənc ədiblərin yaradıcılıq seminarı"nda tanış olmuşuq. Bu seminarda gənc yazarlar öz şeir və hekayələrini oxuyur, sonra müzakirələr keçirilirdi. Sadayın yaradıcılığı ilə ilk tanışlığım, həmin o seminarda baş verdi. O hekayənin adını indi xatırlamıram, amma hələ də, bir uşağın, ölümü ilk dəfə duymasının fərqli bədii incəliklərlə, ağsaqqal yazıçı təmkini və səbri ilə təsvir olunduğu o hekayənin təsiri altındayam. Ədəbiyyat budur. Yazıçı öz təsdiqini bircə hekayədə tapır. Saday çox az yazır, lakin yazdıqları yaddaşlarda uzun müddət yaşamağa qadirdir. Saday, nəyin bahasına olursa olsun, gündəmdə qalmağa, tanınmağa meyilli olmayan, ədəbiyyata qazanc və şöhrət mənbəyi kimi baxmayan, şəxsiyyətini, qürurunu qoruyub-saxlayan yazıçılarımızdandır. Ədəbi dəyərlərin itirildiyi, bədii kitabların çox vaxt ucuz makulaturaya çevrildiyi bir ədəbi baxımsızlıq dönəmində Saday qələmə, sözə olan sədaqətini heç nəyə dəyişmədi, öz sakit ədəbiyyat ərazisində yaşayıb-yazmağına davam elədi. Bu gün 60 yaşının tamamı münasibəti ilə Mərkəzin nəşr etdiyi bu kitab, Sadayın iyirmi beş ildə latın qrafikasında nəşr olunan ilk kitabıdır. Sadayın həyatı barədə qısa biblioqrafik məlumat onun, səksəninci illərin əvvəllərində Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldığını və bu qısa müddət ərzində - 1982-86-cı illərdə Rusiya ədəbi mətbuatının bir neçə nüfuzlu ödüllərinə: 1982-ci ildə Moskvanın "Nedelya" həftəlik məcmuəsinin laureatı, həmin ildə "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mukafatı, 1986-cı ildə Moskvada nəşr olunan "Uduş" kitabına görə Maksim Qorki adına Ümumittifaq Mükafatına layiq görüldüyünü fiksə edir. Ümidvarıq ki, yazıçı Azərbaycanda da öz layiqli qiymətini alacaq.
Saday həm də gözəl bədii tərcümə ustasıdır. Onun tərcümələri hər zaman yazıçı nəfəsi ilə, yad əcnəbi düşüncəni Azərbaycan dilinin bütün bədii imkanları çərçivəsində ala bilmək bacarığı ilə seçilir. Onun M.Bulqakov, Y. Kavabata, Q. Markes, M. Lyosa, X.Onetti, K. Sela, M. Delibes kimi bir-birindən tam fərqli ədəbi üslub daşıyıcılarının əsərlərindən ərsəyə gətirdiyi tərcümələr, milli bədii tərcümə sənətimizin inciləri sırasındadır. 2009-cu ildə Saday Budaqlı M. Bulqakovun "Master və Marqarita" romanına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb".
Daha sonra yazıçının həmkarları, iş yoldaşları - "Xəzər" dünya ədəbiyyatı dərgisinin baş redaktor müavini, şair Zakir Fəxri, "Aydın yol" qəzetinin baş redaktoru, yazıçı-tərcüməçi Yaşar Əliyev, İlqar Əlfioğlu, Bəhlul Seyfəddinoğlu, Nəşriyyat şöbəsinin müdiri Xanım İsmayılqızı, şair-tərcüməçi Zahid Sarıtorpaq, şair Əlisəmid Kür, yazıçı-tərcüməçi Etimad Başkeçid, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı, şair-tərcüməçi Mahir Qarayev və Mərkəzin digər əməkdaşları - Kəmalə Cəfərzadə, Tamilla Rüstəmova, Şahin Ələsgərov, Qəmər Alxanova, Səxavət Sahil, Tofiq Qaraqaya çıxış edərək, Saday Budaqlının yaradıcılığı barədə fikirlərini bölüşdülər, yubilyarı təbrik edib, ürək sözlərini bildirdilər.
Tədbir barədə geniş material Tərcümə Mərkəzinin "Aydın yol" qəzetinin cümə sayında dərc olunacaq.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...