Tərcümə Mərkəzinin nümayəndəsi Turin Beynəlxalq Kitab Təşkilatının rəhbəri ilə görüşüb
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin Ələsgərov XXVIII Turin Beynəlxalq Kitab Sərgisi çərçivəsində Turin Beynəlxalq Kitab Təşkilatının və eyni zamanda sərginin keçirildiyi Beynəlxalq kitab zalının rəhbəri cənab Ernesto Ferreronun dəvəti ilə Beynəlxalq Kitab Forumunda olub. Beynəlxalq Kitab Forumunun Baş ofisində, İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının təşəbbüsü ilə keçirilən görüşdə Şahin Ələsgərov Tərcümə Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi tərcümə işləri, qurumun mətbu orqanları olan “Xəzər” jurnalı və “Aydın yol” qəzeti, həmçinin mərkəzin müxtəlif dillərdə çap olunan kataloqları və rəsmi internet səhifəsi barədə ətraflı məlumat verib. Cənab Ernesto Ferrero isə, ilk növbədə kitab və kitaba olan maraqdan danışıb: “Müasir dövrdə bütün dünyada, xüsusilə də, İtaliyada kitaba olan laqeyd münasibət, əsasən də, gənc nəslin oxumağa meyilli olmaması uzun illər bu sahədə çalışan bir şəxs kimi məni çox narahat edir. Düzdür, bunun obyektiv səbəbləri var. İnternet və peyk antenaları olan bir zamanda insanların kitaba olan marağı təbii ki, azalacaq. Götürək, bizim Turin şəhərini. 900 minlik əhalisi olan bir şəhərdə əhalinin cəmi 7%-i kitab oxuyur. Doğrudan da, acınacaqlı faktdır. Məhz bu səbəbdən bu cür tədbirlərin keçirilməsi olduqca vacibdir.
Lakin biz italyanlar üçün hər kədərli vəziyyətin sonunda bir ümid işığı var. Azərbaycan nümayiş etdirdiyi kitablarla bu istiqamətdə necə irəliləyişlərə nail olduğunu göstərir. Deməli, uğura imza atmaq üçün ölkənin böyük, yaxud kiçik olmasının elə də önəmi yoxdur”.
Daha sonra Tərcümə Mərkəzinin kataloqu ilə tanış olan Ernesto Ferrero bu barədə də öz fikirlərini bölüşdü: “Kataloqunuz olduqca zəngindir. Demək olar ki, ədəbiyyat sahəsində dünya korifeylərinin hər birinin əsərlərinə burda rast gəlmək mümkündür. Lakin bilməyinizi istərdim ki, kataloqda Dino Buzzati, Dario Fo və Antonio Tabuçinin adlarına rast gəlməyim şəxsən mənimçün qürurverici bir haldır.
Sərginin açılışından iki-üç saat sonra tədbirin layihə rəhbəri Stefano Trinçero ayrı-ayrı stendlərdə nümayiş etdirilən kitablar barədə mənə danışdı. O, “Candles” kitabından xüsusi söhbət açdı. Müasir Azərbaycan poeziyası nümayəndələrinin ingiliscə şeirləri dərc olunan bu kitabın, Pavarotti, Karuzo və Morrikone kimi dahilərin, musiqıli italyan dilinə tərcüməsi fikrimcə, daha çox oxucu qazandırar”.
Daha sonra sərgidə fəxri qonaq statusu ətrafında müzakirələr aparılıb. Ş.Ələsgərov 46-cı Qahirə Beynəlxalq Kitab Sərgisində Azərbaycanın fəxri qonaq qismində çıxış edəcəyini bildirib. Cənab Ferrero isə, Turin sərgisində fəxri qonağın bir il öncədən müəyyən olunduğunu qeyd edib: “Bu il fəxri qonaq qismində Almaniya çıxış edir. Gələn il isə bu status Səudiyyə Ərəbistanına məxsus olacaq. Lakin 2017-ci il üçün şəxsən mən Azərbaycanı fəxri qonaq qismində görmək istərdim. Tədbir may ayının 18-də yekunlaşarkən, növbəti iclasda bu təkliflə rəyasət heyətinə müraciət edəcəyəm”.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...