Fərhad Metenin şeirləri Türkiyə portalında
Türkiyənin populyar “Detayhaberler.com” portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, dünyasını vaxtsız dəyişmiş Fərhad Metenin türk dilinə uyğunlaşdırılmış "Həyat" və "İstədiyin kimi" şeirlərinin yayınına başlayıb.
Şeirlər türk dilinə Dövlət Tərcümə Mərkəzinin türk dili mütəxəssisi Sənan Nağıyev tərəfindən uyğunlaşdırılıb.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətini mütəmadi şəkildə işıqlandıran xüsusi səhifə yaradıb.
Həyat Bütün acı xəbərlər gecə saatlarında gəlir, məsələn, bir körpənin doğuluşu xəbəri. Və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə – həm də əgər bu, oğlan uşağıysa. Bütün acı xəbərlər gecə saatlarında gəlir, məsələn, “oğlunuz savaşa gedir” xəbəri. Və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə – həm də əgər geri dönəcəyi bəlli deyilsə. Bütün acı xəbərlər gecə saatlarında gəlir, məsələn, “oğlunuz əsir düşüb” xəbəri kimi. Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə həm də əgər xilasına ümid qalmışsa… Bütün acı xəbərlər gecə saatlarında gəlir, məsələn, “oğlunuz güllələnib əsirlikdən qaçarkən” xəbəri kimi – Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə. Hələ vaxt var… Alatoran… hamı susur… On yeddi nəfər qalmışıq. Az sonra – siqnal fişəngindən sonra ikinci həmlə olacaq qarşıdakı səngərə. Hələ vaxt var ölənləri saymağa, sonra bir siqaret yandırıb səni xatırlamağa… Yadıma düşür, meydan izdihamının içində düyünləyib hirsimi-hikkəmi, ən çox da sənə olan sevgimi yumruq şəklində qaldırmışdım göylərə. Və o şairin nitqindən sonra “azadlıq” sözünü üç hecaya bölüb bağırmışdım bağıra bildikcə – nə boyunduruqdan, nə də köləlikdən, səndən azad olmaq üçün. İstədiyin kimi oldum İstədiyin kimi güclü, bir az sərt və heç zaman ağlamayan, gülümsəyən gözlərində böyütdün məni sonra hazır sabahları yaratdım sənin üçün sən yatmışkən qaranlıqlardan keçən hazır sabahları, küçələrdə ölmüş quşlara can verdim, ayaqlarıma yıxılan yalmanan köpəklərin başını tumarladım hürməsinlər deyə ağacların qəddini düzəltdim, çiçəkləri rənglədim divara yazılmış “sevirəm” sözünün üstünü qaraladım sabah yenidən oxuyasan deyə. Bütün səsləri içimə çəkdim, oyanmayasan deyə. Sonra sənə yuxuları verdim qarma-qarışıq, Sirrini yalnız mən bildiyim yuxuları içində ölmüş quşlar, qəddi əyilmiş ağaclar, rəngsiz çiçəklər, üstünə qaçıb ayaqlarına yıxılan küçə köpəkləri, bir də bəyaz divarda “üstəgəl” və “bərabərlik” işarəsi, sirrini tək mən bildiyim qarma-qarışıq yuxuları verdim sənə hər sabah onları nəyəsə oxşadasan deyə. sonra qayıdıb yatağına gəldim, uzun-uzadı üzünə baxdım və dedim astadan, pıçıltı ilə, istədiyin kimi oldum, istədiyin kimi güclü, bir az sərt və heç zaman ağlamayan səni sevdiyim üçün mən – atasız, utancaq və qorxaq yeniyetmə... |
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...