“Dəf(i)nə yarpağı” Bədii Tərcümə müsabiqəsinin qalibləri elan olundu
Bu gün ölkənin bədii tərcümə sahəsi üzrə ən böyük müsabiqəsinin – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi “Dəf(i)nə yarpağı”nın ilk qalibləri elan olundu. Həmçinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından çap olunan kitabların, “Xəzər” dünya ədəbiyyatı jurnalının son saylarının təqdimatı baş tutdu.
Qeyd edək ki, “Dəf(i)nə yarpağı” Bədii Tərcümə müsabiqəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin tərcümə sahəsinin stimullaşdırılması üzrə təşkil etdiyi ilk müsabiqədir. Müsabiqə, Mərkəz fəaliyyətə başlayandan az müddət sonra, oktyabr ayının 24-də elan olunub.
Tərcümə əsərlərinin qəbul müddətində müsabiqəyə ingilis, rus, polyak, ispan, alman, fransız, fin, ərəb, fars, özbək, türk dillərindən edilən 115 tərcümə əsəri daxil olub.
Müsabiqə işini üç mərhələ üzrə apardı:
Birinci mərhələdə – müsabiqəyə qəbul olunan əsərlərin, şeir mətnlərinin orijinala adekvatlığı Mərkəzin dil ekspertləri və Mərkəzdən kənarda ispan, polyak, fin, ərəb və s. dillər üzrə fəaliyyət göstərən dil mütəxəssisləri tərəfindən yoxlanılıb qiymətləndirildi.
İkinci mərhələdə – dil adekvatlığı qiymətləndirilməsi mərhələsindən sonra əsərlər müsabiqənin formalaşdırdığı İşçi qrupunun – Mərkəzin bədii mətnlər üzrə dil mütəxəssisləri ilə bərabər Azərbaycan ədəbi dili üzrə kənar ekspertlərin müzakirəsinə verildi. İşçi qrupu 115 əsərdən 20-liyə düşəcək əsərləri müəyyənləşdirdi.
Üçüncü mərhələdə münsiflər heyəti bu iyirmi əsərdən 10-luğu, daha sonra qalib əsərləri seçdi.
Müsabiqənin gedişində onlarla qədər dil mütəxəssisi, ekspertlər, tanınmış şair və yazıçılar, tərcüməçilər iştirak edib.
Xatırladaq ki, Dəf(i)nə yarpağı müsabiqəsi 25 ildən artıq müddətdə dünya ədəbiyyatı incilərinin tərcüməsi ilə məşğul olan və bu illər ərzində yüzlərlə dünya ədəbiyyatı şedevrlərinin Azərbaycan dilinə tərcüməsini və nəşrini həyata keçirən Tərcümə Mərkəzinin, tərcümə sahəsinin inkişafı və təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi ilk ölkəmiqyaslı tədbirlərdəndir.
Təqdimetmə mərasimində ölkənin tanınmış ziyalıları, dövlət adamları, ölkəmizdə bu sahədə fəaliyyət göstərən xarici qurumların nümayəndələri, səfirlər, ədəbiyyat adamları və media nümayəndələri iştirak edirdilər.
Tədbirin sonunda qaliblərə mükafatlar təqdim olundu.
Qaliblərin adlarını oxucularımıza təqdim edirik:
Zeynallı Təvəkgül Əbülfət oğlu – ən yaxşı nəsr əsəri tərcüməsi nominasiyası üzrə birinci yer (Şervud Andersonun “Allahın qüdrəti” hekayəsini orijinaldan uğurlu tərcüməyə görə)
Əli Akif Əli oğlu – ən yaxşı nəsr əsəri tərcüməsi nominasiyası üzrə ikinci yer (Mayk Gelprinin “Şam yanırdı” hekayəsini ikinci dildən uğurlu tərcüməyə görə)
Ağayarov Şərif Ziyadxan oğlu – ən yaxşı nəsr əsəri tərcüməsi nominasiyası üzrə üçüncü yer (Səbahəddin Əlinin “Asfalt yol” hekayəsinin Azərbaycan dilinə uyğunlaşdırılmasına görə).
Quliyeva Şəfiqə Habil qızı – ən yaxşı nəsr əsərinin tərcüməsi nominasiyası üzrə həvəsləndirici mükafat (Konstantin Paustovskinin “Alabalıqların üzdükləri kiçik çaylar” hekayəsinə görə).
Əlizadə Nuri Mətləb oğlu – ən yaxşı poeziya nümunəsinin tərcüməsi nominasiyası üzrə həvəsləndirici mükafat (Aleksandr Blokun şeirlərinin tərcüməsinə görə).
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...