AFAQ MƏSUD: “İstifadəçini qaydalar yox, axtardığı sözün özü maraqlandırır”
Xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud AZƏRTAC-ın suallarını cavablandırır.
– Afaq xanım, Dövlət Tərcümə Mərkəzi tərəfindən hazırlanaraq nəşr olunmuş yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” hansı zərurətdən yarandı?
– Bu zərurət, ölkənin aparıcı dil qurumu olan Dövlət Tərcümə Mərkəzinin qarşısına qoyulmuş vəzifələrin icrası zəminində yarandı. Belə ki, 2015-ci ildən başlayaraq dövlət qurumlarının saytlarında, təşkilatlararası yazışmalarda, dil və tədris vəsaitlərində, KİV, bədii nəşrlər, dublyaj, eləcə də digər aidiyyətli sahələr üzrə aparılan yoxlamalar aşkarlanan xətaların, dil və tərcümə qüsurlarının eyni bir mənbədən – əslində başlıca funksiyası sözlərin vahid düzgün yazılış qaydasını bildirməli olan orfoqrafiya lüğətindən qaynaqlandığını üzə çıxardı və təbii ki, bu zaman ilkin mənbənin özünün araşdırılması tələbi gündəmə gəldi. İşə başlanılarkən isə vəziyyətin göründüyündən daha ağır olduğunun, məsələnin hər hansı nöqsan, ya çatışmazlığın aradan qaldırılmasıyla həll edilə bilməyəcəyinin acı həqiqəti ilə üz-üzə qaldıq. Qısaca desəm, Azərbaycan dilinin söz ehtiyatını, düzgün yazılış qaydalarını müəyyən edən mənbənin bu halda olduğu təqdirdə dilimizin saflığının qorunması, düzgün istifadəsi uğrunda çəkilən bütün zəhmətin, həyata keçirilən genişmiqyaslı təkmilləşdirici tədbirlərin, “nəticə” ilə mübarizə olduğunu anladıq. Lüğətin yenidən tərtib edilməsi məsələsi də beləcə gündəmə gəldi.
– Yeni orfoqrafiya lüğəti əvvəlki lüğətlərdən nə ilə fərqlənir?
– İlk növbədə, orfoqrafiya lüğəti formatının tələblərinə cavab verməsi ilə. Yəni Azərbaycan dilinin söz ehtiyatının malik və layiq olduğu həqiqi mənzərəsini əks etdirməsi, sözləri vahid düzgün yazılış qaydasında təqdim etməsi ilə. Eləcə də əvvəlki lüğətlərdə yazılışı səhv, yaxud iki, bəzən üç variantda verilmiş minlərlə söz və terminlərdən, söz anlayışına sığmayan lüzumsuz səs təqlidlərindən, it hürüşləri və xoruz quqqultularından, movultu və miyovultulardan, bir neçə sözdən düzəldilmiş, yaxud müxtəlif şəkilçilər artırılaraq eybəcər hallara salınmış minlərlə söz quramalarından təmizlənərək əvvəlki lüğətlərdə yer almamış 9 mindən çox Azərbaycan sözü müasir həyatımızda işləklik qazanmış terminlərlə təkmilləşdirilməsi və digər bu kimi məsələlərlə.
– Hər dəfə orfoqrafiya lüğətləri çap olunarkən bir çox mübahisəli məsələlər yaranır. Xüsusən dilçi alimlər lüğətdə yer alan bu və ya digər qayda və sözlərlə bağlı iradlarını bildirirlər. Rəhbərlik etdiyiniz Mərkəz yeni lüğət hazırlayarkən bu problemləri nəzərə alıbmı?
– Əslində, orfoqrafiya lüğətinin istifadəçisini qaydalar yox, düzgün yazılış qaydasını bilmək üçün axtardığı sözün özü maraqlandırır. Qaydalara gəlincə, indiki vəziyyətdə bu sənədin özünün də ciddi redaktəyə və düzəlişlərə ehtiyacı var. Bu haqda uzun-uzadı danışmaq istəmirəm. Mərkəz də məsələni uzatmamaq, fərdi istifadəçiləri və qurumları mümkün qədər tez bir zamanda təkmil orfoqrafiya vəsaiti ilə təmin etmək məqsədilə bütün gücünü yeni lüğətin tərtibinə sərf etdi və təbii ki, iş prosesində mövcud qaydalar da nəzərə alındı.
– Azərbaycan dilinin 90 illik lüğətçilik tarixi ərzində altı orfoqrafiya lüğəti çap olunub. Hətta son lüğətdə 110 min söz yer alıb. Mərkəzin tərtib etdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə isə 65 min söz toplanıb. Bu nə ilə bağlıdır?
– Söz ehtiyatının kəmiyyət göstəricisi ilə bağlı dəfələrlə müsahibələrimdə qeyd etmişəm. Dünya dilçiliyi tarixində hər hansı dilin söz ehtiyatının kəmiyyəti, nə onun özəlliyini, nə qədimliyini, nə zənginliyini, yaxud mükəmməlliyini müəyyən etməyib və etmir. Burada başlıca məsələ – dilin söz ehtiyatının, daşıyıcısı olduğu xalqın, millətin mentallığını, adət-ənənəsini, tarixini, məişətini, bir sözlə, dildən istifadə arealını və imkanlarını düzgün və layiqli şəkildə əks etdirilməsi, sözlərin vahid düzgün yazılış qaydasında təqdim olunmasıdır. Son orfoqrafiya lüğətləri üzrə nəşrdən-nəşrə yüksələn həmin o statistikaya gəlincə, aparılan təhlil və araşdırmalar bu süni söz artımının uzun illərlə “söz ehtiyatımızı zənginləşdirək” devizi altında həyata keçirilmiş hədsiz zərərli, dilin deqradəsinə, milli mentallığın aşağılanmasına yönələn dağıdıcı proses olduğunu müəyyən etdi. Düşünürəm, məsələnin bu tərəfi də dərindən və müfəssəl araşdırılmalıdır. Axı söhbət hər hansı bədii və ya elmi əsərdən, yaxud xarici dil lüğətindən yox, milli gerbimiz, bayrağımız dəyərində dövlət atributumuz, Azərbaycan dilinin Ana Yasası olan müqəddəs kitabdan gedir. Bayrağımızın, gerbimizin şərəf və ləyaqətini qoruduğumuz kimi, dilimizin də şərəfini, ləyaqətini qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur. Bu gün Azərbaycan dünyanın aparıcı ölkələri sırasında hər sahədə beynəlxalq aləmlə sıx əlaqələr qurur və təbii ki, Azərbaycan dili də rəsmi və qeyri-rəsmi ünsiyyət vasitəsi kimi gün-gündən dünya müstəvisinə yol açır, tərcümə vasitəsilə digər dillərlə əlaqəyə girir, aktuallaşır, öyrənilməyə, tədqiq və tədris olunmağa başlayır. Bizim Mərkəzin Azərbaycan dili kurslarına qatılan xarici ölkə səfirləri, diplomatlar keçmiş orfoqrafiya lüğətimizdən tapıb-çıxardıqları “gövdəqucaqlama”, “gəzmələrdəntutma”, “dız-dızoynama”, “eşşəkbelisındırma” kimi əcaibliklərin mənasını soruşanda mütəxəssislərimiz nə cavab verəcəklərini bilmirlər. Hər bir xalqın dili, onun milli-mənəvi sərvəti olmaqla yanaşı, dövlət atributudur. Hazırda sözügedən bu artım statistikasının, yəni lüğətdən çıxarılan sözlərin dəqiq mənzərəsini əks etdirən təsnifatı nəşrə hazırlayırıq. 50 000-dən çox sözü əhatə edən bu tarixi sənəd kitab formatında nəşr ediləcək və araşdırılması üçün Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasına təqdim ediləcək.
– Afaq xanım, yeni lüğət tərtib olunarkən, buradakı sözlər saf-çürük edilərkən hansı mənbələrdən istifadə edilib, hansı meyarlar əsas götürülüb? Yeniliklər nədən ibarətdir?
– Yeni lüğətin tərtibinə başlanılarkən, 1929-cu ildən bəri işıq üzü görmüş milli orfoqrafiya lüğətlərinin araşdırılması işinə start verildi. Sözlərin seçiminə gəlincə, proses “Azərbaycan dilinin izahlı lüğəti”, “Azərbaycan dilinin etimologiya lüğəti”, “Azərbaycan dilinin dialektoloji lüğəti”, “Azərbaycan dilinin frazeoloji lüğəti”, “Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri”, “Azərbaycan dastanlarının leksikası” və sair bu kimi mənbələrdə aparılan təhlil və araşdırmalarla həyata keçirildi, keçmiş lüğətlərdə yer alsa da, yeni orfoqrafiya lüğətinə daxil edilməməsi qərara alınan hər bir söz detallı şəkildə təhlil edildi. Yeri gəlmişkən, bunu da təəssüflə deməliyəm ki, adıçəkilən bu mənbələrin bir çoxunun özü də qüsurludur, təhrif və xətalarla doludur. Gələcəkdə bu nəşrlərin də təkmilləşdirilməsi nəzərdə tutulur. Yeniliklərə gəlincə, ortaya sözün əsl mənasında mükəmməl orfoqrafiya vəsaitinin çıxarılması naminə bu beş il ərzində çox işlər görülüb. Bayaq dediyim kimi, yazılışı əvvəlki orfoqrafiya lüğətlərində səhv, yaxud iki, bəzən üç variantda verilmiş söz və terminlər vahid düzgün yazılış qaydasında təqdim olunub, minlərlə ərəb, fars və digər xarici sözlərdən yalnız işləkləri, minlərlə lüzumsuz söz törəmələrindən yalnız semantik yükü olanlar, 2 mindən çox səs təqlidi və onlara dair törəmələrdən yalnız müəyyən məna kəsb edənlər saxlanılıb, mənası anlaşılmayan qədim sözlər işləklik qazanması məqsədilə izahlarla verilib, həmçinin eyni cür səslənsə də, ayrı-ayrı mənalar daşıyan söz və terminlər izahlarla verilib, lüğətin “Azərbaycan Respublikasının coğrafi adları” bölümləri və “Dünya üzrə coğrafi adlar” əvvəlki orfoqrafiya lüğətlərində yer almamış ölkə və şəhər adları ilə təkmilləşdirilib, “Azərbaycanın milli musiqi adları”, “Azərbaycan xalçaları adları” bölmələri əlavə edilib və sair və ilaxır.
– “Azərbaycan Respublikasının Dövlət Dili haqqında” Qanuna əsasən, orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşdirilməli və nəşr edilməlidir. Rəhbərlik etdiyiniz qurumun bununla bağlı nə kimi planları var?
– Yeni orfoqrafiya lüğətinə olan kütləvi tələbatı nəzərə alaraq kitabı hər il nəşr etməyi planlaşdırırıq. Lüğət işıq üzü görəndən sonra Mərkəzə sonsuz sayda müraciətlər, zənglər daxil olur. Düşünürəm, hər bir azərbaycanlının, eləcə də qurum və təşkilatların ehtiyac duyduğu bu vəsait 50–100 000 tirajla nəşr olunmalıdır. Bu il Mərkəz ilkin olaraq lüğəti 500 tirajla, yəni imkanı daxilində nəşr etdi. Kitabın kütləvi nəşrinə vəsaitin ayrılmasıyla bağlı Azərbaycan Respublikasının Prezidenti, Dövlət Dil Komissiyasının sədri cənab İlham Əliyevə məktub hazırlanır. Böyük Heydər Əliyevin təməlini qoyduğu dövlət dili siyasətini bu gün uğurla davam etdirən ölkə başçımızın digər məsələlərdə olduğu kimi bu məsələyə də həssas yanaşacağına inanırıq.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...