Serbiya səfiri Tərcümə Mərkəzində
Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç və onun müşaviri Milorad Srevar fevralın 18-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla görüşüblər. Görüş zamanı A.Məsud səfirə Mərkəz və onun gördüyü işlər barədə məlumat verərək, ölkədə tərcümə işinin qurulmasına dair fikirlərini bölüşüb: “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi prezident cənab İlham Əliyevin 2014-cü il 16 may tarixli Fərmanı ilə yaradılıb. Mərkəz ölkənin aparıcı tərcümə qurumudur. Fəaliyyətə 2014-cü ilin avqust ayının 16-dan başlasa da, qurum qısa müddət ərzində dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, tərcümə sənətinə marağın artırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, mütəxəssis hazırlığı, beynəlxalq aləmlə ədəbi-mədəni mübadilələrin təşkili istiqamətində əhəmiyyətli işlər görüb. Lakin əsas işimiz qarşıdadır. Biz, hazırda ölkə üzrə fəaliyyətdə olan tərcüməçi kadrların kvalifikasiyası ilə bağlı müəyyən tədbirlər hazırlayırıq”.
Direktor, həmçinin, bədii tərcümə istiqamətində görülən işlər barədə də səfiri məlumatlandıraraq serb ədəbiyyatından tərcümə olunan əsərlərdən danışıb: “Fəaliyyət göstərdiyimiz 25 il ərzində tərcümə etdiyimiz yüzlərlə dünya ədəbiyyatı inciləri sırasında serb ədəbiyyatı nümunələri də yer alır. Görkəmli serb yazıçısı Milorad Paviçin əsərləri dilimizə tərcümə olunaraq nəşr edilib. Hazırda Mərkəzin sifarişi ilə məşhur serb yazıçısı, Nobel mükafatı laureatı İvo Andriçin əsərləri tərcümə edilir. Əsərləri dilimizə Bakı Asiya Universitetinin rektoru Cəlil Nağıyev tərcümə edir”.
Daha sonra N.Rodiç dəvətə görə Mərkəz rəhbərliyinə öz təşəkkürünü bildirib: “Dəvət etdiyinizə görə sizə səmimi təşəkkürümü çatdırıram. Mən bu binaya təkcə dövlət rəsmisi kimi yox, həm də bir tələbə kimi gəlirəm. Çünki burada Azərbaycan dilini öyrənirəm. Yadımdadır, bir sıra səfirlər Bakıya gələndə “Azərbaycan dilini harada öyrənə bilərik” deyə sual qarşısında qalırdılar. Diplomatik nümayəndələr tez-tez bu problemlə qarşılaşırlar. Azərbaycan dilini öyrənməklə 120 milyona yaxın türklə də ünsiyyət qurmaq imkanı əldə etmiş oluruq. Hələ Cənubi Azərbaycanda yaşayan azərbaycanlıları da bu siyahıya əlavə etdikdə əhəmiyyətli dərəcədə böyük rəqəm alınır. Çox istərdik ki, Mərkəzinizdə təşkil olunan kursların reklamı daha əhatəli olsun və dilə yiyələnmək arzusunda olan hər kəs bu kurslarda iştirak edə bilsin. Şəxsən mən Mərkəzin təşkil etdiyi kursda Azərbaycan dili öyrənirəm və bu şəraiti yaratdığınız üçün sizə öz təşəkkürümü bildirirəm. Ulu Öndər Heydər Əliyev deyirdi ki, insan nə qədər çox dil bilirsə, bir o qədər də varlıdır. O, təkcə ölkədə yox, bütün SSRİ miqyasında bu dilə diqqət göstərilməsinə çalışırdı”.
Daha sonra cənab səfir Serbiyada tərcümə sahəsiylə bağlı fikirlərini bölüşüb: “Serbiyada Tərcüməçilər Birliyi mövcuddur və bu sahəylə həmin bu qurum məşğul olur. Tərcümə işlərinin həyata keçirilməsinə Tərcüməçilər Birliyi icazə verir. Ayrı-ayrı şəxslərin müraciəti ilə də hər hansı bir əsər tərcümə oluna bilər, bu zaman Tərcüməçilər Birliyi bu məsələyə baxır. Yəni bizdə notariusla təsdiqlənmə mövcuddur, lakin bu məsələlərin tərcümə tərəfi Tərcüməçilər Birliyinin hüquqları çərçivəsində həyata keçirilir. Mən tərcümə işiylə məşğul olan insanları cərraha bənzədirəm. Hər iki iş eyni dərəcədə incəlik və məsuliyyət tələb edir”.
Görüşün sonunda Afaq Məsud Mərkəzin yenicə nəşr etdiyi “Serbcə-azərbaycanca lüğət” kitabını və H.Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın dəvəti ilə Bakıda qonaq olmuş Milorad Paviçin həyat yoldaşı Yasmina Mixayloviçin Bakı haqqında yazdığı “Xəzər dənizinin sahillərində” kitabını qonağa hədiyyə edib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...