Nobel qardaşlarına meydan oxuyan azərbaycanlı
Neft sənayesində fəaliyyətə arabaçı kimi başlayan Şəmsi Əsədullayev az sonra gərgin zəhməti və qabiliyyəti sayəsində böyük layihələrə və uğurlara imza atdı. O, Azərbaycan və Rusiya neft mədənləri sahibkarları arasında ilk olaraq şəxsi tanker donanmasını yaratdı və bundan sonra neft yalnız tanker vasitəsilə daşınmağa başlandı. Əsədullayev ardınca neft kəmərini də tətbiq etdi və bu xidmətinə görə adı Nobel qardaşları ilə eyni səviyyədə yer aldı. Sonralar Ş.Əsədullayevi “Nobellərin qənimi” adlandırmağa başladılar. Rusiyada, Türküstanda, İranda, hətta Finlandiyada belə Nobel qardaşları öz kontorlarını açan kimi, bir göz qırpımındaca onun yanında Şəmsi Əsədullayevin də kontoru açılırdı. Ş.Əsədullayev nefti daha ucuz qiymətə sataraq şirkətlərin müştərilərini öz tərəfinə çəkə bilirdi. Beləliklə, Əsədullayev Azərbaycanın ən varlı adamlarından birinə çevrildi. Xeyriyyəçi kimi Bakı Realnı Məktəbinin (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) tikilməsinə böyük məbləğdə pul ayırdı. Təhsili olmayan Əsədullayev Tiflisdə yerləşən Zaqafqaziyanın ən nəhəng Aleksandrov Müəllimlər İnstitutunu öz himayəsinə götürdü və adını daşıyan təqaüd təsis etdi. Bu yolla Əsədullayev müsəlman tələbələrə ayrılan kvotanı artırmağa nail oldu. O, öz vəsaiti hesabına Kaluqada kilsəni təmir etdirdi, Moskvanın Vozdvijenka rayonunda yerləşən malikanələrindən birini bu şəhərdəki müsəlman cəmiyyətinə hədiyyə etdi. Həmin binada müsəlman uşaqlar üçün özəl məktəb açıldı.
Həştərxanda da azərbaycanlı mesenat yaxşı tanınır. Araşdırmaçı Eldar İdrisovun apardığı tədqiqatlara görə sonralar Əsədullayevin adı verilmiş qəsəbədə “Qafqaz və Merkuri” cəmiyyətinin neft bazası yerləşib və onun vasitəsilə Bakıdan neft məhsulları Həştərxana daşınıb. Asadullayevo qəsəbəsi Mansur adasında yerləşir. 1918-ci ilə kimi bu ada Həştərxan Diyarşünaslıq və Dövlət Əmlakı İdarəsi tərəfindən sahibkarlara icarəyə verilib. İnqilaba kimi Asadullayevo qəsəbəsi yaşayış məntəqəsi kimi qeydiyyata alınmasa da, Mansur adasında Şəmsi Əsədullayevin neft körpüsü mövcud olub. İndiki qəsəbənin ərazisində “Mazut” cəmiyyəti, onun nəzdində isə mazut zavodu, neft anbarı, ehtiyat anbarlar, gəmilərin yan alması üçün körpülər, neftdaşıma donanması yerləşib.
O vaxtlar Həştərxandan fəhlələrin bura gətirilməsi iqtisadi baxımdan əlverişli olmadığından Neft İstehsalı Cəmiyyəti tərəfindən adada yaşayış binalarının tikilməsinə qərar verilib. Fəhlələrin ailələri üçün tikilən binalar kazarma tipində inşa edilib. Oktyabr inqilabından sonra bütün gəmilər, rezervuarlar milliləşdirilib və 1918-ci ildən sonra xəritədə Asadullayevo qəsəbəsinin adı rəsmi şəkildə öz əksini tapıb. 1985-ci ilə qədər bu ərazidə sürətli inkişaf getsə də, yenidənqurma zamanı neft bazası ləğv edilib. Bununla belə, Əsədullayevin xatirəsi bu gün də qəsəbənin adında yaşayır.
Nəzakət Ağayeva
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...