Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun kitabı Gürcüstanda nəşr olundu
Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun kitabı Gürcüstanda nəşr olunub. Gürcüstan Yazıçılar Birliyinin dəstəyi ilə “Merani” nəşriyyatı tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Qəza”, “II İoann”, “Gecə”, “Şənbə gecəsi”, “Uydurma”, “Qu quşu”, “Kirxa”, “Dovşanın ölümü” kimi hekayələri və “Azadlıq” romanı daxil edilib.
Kitabın redaktoru və ön sözünün müəllifi tanınmış şair, “İlya Çavçavadze” mükafatı laureatı, Gürcüstan Yazıçılar Birliyinin sədri Bağater Arabulidir. “Azadlıq” romanını müasir dünya ədəbiyyatının ən uğurlu əsərlərindən biri kimi qiymətləndirən Bağater Arabuli yazır:
“Afaq Məsud Azərbaycanın böyük ədəbi simaları pleyadasının ən layiqli nümayəndələrindəndir. Qonşu xalqın müasir bədii ədəbiyyatını onun parlaq yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil.
Belə deməyə əsas yaradan nədir? Biz onun yazıçı dünyasının zənginlikləri ilə, sözün əsl mənasında, yalnız indi tanış olmağa başlayırıq. Bu fakt isə təəssüf doğurur. Bəli, təəssüf doğurur, çünki on bir hekayə və bir romandan ibarət olan bu kitabın müəllifi böyük yazıçılarla bir sırada dayanan, ədəbiyyatda tamamilə fərqli bir yer tutan monumental bir simadır. O, həyatın bizə təqdim etdiyi ən mürəkkəb mövzulara cəsarətlə girişir və bir qayda olaraq, bu qeyri-bərabər döyüşdən həmişə qalib çıxır. Onun mükəmməl “Can üstdə” və “Sərçələr” hekayələri gürcü oxucusuna yaxşı tanışdır. Həmin əsərlər “Siskari”, “Mserlis qazeti” və “Sxivi” dərgilərində çap olunmuşdur.
Bu əsərlərdən heç biri nə süjet, nə fabula, nə də mövzu baxımından bir-birinə bənzəmir. Amma onları birləşdirən bir şey var: bu, dövrün nəbzi, zamanın nəfəsidir, amansız zamanın nəfəsi”.
Kitabı gürcü dilinə İmir Məmmədli tərcümə edib.
Kitabın ön sözü
İşıqlı kədərin trubaduru
“Azadlıq” kitabında toplanmış roman və hekayələr gürcü oxucusuna görkəmli Azərbaycan yazıçısı Afaq Məsudun yaradıcılığıyla daha yaxından tanış olmaq imkanı yaradır.
Afaq Məsud Azərbaycanın böyük ədəbi simaları pleyadasının ən layiqli nümayəndələrindəndir. Qonşu xalqın müasir bədii ədəbiyyatını onun parlaq yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil.
Belə deməyə əsas yaradan nədir? Biz onun yazıçı dünyasının zənginlikləri ilə, sözün əsl mənasında, yalnız indi tanış olmağa başlayırıq. Bu fakt isə təəssüf doğurur. Bəli, təəssüf doğurur, çünki on bir hekayə və bir romandan ibarət olan bu kitabın müəllifi böyük yazıçılarla bir sırada dayanan, ədəbiyyatda tamamilə fərqli bir yer tutan monumental bir simadır. O, həyatın bizə təqdim etdiyi ən mürəkkəb mövzulara cəsarətlə girişir və bir qayda olaraq, bu qeyri-bərabər döyüşdən həmişə qalib çıxır. Onun mükəmməl “Can üstdə” və “Sərçələr” hekayələri gürcü oxucusuna yaxşı tanışdır. Həmin əsərlər “Siskari”, “Mserlis qazeti” və “Sxivi” dərgilərində çap olunmuşdur.
Bu əsərlərdən heç biri nə süjet, fabula, nə də mövzu baxımından bir-birinə bənzəmir. Amma onları birləşdirən bir şey var. Bu, dövrün nəbzi, zamanın nəfəsidir, amansız zamanın nəfəsi.
Afaq Məsudun əsərləri ilə tanış olduqdan sonra bir daha əmin oluruq ki, bəşər tarixi tikanlı yollarla bir səhvdən digər səhvə doğru irəliləməkdən başqa bir şey deyil. Və bu yol sonsuzdur, əbədidir... Qulağınızın dibində güllə kimi açılan “Müvəkkil Vaysman” hekayəsini həyəcansız oxumaq mümkün deyil. Bu hekayə bizi, icbari qaydada həyata keçirilən mənhus qloballaşma probleminə yeni gözlə baxmağa təhrik edir.
Tək-tənha qalmış qoca ər-arvadın ömrünün son saatlarından bəhs edən “Gecə” hekayəsi, zənnimcə, yazıçılıq sənətinin zirvəsidir. Onlar faktiki olaraq, bəşəri tənhalıqla üz-üzə qalıblar. Elə bil onları udmaqla hədələyən zamanı sezmirlər. Qocalar çarpışır, bir-birini ruhlandırmağa çalışaraq, artıq öləzimiş sevginin işartısında isinirlər. Dünyada hər şey əbəsdir. Əbəsliyin özü belə əbəsdir.
“Sərçələr” hekayəsində gündəlik problemlərdən bezib cana doymuş yazıçı – ana doğma evini, övladını tərk edərək sərçələrlə birgə uçub gedəndə, səmavi kitablardan birində yer almış bu kəlam yada düşür. Uçub gedir, amma hara uçduğunu heç kəs bilmir...
“Azadlıq” romanını xüsusi ilə vurğulamaq istəyirəm. Məncə, bu roman müasir dünya ədəbiyyatının ən uğurlu əsərlərindən biridir. Roman Azərbaycanda son onilliklərdə baş verən siyasi-sosial-psixoloji kataklizmlərdən, azadlıq yoluna qədəm qoymuş millətin həyatında baş verən təzadlı hadisələrdən bəhs edir. Bütün bunları yazıçı real və qeyri-real, gerçək və yuxular aləminin, şüuri və qeyri-şüuri durumun bir-birini üzvi şəkildə əvəzləyərək, çox böyük ustalıqla təsvir edir.
Əziz oxucu!
Siz bu kitabda əsl yazıçı ilə tanış olacaqsınız. Afaq Məsud – bu adı və soyadı yadınızda saxlayın. Əminəm ki, bu kitabdan sonra siz onun yeni-yeni əsərləri ilə tanış olmaq istəyəcəksiniz.
Bağater Arabuli
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...