Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabı müəllifinə təqdim olundu
Tanınmış Azərbaycan şairi Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabı işıq üzü görüb.
Şairin 70 illik yubileyi və Azərbaycan Tərcümə Mərkəzinin, milli ədəbiyyatın dünyada tanıdılması layihəsi çərçivəsində nəşr edilmiş kitaba, müəllifin ingilis və Azərbaycan dilində “Qarabağsız”, “Bir ömrün tarixi”, “Qalmaz belə, qalmaz dünya”,“ Yaza və yoza bilmədiyim yuxu”, “Rekviyem”, “Qaranlıqdan aydınlığa”, “Qara Məlik, Qara Qəzənfər və mən” kimi məşhur şeirləri daxil edilib.
Kitab – Xalq şairi Bəxtiyar Vahabzadənin Zakir Fəxri yaradıcılığı haqqında yazdığı “Poetik düşüncənin təzəliyi” və Afaq Məsudun “Cənab Söz” essesi ilə başlayır.
Cənab Söz
“Söz ta əzəldən vardı. Sözü Allah, Allahı Söz yaratdı...”
İncil
Bu gün ədəbi məkanımızı bürüyən səliqəli, naxışlı, lakin bədii cəhətdən qidasız, cansız və ruhsuz mətnlər bolluğunda itirilməkdə olan Həqiqi Ədəbiyyat tapmağın, üzə çıxarmağın, həqiqi olanı oxşarından seçib ayırmağın bir yolu da – yaranan və yaranmaqda olan bu nadir ədəbi incilərin yeni formatlarda və müstəvilərdə təqdim olunmasıdır. Şeirə gəlincə, düşünürəm, hər biri ayrı-ayrılıqda müstəsna ədəbi tutum daşıyıcısı olan bu kiçik poetik nümunələr, bütöv qəzet səhifələrinə yerləşdirilən ənənəvi şeir silsilələri, yaxud “kitab bolluğu” sindromunda azdırılmış cildlərlə yox, bir-bir, tək-tək təqdim edilməlidir. Burada əsas məqsəd – bədii fikrin, Sözün, yazıldığın anın dərəcəsində mənimsənilməsinə imkan yaradılması, “Yazılan”ın, sirli Yazı Məqamının mənzərəsində – həmin İlahi Tənhalığında təqdim edilməsidir.
Yazıb-yaratdıqlarını nəşr etməklə arası olmayan, Allaha olan sevgi, ağrılar və duyğular dolu şeirlərini, təbi gəldikcə, xeyir-şərdə dost-tanışına sədəqə kimi paylayan və bundan qəribə bir rahatlıq tapan Zakir Fəxrinin poeziyası da, həmin o itirilib-axtarılan Həqiqi Ədəbiyyatlardandır.
A.Məsud
Zakir Fəxri
Çiynimdə
tabut, gəzirəm
Alışdım tək daşımağa,
Çiynimdə yük daşımağa,
Yer yox bir tük daşımağa,
Çiynimdə tabut, gəzirəm.
Dolaşıram dağı-daşı,
Nə zər, nə yaqut gəzirəm.
Düyün-düyün yollarımı
Aça-aça oxuyan bir
Kökdən düşmüş ud gəzirəm.
Çiynimdə tabut, gəzirəm.
Gəzirəm dörd bir tərəfi,
Bilmirəm yolum haradı.
Çəkir məni sirr tərəfi...
Ölümü gördüm, deyəsən,
Görəsən, olum haradı?
Suyuna dodaq dəyməmiş,
Köksünə ayaq dəyməmiş,
Sinəsinə ox dəyməmiş
Gözdən uzaq yurd gəzirəm,
Çiynimdə tabut, gəzirəm.
Dörd yana meydan sulayan,
Səsi ruhunu dalayan,
Axirət deyib ulayan
Yalqız qalmış Qurd gəzirəm,
Çiynimdə tabut, gəzirəm.
Balalar çiçək doğulur,
Gül doğulur balalar.
Balalar göyçək doğulur,
...Qul doğulur balalar.
Torpaqdan altun doğulur,
Daşlardan yaqut doğulur,
Nədənsə şair doğulan
Çiynində tabut doğulur.
Çox göynətdi ürək məni,
Dərdsiz ürəyə qurd düşər...
Silkələmə, fələk, məni,
Çiynimdəki tabut düşər!..
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...