“Əxbar əl-Ədəb” qəzetinin baş redaktoru Tərcümə Mərkəzində
Noyabrın 22-də Misirin məşhur “Əxbar əl-Ədəb” (“Ədəbiyyat xəbərləri”) qəzetinin baş redaktoru Tarıq ət-Tahir Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüşdə Mərkəzin direktoru – xanım Afaq Məsud qurumun fəaliyyəti barədə qonağa geniş məlumat verərək, Azərbaycanda ərəb ədəbiyyatına olan maraqdan, ölkədə fəaliyyət göstərən ərəb səfirlikləri ilə qurulmuş əlaqələrdən və layihələrdən söz açıb. Direktor, həmçinin bir müddət əvvəl Mərkəz tərəfindən tərcümə və nəşr edilmiş məşhur Misir yazıçısı, Nobel mükafatı laureatı Nəcib Məhfuzun “Bildirçin və payız” kitabının Azərbaycan oxucusu tərəfindən maraqla qarşılandığından, Azərbaycan ədəbiyyatının dünyada, eləcə də ərəb ölkələrində tanıdılması istiqamətində həyata keçirilən layihələrdən danışıb: “Bu layihələrdən ən mühümü, əlbəttə ki, hazırda müxtəlif dillərdə dünyaya təqdim etməkdə olduğumuz “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”dır ki, kitab artıq rus, türk və ingilis dillərində işıq üzü görüb. Yaxın günlərdə nəşrin ərəb dilində Misirdə işıq üzü görəcəyi gözlənilir”.
Öz növbəsində, rəhbəri olduğu mətbu orqanın 25 illik fəaliyyətindən danışan cənab Tarıq ət-Tahir 20-dən çox ərəb ölkəsinə yayılan qəzetin əsas fəaliyyət istiqamətlərindən birinin – aparıcı dünya ədiblərinin ərəb dünyasına tanıtımı olduğunu bildirib. Azərbaycan ədəbiyyatının ərəb dünyasına təqdim edilməsi və tanıdılması istiqamətində Mərkəzlə əməkdaşlığa hazır olduğunu bildirən naşir, həmçinin Mərkəzin saytını xüsusi maraqla izlədiyini və görülən işlərin ölkələr və xalqlararası ədəbi əlaqələrin təşkilində mühüm rol oynadığını bildirib.
Görüşün sonunda qonağa Mərkəzin ərəb dilində kataloqu və nəşrləri hədiyyə edilib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...