"Heçdir vətənsiz can..."

"Heçdir vətənsiz can..."

...Sirli Tehran yazın ilk qədəmlərinə qulaq versə də, hələ qış yuxusundan tam oyanmayıb. Günəşin zəif şüaları sanki bu nəhəng şəhəri isindirməyə kifayət eləmir. Bir də ki, ilk baharın bu erkən, yalançı istisi qoca Tehranın nəyinə gərəkdi? Qazan kimi qaynayan möhtəşəm şəhərin həyatı onsuz da burulğanı xatırladır. Təmkinli Tehran nəyin nə vaxt və nə qədər lazım olduğunu yaxşı bilir...

1953-cü ilin Tehranında azərbaycanlılar yaşayan məhəllədəki məşhur çayxana adla tanınır. Ona görə yox ki, burda dünyanın ən ləziz çayını verir, süfrəyə də növbənöv ətirli kişmiş, noğul, çərəz düzürlər. Bura həm də Tehranda yaşayan azərbaycanlı mühacirlərin, sənət adamlarının bir araya gəldiyi məkandır.

Elə bu axşam da çayxanada qələbəlikdir. Tənbəki qoxusuna və qəlyan dumanına qərq olmuş kiçik salonun bir küncündə əyləşmiş sazəndələr üçlüyü qədim Azərbaycan muğam və təsniflərini ifa edir. "Rast", "Şur", "Zəminxarə"...Zəngulələr ürək dağlayır. Hamı nəfəsini çəkib, titrək barmaqları ilə köhnəlikdən rəngi bozarmış dəfi köksünə sıxmış 86 yaşlı xanəndənin "Segah" üstə yanıqlı ifasını dinləyir...

Səndən ayrı düşsəm də mən,

eşqin ilə yaşayıram,

Yaralanmış qəlbim kimi,

qəlbi viran Azərbaycan...

Vətən eşqi məktəbində

can verməyi öyrənmişik,

Ustadımız deyib heçdir

Vətənsiz can, Azərbaycan!

Şəhriyarın ürəyi də

səninki tək yaralıdır,

Azadlıqdır mənə məlhəm,

sənə dərman, Azərbaycan.

Yaş ötsə də, səs həmin səsdi. Bir də, daim Vətən həsrəti ilə döyünən ürək hələ əldən düşməyib. Salonda əyləşənlərin çoxu göz yaşlarını saxlaya bilmir. Elə xanəndə də. Qınayan olmasaydı, dəfi bir kənara atıb hönkür-hönkür ağlayardı, ürəyini boşaldardı.

Gözlərində həyat eşqi çağlayan bu kimsəsiz adamı ayaqda saxlayan sənət eşqidir. O, tarın, kamanın əsrarəngiz avazından, sehrli qəzəllərdən güc alır. Çevrəsindəki özü kimi nisgilli insanların sevgisi və mərhəməti ona məlhəmdir. Qoca xanəndə yaxşı bilir ki, oxuduqları, qəlbi Vətən eşqi ilə alışıb-yanan bu zavallılara çörəkdən, sudan da vacibdir. Özü uzun illərdir onun-bunun verdiyi beş-on quruşla birtəhər keçinir. Amma Vətənsiz...

Çayxana müştərilərinin heç də hamısı bilmir ki, nəvazişlə "Seyid ağa" dedikləri bu qoca, vaxtilə məşhur xanəndə və Bakı milyonçusu olmuş Seyid Mirbabayevdir. Əsl adı Mirtağı olan bu şəxs 1867-ci ildə mərsiyəxan ailəsində doğulub və sonradan xanəndə kimi şöhrət qazanıb. Sənətinə verilən qiymət kimi o, 1906-cı ildə "Qrammofon" səsyazma şirkəti tərəfindən Riqaya və Varşavaya səsinin vala yazılması üçün dəvət də alıb.

Məlahətli səsi ilə qəlbləri fəth edən Seyid, Bakı toylarının parlaq ulduzu idi. Kübar cəmiyyət onu öz məclislərində görməkdən şərəf duyurdu. Qızılı, pulu başına xəzəl kimi tökürdülər. Xanəndənin qrammofon valları baha qiymətə satılırdı. Milyonçu Şıxbalayevin yeganə oğlunun toyu Seyidin həyatını kökündən dəyişdi. Belindəki qızıl kəmərdən üzəri bahalı brilyantlarla işlənmiş qızıl xəncər asılmış şəxs - bəyin dayısı xanəndəyə şəstlə demişdi:

- Seyid, nənəmdən miras qalan "Bala şoranlıq"dakı quyunu sənə hədiyyə verirəm. Orada qazma işlərini hələ bitirməyiblər, amma mən hər şeyi öz boynuma götürürəm. Quyu fontan vursa, milyoncu olacaqsan. İndi isə möhtəşəm ifanla bizi feyziyab elə".

Bütün Bakı həmin toydan danışırdı, çoxları bu bəxşişin yalan olduğunu söyləyirdi. Lakin az sonra quyu fontan vurdu və günlərin bir günü xanəndə Seyid milyonçu Seyid ağaya çevrildi.

Gözlənilməz sərvətdən çaşan Seyidə hamıdan çox H.Z.Tağıyev qayğı göstərirdi. Hacı onun ifaçılıq məharətini yüksək qiymətləndirirdi, tez-tez xanəndənin vallarını dinləyirdi. Məhz Tağıyevin təkidi ilə Mirbabayev Qori seminariyasını himayədarlığa götürmüşdü.

Neft pulları Seyidi tamam dəyişdirdi. Varlanan xanəndə əvvəlki peşəsindən utanır, vallarını alıb çilik-çilik edirdi. İndi onu dəbdəbəli həyat, milyonların parıltısı cəlb edirdi. Ailə qurmaqdan vaz keçən Seyid yenə də Tağıyevin məsləhəti ilə Bakının ən gözəl binalarından birini (indiki ARDNŞ-in binası) aldı, lakin mülkdə cox yaşamaq ona qismət olmadı. İnqilab, digərləri kimi Mirbabayevi də mühacir həyatı yaşamağa vadar etdi.

Seyidin Parisə apardığı sərvət bir göz qırpımında tükəndi. Muflisləşmiş milyonçu Parisin küçələrini səfalət icərisində dolaşarkən, Aşurbəylilər nəslinin görkəmli nümayəndəsi Teymur bəy Aşurbəyliyə rast gəldi. Onun ağır vəziyyətini görən Teymur bəy səsinə və sənətinə hörmət etdiyi xanəndəni Tehrana apardı, özü və övladları ona daim böyük qayğı göstərdi.

Seyid Mirbabayevin məhv etmək istədiyi valları isə qədirbilən xalq böyük sənətkardan əziz xatirə kimi qoruyub saxladı.

...Tehranın göbəyindəki bu kiçik çayxana indi qoca xanəndə üçün Azərbaycanın bir parçasıdır. O, çoxdan anlayıb ki, ömür vəfa etməyəcək, illərlə həsrətini çəkdiyi, canından əziz tutduğu Azərbaycanı bir daha görmək ona nəsib olmayacaq. Seyid sonuncu dəfə "Segah"la hıçqırıqlarını boğur: "heçdir Vətənsiz can..."

Seyid Mirbabayev 1953-cü ildə 86 yaşında Tehranda dünyasını dəyişdi.

 

Fərhad SABİROĞLU

 

 

VƏ DİGƏR...