Toğrul Nərimanbəyovun rənglər dünyası

Toğrul Nərimanbəyovun rənglər dünyası

Tarixdə öz dövrünü qabaqlamış şəxsiyyətlər az olub. Zamanın hər pilləsində mütəfəkkir insanlara ya dəli kimi baxılıb, ya da onlar müxtəlif amansız üsullarla məhv edilməyə çalışılıb. İsa peyğəmbərin çarmıxa çəkilməsi, Məhəmməd peyğəmbərin daş-qalaq edilməsi, Avropanın orta əsr inkvizisiya məhkəmələrində neçə-neçə müdrik şəxslərin tonqallarda yandırılması, İ.Nəsiminin diri-diri soyulması və digər misallar göstərməklə bu fikri  bir daha təsdiq etmək olar. Yaxşı bir el məsəli var "Dağın dibində olanda onun böyüklüyünü hiss etməzsən, dağdan aralandıqca, onun necə böyük olduğunu hiss edə bilərsən". Nə yaxşı ki, artıq bu misal Toğrul Nərimanbəyov (1930-2013) timsalında düz çıxmayıb. Sənətkar sağlığında ikən  böyük  şöhrət qazanıb, qədirbilən xalqımız və dövlətimiz tərəfindən həmişə hörmətlə qarşılanıb.

Toğrul Nərimanbəyov çağdaş Azərbaycan təsviri sənətinin yetişdirdiyi, böyük şəxsiyyətlərdən biri olub. Qeyd edək ki, hələ sovetlər dönəmində Azərbaycan təsviri sənət ustalarından SSRİ-nin ən yüksək fəxri adı sayılan SSRİ Xalq rəssamı adına layiq görülən üç azərbaycanlı rəssamdan - M.Abdullayev, T.Salahovla bərabər, biri də o, olub. Doğma diyarımızı, milli xüsusiyyətlərimizi, etnoqrafiyamızı sözlə yaradan dahi yazıçımız Cəlil Məmmədquluzadə kimi, Toğrul Nərimanbəyov da bunu rənglərlə tərənnüm edib, özümüzə və başqalarına  tanıda bilib.

İstedadlı rəssam, görkəmli incəsənət xadimi Toğrul Fərman oğlu Nərimanbəyov 1930-cu ildə anadan olub. 1950-ci ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1955-ci ildə isə Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq İnistitutunu bitirib. 1950-ci ildən etibarən bir çox yerli və beynəlxalq sərgilərdə iştirak edib. 1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib. 1964-cü ildə Azərbaycan SSR-nin Əməkdar, 1967-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1974-cü ildə Azərbaycan SSR-nin, 1980-ci ildə isə SSRİ-nin Dövlət mükafatına layiq görülüb. 1989-cu ildə SSRİ Xalq rəssamı adını alıb. Bir sıra ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Dəfələrlə doğma respublikamızda  və xarici ölkələrdə fərdi sərgiləri keçirilib. Dünyanın müxtəlif ölkələrinin muzey, qalereya və şəxsi kolleksiyalarında T.Nərimanbəyovun  əsərləri saxlanılır.

T.Nərimanbəyov uzun müddət xarici ölkələrdə - Amerika, Lüksemburq, Fransada yaşasa da, bütün yaradıcılığı boyu öz əsərlərində Azərbaycan gerçəkliyinin yaddaqalan "bədii güzgü"sünü yaradıb desək, yanılmarıq.

T.Nərimanbəyov hələ Vilnüsdə təhsil aldığı illərdən özünü istedadlı rəssam kimi göstərməyə başlayıb. İxtisasca monumentalçı rəssam olması ona həm asanlıqla novatorluq meyillərini büruzə verməyə şərait yaradıb və həm də rəssamda mövzuların bədii həllinə  başqa prizmadan yanaşma üsulları formalaşdırıb. O, müəllimi məşhur litvalı rəssam Yuozas Mikenası həmişə hörmətlə xatırlayardı. Eyni zamanda rəssam  incəsənətin digər bir sahəsi olan musiqi ilə də ciddi surətdə maraqlanıb. Müsahibələrinin birində demişdi: "Özümü dərk edəndən musiqi ilə maraqlanıram. Mən oxumağı çox xoşlayıram.

Bəzən hətta oxuya-oxuya işləyirəm.

Mənə belə gəlir ki,  rəssam kimi yetişə bilməsəydim, vokalçı olardım..." Bu gün duyulası zaman distansiyasından demək olar ki, rəssam hələ yaradıcılığının  erkən dövrlərindən başlayaraq tapdalanmış cığırla getməmiş, yenicə yaratmağa başladığı "Toğrul Nərimanbəyov yolu" ilə irəliləməyə başlamışdı. Təbii ki, bu "yol"la irəliləmək rəssam üçün heç də asan olmamışdı. Lakin hər şeyə rəğmən tutduğu mövqedən çəkinməyən  rəssam sonda öz "yol"unu və dəst-xəttini yarada bilmişdi.

Toğrul Nərimanbəyov yaradıcılığı çoxşaxəlidir: tematik tablolar, portretlər, mənzərələr, natürmortlar, qrafika əsərləri, divar boyakarlığı, teatr dekorasiyaları və s. Onun yaradıcılığının başlıca xüsusiyyətləri kimi obrazların monumentallığını, kompozisiyanın dolğunluğunu, obrazlar bolluğunu, bədii şərti dekorativliyi, zəngin koloriti, personajların ustalıqla bilərəkdən qeyri-mütənasib işlənməsini və perspektivanın həllində isə çox zaman predmetlərə  çoxbucaqlı baxış istiqamətinin seçilməsini göstərmək olar. T. Nərimanbəyov yaradıcılıq prosesində çox sərbəst idi. Rəssam çox vaxt təsviri sənət nəzəriyyəsində qəbul olunmuş kanonların və məlum bədii çərçivələrin ustalıqla əksinə gedərək, sonda peşəkarlar tərəfindən rəğbətlə qarşılanan sənət əsərləri yaratmaq qabiliyyətini təsdiqləmiş nadir sənətkarlardan idi.

T.Nərimanbəyov yaradıcılığının ilk dövrünə aid əsərlərdən "Bayıl mənzərəsi", "Fırtınadan da güclü", "Səadət", "Sevinc", "Həyat naminə", "İşıqlı gələcək uğrunda" və başqalarını qeyd etmək olar. Əsərlərin mövzu dairəsinin zənginliyindən  də göründüyü kimi, o, axtarışdadır. Rəssam ona yaradıcılıq  sevincinə bələnmiş uğur gətirəcək işıqlı arzularının zirvəsini tezliklə fəth etmək naminə sanki mübarizəyə başlayıb.

Bu istək sonradan da rəssamı bütün həyatı boyu müşahidə edəcəkdi. "Şair Fikrət Qoca", "Rəssamın ailəsi", "Yazıçı Anar", "Səttar Bəhlulzadə", "Ana" və s. portretlərində rəssam ona yaxın olan "məslək dostları"nın, "silahdaş"larının canlı obrazlarını yaradıb. S.Bəhlulzadə ilə çox yaxın dost olan T.Nərimanbəyov rəssamın bir neçə yaddaqalan obrazını yaratmağa nail olub. Doğrudan da, S.Bəhlulzadə dünyasını onun qədər yaxından duya və tanıya biləcək sənətkar tapmaq çətin olardı. Bu, bəlkə də ilahinin lütfi idi ki, S.Bəhlulzadə ömrünün və sənətinin sirlərini daşıya biləcək gənc rəssamı elə S.Bəhlulzadəyə tuş gətirmişdi. Ona həsr olunmuş əsərlərinin birində - kompozisiyanın mərkəzində çılğınlığı duyulan, çərçivələrə sığışmayan, barmağından əskik olmayan papirosunun tüstüsü ərşə qalxan, dərin fikirlərə dalmış S.Bəhlulzadə sanki hansısa yaradacağı yeni əsəri barədə düşünür. Əsərin obraza canlılıq bəxş edən kolorit həlli də son dərəcə ustalıqla işlənilib. Son nəticədə o dostunun süni zahiri keyfiyyətlərdən, aldadıcı poza təəssüratından uzaq daxili aləmini, iç dünyasını, psixoloji xüsusiyyətlərini açan diqqətçəkici obraz yaradıb.

T.Nərimanbəyov çoxsaylı mənzərələrində Bakımızı, doğma diyarımızın digər gözəl guşələrini tərənnüm edir.

"Doğma şəhər", "Bakı", "Qədim Naxçıvanın ponaramı", "Göyçay bağlarında", "Dağların mahnısı" və s. mənzərələrində təbiətimizin zəngin gözəlliklərinin, bərəkətli torpağımızın yetirdiyi bol nemətlərin insanda yaratdığı sehrkar assosiasiyanın təsiri altına düşməmək mümkünsüzdür. "Qədim Naxçıvanın ponaramı" adlı əsər adama doğma Naxçıvanımızın qədim tarixi və mənzərəsi haqda çox şey deyir.

Əsərə bir qədər diqqətlə fikir yetirdikdə tamaşaçıda bu əfsanəvi diyar barədə olduqca maraqlı duyğular yaranır. Kompozisiyanın mərkəzində dəvə karvanı ilə hərəkət edən sarvan təsviri, əsrarəngiz şərq dünyasının "nağıl"ını xatırladır. Əsərin fonunda isə qədim şərq memarlığı üslubunda inşa edilmiş "köhnə" binalar təsvir olunub. Səmaya ucalan dağların zirvələri buludlarla əhatələnib. Rəssam məharətlə Naxçıvan təbiətinə məxsus xüsusiyyətləri az qala topoqraf dəqiqliyi ilə göstərə bilib. Əsərin kolorit həlli o qədər ustalıqla tapılıb ki, insan Naxçıvan iqliminin istisinin mehini belə özündə hiss etmiş olur.  Bu əsərlə Soltan Hacıbəyovun yaratdığı "Karvan" süitası bədii fəlsəfi və estetik mahiyyəti etibarı ilə səsləşir, desək, yanılmarıq.

Rəssamın "Emalatxanada", "Kafedə", "Qız Qalası", "Talış dağlarında", "Yaylaqda", "Çoban ailəsi", "Məhsul bayramı", "Bağda çayxana", "Bakıda bazar" və s. əsərlərinin  hər biri, haqqında geniş söz açılmağa layiq sənət nümunələridir. Belə tablolara rəğbətini gizlətməyən S. Bəhlulzadənin "Toğrulun əsərləri bərəkətli bir süfrəni xatırladır. Bu süfrədə hər cür nemət var. Özü də bu, doğma Azərbaycan torpağının nemətləridir! Toğrulun əsərlərindən torpağımızın ətri gəlir..." fikrini söyləməsi də həmin əsərlərin sənətkarlıqla yaradıldığını təsdiqləyir.

T.Nərimanbəyovun yaradıcılığının səciyyəvi  xüsusiyyətlərini özündə əks etdirən natürmortlar da bu janrın onun yaradıcılığında yeni bir zirvəyə yüksəldiyindən xəbər verir.

Müxtəlif əşya və predmetləri, ləziz Azərbaycan nemətlərini və xüsusən də narı natürmortlarında məhəbbətlə əks etdirən rəssam, tamaşaçıda xoş duyğular yaradan, onu sehrli və duyğulandırıcı aləmə aparan bitkin əsərlər qalereyası yaradıb. Rəssamın bu cür əsərlərinə "Natürmort. Narlar", "Narlar", "Natürmort. Nar ağacı" və başqalarını misal göstərmək olar.

T.Nərimanbəyov Abdulla Şaiq adına Dövlət Kukla Teatrının, Milli Məclisin binasının və keçmiş "Moskva" mehmanxanasının foyelərini bənzərsiz rəssam təxəyyülünün şahanə fantaziyası ilə qədim incəsənətimizdən gələn ənənələrə tapınmaqla, misilsiz sənət inciləri ilə bəzəyib.

Rəssam televiziya çıxışlarının birində etiraf etmişdi: "Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, ifa olunarkən gözlərimdən yaş axır". "Muğam", "Musiqiçilər" adlı əsərə baxarkən sənətkarın  muğam sənətinin alt qatlarında gizlənən fəlsəfi mahiyyətinə dərindən bələdliyini bir daha duymuş oluruq. Kompozisiyada musiqiçilərin ifa zamanı müxtəlif pozalarda yerləşdirilməsi, xüsusilə xanəndənin keçirdiyi hisslər, tablonun ekspressiv dinamikliyi tamaşaçını,  sanki muğam musiqisinin ecazkar ritmi altında kökləmiş olur.

T.Nərimanbəyov eyni zamanda gözəl səs tembrinə malik olub. O, Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməkdən yorulmurdu.

1998-ci ildə Bakıda təşkil olunan möhtəşəm konsertində Ümummilli lider Heydər Əliyevin iştirak etməsi, orada rəssamla görüşməsi T.Nərimanbəyov sənətinin ən yaddaqalan  məqamlarından idi. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev cənablarının "Toğrul Nərimanbəyovun 80 illik yubileyi haqqında" imzaladığı Sərəncam (22 iyun, 2010-cu il) rəssamın yaradıcılığına verilən yüksək qiymətin, ona göstərilən diqqət və qayğının bariz nümunəsidir. T.Nərimanbəyov həmçinin müstəqil Azərbaycanın "İstiqlal" (2000) və "Şərəf" (2010) ordenləri ilə təltif edilmişdir.

Daim yüksək sənət amallarına sadiq, ülvi hisslərlə yaratmaq şövqünə malik və tükənməz yaradıcılıq şövqü ilə bədii əsərlər yaratmış T.Nərimanbəyov Azərbaycan təsviri sənət tarxində və və onu tanıyanların xatirəsində həmişə yaşayacaq. Sözlərimizi rəssamın məşhur fikri ilə bitiririk "Hər bir sənətdə, yaradıcılıqda yenilik, bənzərsizlik olmalıdır. Bunlar ki olmadı, sənət öldü... Sənətdə məni ruhlandıran, yaradıcılığa sövq edən cəhətlər bilirsinizmi nədir? Bir çox məlum, hətta özümün də inandığım həqiqətləri rədd etmək. Daima axtarmaq, nə isə yeni bir şey tapmaq".

 

Əsəd Quliyev,

sənətşünas

 

VƏ DİGƏR...