Orfoqrafiya lüğəti hansı prinsip və meyarlar üzrə tərtib edilməlidir?
"İşlək orfoqrafiya lüğəti"nin işçi qrupunun ilk müzakirəsi
Nəşrin işçi qrupu: ARNK yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, Nəriman Seyidəliyev, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru, dilçi alim İsmayıl Temiroğlu, BDU-nun Azərbaycan dili və ədəbiyyatı tədrisi kafedrasının dosenti Mətanət Abdullayeva, Mərkəzin aparat rəhbəri yazıçı-tərcüməçi Yaşar Əliyev, Mərkəzin dil mütəxəssisləri Bəhlul Seyfəddinoğlu və İlqar Əlfi.
A.Məsud: "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kitabının 6-cı nəşri ilə əlaqədar Dilçilik İnstitutuyla rəylərimiz üst-üstə düşür. Bəli, bu lüğət lazımsız, dilimizdə işlənməyən, qəliz ərəb, fars, ara sözləri, dialektlər və şivələrlə, yazılışı təhrif olunmuş ifadələr və sahələr üzrə terminlərlə doludur. Bu o deməkdir ki, kitabın akademik formatı bəlli deyil. Dediyim kimi, Mərkəzdə artıq yeni "İşlək orfoqrafiya lüğəti"nin hazırlanması prosesinə başlanılıb. İlkin mərhələdə qarşıda duran vəzifə kitabın artıq söz yükündən təmizlənməsidir. Luğəti yeni, işlək sözlərlə zənginləşdirmək məqsədi ilə paralel olaraq, ayrı-ayrı yazıçıların əsərləri üzərində də işə başlanılıb. İşlədilmədiyi səbəbindən unudulmuş yüzlərlə Azərbaycan sözü var ki, bu lüğətdə yer almalıdır. Sizi Mərkəzə dəvət etməkdə məqsədimiz - bu işi birlikdə, məsləhətli şəkildə həyata keçirmək, hazırlanacaq yeni lüğətin hansı prinsip və meyarlar üzrə tərtib olunacağını müəyyən etməkdir. İlk növbədə, aydınlaşdıraq ki, orfoqrafiya lüğəti hansı prinsip və meyarlar üzrə tərtib edilməlidir. Bu nəşri Azərbaycan dili lüğətindən, yaxud digər spesifik lüğətlərdən fərqləndirən cəhətlər hansılardır?
İ.Məmmədov: Orfoqrafiya lüğəti, ilk növbədə, çətin sözlərin düzgün yazılışını verən lüğətdir. Burada dialekt və şivələrə, yaxud ayrı-ayrı sahələrə aid terminlərə yer verilməsi düzgün deyil. Əlbəttə, elə dialekt sözlər var ki, onlar artıq ədəbi dilimizə daxil olub. Biz onlardan istifadə etməliyik.
A.Məsud: Sizinlə razıyam, lakin lüğətdə yer alan minlərlə dialektvari söz və söz birləşmələri var ki, onları dialekt adlandırmaq da olmur. Minlərlə sözün mənası bəlli deyil. Məsələn, "cordanabənzər", "ağzıheyvərə","adheziya", "badgir", "badış", "bası", "bayqu", "bazı", "cacıq", "gəllahı", "gəbr", "gəncəfə", "giran", "giriban" "qoduş" və sair və ilaxır.
İ.Məmmədov: Bu sözlərin hamısı lüğətdən çıxarılmalıdır.
A.Məsud: Üstəlik, bu əcaib sözlər inkar, təsdiq, zaman, hal formaları və s. əlavələrlə birlikdə verilir. Ümumiyyətlə, orfoqrafiya lüğətində inkar-təsdiq, zaman və məsdər, hal formalarının verilməsi nə qədər düzgündür? Məsələn, "dəftərli", "dəftərsiz", "abajurlu", "abajursuz", yaxud hər sözün saysız-hesabsız şəkilçi əlavələriylə verilməsinə nə ehtiyac var?
Bir "abad" sözünün, görün bir, neçə "quyruğu" var: "abad", "abadan", "abadanlıq", "abadanlanma", "abadanlanmaq", "abadanlaşma", "abadanlaşmaq", "abadanlaşdırma", "abadanlaşdırmaq", "abadanlaşdırılma", "abadanlaşdırılmaq", "abadlanma", "abadlanmaq", "abadlaşma", "abadlaşdırma", "abadlaşdırmaq", "abadca", "abadedən", "abadetmə", "abadıstan" və sair və ilaxır, saydıqca bitmir. Bir sözün bu qədər əlavəsinin, çox vaxt da ağlasığmaz qondarma variantlarda lüğətə salınmasının məntiqi nədir? Bir də "abad" sözü ola-ola, onun bu uğursuz həmmənasına, özü də bu qədər şəkillərdə nə ehtiyac var? Bəlkə də bu sözdən kimsə, Azərbaycanın hansısa bölgəsində istifadə edir, lakin bizim araşdırmalara görə bu ifadə, nəinki yazıçılara, ədəbiyyat adamlarına, heç, dilçilərə də məlum deyil. Yaxud, "ağzıheyvərə". Məgər bu, dialektdir? Lüğətdə bu qəbildən minlərlə əcaib ifadələr yer alır.
İ.Məmmədov: Əlbəttə, belə olmaz. Yazılışı çətin olan hansısa sözün müəyyən qrammatik formaları verilə bilər. Lakin bu həddə, bu qədər, bütün hallarda, inkar-təsdiq formalarında yox. Buna heç bir lüzum yoxdur. "Abadan" sözünü mən ilk dəfə eşidirəm. Bu söz "abad" sözündən süni şəkildə yaradılıb və ona dilin heç bir ehtiyacı yoxdur.
A.Məsud: Mən belə başa düşürəm ki, lüğətin bu qədər lazımsız söz və söz birləşmələri ilə şişirdilməsinin səbəbi, tərtibçilərin Azərbaycan dilini "zənginləşdirmək istəyi" olub. Və nəticə göz qabağındadır. Lüğətin qüsuru tək bir bununla bitmir. Burada ayrı-ayrı sahələrə aid, izahı olmayan minlərlə termin, dərman adları və kimyəvi element adları da yer alır. Digər tərəfdən, tutaq ki, terminlərin lüğətə daxil edilməsi, hansısa məqsədləsə vacib bilinib, amma, axı bu işin özü də qeyri-peşəkar aparılıb. Bir sahəyə aid bir neçə lazımsız, istifadə olunmayan terminlərin verildiyi halda, ən vacibləri verilməyib. Digər məqam, lüğətə yerləşdirilən minlərlə terminin izahsız olmasıdır. Tək-tük sözlərə verilən izahların özünün də tərtibi anlaşılmır. Onlar gah mötərizədə, gah vergüllə, bəzən də qısaldılmış şəkildə verilir ki, bu da nəşr barədə qeyri-ciddi təəssürat yaradır.
İ.Məmmədov: Orfoqrafiya lüğəti çətin yazılan sözlərin lüğətidir. Terminoloji lüğət bir başqa söhbətin mövzusudur. Bu, tamamilə ayrı bir lüğətdir. Terminoloji lüğətin özü də sahələr üzrə tərtib edilməlidir. Hüquq terminləri lüğəti, tibb terminləri lüğəti və sair. Və həmin o dərman adları, kimyəvi elementlər öz sahəsinə aid lüğətə daxil edilməlidir. Hamıya məlum olan ümumişlək terminlər salına bilər, amma hamısı yox.
N.Seyidəliyev: Bəli, müəyyən sahələrə aid terminoloji lüğətlər, izahlı lüğətlər var.
Bu mənada bu terminlərin bu lüğətə salınmasına heç bir ehtiyac yoxdur. Biz izahlı lüğətdə Azərbaycan sözlərinin sayını artıra bilərik, amma orfoqrafiya lüğətində yalnız yazılışı çətinlik yaradan sözlər yer almalıdır.
Q.Məhərrəmli: Bu işin bir müsbət tərəfi də odur ki, sizin iradlarla Dilçilik İnstitutunda yaradılmış komissiyanın iradları üst-üstə düşür. İnstitutda bu iş üzrə mütəxəssis Qəzənfər Kazımovun rəhbərlik etdiyi bir komissiya yaradılıb. Onlar da lüğətdə 30 minə yaxın, necə deyərlər, söz yığını olduğu qənaətinə gəliblər. Bir məsələ də var ki, lüğət beş ildən bir yenilənməlidir. Siz də yeni bir dil qurumu kimi bu işdə maraqlısınız. Göstərdiyiniz haqlı iradlar da göz qabağındadır. Düşünürəm ki, yeni lüğətin hazırlanmasını sizin təşkilata həvalə etmək olar. İşin gedişatında müzakirələr təşkil etmək olar. Bunun üçün sizin intellektual gücünüz kifayət qədərdir, amma fiziki gücünüz yetməyəcək. Lüğətə yerləşdirilən minlərlə termin və dialektlərə gəlincə, bunun haradan qaynaqlandığını deyə bilərəm. Mən uzun müddətdir, lüğətlərlə bağlı müəyyən araşdırma işləri aparıram. Azdili.az saytı var ki, orada terminoloji lüğətlərdən sözlər verir, həmçinin səsləndiririk. Deməli, professor Məmməd Tağıyevin bir terminoloji və dialektlər lüğəti var. Ordakı sözlərin hamısını götürüb salıblar "Orfoqrafiya lüğəti"nə. Sadəcə, kitabın həcmi böyüsün deyə.
A.Məsud: Kitabın ən böyük qüsuru isə, dilimizdə işlənməyən fars sözüylə - "ab"la başlamasıdır. Məlum məsələdir ki, dilimizdə ümumişləklik hüququ qazanmış çoxlu sayda ərəb və fars sözləri var. Amma "ab" sözü axı işlənilmir?! Belə sözlərin "Azərbaycan dili" adını daşıyan kitaba salınması, üstəlik, lüğətin bu sözlə başlaması, təkcə nəşr qüsuru deyil. Bu, birbaşa siyasi səbatsızlıqdır. Hər bir millətin, dövlətin rəmzi, pasportu, ilk növbədə onun dilidir. Məgər biz deyirikmi ki, "qızım, mənə bir stəkan ab ver?" Yaxud "ab" dan sonra gələn "aba" nədir? Əgər bu "əba"dırsa, niyə təhrif edilib? Yox, əgər, həqiqətən, Azərbaycan dilində belə bir söz varsa, izahı niyə verilmir? Bu sayaq naməlum sözlər lüğətdə minlərlədir. "Ağvalideyn", "ağyağız", "aximiya", "alahı", "alaban", "gimgə", "girgi" və sair və ilaxır. İsmayıl müəllim, əgər bu sayaq əcaib sözlərin lüğətdə verilməsi vacibdirsə, gərək izahları da verilə. Amma onda bu olacaq izahlı lüğət.
İ.Məmmədov: Azərbaycan dilində belə sözlər yoxdur.
B.Abbasov: Lüğətdə "cordanabənzərlər" sözü var. Amma "cordan" sözünün özü yoxdur. Ümumiyyətlə, Azərbaycan dilində belə bir söz var? "Cordan" nə deməkdir?
İ.Məmmədov: İlk dəfədir eşidirəm.
Q.Məhərrəmli: Belə sözlərin lüğətdə sayı-hesabı yoxdur. Bunlar hamısı nəşrin həcmini böyütmək naminə görülən işlərdir. Bu mümkünsüz bir şeydir ki, beş il ərzində dildə birdən-birə 40000 söz peyda olsun. Hal-hazırda dilimizə daxil olan sözlərin əksəriyyəti texnologiya ilə bağlı sözlərdir, onların da sayı hamıya məlumdur.
A.Məsud: Digər bəla, lüğətdə sözlərin əksəriyyətinin yazılışında səhvlərə və təhriflərə yol verilməsidir. "Qövsvari" nədənsə "qövsvarı", "zəncirvari" nədənsə "zəncirvarı" və beləcə, bütün "vari"lər "varı" kimi verilir. Yaxud, "ağciyər", "qaraciyər", "ağyarpaq", "ağliman", "ağyun" və sair bu kimi sözlərin bitişik verilməsinin səbəbi nədir? Axı intonasiya da bildirir ki, onlar ayrı yazılmalıdır. "Biz "qaraciyər" yox, "qara ciyər" deyirik axı?!
N.Seyidəliyev: Bu, əlbəttə ki, düzgün deyil. Ola bilsin 20-30 ildən sonra bu sözlər vurğusunu dəyişəcək, mürəkkəbləşəcək və bitişik yazılacaq, amma indiki halda bu, məqbul sayılmır.
İ.Məmmədov: Müəyyən sözlər var ki, o, nəyinsə adıdır, bitişik yazıla bilər. Məsələn, "ağyovşan" əgər bitki adıdırsa, bitişik yazılmalıdır, amma "qara ciyər", "ağ yaylıq", yaxud, "ağ liman" yox. Və ümumiyyətlə, söz birləşmələri bu lüğətə salınmamalıdır. Ona qalsa, gərək bütün söz birləşmələrini bura salaq.
A.Məsud: Bir də, əsas məqamlardan biri vurğu məsələsidir. Məncə, tək bu lüğətdə yox, bütün lüğətlərdə sözlər vurğu işarəsi ilə təqdim edilməlidir. Bu, çox vacibdir. Vurğu, bir çox sözlərin, xüsusən terminlərin düzgün tələffüzünə və anlaşılmasına imkan yaradacaq.
M.Abdullayeva: Bəli, bütün dünya lüğətçiliyində vurğudan istifadə edilir. Lüğət üçün bu amil çox vacibdir. Sadalanan bu sözlər isə hamısı birinci növ təyini söz birləşmələridir və ayrı yazılmalıdır.
A.Məsud: Lüğətdə çoxlu sayda belə sözlər də var, əgər bunlara söz demək mümkündürsə: "ciring", "ciring-ciring", "ciringhaciring", "taqq", "taqqataq", "taqqataraq". Yaxud, "çırt", "çırt-pırt", "çırt-pırtlı","çırtlı-pırtlı" və sair.
N.Seyidəliyev: Bunlar səs təqlidi ilə yaranan sözlərdir. Onları lüğətə salmağa ehtiyac yoxdur.
A.Məsud: Lüğətdə olan qüsurlar bu sadalananlarla bitmir. Bura şəxs və şəhər adları da salınıb və kiçik hərflə. İzahları isə daha əcaibdir. Məsələn, Ağstafa şəhərinin adı lüğətdə kiçik hərflə, qarşısında "şərab" kimi, izahla verilir. Şəhər, ölkə və şəxs adları kitabın sonunda ayrıca verildiyi halda, bu adların təkrar mətnlə də salınmasının məntiqi nədir? Bir də, şəhər adı verilmiş şərab adlarının da orfoqrafiya lüğətinə salınmasının məntiqi nədir?
İ.Məmmədov: Mən düşünürəm ki, lüğətdən bütün şəxs və ölkə adları çıxarılmalıdır. Bu, ayrı bir kitabdır. Üstəlik, burada bu iş pərakəndə şəkildə aparılıb. Məsələn, adlardan "Ağaxan" yoxdur, amma "Ağacəlil" var.
N.Seyidəliyev: Ölkə adları sonda verilə bilər. Burada isə onlar həm sonda verilir, həm də mətnin içində kiçik hərflə. Yaxud, millətin adı verilir, məsələn, "abxaz", sonra yanında "lar" şəkilçisi əlavə olunur. Yaxşı, bu "lar" nədir? İzahlar gah verilir, gah verilmir. O da gah vergüllə, gah defislə yazılır. Əgər izah verilirsə, bu, terminlərin, yaxud mənası çətin anlaşılan sözlərin hamısına şamil edilməlidir və vahid qaydada - mötərizədə verilməlidir.
Mətanət Abdullayeva: Burada sadə, düzəltmə və mürəkkəb sözlər yer almalıdır. Bitişik və defislə yazılan sözlər də mürəkkəb sözlərin içində verilir. Frazeoloji birləşmələr, birinci növ təyini söz birləşmələri bu kitabda təqdim olunmamalıdır. Qaydalara görə orfoqrafiya lüğətinə, yalnız əsas nitq hissələri salınmalıdır.
Q.Məhərrəmli: Danışıqla yazı arasında müəyyən fərqlər var ki, bu da əsrlər boyu gözlənilib. "Ambar" deyirik, "anbar" yazırıq. "Tısbağa" yazırıq, "ı"sız deyirik.
Bu sözü "ı" hərfi olmadan necə yazmaq olar? Bu qaydalar bütün dillərdə olduğu kimi, bizdə də var. Mənə maraqlı gələn budur ki, "i" və "a" arasında "y" hərfi yazılmalıdırmı? Bir sözdə verilir, bir sözdə yox. Bax, prinsipsizlik budur. Biz sabit prinsiplər hazırlamalı və bütün situasiyalarda ona uyğun hərəkət etməliyik.
İ.Məmmədov: Mərkəzin belə bir yükün altına girməsi təqdirəlayiq hadisədir. Tutduğunuz bütün iradlar dəqiq və yerindədir. Və bilin ki, bu, çox çətin və uzun bir prosesdir. Orfoqrafiya lüğəti dilin konstitusiyasıdır. Yəni bu, qanundur və burada sözlərin yazılış qaydası müfəssəl və mükəmməl şəkildə əks olunmalıdır.
Y.Əliyev: Orfoqrafiya lüğəti dilin pasportudur. Odur ki, bu lüğət hamının rahatlıqla istifadə edə biləcəyi bir kitab olmalıdır.
A.Məsud: Mərkəz bu işə, bu sahənin bütün incəliklərinə bələd olan mütəxəssisləri cəlb etmək niyyətindədir.
Biz bu kitaba, bilavasitə ədəbi dilin daşıyıcıları kimi yanaşacağıq, dilçilər isə öz töhfələrini verəcəklər. 30-cu, 40-cı, 50-ci, 60-cı illər ədəbiyyatları üzrə araşdırmaların aparılması, bu əsərlərdə fərdi yer almış, lakin işlədilmədiyindən unudulmuş sözlərin aşkara çıxarılması və toplanması istiqamətində artıq müəyyən işlərə başlanılıb. Cəfər Cabbarlının, Süleyman Rəhimovun, Əli Vəliyevin, İsmayıl Şıxlının, eləcə də digər yazıçı və şairlərin əsərlərində minlərlə söz var ki, onlar fərdi yazıçı sözlüklərinin tərtib edilməsinə imkan yaradır. Fikrimizcə, məhz bu proses dilimizin zənginləşməsi və saflaşması yolunda böyük töhfələr verəcək. Lakin məsələ burasındadır ki, bizim dərs və tədris vəsaitlərimiz də bu vəziyyətdədir. Azərbaycan dili və ədəbiyyatı dərsliklərində də oxşar mənzərə yaşanır. Bu kitablar dilimizi və ədəbiyyatımızı övladlarımıza, artıq məktəb yaşlarından şikəst vəziyyətdə mənimsədir. Bu, sözün əsl mənasında, faciədir.
Qalereya
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...