Meksika səfiri Tərcümə Mərkəzində
Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini sentyabrın 8-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində oldu. Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, dünya ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılması istiqamətində görülən işlərdən danışdı: "Dünyanın az qisim ölkəsi var ki, onların ədəbiyyatı Mərkəz tərəfindən tərcümə edilib Azərbaycan oxucusuna çatdırılmasın. Bu sıradan Latın Amerikası ədəbiyyatı da daim diqqət mərkəzində olub. Qabriel Qarsia Markes, Varqas Lyosa, Xulio Kortasar, Borxes və bu kimi yazıçıların əsərlərinin Azərbaycanda ilkin nəşrini Mərkəz həyata keçirib. Meksika ədəbiyyatına gəlincə, Ottavio Pasın əsərləri Azərbaycan dilində Mərkəzin "Xəzər" dünya ədəbiyyatı jurnalında dərc edilib, Meksika ədəbiyyatının fəxri, dünya ədəbiyyatının korifeylərindən sayılan Xuan Rulfonun "Pedro Paramo" romanı tərcümə olunub və kitab halında nəşr edilib. Xuan Rulfonunun bu əsəri bəşəri ədəbiyyatın şah əsərlərindən sayılır və Azərbaycanda çox sevilir. Bu gün biz Azərbaycanda fəaliyyət göstərən səfirlərlə görüşür, ədəbiyyatların, mədəniyyətlərin mübadiləsi istqamətində birgə layihələr həyata keçiririk. İspandilli ədəbiyyata gəlincə, hazırda Mərkəzdə Argentina səfirliyinin sifarişi ilə Adolfo Bioy Kasaresin "Morelin ixtirası" əsərinin Azərbaycan dilinə tərcüməsi və nəşri üzərində iş gedir, Kolumbiya səfirliyinin təklifi ilə yeddi Kolumbiya və yeddi Azərbaycan şairinin şeirlərinin tərcümələrindən ibarət kitab hazırlanır. Biz milli ədəbiyyatımızın Meksika kimi qədim ölkədə də tanıdılmasında və bu gün yazıb-yaradan müasir Meksika ədiblərinin əsərlərinin Azərbaycan oxucusuna çatdırılmasında birgə əməkdaşlığa hazırıq".
Səfir Rodriqo Labardini öz növbəsində, görüşə görə minnətdarlığını bildirərək, Meksika-Azərbaycan arasında hər sahədə yaşanan əlaqələrdən söz açdı: "Siz çox gözəl və əhəmiyyətli məsələlərə toxundunuz, buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Həqiqətən də, millətlərarası dostluq və qardaşlıq münasibətlərinin qurulmasında ədəbiyyatlar və mədəniyyətlərarası mübadilələrin əhəmiyyəti böyükdür. Meksika səfirliyi Azərbaycanda üç aydır ki, açılıb və bu müddət ərzində səfirlik hər iki ölkə arasında mədəni əlaqələrin qurulması istiqamətində bir sıra işlər görməyə nail olub. Azərbaycanda olduğum müddətdə mən Meksika ilə Azərbaycan arasında bir sıra oxşarlıqlar kəşf etdim. Bizim təbiətimizdə də, mədəniyyətimizdə də yaxınlıqlar çoxdur. Mən Azərbaycan dilini çox sevirəm və öyrənirəm. Etimadnaməm cənab Prezident İlham Əliyevə təqdim olunanda ilk çıxışımı Azərbaycan dilində etdim, təkbətək görüşdə də demək istədiklərimi Azərbaycan dilində ifadə etməyə çalışdım. Sizin Prezident çox gözəl insandır. Mərkəzin, Azərbaycanda fəaliyyət göstərən əcnəbilər üçün açdığı Azərbaycan dili kurslarına mən də yazılmaq istəyirəm. Azərbaycan ədəbiyyatının Meksikada nəşri və təbliği istiqamətində mən artıq bir neçə qurum və təşkilatlarla danışıqlar aparmışam. Düşünürəm, yaxın vaxtlarda bu sahədə səmərəli işlər görə biləcəyik".
Görüşün sonunda səfirə Mərkəzin nəşrlərindən olan Xuan Rulfonun "Pedro Paramo" kitabı hədiyyə edildi.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...