Markesin kitabı Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Assad Xose Xater Penyaya təqdim edildi
İyunun 16-da Kolumbiya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Assad Xose Xater Penya Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, qurumun iyirmi beş il ərzində dünya ədəbiyyatı tərcüməsi üzrə gördüyü işlərdən, ölkə başçısı cənab İlham Əliyevin 16 may 2014-cü il Sərəncamıyla yeni status qazanılandan sonra bu işlərin imkan dairəsinin daha da genişləndiyindən, dil və tərcümə sahəsi üzrə aparılan islahatlardan, qarşıda duran vəzifələrdən danışıb, Mərkəzin nəşrlərinin siyahısı yer alan kataloqu və Qabriel Qarsia Markesin Azərbaycan dilində nəşr olunan kitabını cənab Assad Xoseyə təqdim edib:
“Gördüyünüz bu səhifələri saralmış nəşr 1996-cı ildə işıq üzü görüb və ilk dəfə Markesi Azərbaycana, Azərbaycan dilində tanıdan kitabdır. Bu kitab, eləcə də dünya ədəbiyyatından tərcümə edilmiş yüzlərlə kitab nəşrləri Mərkəzin ən kasıb, imkansız vaxtlarında, qurumun öz qüvvəsi, ədəbiyyata olan sədaqəti və sevgisi ilə ərsəyə gətirilib. Uzun illər dünya ədəbiyyatının ən aparıcı yazıçılarının əsərlərini Azərbaycana gətirən Mərkəz, bu gün öz milli ədəbiyyatının da dünyada tanıdılmasına çalışır, bununla bağlı dünyanın aparıcı qurumları ilə əlaqələr yaradır, iş birlikləri qurur. Yeni tərtib etdiyimiz iki cildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” hazırda bir neçə dilə tərcümə edilir və bu kitabın həmin ölkələrin nüfuzlu nəşriyyatlarında nəşri nəzərdə tutulur. Bu nəşrin, həmçinin dünyanın aparıcı dillərindən olan ispan dilinə təcümə edilməsini də vacib sayır, tərcümə prosesində ispan dili daşıyıcıları olan bədii tərcümə ustalarının, yazıçı və şairlərin iştirakını mühüm hesab edirik”.
Mərkəzin təşkil etdiyi Azərbaycan dili kurslarının iştirakçısı olan cənab Assad Xose öz növbəsində, Mərkəzin gördüyü işləri, ədəbiyyata, bədii tərcüməyə olan münasibətini yüksək dəyərləndirərək, Markesə olan sevgidən bir kolumbiyalı kimi qürur duyduğunu bildirib. Azərbaycan-Kolumbiya əlaqələrinin möhkəmlənməsində əsaslı rolu olan tərcümənin, ədəbi əlaqələrin əhəmiyyətindən söz açan müvəqqəti işlər vəkili Azərbaycan və Kolumbiya şairlərinin şeirlərinin yer alacağı “Azərbaycan- Kolumbiya poeziyası toplusu”nu nəşr etmək təklifini irəli sürüb:
“Belə bir toplunu biz, ərəb ölkələri ilə hazırlamışıq. Xalqların, ölkələrin yaxınlaşmasında belə toplular, ümumiyyətlə, ədəbiyyat mübadilələri böyük əhəmiyyət daşıyır. Azərbaycan ədəbiyyatının ispan dilinə tərcüməsi, Kolumbiyada tanıdılması, həmçinin Azərbaycanda ispan dilinin tədrisi sahəsində də sizə öz köməkliyimizi əsirgəməyəcəyik. Kolumbiyada tez-tez dünya poeziyası festivalları keçirilir. Azərbaycan şairlərinin bu festivallara qatılması bizim üçün çox xoş olardı”.
Görüşün sonunda Mərkəzin nəşrləri, Qabriel Qarsia Markesin əsərlər toplusu cənab Assad Xoseyə hədiyyə edilib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...