Tərcümə Mərkəzi Çexiya “Pen” Yazıçılar Təşkilatıyla əməkdaşlıq görüşü keçirib
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Çexiya “Pen” Yazıçılar Təşkilatıyla əməkdaşlıq görüşü keçirib. “Pen” Yazıçılar Təşkilatının rəhbəri Yirji Dyedyecek qonaqları salamlayaraq, ədəbi əməkdaşlıq haqqında danışıb: “Pen” Təşkilatının əsas işi, dünya yazıçılarının kitablarını nəşr edərək, onlara kömək göstərmək, həmçinin Praqada keçirilən ədəbiyyat festivallarını təşkil etməkdir. Azərbaycanda Tərcümə Mərkəzi kimi, ölkəsinin ədəbiyyatının dünya dillərinə tərcüməsi və təbliği ilə məşğul olan belə bir böyük təşkilatın olması, hər iki ölkə arasında ədəbi əlaqələrin qurulması işinə geniş imkanlar yaradır. Azərbaycan ədəbiyyatının seçmə nümunələrinin çex dilinə, eləcə də bizim ədəbi nümunələrin sizin dilinizə çevrilməsini, hər iki xalqın bir-birini yaxından tanıması istiqamətində atılacaq əhəmiyyətli addım hesab edirəm. Biz istərdik ki, hər iki ölkənin məlum-məşhur müəllifləri deyil, yeni dövr ədəbiyyatının aparıcı nümayəndələrinin əsərləri Azərbaycan dilinə çevrilsin. Eləcə də Azərbaycan ədəbiyyatının müasir nümayəndələrini çex oxucularına təqdim etmək istərdik. Biz ən qısa vaxtda Azərbaycan dilinə əsərləri çevriləcək müəlliflərin tam siyahısını və kitablarını Mərkəzə təqdim edəcəyik”.
Daha sonra Mərkəzin direktoru Afaq Məsud fikirlərini bölüşüb: “Mərkəzin dil və tərcümə sahəsi üzrə fəaliyyəti çoxşaxəlidir. Sizinlə görüşümüzün məqsədi, ölkələrimiz arasında ədəbi əlaqələrin qurulmasını təşkil etmək, hər iki ölkənin ədəbiyyatını bir-birinə yaxından tanıtmaqdır. Biz, indicə sizin Milli Kitabxanada olduq. Təəssüflər olsun ki, orada Nizami Gəncəvidən savayı, Azərbaycan ədəbiyyatına dair heç bir kitab yoxdur. Lakin Azərbaycan, həqiqətən, zəngin ədəbi xəzinəyə malikdir və biz istərdik ki, bu xəzinədən çex oxucusu da xəbər tutsun”.
Görüşdə Çexiya Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Helena Provaznikova, “Azərbaijan Student Network” təşkilatının Praqa ofisinin direktoru Eldar Vəliyev, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktor müavini Zakir Fəxri, çex şair və yazıçıları iştirak ediblər.
Xatırladaq ki, bu il Çexiyada keçirilən Praqa Kitab Sərgisində ölkəmizi Tərcümə Mərkəzi təmsil edir.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...