Zəngəzur – tarixi Azərbaycan torpağı
Dövlət Tərcümə Mərkəzi XX əsrin əvvəllərindən başlayaraq xarici qüvvələrin hərbi-siyasi dəstəyi ilə hissə-hissə Ermənistana verilmiş qədim Azərbaycan torpağı Zəngəzurun tarixindən bəhs edən “Zəngəzur – tarixi Azərbaycan torpağı” adlı sənədli videoçarx hazırlayıb.
Beynəlxalq internet məkanında Azərbaycan, ingilis və rus dillərində yayınlanması nəzərdə tutulan videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, eləcə də dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.
“Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq, görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın qədim mahallarından olan Zəngəzur 7824 kv.km ərazisi ilə indiki Ermənistan Respublikasının Gorus, Sisian, Qafan, Mehri və Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan rayonlarını əhatə edir.
“Zəngəzur” sözü təmiz türk mənşəli toponimdir. “Zəngi” – qədim türk tayfasının adıdır və bu gün bu ərazidə yerləşən bir çox coğrafi adların – Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngişalı, Zəngi çayı, Zəngibasar, Zəngilər, Zəngan, Zəncan, Zəngilli və s. kimi kənd, çay, dağ adlarının qaynağıdır.
Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Abbasqulu ağa Bakıxanov və digər bu kimi dünya şöhrətli tarixçilərin əsərlərində bu türk tayfasının adına tez-tez rast gəlinir. “Zəngəzur” sözünün ikinci leksemi olan “zur” – qədim türk dillərində dağlıq, yarğanlıq, qayalıq kimi anlamları ifadə etməklə, zəngilərin yaşadığı dağlıq ərazinin relyefini səciyyələndirir.
Tarixi mənbələrdə, qədim səyyahların memuar və tədqiqatlarında da Zəngəzur türklərin yurd yeri kimi təqdim edilir.
Qədim türk eposu “Kitabi-Dədə Qorqud” dastanındakı hadisələrdən bəziləri Zəngəzurda cərəyan edir. Kitabdakı xeyli yer, şəxs, tayfa adı indi də bu ərazidə mövcuddur – Gorus, Əngəleyüz, Dondarlı, Ulaşlı, Qundanlı, Əkərək, Boynəkər, Basat çayı, Qapıcıq dağı, İçağız və Daşağız mağara kahaları, Ağqaya, Qaragöl, Qaradağ, Ağdüz, Qarayer, Ağdərə, Ağqaya, Ağbulaq, Qaraqaya, Qarasu, Qaraçay, Qara dərə, Qarahun dərə, Xocik, Ağhasar və sair.
http://zengezur.com/KITABLAR/Zengezur-kitab-1.pdf, səh: 3-5
“Kitabi-Dədə Qorqud”, Bakı, Yazıçı – 1988.
Bir çox tarixi tədqiqatlarda, arxiv sənədlərində öz əksini tapmış bu faktlar “Zəngəzur” toponimini heç cür erməniləşdirə bilməyən saxta erməni tarixçilərinin vikipediya, internet səhifələrində yaydıqları “Etimologiya nazvaniya “Zanqezur” neyasna” (“Zəngəzur” adının etimologiyası məlum deyil”) kimi əsassız iddialarını bu gün də heçə endirməkdədir.
https://ru.wikipedia.org/wiki/Zanqezur
“Zəngəzur”un tarixinin qısa xronologiyası
Ən qədim tarixi mənbələrlə yanaşı, bir çox dünya alimləri tərəfindən aparılan tədqiqat və araşdırmalar Zəngəzurun IV–IX əsrlərdə – Alban dövlətinin, daha sonra Sasani İmperiyası və Ərəb xilafətinin, IX–XI əsrlərdə ərəb xilafətinə qarşı müharibələrdə qalib gəlmiş qədim Azərbaycan dövlətlərinin – həmin ərazilərdə əsrlər boyu müxtəlif adlar altında hakimiyyətdə olmuş Sacilər, Salarilər və Rəvvadilərin, XII-XIII əsrin əvvəllərində – Atabəylərin, XIII-XIV əsrlərdə – Hülakülərin, XIV əsrdə – Cəlairilərin, daha sonra Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, XVI əsrin başlanğıcında – qüdrətli Səfəvi dövlətinin, XVIII, XIX əsrin 20-ci illərində Qarabağ xanlığının tərkibində olduğunu təsdiq edir.
Zəngəzurun tarixini araşdıran digər tədqiqatlarda 1905–1907 və 1918–1920-ci illərdə silahlı erməni dəstələrinin təcavüzünə məruz qalmış Zəngəzurun 115 müsəlman kəndinin talan edildiyi, yandırılaraq yer üzündən silindiyi, 4472 qadın və uşağın erməni silahlıları tərəfindən xüsusi amansızlıqla öldürüldüyü tarixi sənədlər və faktlarla sübuta yetirilir.
1920-ci ilin 10 avqustunda Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Bürosunun qərarı ilə Zəngəzur, Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazi” elan olunsa da, qərarın qəbulunda bir nəfər də azərbaycanlı iştirak etmir... Beləliklə, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi tərəfindən 1920-ci il noyabrın 30-da keçirilən iclasın qərarı ilə Zəngəzur – sovet Ermənistanının tərkibinə verilir (pauza –musiqi).
Bu qərarın nəticəsi olaraq Azərbaycanın Naxçıvan bölgəsi ölkə ərazisindən ayrı salınır və beləliklə, Azərbaycanın Türkiyə ilə, eləcə də bütün türk dünyası ilə quru əlaqələri kəsilir.
https://azertag.az/xeber/Zengezurun_Ermenistana_verilmesi_moteber_menbeler_ne_deyir-1755703
Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin Siyasi və Təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili” adlı qərarı ilə Zəngəzur mahalı iki yerə – qərb və şərq hissələrinə bölünür. 7824 kv.km. sahəsi olan Zəngəzurun 4505 kv.km ərazisi (Qafan, Gorus, Qarakilsə, Mehri və s.) Azərbaycandan qoparılaraq Ermənistana verilir. 1933-cü ildə isə rəsmi Moskvanın qərarı ilə – Zəngəzurun rayonlara bölünməsi ilə əlaqədar Zəngəzur adı xəritədən silinir.
Müzəffər Azərbaycan Ordusunun 2-ci Qarabağ müharibəsində qazandığı tarixi qələbə, nəhayət ki, haqq-ədaləti bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması təsbit olundu.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bu tarixi Fərman qədim Zəngəzur adını coğrafi, inzibati ərazi vahidi olaraq yenidən xəritələrə qaytardı.
2021-ci ilin 26 oktyabrı – ədalətin bərpası istiqamətində atılan daha bir addımla – bütün Türk dünyasını birləşdirən, Azərbaycanda və bölgədə yeni reallıq yaradan Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlinin qoyulması ilə tarixə yazıldı.
VƏ DİGƏR...
-
Rusiya Tərcümə İnstitutu Azərbaycan kitablarını təqdim etdi
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə əməkdaşlığı ilə Rusiyada nəşr olunmuş...
-
Dövlət Tərcümə Mərkəzində Venesuela şairi ilə görüş keçirilib
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş...
-
Venesuela şairinin kitabı X Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olundu
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş...