Vaqif Bayatlı Odərin yeni kitabı işıq üzü görüb
Görkəmli şair, Əməkdar İncəsənət xadimi Vaqif Bayatlı Odərin “Bəy Atlı şeirlər” kitabı (Dövlət Tərcümə Mərkəzi) işıq üzü görüb.
Afaq Məsudun “Göz yaşıyla axan şair” essesi ilə başlayan kitaba şairin “Sən məni tanıyırdın, Əbədiyyət”, “Gəlin yalanları gerçəklərdən də gözəl eləyək...”, “Gülümsəyən doğma üz”, “Qurbanlar cəlladları ağlayar”, “Sevgidən dəli olmağa bu dünyada eşq azımış”, “Ölümsüzlük gəlməz, gedilər” kimi 250-dən çox şeiri daxil edilib.
Şeirlərə dair rəsmlərin müəllifi – Antalya Akdeniz Universitetinin professoru Məzahir Avşardır.
“Göz yaşıyla axan şair”
Bir göz yaşında azmışam,
üzlə axıram aşağı,
ancaq üzü tanımıram...
Bu göz yaşı məndən axır?
Mən bu gözü tanımıram...
Qəfil sevgi etirafı, canıyaralı adamın sızıltısı təəssüratını yaradan bu təsirli misraların müəllifi Vaqif Bayatlıdır. Bu dünyaya gəlişi, təqribi hesablamalara görə, oktyabr ayının ilk ongünlüyünün hansısa naməlum gününə, ya bəlkə, ondan da bir az əvvələ – sentyabr ayının sonlarına təsadüf edən bu söz sahibi, ilahi eşq təmaslarından yaralı canlarıyla dünya şeir xəzinəsinə dərin hikmət, sirli həqiqətlər dolu, mistik Şərq ecazı bəxş etmiş söz dahilərimizin davamçısı – onlardan biridir.
Vaqifin doğum günü, anası Dursun xanımın xatırlamalarına görə, “əncirin qurtaran vaxtı”na təsadüf etsə də, biz (Vaqifin qələm dostları) bu əlamətdar günün tarixini oktyabr ayının 1-nə müəyyənləşdirdik. Niyə məhz oktyabr ayının 1-nə, səbəbini özümüz də bilmədik...
…Əslində bu, belə də olmalıydı. Dünyanın qəbulolunmuş məkan və zaman anlayışlarına heç cür uyuşmayan, qaydalar və çərçivələr aləminə heç bir vəchlə sığışmayan Vaqifin doğum tarixi də, görünür, Yer ölçüləriylə müəyyən edilmiş zaman və məkan kateqoriyası üzrə yox, onun “Vaqif Cəbrayılzadə” kimi bizlərin arasında – zaman və məkan ölçülərinin işləmədiyi, əlahiddə Söz Ərazisində zühur etdiyi məqamla müəyyənləşməliydi. Lap əslinə qalanda, Vaqifin doğulduğu ilin özü də – həmin o naməlum payız gününün təsadüf etdiyi ilin dəqiq tarixi də şübhə doğurur. O səbəbdən ki, gecə-gündüz şəhərin hansı naməlum səmtlərindənsə, hansısa daha naməlum istiqamətlərinə üz tutub yeriyə-yeriyə, yüyürə-yüyürə yaşayan, küçələri Günəş şüalarının saçma bucağı, küləyin səmti, havanın temperaturu üzrə eninə-uzununa ölçə-ölçə, Kainat qanunlarını mövsümlər üzrə dəyişib, öz daxili qanunları və arzularıyla yeniləyən, Yer kürəsini gah ayağının altına ilişən bir parça torpaq, gah Allahın tək bir ibadətdən ötrü yaratdığı “Müqəddəs Ulduz” elan edən bu Duyğular Sultanının özünün də reallıq, ya görüntü olduğu dərin şübhələr oyadır. Sözün, şeiriyyətin ən əlçatmaz qatlarında səyriyən, oraların çəkisiz ənginliklərindən asılı qalan bu adamın, həm də necəsə, aşağılarda – bu dünyanın tutqun, kobud reallığında yaşamaq bacarığı da eyni müəmmanı doğurur. Həmin bu sirli müəmmanı yaradan digər məqam – Vaqifin yaşa dolduqca ağırlaşıb bükülmək əvəzinə, nazilib incələn yeniyetmə qaməti, seyrəlib nazilmək əvəzinə, qalınlaşıb codlaşan gur saçları, “bu, əslində, bığlarımdı, yeri səhv düşüb” – dediyi qalın, qara qaşları, körpə sevincini, bəzən qüssə dolu, səbəbsiz uşaq incikliyini qoruyub saxlayan üzüdür.
Çəkisiz bədəninin pərvazından, yoxsa pərvazlı ruhunun çəkisizliyindən, az qala, havayla yeriyən, əynindəki geyimləri ən küləksiz havalarda belə necəsə, öz-özünə dalğalanan, düz getdiyi yerdə səmtini qəfil küləyin, ya buludların istiqamətiylə dəyişən bu əbədi səyyahı şəhərin küçələrində, dənizkənarı parkda görənlər bir qədər aramlı olub, diqqətlərini toplasalar, onun yeriyib yüyürə-yüyürə üz tutduğunun heç hara yox, göylər – sonu, sərhəddi bilinməyən səmavi ənginliklər olduğundan duyuq düşərlər...
Göy üzündə qaça-qaça
hara gedir bu uşaq?!..
Bu uşaq hamıdan qoca,
xəbəri yox, qaçdıqca
sınır göyü, sınır yolu,
xəbəri yox,
ürəyi sınıq sevgiylə,
ovcu sınıq göylə dolu.
Toxunuram sınıqlara,
sınıqlar quşlara dönür,
ürəyim bir ovuc dənə,
quşlar ürəyimə qonur
ürəyimi dənləməyə…
Dənizkənarı parkda Vaqifin öz iş otağı var. Bu, üst budaqları onu güclü yağışlardan, alt qolları – xəzri küləklərindən qoruyan, nəhəng palıd ağacının altıdır. Vaqif dəniz və palıd qoxulu bu sehrli “otağa”, nə palıd yarpaqlarının “xəfif pıçıltısını” dinləyib ilhamlanmaqdan, nə sahilboyu dalğalanan “qəmli Xəzərin mirvari köpüklü suları”nı seyr edib vəcdə gəlməkdən ötrü gəlir. O, bu “otağa” tüksüz, lələksiz quş balası, məhrəm, isti yuvasına sığınantək sığınmaqdan, orada öz-özünə bürünüb, öz içində səssiz-səmirsiz əriməkdən ötrü gəlir…
Ölsəm, bir də min il sonra dirilsəm,
Bu dünyada hər şeyin sonunu bilsəm?!.
…Bir çölün düzündə bir qara kolla
qəflətən tapışıb qalsam baş-başa,
baş-başa qaldığım o qara kol da
kolluğundan çıxıb dönsə qardaşa,
nə desəm, nə sorsam, cavab yerinə
tikanlı üzünü sürtsə üzümə,
hər tikan ucundan, tikan canından
bir damla göz yaşı baxsa gözümə,
bir dəniz də gəlsə, üzündə gəmi,
hey sürtsəm üzümü divarlarına,
uzanıb qollarım, bitib qollarım
dönsə o gəminin avarlarına,
sular qollarımı yuduqca yusa,
saçlarım yosuntək axdıqca axsa…
Sonu, qurtaracağı olmayan bu misralar – olanların, ya hələ min ildən sonra ölüb, bir də diriləcək Şairin qəlbində baş verməkdən ötrü yol gələnlərin sonsuzluğa qədər elə beləcə müəmmalı şəkildə havadan asılı qala-qala dəyişən sirli əvəzlənmələr olduğu kimi, insan ruhunun bu dünyadan əxz etdiyinin də beləcə – ilk baxışda, hər hansı real məntiqi səbəbə dayaqlanmayan, lakin hansısa taleyüklü, əlamətdar hallar yaratmağa qabil, ələgəlməz, izaholunmaz “duyğu hadisələrindən” ibarət olduğunu anladır.
Zahirən aydın, axıcı ədəbi dildə yazılsa da, dərki, anlamı fövqəlduyum və intellekt tələb edən bu şeiriyyətin müstəsna özəlliyi – alt qatı ruhun hallarıyla bağlı, yalnız onun özünün (ruhun) dərk edə biləcəyi sirli, ilahi hikmətlər gizləməsidir...
Bayatlı poeziyasına yaxından bələd olanlar bu yaradıcılığın, ənənəvi baxış bucağından dərk edilməsinin mümkünsüz olduğunu yaxşı bilirlər. O səbəbdən ki, Şair insan nəfəsi toxunmayan, hansısa ayrı, səmavi ərazilərdən – sıravi gözlə görülməyənlərin görkəmindən, duyulmayanların ağrısından, izaha gəlməyənlərin izahından yazır... Şeirlərində tez-tez rast gəlinən “min illər”, “milyon illər” ifadəsi kiməsə uydurmaçılıq, ya yaradıcı şövqün məhsulu kimi görünə bilərsə də, misraların alt qatından sızan şirin və yandırıcı iztirablar dolu isti nəfəs, bunun əksini – yazılanın, qədimdən-qədim, min illərlə yaşanmış uzaq xatırlamalar olduğunu hiss etdirir.
Min ildi, milyon ildi
Sənə sarı qaçıram,
ayaqlarım sevinir,
yolum sevinir, Allah.
hər gün Sənin Göyünə
mismarlanır qollarım
mismarlanır, dincəlir,
qolum sevinir, Allah.
Sevgin, yalnız sevgin var,
qollarımın gözündə.
Bəs nədən əzab gəzir,
qolumu dəlib yaran
mismarların üzündə?..
İllər ötür, bütün vücudu, varlığı və ruhuyla İlahiyə can atmaqdan yorulmayan Vaqifi, yolundan heç nə döndərə bilmədi. Nə bu dünyanın mal-dövləti, nə “var” adlandırdığımız oğul-uşaq, nə şan-şöhrət azarı. Vaqifi, şəhidi olduğu Sözün əlindən almağa heç nəyin və heç kimin gücü çatmadı. Vaqif Sözün xəstəsi, Onun qulu olaraq qaldı. O, indi də belə yaşayır. Sözlərin, misraların arasıyla, əlçatmaz göy pillələrində pay-piyada dolaşa-dolaşa… Yenə misralarla, sözlərlə sevişir, əhd bağlayır, küsüb-inciyir, onlarla, halına, xasiyyətinə bələd olduğu doğmalarıtək, xüsusi ehtiram və ehtiyatla davranır, gizli sövdələşmələr aparır, bir sözün o biriylə yanaşı duranda hansı hala düşməsindən, hansı sözün hansı sözə işıq, hansına kölgə salmasından günlərlə, aylarla zövq alır, əzab çəkir… Bu halıyla Vaqif, bəzən mənə kimsəsizlər evinin əzabkeş dayəsini xatırladır.
Vaqif Bayatlı imzası kifayət qədər tanınır, şeirləri Azərbaycanın hüdudlarından kənarda – Türkiyədə, İranda, İngiltərədə, ABŞ-da, hətta uzaq Avstraliyada da oxunur və sevilir. İl-ildən cücərən, yaşıllaşıb qol-budaq atan bu kütləvi oxucu sevgisi də bizim Vaqifi ovutmur. Onu qışın çovğununda, yayın istisində sərgərdan gəzdiyi küçələrdən, yollardan yığışdıra bilmir. Vaqifin əbədi oyaq qəlbini, ac ruhunu nə geniş xalq kütlələrinin sevgisi, nə əcnəbi millətlərin marağı, nə şan, nə şöhrət doyura bilmir. Onu yalnız bir Sevgi – bir vaxtlar ona “Ol!..” demiş, sonradan gözlərinin dərinliyinə baxıb: “Şair Ol!” demiş Uca Yaradanın qənirsiz şüanı, səbəbsiz nisgili andıran Sevgisi doyurur bircə...
Min ildi, milyon ildi,
bağlayıb yollarımı bir-birinin ucuna
gəlib çatdım axırı Sənin dar ağacına.
Kəndirin dartıldıqca, boynum dincəlir, Allah.
Boynum dincələn görüb tez vururlar başımı…
çiynim dincəlir, Allah…
Şükür, şükür, çox şükür, Sən yenə Göy üzündən
mənə sarı enirsən…
dünya sönüb itdikcə,
tək bir Sən görünürsən…
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...