Xızır-Zində piri, yaxud Beşbarmaq dağı əfsanəsi

Xızır-Zində piri, yaxud Beşbarmaq dağı əfsanəsi

Xızır-Zində piri müsəlman Şərqinin ən müqəddəs ziyarətgahlarından biri kimi qəbul olunur.

Abbasqulu ağa Bakıxanov tariximizin əvəzsiz qaynaqlarından olan məşhur “Gülüstani-İrəm” kitabında yazırdı ki, Quranda adı çəkilən Məcməül-bəhreyn, yəni iki dəniz qovşağı Şirvan vilayətində olmuşdur. Musa və Xızır peyğəmbərlərin səxrəsi (qayası) də ordadır. Adına və əlamətlərinə görə bu qaya Xızır-Zində ola bilər və həmin “Xızır-Zində” xalq arasında “Xıdır-Zində” kimi tələffüz olunur. A.Bakıxanov fikrini şərh edərkən digər müəlliflərin də bu barədə olan elmi mülahizələrinə əsaslandığını vurğulayır.

“Xızır-Zində” adındakı “zində” sözü “sağ”, “diri” anlamındadır ki, bu da qədim Şərq folklorunda tez-tez rast gəlinən “abi-zəmzəm” – “dirilik suyu” içmiş Xıdır (Xızır) peyğəmbərə işarədir. Ona görə də Siyəzən bölgəsi ərazisində, Xəzər dənizi sahilində “Beşbarmaq” adlı beş çılpaq zirvədən ibarət olan dağa xalq arasında “Xızır-Zində baba” və yaxud “Xıdırzində dağı” deyilir. “Beşbarmaq” sözü ilə bağlı da müxtəlif fikirlər, rəvayətlər dolaşır. Araşdırıcılardan Rəmzi Yüzbaşov qeyd edir ki, “Beşbarmaq” sözündəki “barmaq” ifadəsi “şiş təpə” anlamındadır. Başqa bir ehtimala görə isə Beşbarmaq “baş barmaq” kimi təqdim olunur. Belə ki, xalq etimologiyasında “baş barmaq” böyük qardaş mənasındadır.

Abşeron yarımadasının qərb hissəsində, Bakı-Şamaxı yolunun cənubunda yerləşən Üçtəpə dağı “üç qardaş”, Beşbarmağın qarşısında, dəniz istiqamətində yerləşən qaya isə dördüncü qardaşdır. Bura tarixi mənbələrdə “Musa qayası” kimi də təqdim olunur.

Böyük Azərbaycan səyyahı Əbdülrəşid əl-Bakuvi yazır ki, Quranın “əl-Kəhv” (“Mağara”) surəsində haqqında danışılan Musa və Xızır peyğəmbərlərlə bağlı əhvalat məhz bu ərazidə cərəyan edib.

Belə ki, Musanın xidmətində olan Yuşə ibn Nusun yemək üçün götürüb sonra yaddan çıxartdığı balıq iki dənizin qovuşduğu bu yerdə suya atılaraq yenidən dirilmişdi...

İspaniyanın Kataloniya vilayətinin1375-ci ildə tərtib olunmuş Xəzər dənizinə aid xəritəsində Beşbarmaq – “Barmaq” – dövrünün tanınmış alimi, XVII əsrdə indiki Almaniya ərazisində mövcud olan xırda feodal dövlətlərindən birinin – Qolştiniyanın hersoq sarayında çalışan Adam Olearinin xəritəsində isə “Barmax” kimi göstərilir.

Tarixçi H.Abdullayev yazır ki, XVIII əsrin ikinci yarısında Azərbaycandakı xanlıqlar arasında mühüm yer tutan Quba xanlığının tərkibinə 8 mahal daxil idi. Bu mahallardan biri Bərmək adlanırdı. Mahalın indiki ərazisi Xızı ilə Siyəzən bölgələrinin qovuşuğundakı uca dağların qoynundadır. Arxiv sənədlərindən məlum olur ki, burada 600-dən çox evi əhatə edən 24 kənd olub. Mahalın niyə məhz Bərmək adlandırılmasının da maraqlı tarixçəsi var. A.Bakıxanovun, Bartoldun, Z.Bünyadovun əsərlərində Bərməklər haqqında müəyyən məlumatlar var. Bu mənbələrdə qeyd olunur ki, Bərmək orta əsrlər Azərbaycanında nüfuzları ilə seçilən məşhur sülalənin soyadıdır. Bu soyaddan olan sonuncu vəzir Cəfər Bərməki xəlifə Harun ər-Rəşid tərəfindən öldürülmüş, onun sağ qalan ailə üzvləri uzaq Bağdaddan qaçıb canlarını qurtararaq bu yerlərdə məskunlaşmışlar. Çox güman ki, illər keçdikcə “bərmək” ifadəsi dəyişərək “barmaq” kimi tələffüz olunub.

El arasında isə indiyəcən belə bir söz gəzir ki, Beşbarmaq dağı bir vaxtlar üç qardaşın pənah yeri, məskəni, yurd-yuvası olub. Qardaşlar bir-birinə can deyib can eşidər, arxa, dayaq olarmış. Böyük qardaşın sözü, tapşırığı balacalar üçün qanun imiş. Onun adı Xıdır Zində, ortancıl qardaşın adı Xıdır İlyas, sonbeşiyin adı isə Xıdır Nəbi olub. Günlərin bir günü böyük qardaş kiçik qardaşı yanına çağırır. Ona bir xəlbir uzadıb deyir ki, susuzluqdan dili-dodağı quruyub. Xıdır Nəbi xəlbirlə su gətirmək üçün Xəzərə tərəf yüyürür. Xəlbiri suya salıb nə qədər əlləşirsə, su götürə bilmir. Böyük qardaş kiçik qardaşından bir soraq gəlmədiyini görüb bu dəfə su dalınca Xıdır İlyası yollayır. Ortancıl qardaşın da gəlib çıxmadığını görüb təşvişə düşür. Demə, böyük qardaşlarının tapşırığını yerinə yetirə bilməyəcəklərini görən sonbeşiklə ortancıl qardaş daşa dönmələri üçün Allaha yalvarıb-yaxarırmış. Belə rəvayət olunur ki, Xızır-Zində dağı ilə üzbəüz olan Xəzərdəki sal qayalar daşa dönmüş həmin qardaşlardır.

Azərbaycan ensiklopediyasının II cildində isə belə yazılıb: “Beşbarmaq təqribən IV–VII əsrlərə aid müdafiə səddi olub. Bu sədd Beşbarmaq dağının ətəklərindən Xəzər dənizinə qədər uzanıb. Dağın ətəyində iri çiy kərpicdən tikilmiş sədd bir-birindən iki yüz metr aralı iki divardan ibarət olub. Alban tarixçisi Movses Kalankatlı Beşbarmaq səddinin Sasani padşahı Yezdəgirdin dövründə (437–457) çəkildiyini qeyd edib. Beşbarmaq köçərilərin hücumunun qarşısını almaq üçün inşa edilmişdi...”

Deməli, Xızır-Zində baba dağı müqəddəs ziyarətgah olmaqla yanaşı, həm də ulu, şanlı tariximizin əvəzsiz yadigarlarındandır.

 

Aydın TAĞIYEV

 

VƏ DİGƏR...