Azərbaycan fotoqrafiyasının tarixi və ya Azərbaycan tarixi fotolarda
Fotoqrafiya yunan dilindəki "işıq", "yazmaq" və "çəkmək" sözlərindən yaranıb. Geniş anlamda "anın şəklini çəkmək" deməkdir... Yox, bir dəqiqə, yazını belə uzaqdan başlasaq, anın şəklini çəkə bilməyəcəyik. Biz axı Azər-baycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu ilə birgə anın şəklini çəkmək istəyirik – Azərbaycan fotoqrafiya tarixinin 1860-cı ildən başlayıb, 2014-cü ilə qədər davam edən "bir anı"nın. Siz bircə an gözünüzü qırpmayın... və oxuyun.
Azərbaycanda ilk foto
Azərbaycanda foto sənətinin inkişafına əsasən neft amili təkan verib. Neft bumu ölkəmizə böyük insan axınının başlanmasına səbəb olub. Azərbaycan fotoqrafiyasının tarixini araşdıran mərhum yazıçı Sara Nəzirovanın yazdığına görə, Azərbaycanda ilk foto 1861-ci ildə çəkilib. Bu, Rusiya ekspedisiyasının tərkibində gəlmiş kapitan-leytenant A.F.Ulskinin çək-diyi "Bakı buxtası"dır. Onun şəkilləri içərisində "Fatmayı kəndi", "Qız qalası", "Şirvanşahlar sarayının məscidi", "Qala divarları" yer alır. Həmin şəkillər Tbilisi arxivində saxlanır. Onların surətlərini sovet dövründə Azərbaycan Kino-Foto Sənədləri Arxivinin müdiri işləmiş Nina Fişeva alıb gətirib.
Rus fotoqraf və etnoqrafı Dmitri İvanoviç Yermakovun da Bakı ilə bağlı 50-dən artıq fotosu olub. Amma Azərbaycanda fotoqrafiya sənətinin in-kişafından danışanda ilk olaraq 1884-cü ildə Ukraynadan Bakıya gəlmiş fransız mənşəli Aleksandr Mişonun adını çəkmək lazımdır. O, Azərbaycanda fotoqrafiyanı incəsənətin bir növü kimi tanıtmaq üçün böyük işlər görüb. 1890-cı ildə "Realnaya şkola"nın direktoru ilə "Bakı fotoqraflar dərnəyi"ni təsis etmək üçün nizamnamə yazaraq Peterburq Daxili İşlər Nazirliyinə göndəriblər. Dörd il gözləyəndən sonra dərnək rəsmən fəaliyyətə başlayıb. İlk dövrlər dərnəyə "Realnaya şkola"nın direktoru rəhbərlik edib. Dərnək üzvləri ayda 10 manat üzvlük haqqı verirmiş. Bu, o zaman üçün kiçik məbləğ deyildi. Mişon özü isə təşkilatın katibliyində çalışıb.
Yenə erməni barmağı...
Mişon 1900-cü ildə Cənubi Qafqazda "Kavkaz i Srednyaya Aziya" adlı fotojurnal buraxıb. Bu dərgi 1908-ci ilədək mütəmadi olmasa da dərc edilib. Jurnala material toplamaq üçün Mişon Cənubi Qafqazı və Orta Asiyanın müxtəlif yerlərini gəzib.
1905-ci il inqilabından sonra Bakıda böyük gərginliklər yaşanıb, bu dövrdə Mişonun studiyası iki dəfə qarət olunub. Erməni Rustamyanla məhkəmə çəkişmələrindən bezən Mişon, nəhayət, 1908-ci ildə Azərbaycanı tərk edib. Bəs Rustamyanı narahat edən nə idi?
Əlbəttə, ortada maddi maraq da olub. Mirnaib Həsənoğlu deyir: "Əlimizdəki sənədlərdə belə bir qeydə rast gəlmişdim ki, il ərzində Mişon fotoqraflıqdan 1800 rubl qazanırdısa, Rustamyan 3000 rubl gəlir götürürdü". Amma yox, məncə, əsl səbəb ikincidir: Mişon fotoqrafiya sənətini təbliğ edib yayırdı. Bu isə ildə 3000 rubl qazanan tamahkar erməninin qazancının azalmasına gətirib çıxara bilərdi, çünki Mişonun Bakıya gəlişindən sonra "Əksxana" adlanan foto-atelyelər yaranmaqda idi.
Üstəlik, Mişon Azərbaycana kino da gətirmişdi. Azərbaycanın kino tarixi məhz Mişonla başlanır. O, gətirdiyi kamera ilə burada 10-dək qısametrajlı film çəkib. Bu filmlər o vaxtkı Azərbaycan və Bakı haqqında təsəvvür yaratmaq üçün əvəzsiz materiallardır.
XIX əsrin sonlarında Polşadan Azərbaycana yönələn axın özüylə biznesmenlərdən tutmuş memarlara qədər xeyli imkanlı və qabaqcıl adam da gətirdi. Onların içində bir neçə erməni fotoqrafın da Bakıya gəldiyi məlumdur.
Mirnaib Həsənoğlu: "O vaxtlar qayda beləydi ki, fotoqraflar öz işlərini Parisə göndərir, medallar qazanırdı. Sonra da o medalları çəkdikləri fotonun arxasında qeyd edirdilər. Bu, bir səviyyə, keyfiyyət göstəricisi idi".
Rəsulzadənin şəklini kim çəkib?
Məhəmməd Əmin Rəsulzadə memuarlarında yazır ki, Stalinlə həbsxanada yatanda bir azərbaycanlı fotoqraf onların şəkillərini lentə alıb. Amma təəssüf ki, onun kimliyi məlum deyil.
İlk azərbaycanlı fotoqraf isə məşhur Hacınskilər nəslinin nümayəndəsi Əzizbala Hacıyev hesab olunur. İnqilaba qədər o, milyonçu İsa bəy Hacınskinin Bayıl zonası üzrə əmlakının işlər müdiri olub. İnqilabdan sonra fotoqraf Zelinski ilə aralarındakı dostluq əlaqələrinə görə emalatxana açıb, şəkil çəkməklə məşğul olub. Azərbaycanlı fotoqraflardan Mircavad Axundov da onunla bir vaxtda çalışıb.
Mircavad Axundov Moskvada təhsil alıb, bir müddət Uralda yaşadıqdan sonra Azərbaycana gəlib. Uzun müddət Nizami Muzeyinin fotoqrafı olub. Repressiya dövründə sürgünə göndərilib.
Sürgündən qayıdandan sonra fotoqrafiya ilə məşğul olmasına rəsmən qadağa qoyulub. M.Axundov 94 yaşında dünyasını dəyişib.
1923-cü ildə Kino, Foto İşçiləri Həmkarlar İttifaqı yaradılıb. Ondan son-ra kolxozlaşma, sənayeləşmə dövrü başlanıb. Fotoqrafiya sənəti də təbii olaraq bu yöndə inkişaf edib.
Mirnaib Həsənoğlu ömrünü foto sənətinə həsr etmiş həmkarlarının heç birini unutmur. Hamısının adlarını bir-bir sadalayıb ruhlarını şad edir:
"1920-ci ildə indiki AzərTAc Dövlət Agentliyi yarananda onun tərki-bində "Azsoyuzfoto" təsis olunub. Orada İldırım Cəfərov, bir də Fikri adlı fotoqraflar işləyiblər. Müharibədən əvvəl kinostudiyada çalışan fotoqraf Mirfazil Mirmövsümov cəbhəyə yollanaraq qayıtmayıb.
Müharibədən sonra Almaniyadan qənimət kimi gətirilən yeni aparatlar fotoqrafiyanın inkişafına təkan verib. O dövrdə fotoqraf Kamal Babayevin adı daha məşhur olub".
Mirnaib Həsənoğlu deyir ki, Kamal Babayev Azərbaycan dilində bir neçə tədris kitabı yazıb, arxivində Azərbaycanın korifey sənətkarlarının nadir fotoları var, 50 ilə yaxın Dövlət İncəsənət Muzeyinin fotoqrafı olub, böyük arxivi var. "Fotoqraf Faiq Rəcəbli 60 il Azərbaycan idmanını lentin yaddaşına köçürüb, 86 yaşında dünyasını dəyişib.
Ötən əsrin 60-70-ci illərində Yaşar Xəlilov, Rafiq Tağıyev, Əhməd Qaragözov kimi fotoqraflar olub. Həmin illərdə "Xəzər" foto studiyası yaradılıb. Əlbəttə, o dövrün fotoqrafları "əməkdar pambıqçı", "əməkdar maldar"ların şəkillərini də çəkirdilər. Daha çox Cahandar İbadovun bu tipli fotoları əlimizdədir".
SSRİ dağılandan sonra fotoqrafiyanın təbliğində də bir boşluq yaranır. Az sonra, yəni 1993-cü ildə tanınmış kinooperator Rafiq Qəmbərov fotoqrafları bir yerə toplaya bilir. Bunun nəticəsi olaraq 1995-ci ildə Fransada Nant müsabiqəsində ilk dəfə Azərbaycan fotoqrafiyasına həsr olunmuş sərgi keçirilir. Burada Azərbaycan fotoqraflarının çəkdiyi 100-dən artıq şəkil nümayiş etdirilir.
Qızılgül ABDİNOVA
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...