Azərbaycanlı döyüşçü Əhmədiyyə Cəbrayılovun II Dünya müharibəsi zamanı Fransa müqavimət hərəkatında iş­ti­ra­kı haqqında fransız silahdaşının xatirələri

Azərbaycanlı döyüşçü Əhmədiyyə Cəbrayılovun II Dünya müharibəsi zamanı Fransa müqavimət hərəkatında iş­ti­ra­kı haqqında fransız silahdaşının xatirələri

Məlumdur ki, azərbaycanlılar İkinci Dünya müharibəsində fəal iştirak edərək faşizm üzərində qələbənin əldə olunmasında böyük rol oynayıblar. Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov və başqa azərbaycanlı döyüşçülərin müharibədəki qəhrəmanlığı barədə həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda kifayət qədər məlumatlar yer alıb.

İkinci Dünya müharibəsinin iştirakçısı olmuş Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov Fransa müqavimət hərəkatının nümayəndələrindən biridir. O, “Armed Mişel”, “Xarqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib, Fransanın yüksək mükafatları və orden-medallarla təltif olunub.

Son dövrlər bir sıra saytlar, xüsusilə erməni saytları Əhmədiyyə Cəbrayılovun döyüş fəaliyyətini şübhə altına alan, dezinformasiya xarakterli məqalələr dərc edirlər. Təbii ki, burada məqsəd bütövlükdə azərbaycanlıların İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qələbəyə verdikləri töhfənin əhəmiyyətini azaltmaqdır. Lakin Azərbaycana qarşı çıxış edən və onun uğurlarından narahat olan həmin dairələr unudurlar ki, həqiqət həmişə öz yerini tutur.

Əhmədiyyə Cəbrayılovun İkinci Dünya müharibəsində Fransa müqavimət hərəkatında iştirakına gəldikdə isə onun yaxın dostu, döyüş yoldaşı Rene Şambarın məktubları azərbaycanlı partizanın döyüş yolunu işıqlandıran qiymətli qaynaqdır. R.Şambar bu məktublarda özünün Fransa müqavimət hərəkatına qoşulmasından, fransız partizan dəstələrinin faşist Almaniyasına və Filip Petenin başçılıq etdiyi Vişi rejiminə qarşı mübarizəsindən, sovet əsgərlərinin bu mübarizədə iştirakından bəhs edir. O, xüsusi olaraq özünün tabeliyində olan Armed Mişelin döyüş yolu, onun almanlara əsir düşməsi və əsirlikdən qaçması, partizanlara qoşulması, yüksək hərbi bacarıqları, Fransanın azadlığı uğrunda göstərdiyi fədakarlıqlar haqqında geniş məlumatlar verir. Bu məktublar Əhmədiyyə Cəbrayılovun fəaliyyətinə kölgə salmağa cəhd edən dairələrə verilən ən tutarlı cavabdır. Həmçinin bu sənədlər onu da sübut edir ki, qəhrəmanlar kimi, döyüş meydanındakı qəhrəmanlıqlar da heç vaxt unudulmur.

Tərcüməçidən

Birinci məktub

Yaşadığı həyat tərzi valideynləri ağır yaşamla üzləşmiş bir sıra şəxslərin xarakterinin formalaşmasında mühüm rol oynayır. Anam 11 uşaqlı ailədə doğulub. Onun atası balıqçı idi, anası isə zavodda işləyirdi. Həmin zavodun yerləşdiyi şəhərdə tez-tez fəhlə nümayişləri baş verirdi ki, bu da kiçik şəhərimizin həyatında iz buraxmışdı. Bu şəhər Fransada kommunist ideyalarının yayıldığı ilk şəhər idi.

Sadə kəndli oğlu olan atam 1900-cü illərdə ağır həyat yaşamışdı. Sonra 1914-cü il müharibəsində iştirak etmiş, bir neçə il hərbçi olmuşdu. Mülki həyata qayıtdıqdan sonra Paris xəstəxanasında sanitar işləmiş, orada eynilə onun kimi sanitar işləyən anamla tanış olmuşdu. Onlar evləndilər və 1924-cü ildə mən dünyaya gəldim.

Bizim kimi çətin həyat şəraitində yaşayan qonşularla söhbətimiz həmişə kasıblara xas olan eyni çətinliklər, 1914–1918-ci illərdə gedən müharibədə iştirak etmiş sağ və ölən əsgərlər barədə olurdu. 1936-cı ildə mənim 12 yaşım var idi. O zaman kommunist, sosialist və başqa sosial-demokrat deputatların Xalq Cəbhəsi hökuməti fəhlələrə böyük ümidlər verir, bu da qonşuların görüşləri zamanı qızğın müzakirələrə səbəb olurdu. Bütün bunlar məni get-gedə daha çox maraqlandırırdı. Sonra İspaniya müharibəsi başladı, qanuni seçilmiş Respublika faşist general Franko tərəfindən məhv edildi. General öz ölkəsində din xadimlərinin səfərbər etdiyi İspaniya Mərakeşindəki ordunun dəstəyinə nail olub Mussolinidən və Hitlerdən yardım aldı. Fransa hökuməti İspaniya Respublikasına yardım göstərməkdən imtina etdi və bitərəf qalmaq haqqında qərar verdi. Bütün bu hadisələr seçimimə öz təsirini göstərdi. Gələcək qaranlıq olsa da, mən antifaşist müharibəsində iştirak edəcəkdim. 1939–1940-cı illərdə baş tutan müharibədə Fransa məğlub oldu. 1940-cı il iyunun 18-də general Şarl de Qollun, iyulda isə Fransa Kommunist Partiyasının xalqa müraciəti oldu. İşğaldan sonra general Petenin başçılıq etdiyi Vişi hökuməti sağçı deputatların çoxluğu ilə hakimiyyəti ələ aldı. Yalnız 80 deputat həmin səsvermədə iştirak edə bilmədi. O dövrdə Kommunist Partiyasının fəaliyyəti qadağan olunmuşdu, kommunist deputatların bəziləri artıq həbsdə idilər, digərləri isə gizli fəaliyyətə keçmişdilər. Ölkə iki hissəyə – işğal zonası və qiyamçılar Peten və Lavalın idarə etdiyi azad zona adlandırılan bölgəyə bölünmüşdü. O illərdə müqavimət hərəkatı genişlənməyə başladı. İlkin dövrdə müqavimət hərəkatı siyasi xarakter daşıyırdı. Daha sonra nasistlər 1942-ci il noyabrın 11-də azad zona adlandırılan bölgəni işğal etdilər. Bu, əhali arasında əsl şok effekti yaratdı. Silahlı müqavimət zərurətə çevrildi, ancaq şərait çox çətin idi. Mən FTP (“Azad atıcılar və partizanlar”) qruplarından birinin üzvü idim. Silah çatışmırdı. Eyni zamanda mən AS (Gizli ordu) şəbəkəsi ilə də əlaqədə idim. O dövrdə İcbari Əmək Xidməti (STO) xətti ilə Almaniyaya məcburi işləməyə göndərilən fransızlar arasında bundan imtina edənlərin sayı artırdı. Ona görə də onları kəndlərdə gizlətmək lazım gəlirdi. Mənim köməyimlə valideynlərim polislər və almanlar tərəfindən axtarılan belə şəxslər üçün gözləmə məntəqələri yaratmışdılar. Həmin şəxslərin əksəriyyəti təşkilatın onları Pireneydən keçirərək İspaniya vasitəsilə Londona göndərməsini gözləyirdi. 1943-cü ildə paraşütlər vasitəsilə silahların çatdırılması partizan dəstlərinin yaranmasına yardım etdi. Mən avtomat silah əldə etdim. Şəhərlərdə və kəndlərdə gizli fəaliyyət genişlənirdi və odur ki, Vişi polisi və almanlar daha fəal hərəkətə keçmişdilər. 1944-cü il fevralın 7-də mənə Almaniyaya getməklə bağlı Feldjandarmeriyaya gəlmək haqqında çağırış göndərildi. Maki (partizan) dəstələrinə qoşularaq meşə həyatını seçdim. Özümüzlə bir parça şalğam, kartof, bir az çörək götürmüşdük. Bunları bizə kəndlilər vermişdi. Sayı on beş nəfərə yaxın olan dəstəmizdə 1 avtomat silah, 2 revolver, 2 qumbara, 1 ov tüfəngi var idi. 1944-cü il martın 19-da yaxınlığımızdakı partizan dəstəsinə hücum olmuş və onlar ağır itkilərə məruz qalmışdılar. Həmin məqamda Vişi polisi bölgəmizdəki fəaliyyətlə maraqlandığı üçün biz bölgəni dəyişdik. O dövrdə mən dəstə başçısının müavini, eyni zamanda mühafizə və əlaqələndirmə agenti idim. Məxfi Ordunun komandanlarının gizli görüşlərinin təhlükəsizliyini təmin etmək məqsədilə partizanlarla birgə dəfələrlə Montobana getmişdim. Orada Das Reich diviziyasının qoşun hissələri yerləşirdi. Partizanlarla birgə Məxfi Ordu komandanları­nın gizli toplantısının mühafizəsini təşkil etməli idim. Həmin görüşlərdə bölgənin silahlı qruplarının birləşdirilməsi barədə qərar qəbul edilmişdi. İyunun 8-də Normandiyaya desant çıxarılması zamanı Kaberta meşələrində fəaliyyət göstərən qrupda 80 silahlı və 250 silahsız partizan vardı. Bizə paraşütlərlə silah çatdırmaq vəd olunmuşdu. Məhz Kabertada, mayın 23-də kapitanımız Əhməd Cəbrayılovu yanımıza gətirdi. O, bizim üçün Xarqo idi. Xarqo əvvəlcə İspaniya Respublikası qrupunun, sonra isə Frakas adlanan qrupun üzvü idi. Hər qrupun xüsusi adı vardı. Təəssüf ki, 250 könüllü silahlanmağa macal tapmadan SS nasistləri onlara hücum etdilər. 80 zəif silahlı partizan 250 silahsız partizanı qorumalı idi. Onlar zirehli texnika və odsaçan silahlarla təchiz olunmuş SS diviziyasına qarşı dayanmalı idilər. Həmin gün partizanlardan çoxu öldürüldü və diri-diri yandırıldı. O hücumdan sonra partizan­ların kiçik qruplara bölünməsi qərara alındı. Bu səbəbdən Əhmədi yalnız avqustun 19-da, Montobanın azad edilməsi zamanı gördüm. O, həmin əməliyyatda fəal iştirak etmişdi. Əməliyyatın ertəsi günü nasistlərin təqib edilməsinə başlanıldı. müqavimət hərəkatı mənim Əhmədin əlaqə qurduğu digər sovet əsgərləri ilə də tanışlığıma imkan yaratdı. Biz birlikdə nasist qüvvələrinin təhlükəsi ilə üzləşən Tuluza şəhərinə yollandıq. Əhməd məhəlləni yoxlamağa getdi və döyüş üçün hazır olan bir qrup sovet partizanı ilə qayıtdı. Fikrimcə, onlar Aveyron partizanlarından olan azərbaycanlı əsgərlər idilər. Biz kapitana gələnlərin bizimlə qalmaq istədiklərini bildirdik, ancaq o, bunu qəbul etmədi. Sonrakı günlərdə nasistləri qovub çıxardıq. Baş qərargahın xarici vətəndaşların geri çağırılması barədə əmrindən sonra kapitanımız 5 sovet əsgərinin bizimlə qalmasına razılıq verdi. Onlar bacarıqlı əsgər və gözəl yoldaş idilər. Məhz həmin andan etibarən daim mənim sərəncamımda oldular. İrəliləyişimiz general Latr de Tasinyinin I Fransız Ordusu ilə birləşənə qədər davam etdi. Sonra da həmin ordunun tərkibində mübarizəni qələbəyədək apardıq. Bütün bu müddət ərzində Əhmədin (Xarqo) hərbi biliklərini, sədaqətini, səmimi yoldaşlığını yüksək qiymətləndirirdim. Qələbədən sonra ayrılsaq da, bir-birimizi unutmadıq. O, sonradan Fransaya “Humanite” qəzeti vasitəsilə məktub və fotoşəkil göndərmişdi. “Humanite” qəzeti həmin məktubu Kommunist Partiyasının Tarn və Qaron Federasiyasına göndərmişdi. Xoş təsadüfə bax ki, Kommunist Partiyasının üzvü olduğum üçün Federal katib məktubu açanda orada idim. O, zərfi açaraq məndən soruşdu ki, yoldaş Şambar, onu tanıyırsanmı? Heyrətimdən donub-qaldım – şəkildəki Əhməd idi.

 

Qeydlər

  • Dəstəmizin komandanı kapitan Delplank idi (partizan adı: Düma)
  • 1940-cı il iyunun 18-də general Şarl de Qoll Londona getdi, iyulda isə gizli fəaliyyətə keçmiş Fransa Kommunist Partiyası müqavimət hərəkatının başlanmasıyla bağlı çağırış etdi.
  • Bildiyim qədər, Əhmədlə general Şarl arasında xüsusi dostluq münasibətləri yox idi.
  • Apardığım araşdırmalara əsasən düşünürəm ki, general Şarl de Qollun Moskvaya səfəri zamanı Əhmədə Moskvadan tədbirdə iştirak üçün dəvət məktubu gəlib.

 

İkinci məktub

Əhməd Mişel Cəbrayılov (Xarqo)

O, 1920-ci il sentyabrın 22-də doğulub. 1940-cı ildə Nevinnomıssk Aviasiya Məktəbinə daxil olub, 1941-ci ildə kiçik leytenant rütbəsi ilə Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadrilyasına təyinat alıb. 1942-ci ilin mayında təyyarəsi Ukraynada əməliyyat zamanı Kursk ətrafında vurulub. Yaralanıb və əsir düşüb, Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilib. Bir düşərgədən başqa düşərgəyə köçürülmə üç ay davam edib. 1942-ci ilin noyabrında Dahau həbs düşərgəsinə göndərilib və 1943-cü ilə qədər orada qalıb. O, ilk dəfə buradan qaçmağa cəhd edir. Bıçaq ələ keçirib özünü sərxoşluğa vurur, gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Cəhd baş tutmur və o, başqa yoldaşları ilə birgə Fransaya, Elzasdakı Strutof həbs düşərgəsinə göndərilir. Onun dediklərindən belə anladım ki, məruz qaldığı işgəncələr ucbatından çox zəifləyibmiş.

Strutof düşərgəsində o, 4167 saylı əsir idi. Orada dəhşətli həyat yaşanırdı. SS həkimləri çoxlu başqa əsirlərlə bərabər, onun da üzərində təcrübələr aparırdılar. Məhz orada ona xoşbəxtlik gətirən kiçik dəsmalla bağlı suala cavab tapa bilərik. Belə ki, müharibəyə yollanan zaman bir tanış qızın onun üçün tikdiyi kiçik dəsmal həyatını xilas etdi.

Fransaya sonuncu səfəri zamanı o, həmin hadisəni mənə danışmağa çalışdı.

Onu bir qrup yoldaşı ilə birgə soyunmağa məcbur etmişdilər. Bu zaman ağlına gəlmişdi ki, dəsmalı ağzına qoysun. Sonra onları qaz testindən keçirmişdilər. Təcrübə bitdikdən sonra əsirləri çıxaran gözətçilər SS həkiminə bildirdilər ki, əsirlərdən biri ölməyib. Həkim isə demişdi ki, dəyməyin, onsuz da, öləcək. Bu hadisə SS həkimi üçün istisna hal idi. Amma Xarqo əməliyyatda iştirak edən bir gözətçi vasitəsilə özünə gələ bilmişdi.

Xarqo yenidən düşərgə həyatına qayıtdı və yoldaşları kimi, düşərgədən kənarda işlərə cəlb olundu. Çox ehtimal ki, Valrua şaxtalarında işləmişdi. Onun bir çox yoldaşı ağır iş şəraiti səbəbindən orada öz həyatını itirmişdi. Həmin yerin lap yaxınlığındakı məzarlıqda çoxlu əsirlər yatır. 1964-cü ildə Valruada çəkilmiş sənədli filmdə görürük ki, Əhməd Cəbrayılov ölkəsindən gətirdiyi dirəklə yoldaşlarının məzarlarını axtarır. 1943-cü ilin sonunda onun da olduğu bir konvoy Rodezdəki kazarmaya göndərilir. Məhz orada o, Fransa müqavimət hərəkatı ilə əlaqəyə girməyə çalışır və çox ehtimal ki, həmin vaxt azərbaycanlı olmayan bir yoldaşla görüşür. Özünün dediyinə görə, müqavimət hərəkatının üzvlərindən fransızlarla, bir çexlə, bir polyakla, bir rusla əlaqə yaradır. Araşdırmalara əsasən, həmin rusun Qriqori Rumanyuk olduğunu söyləmək olar. Onun dediklərinə görə, onlar kiçik bir kilsədə toplaşırdılar. Müharibədən sonra – 1999-cu ildə cəbhə yoldaşlarıyla görüşdə belə məlum oldu ki, Rodezdə yerləşən kafelər, barlar müqavimət hərəkatına dəstək verib və həmin məkanlardan gizli toplantı yerləri kimi istifadə olunub. Bonafu, Diet və Kabriolun fikirlərini nəzərə alsaq, Rodezdəki Fransa müqavimət hərəkatında azərbaycanlılar təşkilati fəaliyyət göstərib və orada Lot departamentinin partizanları­nın məsul nümayəndələri olublar. Əhməd, Besi adlı şəxsdən söhbət açır. Üstündən bu qədər vaxt keçəndən sonra həmin kazarmada azərbaycanlılarla bağlı baş verən ozamankı hadisələri anlamaq istəyirdik. Əhməd Mişel bunu bilirdi və bizə izah etməyə çalışırdı. Biz həmin dövrə kifayət qədər əhəmiyyət verməmişdik. Şahidlər təsdiqləyirlər ki, gestapo və SS üzvləri sayıq və amansız idilər. Kazarmada hər gün avtomat səsləri eşidilirdi. Nasistlərin kremasiya sobaları var idi. Bu səbəbdən də Rodez məzarlığında dəfn edilənlərin sayı ölənlərin sayından azdır.

Arxivlərdə belə bir rəsmi məlumat var ki, azərbaycanlıları daşıyan yük maşını güllələnmə məqsədilə Müqəddəs Radeqond səngərinə yola düşür. Yolda onlar müqavimət göstərirlər və yeddi nəfər qaçmağa nail olur. Bunu əminliklə demək olar ki, nasistlər Aveyron departamentində xeyli azərbaycanlı öldürmüşdü.

Əhməd Mişel Cəbrayılov Rodezdə baş verənlər haqqında çox şey bilirdi. O, bu barədə öz xatirələrində yazmışdı. Sənədli film çəkilişi üçün Fransaya səfəri zamanı onu anlaya bilmirdik. O, yaşadığı bu faciəni həyat yoldaşıma və mənə izah etməyə çalışırdı. Əhməd bizi birinci xiyabandan sol tərəfdə yerləşən məzarlığa apardı, orada böyük bir çəmənlik yerləşirdi. O, xanımımla birgə məzarlığın çıxışına qayıtdı və yola çıxıb məzarlığı fırlanaraq, buradan necə qaçdığını əyani göstərdi.

Sonra Əhməd Montoban xəstəxanasına köçürüldü və burada onu müalicə etdilər. Bu ərəfədə də dediklərini yoxladıq, hamısı doğru idi. Montobana səfərim zamanı, bizi Eli küçəsinə apardı və uzun müddət bir məkanı axtardı. O nə axtarırdı? Bəlkə, bir yeri, bir adamı, bəlkə də, hər ikisini. İşğal zamanı həmin küçədə həbsxana apteki yerləşirdi. Bəlkə, o, haqqında çox danışdığı xanım Janna ilə burada tanış olub? Ola bilər, çünki bu ad o dövrün Montoban xəstəxanasının arxivlərində yoxdur. Ancaq mənə elə gəlir ki, qadınla arasında sadəcə dostluq münasibətləri yaranmışdı və onun vasitəçiliyi ilə şəbəkəmizlə əlaqəyə girmişdi. Həmin qadın Əhmədə yardım etdi və o, başqa şəhərə getdi. Sonra kapitan Delplankın sərəncamına keçdi. Kapitan Delplank 1944-cu il mayın 22-də onu Kaberta partizan dəstəsinə aparır. Xarqo bir müddət İspaniya respublikaçılarının yaratdığı qrupun, sonra isə Frakas qrupunun tərkibində fəaliyyət göstərir. 1944-cü il iyunun 20-də nasistlər dəstəmizə hücum etdilər. Partizanlar müstəqil qruplara bölünmək məcburiyyətində qaldı, yalnız Montoban şəhərini azad edən zaman birgə fəaliyyətə keçdik.

Montoban azad ediləndən sonra birlikdə olduq, düşməni Albiyə, sonra isə Tuluzaya qədər təqib etdik. Tuluzanın ətrafında mövqe tutduq. Tarn və Aveyron departamentlərindən də əlavə qüvvələr göndərildi. Bu zaman bir qrup sovet əsgəri olduğumuz yerə gəldi. Gələnlərin Aveyron, yoxsa Tarn partizanları olduqlarını deyə bilmərəm. Onlar artıq yanımızda olan sovet əsgərləri Əhməd Mişel, Qriqori Konovalçuk, Vasili Baçinski ilə söhbət edirdilər. Bizimlə birgə vuruşmaq istədiklərini bildirdilər. Zabitlərimiz dedilər ki, bu, mümkün deyil, öz qruplarına qayıtmalıdır­lar. Yalnız onlardan biri, Vasili Liçinski bizimlə qaldı. Onun qalmasını Əhməd təkid etmişdi, çünki bir-birlərini tanıyırdılar. Görünür, Rodez əsirliyindən tanış idilər. Nəzərə almaq lazımdır ki, Rodezdə əsirlər arasında xeyli Tarn və Aveyron partizanları var idi. Onların sırasına fərdi şəkildə və ya qiyamdan istifadə edərək həbsdən qaça bilmiş sovet əsgərləri qoşulmuşdu. Partizanların çoxunu nasistlər ələ keçirmiş və güllələmişdilər. Regionumuz azad edildikdən sonra ölkəmizin nasistlərdən təmizlənməsinə başlandı. Bu məqsədlə üzərimizə könüllü öhdəlik götürdük və Montobandan üçüncü süvari alayının eskadron qrupuna keçdik. Həmin qrup Tuluza briqadasının tərkibinə daxil idi. 1-ci fransız ordusunun tərkibinə daxil olan 3-cü Əlcəzair piyada diviziyası ilə birgə Fransanın cənub-qərbindən ölkənin şərqinə doğru irəlilədik və bizə həvalə olunan bütün missiyalarda iştirak etdik. Əmrləri hər an yerinə yetirməyə hazır olan Əhməd Mişel Cəbrayılov həmişə əsgərlərə ruh verirdi və bizimlə birgə olan sovet əsgərlərindən ibarət qrupun lideri idi. Əhməd Voj departamentində yüngül yaralandı və alayın tibb məntəqəsində müalicə olundu.

Təəssüf ki, həmin əcnəbi döyüşçülərin fədakarlığı kifayət qədər qiymətlən­diril­mə­di. Yoldaş Xarqo Fransız ordusuna könüllü daxil olan, müqavimət hərəkatında könüllü iştirak edən döyüşçü idi.

Onun dediyinə görə, hərbi xaça layiq görülmüşdü. Lakin burada eskadronumuzun və general Latr de Tasinyinin təltif etdiyi hərbi xaçdan söhbət gedir və Əhməd də eskadronun tərkibinə daxil idi. Moskvadakı araşdırmalarıma əsasən və mənə dediyinə görə, general Şarl de Qoll Moskvaya səfəri zamanı onu heç bir mükafatla təltif etməyib.

Ancaq general Şarl de Qollun Moskvaya səfəri zamanı mərasimdə SSRİ-nin müxtəlif respublikalarından olan döyüşçülər iştirak ediblər. Azərbaycandakı yoldaşımız, qardaşımız Əhməd Mişel (Xarqo) barədə çox yazılıb. Onun haqqında yazmaq mənim vicdan borcumdur. Əhmədin müharibə dövründə yaşadığı illər söylənildiyindən də ağır keçib. Araşdırmalarımızda onun bütün iztirab­ları­nı göstərə bilməmişik. Qardaşımız Əhməd Mişelin vəfatından altı il keçib. Əhmədin böyüklüyünü zamanla daha çox anlayacağıq. Onun keçmişini araşdırarkən aydın olur ki, fransız ordusunda yüksək səviyyəli əsgər olan Əhməd öz ölkəsi Azərbaycanın fəxri idi.

Qələbədən sonra da Xarqo müharibəni, yaddaş müharibəsini davam etdirirdi. O, Fransa torpağında dəfn olunan azərbaycanlılar, həmçinin nasistlərə qarşı birgə döyüşdüyü fransızlar barədə araşdırmalar aparmışdı. Montobanda sənədli film çəkilən zaman o, Bordoya getdiyini söyləmişdi. Bu, bizə qəribə göründü, çünki müqavimət hərəkatı dövründə Bordo bölgəmizə daxil deyildi. Məhz indi öyrənə bildim ki, o, azərbaycanlılar haqqında araşdırmalar aparan Düpüi ilə əlaqə yaratmağa çalışıb. Düpüi artıq uzun illərdir ki, vəfat edib və Bakı ilə əlaqələri də keçmişdə qalıb. Bakıda bu sahədə araşdırmalar bərpa oluna bilər. Azadlıqsevər, faşizmə qarşı vuruşmaq üçün öz həyatları bahasına Fransa müqavimət hərəkatına qoşulmuş Əhməd Mişel, Ömər, Vasili və başqalarının sayı nə qədərdir.

Bu bir neçə səhifədə qardaşımız Xarqonun keçmişinə işıq salmağa çalışdım. Gələcək nəsillər üçün yazdıqlarım həyatda güclü, cəsarətli olmağa sövq edən ilham qaynağı olacaq.

Bu, həm də qardaşımız Əhməd Mişelin xatirəsinə ehtiramımın ifadəsidir.

 

Yay, 2000

(İmza)               

Üçüncü məktub

1940-cı ilin iyunu. Nasistlərin hücumu və Fransanın kapitulyasiyası. Parlament bütün hakimiyyətin Petenə verilməsinə razılaşır. Qeyd etmək lazımdır ki, bu zaman bir çox kommunist deputatlar həbs olunmuşdular. Yalnız 80 deputat həmin qərarın əleyhinə səs verdi. Başqa sözlə, kommunistlər, bir neçə sosialist və başqaları. Peten Fransa dövlətinin başçısı oldu. Biz artıq Respublika deyildik. Peten Montuarda Hitlerə sədaqət andı içdi. Fransa iki hissəyə – cənub və şimal zonasına bölündü. İyunun 18-də general Şarl de Qoll Londondan müqavimət hərəkatına çağırışla bağlı öz tarixi müraciətini etdi. 1940-cı ilin iyulunda Fransa Kommunist Partiyası fransız xalqını işğalçıya və Vişi rejiminə (Peten) qarşı müqavimət hərəkatına çağırdı. Hitlər və Peten müxalifət hərəkatını boğmaq qərarına gəlmişdilər. Bu səbəbdən, bütün hərəkatlara qarşı repressiyalar başladı. Kommunist olmaqda şübhəli bilinən hər bir şəxs həbs olunurdu, yəhudilər isə sarı ulduzlu paltar geyinməli idilər. Gizli fəaliyyətə keçən siyasi partiyalar məxfi şəkildə qəzetlər nəşr edirdilər və biz həmin qəzetlərin yayılmasını təşkil edirdik. İlkin dövrdə silahlı mübarizə məhdud vasitələrlə aparılırdı. Çünki silahlar və partlayıcı maddələr yalnız qarət yolu ilə əldə olunurdu. Fransız xalqının müqavimət hərəkatının həm şimal, həm də cənub bölgəsində faşizmə qarşı yüksəlişini görən hitlerçi qoşunlar 1942-ci il noyabrın 11-də cənub zonasını işğal etdilər. Fikrimcə, məhz bu andan etibarən, silahlı mübarizə fərqli miqyas aldı: partizan dəstələri təşkil edildi, Pireney dağlarından keçid kimi istifadə olunmağa başladı. Öz fəaliyyətləri səbəbindən əsir düşmək və güllələnmək təhlükəsi ilə qarşılaşanları Peten hökuməti fransız işçi qüvvəsi kimi alman hərbi maşını üçün göndərirdi. Belə məcburi işdən imtina edən çoxsaylı fransızların hesabına partizan dəstələrinin sıraları genişlənirdi. Həmin partizan dəstələrində müxtəlif siyasi partiyaların nümayəndələri döyüşürdü. Onun tərkibində Kommunist Partiyasının rəhbərlik etdiyi Fransız azad atıcıları və partizanları (FTPF), Gizli Ordu (AS), Sosialist və Radikal Sosialist Partiyası, Birləşmiş müqavimət hərəkatları (MUR) və başqaları mövcud idi. Yerli əhali, kəndlilər partizanlara ərzaqla yardım edirdilər. Onların bir çoxu müqavimət hərəkatına kömək etdiklərinə görə güllələnmişdilər. Yerli kəndlilər faşistlərlə əməkdaşlıq edən şəxslər, düşmən əsgərlərin hərəkətləri haqqında partizanlar üçün məlumat toplayırdılar. Beləliklə, Fransa müqavimət hərəkatı ölkənin azadlığına qədər gərgin fəaliyyət göstərdi.

Əhmədiyyə Cəbrayılovla görüş: Həmin görüş barədə hazırladığım məruzədə, həmçinin onun olduğu müxtəlif həbs düşərgələri ilə bağlı araşdırmaların əks olunduğu hesabatda ətraflı məlumat vermişəm.

Armed Cəbrayılov kim idi?

Mənim – bir fransız zabitinin əmrlərini yerinə yetirən Qızıl Ordu döyüşçüsü qardaşım Əhməd haqqında danışmaq mənim üçün çətindir. O, partizanların sırasına daxil olandan həmişə mənim tabeliyimdə olub. O, sovet əsgəri, mən isə buraxılmış ordunun kommunist zabiti idim. Bütün bu hərəkat general Şarl de Qollun ətrafındakı şəxslərin yaratdığı təşkilatla gizli əməkdaşlıq şəraitində formalaşmışdı. Silahların çatdırılması paraşütlər vasitəsilə həyata keçirilirdi.

Lakin etiraf etmək lazımdır ki, partizanlardan ibarət FTPF kommunist təşkilatının üzvlərinin fəaliyyəti çox vaxt unudulur. Amma işğalçılara həmçinin, faşistlərlə əməkdaşlıq edənlərə polis dəstələrinə qarşı məhz onlar daha səmərəli mübarizə aparıblar.

Əməliyyat barədə əmrləri bizə Londondan – general Şarl de Qolldan gəlirdi. Fransadakı siyasi partiyalar general Şarl de Qollun əmrləri əsasında müqavimət hərəkatının praktik təşkilini həyata keçirirdilər. İşğalçılara və Petenin faşist hökumətinə qarşı daha səmərəli fəaliyyət göstərmək məqsədilə, müqavimət hərəkatının bütün qüvvələrini birləşdirmək üçün general Şarl de Qoll Jan Muleni Fransaya göndərmişdi. Onu da qeyd etmək lazımdır ki, müqavimət hərəkatının bir hissəsi mülki əhalidən təşkil olunmuşdu.        

Unutmaq lazım deyil ki, daim ölümlə üz-üzə idik, lakin bu bizi qorxutmurdu... Bütün bu çətinliklərə baxmayaraq, üzərimizə düşən missiyanı həyata keçirə bildik.

 

Hörmətlə, Rene Şambar

(İmza)

05.02.2006

 

Fransızcadan tərcümə edən: Fuad Həsənov

VƏ DİGƏR...