Əlincəçay Xanəgahı
Hürufilərin müqəddəs məbədinin ilahi gizlinləri
Bu dəfə insanın kainatla əlaqəsini, Xaliqin bir zərrəsi olması düsturunu mükəmməl şəkildə əks etdirən hürufilik nəzəriyyəsinin əsas ocağına virtual olaraq baş çəkdik.
Bura Azərbaycandan bütün dünyaya səs salan hürufilik fəlsəfi cərəyanının yaradıcısı Fəzlullah Nəiminin edam olunduğu Əlincə qalası yaxınlığındakı (Culfa rayonu, Xanəgah kəndi) bir yerdir.
Fəzlin parça-parça olan bədəni sonradan müridləri tərəfindən toplanaraq, 14 il nəhəng fateh Əmir Teymura qarşı vuruşan Əlincə qalası ətrafındakı ərazidə basdırılır. Hazırda həmin ərazi abidələr kompleksi kimi qorunur. Xanəgah Abidələr Kompleksinin (elmi sənədlərdə Əlincəçay Xanəgahı) direktoru Kamal Xanəgahlı ilə müsahibədə o yerlərə xəyalən səfər etdik. Kamal müəllim əvvəlcə Xanəgahın tarixi və onun Nəimi ilə bağlılığı barədə məlumat verir:
– Alimlərin fikrincə, Əlincəçay Xanəgahının tarixi VIII əsrə gedib çıxır. Lakin bu, fərziyyədir. Xanəgahın bərpası zamanı aşkarlanan daş kitabələrin əksəriyyəti XIV–XV əsrlərə – Fəzlullah Nəiminin 1401-ci ildə Miranşah tərəfindən Əlincə çayı ətrafında faciəvi edamından sonraya aiddir.
Rəvayətə görə, Fəzl faciəli şəkildə edam olunandan sonra müridləri onun nəşinin qalıqlarını yığaraq burada dəfn edir və məzarının üzərində Nəimi türbəsini ucaldırlar. Deyilənlərə görə, Xanəgahdakı sufi şeyxlərin ən nüfuzlusu Fəzlin dəfni üçün şəxsən Əmir Teymurun yanına gedir və icazə alır.
Başqa rəvayətdə isə deyilir ki, Fəzl edam olunandan sonra müridləri nəşin qalıqlarını Teymuri əsgərlərindən gizli toplayaraq dəfn üçün Xanəgaha aparırlar. Amma Teymurilər bundan xəbər tutub, nəşi aparan müridlərin qarşısını kəsirlər. "Bu kimdir, hara aparırsınız?" deyə soruşduqda müridlər: "Şeyx Xorasanidir" – cavabını verirlər. O zaman Xorasan bütün yerlərdə elmin və irfanın mərkəzi sayılırdı deyə onlar da bu nüfuza görə müridləri sərbəst buraxırlar. Məhz bu səbəbdən Xanəgahın ikinci adı "Şeyx Xorasani" adlanır.
Nəiminin ölümündən sonra müridləri onu bu ərazidə dəfn etməklə Xanəgahı müqəddəs ziyarətə çevirirlər. Təsəvvüf tədqiqatçısı Fəxrəddin Səfərlinin Azərbaycandakı sufi ocaqlarından bəhs edən kitabında Nəiminin təxəllüsü "Şeyx Xorasani"dir. Bütün bunlar abidənin sırf Nəimi ilə bağlılığına əyani sübutdur. Həmçinin Xorasanın özündən də xeyli müridlər bura gələrək bilgilərini artırıblar. Xanəgahda XVIII əsrə qədər hürufiliyin batini sirləri, xüsusən də Fəzlin "Cavidannamə"si tədris olunub.
Bəzi alimlər Nəiminin burada dəfn olunmadığını iddia edirlər. Amma bərpa zamanı aparılan tədqiqatlarda Nəimiyə aid məzarüstü abidə və 3 daş parçası aşkarlanıb. Onların üzərində Nəsiminin Nəimiyə həsr etdiyi "Əfəndim" qəzəlinin misraları həkk olunub. Həmin daşlarda qəzəldəki "dinin günəşi", "nar çiçəkləri" kimi hürufi rəmzlərini, həmçinin Fəzlin edam olunduğu yerin poetik təsvirlərini görmək olar.
Müsahibim daha sonra əsrlərlə hürufiliyin əsas ocağı olan Xanəgahın yerləşdiyi ərazidən, buranın memarlıq sirlərindən və hürufilik ideyalarının kənar yerlərə necə yayılmasından danışır:
– Xanəgah Əlincə çayının sol sahilində, Əlincə qalasının ətrafındadır. Yüksək təpənin üzərində yerləşir. Buradan Cənubi Azərbaycana aid ərazilər görünür. Xanəgahın bu yerdə salınmasının əsas səbəbi orada İslam fəlsəfəsinin, İlahi elmlərin tədqiq edilməsi idi. Orta əsr İslam dünyasında bu kimi mərkəzlər elmin ucalığını göstərmək üçün yüksək yerlərdə inşa olunurdu. Orada həmçinin astronomik tədqiqatlar da aparılıb. Bu mənada, Fəzlin müridləri onu bilərəkdən burada dəfn ediblər. Xanəgahın qapısının ön hissəsində 6 ədəd sütun var, onlardan beşi salamatdır. Ümumiyyətlə, Fəzlin şah əsəri olan "Cavidannamə"də 6 rəqəmindən çox istifadə olunub. Altı rəqəmi hürufilikdə xüsusi məna kəsb edir. Bu rəqəm Allahın "ol" deyərək kainatı yaratdığı anda ilkin maddənin yaranmasından sonra meydana gələn zaman və məkanı xarakterizə edir. Altıya qədər olan rəqəmlər insanın ruh və şüur aləmində kamilləşmə işi aparır. Altı kamilləşmə prosesindən sonrakı nəticədir, o, ruh və şüurla həmahəng olan ilkin maddəni zaman və məkana görə əsaslandırır. Bildiyimiz kimi, məkan daxilində insan 6 tərəfə – sağ, sol, arxa, qabaq, aşağı və yuxarı – sahib olur. Yəni o, harada qərar tutmasından asılı olmayaraq, 6 rəqəminin daxilindədir. Zaman məfhumuna gəldikdə isə indi də vaxt anlayışını 6 rəqəmi idarə edir: hər dəqiqədə 60 saniyə, hər saatda 60 dəqiqənin olması da 6-dan törəmə kimi izah olunur. Bütün bunların hamısı bir ideoqram şəklində Xanəgahın giriş qapısında əks olunub. O zaman Xanəgaha gələn dərvişlər, müridlər də öncə bu simvolları öyrənirmişlər.
Xanəgah "Cavidannamə"dəki riyazi hesablamalar əsasında inşa edilib. Oradakı məscid Fəzlin müridlərindən olan Lələ Məliyin qızı Xanbikə xatun tərəfindən tikilib, tarixi XV əsrə aiddir.
Amma Xanəgahın daxili yöndən təqdimatı bununla bitmir. Kompleksin direktoru buradakı xüsusi hürufi şifrələri – rəqəmlər və rəmzlər haqqında maraqlı məqamları qeyd edir. Qeydlərdən məlum olur ki, hürufilik cərəyanı əksər hallarda, həqiqətən də, bəsit formada insanlara izah edilib:
– Xanəgahdakı batini sufi simvol və rəqəmlərdən danışmaq üçün "Cavidannəmə"ni qarşımıza qoyub, onun əsasında fikir yürütmək lazımdır. Çünki bunlar kifayət qədər dərin məsələlərdir. Aşkarlanan daşların üzərindəki bəzi işarələr, hürufi məntiqinin rəqəmlərlə ifadəsi insanı heyrətə gətirir. "Cavidannaməyə aid bəzi nümunələri özündə əks etdirən daşlarda dəqiq riyazi ölçülər – 360 dərəcəlik bucaq, il, ay və günlərin astroloji baxımdan dəqiq təsvirləri, günəş şüalarının hərəkət dövriyyəsi və s. haqqında məlumat var. Adını çəkdiyimiz Xanbikə xatunun şərəfinə qoyulan daş kitabələrin sağ və sol hissələrində Günəş təsvirlər var ki, onların da daxilində 24 üçbucaq əks olunub. Bu üçbucaqların daxilindəki xətlər günəş şüalarını simvolizə edir.
"Cavidannamə"ni oxuyanda, onun zəngin məna qatlarına varanda görürəm ki, hürufilik bizə çox bəsit formada izah olunub. Yalnız insan üzünün cizgiləri, ərəb əlifbasının 32 və 28 rəqəmləri hürufi simvolları kimi təqdim olunub. Amma biz hürufiliyə yalnız o yöndən baxsaq, bu böyük elm haqqında ətraflı nəsə öyrənə bilmərik. Hürufiliyin bütün "rəqəmsal sirləri"nin hamısı "Cavidannamə"dədir. Orada insanı heyrətləndirəcək qədər çətin və dəqiq hesablamalar var. Bəzi hesablamalarda hesab komponentləri var, amma yekun cavab bilərəkdən qeyd olunmayıb. Hürufilikdə ən çox adları keçən rəqəmlər 1, 2, 6, 7, 11, 17 və başqalarıdır.
32 rəqəminə "Cavidannamə"nin yalnız bir yerində rast gəliriksə, 1, 2 və 6 saylarını əsərin bütün bablarında görə bilərik. Burada 1 rəqəmi həyatı yaradana, yəni Allaha aiddir. Hürufilər bildirirdilər ki, Allahı heç bir simvolla ifadə etmək olmaz. Yalnız hərflə əlaqələndirmək və yuxuda İlahi nur vasitəsilə duymaq olar. Nəsiminin də bəzi qəzəllərində bunu görə bilərik. 2 rəqəmi – bir olanın hər şeyi ikidən yaratmasına işarədir. Həyatda olan nə varsa iki daxilində öyrədilir: cisim-ruh, gecə-gündüz... xeyir-şər... və s. 6 rəqəmi haqqında isə yuxarıda danışdıq.
Söhbətin bu yerində Kamal müəllim maraqlı detala toxunaraq hürufilikdən bəhs edən yeganə filmimiz "Nəsimi"nin ssenari müəllifi İsa Muğannanın özünün "Məhşər" və "İdeal" əsərlərini yazarkən bir zamanlar Xanəgahda olan qiymətli kitabələrdən istifadə etdiyini vurğulayır. Həmçinin həmin dəyərli kitabların acı taleyini də qeyd edir:
– Xanəgah uzun illər hürufilərin əsas tədris mərkəzi olub. Yüzlərlə mürid bura gələrək bu fəlsəfənin elmi-nəzəri sirlərini mənimsəyib. Bu işdə, təbii ki, müxtəlif kitabələrin də xidməti olub. Amma təəssüflər olsun ki, repressiya illərində Mircəfər Bağırovun tapşırığı ilə Xanəgahdakı bütün kitabələr harasa daşınıb, yoxa çıxıb. Niyə aparılıb, hara aparılıb, hələ də bilinmir. Yerdə ancaq tək-tük kitabə və daşınan dəyərli mənbələrin vərəqələri qalıb. İsa Muğanna özünün Odərlər silsiləsinə aid romanlarında buradakı kitabələrdən yararlanıb. Bu işdə ona tanınmış filosof Heydər Hüseynov və Culfada məsul vəzifədə çalışan bir qohumu yardımçı olub. O, "Məhşər" əsərini yazarkən Xanəgahda gizli saxlanılan və sonradan yoxa çıxan kitabələrdən istifadə etsə də, romanın əsasında çəkilən "Nəsimi" filmində ciddi xətalar var.
Amma "İdeal"da Xanəgahdakı gizli kitabələrdən, onların daşınmasından, səthi də olsa, bəhs edib.
Maraqlıdır, bu cür dərin fəlsəfəni özündə daşıyan məkana gələn ziyarətçilər buradan hansı təəssüratlarla ayrılırlar? Ümumiyyətlə, onları bura gətirən qüvvə nədir? Axı Xanəgah başqa tarixi abidələrdən tamamilə fərqli bir məkandır. Kamal müəllim sualımızı cavabsız qoymur:
– Özüm abidənin yerləşdiyi Culfa rayonunun Xanəgah kəndindənəm, üç ildir burada işləyirəm. Müşahidələrim göstərir ki, Xanəgaha gələnlərin çoxu məna aləminə bağlı insanlardır. Dəfələrlə Xanəgahı röyasında görən və burada heç vaxt olmadığı halda, yuxunun köməyi ilə hər şeyi yerli-yataqlı deyən insanlar görmüşəm, onları dinləmişəm.
Özüm də ayrı-ayrı vaxtlarda bu səpkili xeyli yuxular görmüşəm. Sonra böyük sufilərin, övliyaların həyatlarını oxuyanda, onların yaradıcılığı ilə tanış olanda eynilə həmin yuxuları onların da gördüyünü öyrənmişəm. Həmçinin Xanəgahda olmaya-olmaya ora gələn insanları hiss etmişəm. Duymuşam ki, filan insan bu dəqiqə Xanəgahdadır. Fikrimin təsdiqini yoxlamaq üçün gedib görmüşəm ki, bəli, həmin adam oradadır.
Müsahibimiz Xanəgahla bağlı mistik hadisələr danışır. Bu hekayətlərin qəhrəmanlarından biri də onun özüdür:
– Həftəsonu Xanəgahda iş günü sayılmır. Lakin bir şənbə səhər saat onda sanki mənə dedilər ki, Xanəgaha kimsə gəlib, orada bu saat kimsə var. Dözməyib getdim. Yanılmamışdım. Çatarkən gördüm ki, kimsə maşından düşdü və düz Xanəgaha doğru getdi. Yaxınlaşıb söhbətləşdik. Məlum oldu ki, o, özünü son bir neçə ildə bütün insanlardan təcrid edən, çox az adamla danışan, məna aləminin yolçusu olan Şərur sakinidir. Söhbət zamanı bildirdi ki, müqəddəslər dəfələrlə onun yuxusuna giriblər və ömrünü bu yola həsr etməsini tapşırıblar. Həmin adam hətta işindən də ayrılmışdı. O, Xanəgaha iki dəfə gəldi və hər ikisində də mən orada olmaya-olmaya onun gəlişini hiss etdim.
Xanəgahda o qədər sirli hadisələr olur ki! Saymaqla qurtarası deyil. Nəsiminin "Ay ilə Günəş üzün heyranıdır, müşk ilə ənbər saçın tərxanıdır" beyti ilə başlanan qəzəlinin təsiri altında Xanəgahdan çıxıb evə gedirdim. Qəfildən yolda bir daş diqqətimi çəkdi. Qaldırıb gördüm ki, daşın bir tərəfində Günəş əks olunub. Sabahısı gün başqa bir daş gözümə sataşdı. Onun da digər tərəfində Ay şəkli var idi. İnanın, bu gün buradakı Xanəgahın, bəlkə də, hər bir daşı gizli rəmzlərlə zəngindir.
Kamal müəllim sonda bu Xanəgahın Azərbaycan tarixi və vətəndaşı üçün mühümlüyünü vurğulayır:
– "Hər insan bir kainatdır" ideyası var. Xanəgah bu gün milli yaddaş sistemindəki "insan kiçik kainatdır" tezisini əsaslandıracaq mühüm yerlərdən biridir. Bura hamı üçün açıq olan süfrədir. Hamı buradan qidalana bilər. Təbii ki, əgər könlündə İlahi eşq, irfani məhəbbət varsa... Hər bir insan həm də öz məqsədinə doğru gedən oxdur. Və o, bu xanəgahdan kaman kimi istifadə edə bilər.
Elmin Nuri
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...