Milli Kitabxanada Migel Delibesin “Seçilmiş əsərləri”nin təqdimatı olub
Noyabrın 23-də M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri olan, görkəmli ispan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri”nin geniş təqdimat mərasimi keçirilib. Tədbirdə İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Xose Luis Diez Xuares, Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva, Kolumbiya səfirliyinin konsulu cənab Kelly Çaib de Mares, eləcə də Meksika, Braziliya və Fransa səfirliklərinin nümayəndələri, Azərbaycanın tanınmış elm, sənət və ədəbiyyat adamları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Afaq Məsud açaraq, nəşr barədə məlumat verib. Migel Delibesin ispan ədəbiyyatının son mogikanı olduğunu, təqdim edilən bu nəşrin, ədibin Azərbaycan oxucusunun ixtiyarına verilən ilk kitabı olduğunu söyləyən A.Məsud yazıçının şərəfinə təşkil edilmiş bu tədbirin, həm də kitab və ədəbiyyat bayramı olduğunu, belə nəşrlərin və tədbirlərin cəmiyyətin diqqətini kitaba, ciddi ədəbiyyata yönəldilməsi məramı daşıdığını bildirib.
İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Xose Luis Diez öz çıxışında Delibesin ispandilli ədəbiyyatda tutduğu mövqedən, bioqrafiyasından, həmçinin, əsərlərinin bədii məziyyətindən söz açaraq, İspaniyanın bu məşhur ədibinə, eləcə ispandilli ədəbiyyata göstərilən diqqətə və marağa görə Tərcümə Mərkəzinə öz təşəkkürünü bildirib.
Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva ölkələrin yaxınlaşmasında mədəniyyətlərin əhəmiyyətindən danışaraq, Migel Delibesin Azərbaycan dilində işıq üzü görmüş kitabını Mərkəzin bu istiqamətdə növbəti uğuru kimi dəyərləndirib.
Daha sonra kitabı dilimizə çevirən yazıçı-tərcüməçi Saday Budaqlı, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan Dillər Universitetinin İspan dili kafedrasının müdiri Aynur Quliyeva, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov nəşrin əhəmiyyətindən, Mərkəzin bu sahədə əldə etdiyi uğurlardan söz açaraq, belə nəşrlərin mədəniyyətlərarası əlaqələrin qurulmasında böyük önəm kəsb etdiyindən danışıblar.
Qeyd edək ki, Migel Delibes məşhur “Sərv ağacının uzun kölgəsi” (1947), “Yol” (1950), “Sərsəm” (1953), “Qırmızı yarpaq” (1959), “Beş saat Mario ilə birlikdə” (1966), “Altmış yaşlı həyat aşiqinin məktubları” (1983), eləcə də digər romanlarının müəllifidir. O, 1993-cü ildə Servantes mükafatına layiq görülüb.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...