Azərbaycan kitabxanalarının yaşı və yaddaşı
Azərbaycanda ilk kitabxanaların yaranması V əsrə - Qafqaz Albaniyası dövrünə təsadüf edir. O zaman 52 hərfdən ibarət əlifbanın tərtibindən sonra bir çox kitablar alban dilinə tərcümə edildi. Xristianlıq dininin hökm sürdüyü Albaniyada kiçik kitabxanalar kilsələrdə yaradıldı. IX –X əsrlərdə İslam dininin vahid inanc sistemi kimi möhkəmlənməsindən sonra isə kitabxanaların da sayı artdı.
Orta əsrlərdə Azərbaycanda kitabxana işi əsasən üç istiqamətdə inkişaf edirdi: saray kitabxanaları; məscid kitabxanaları; şairlərin, alimlərin, filosofların şəxsi kitabxanaları.
Müsəlman intibahının formalaşma dövrü olan XI əsrdə Azərbaycanın üç şəhərində (Gəncə, Bərdə və Bakı) yerləşən kitabxanalar bütün Şərqdə məşhur olub. Böyük Nizami özünün “Xosrov və Şirin” əsərində Bərdədəki qədim əlyazmalardan istifadə etməsi haqda məlumat verib. Bakıdakı kitabxana isə Şirvanşahlar sarayına məxsus olub.
Orta əsrlərdə Azərbaycan ərazisində əsasən məscidlərdə dini kitablardan ibarət kitabxanalar təşkil edilirdi. Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin şeirə, sənətə maraq duyan hökmdarlarının zamanında bu ənənə, qismən də olsa, aradan qalxdı. 1501-ci ildə qurulan Səfəvi dövlətinin başçısı Şah İsmayıl da şair və filosof olduğu üçün hakimiyyətinin ilk illərində kitabxanaların təşkil edilməsinə xüsusi diqqət yetirməyə başladı. Sarayda kitabxana üçün ən yaxşı otaqlar ayırdı, onları avadanlıqla təsis etdi.
Bununla yanaşı, orta əsrlərdə Azərbaycanda şəxsi kitabxanalar da mövcud idi. Məsələn, yazılı mənbələr 400 mindən çox kitab ehtiyatı olan Marağa rəsədxanasının kitabxanasını onun rəhbəri olan böyük alim Nəsirəddin Tusinin adına çıxarır. Bu kitabların böyük bir qismi Bağdad, Şam, Əlcəzair, Mosul və digər şəhərlərdən gətirilmişdi. Təəssüf ki, 1258-1261-ci illərdə tikilən kitabxanadan Tusinin yüz əsərinin hamısı bizə gəlib çatdığı halda, Marağa rəsədxanasındakı kitablardan əsər-əlamət qalmayıb.
Azərbaycanlı filosof Bəhmənyarın, xəttat, dilçi və ədəbiyyat nəzəriyyəçisi Xətib Təbrizinin, Elxanilər dövlətinin baş vəziri olan Rəşidəddinin kitabxanaları da geniş şöhrət qazanmışdı.
Şah İsmayıl hakimiyyəti dövründə yaranmış kitabxanalardan biri də Şeyx Səfi məqbərəsinin kitabxanası olub. Şah İsmayıl hakimiyyətə gəldikdən sonra Ərdəbil şəhərində babası Şeyx Səfinin şərəfinə məqbərə tikdirir və orada kitabxana yaradır. İşğal etdiyi şəhərlərdən əldə etdiyi qiymətli kitabları bu kitabxanaya göndərir. Şeyx Səfi məqbərəsinin kitabxanası Şərqin ən zəngin kitabxanalarından biri olub və XVI əsrin əvvəllərindən XIX əsrin 20-ci illərinədək, yəni 3 əsr müddətində fəaliyyət göstərib. Sonralar bu kitabxana rusların hiyləsi ilə Tiflisə gətirilir və oradan Peterburqa İmperator kitabxanasına aparılır.
"Dar-əl-kütub" kitabxanası XII əsrdə Gəncədə təsis edilib. Gəncə və Bərdə kitabxanaları o zaman çox zəngin və nadir kitab fonduna malik olub.
Öz hakimiyyətləri dövründə mədəniyyətin inkişafına qayğı göstərən Atabəylər kitabxananın inkişafına və fondunun zənginləşdirilməsinə xüsusi qayğı göstərirdilər. Bu kitabxana demək olar ki, bütün Şərq ölkələrindən ən qiymətli əlyazma kitabları alırdı. Kitabxananın özündə də kitabların üzü köçürülüb çoxaldılırdı. Böyük azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin dayısı Xacə Ömər saray kitabxanasına rəhbərlik etdiyindən, bu zəngin kitabxananın qapısı onun üzünə açıq idi.
Yaşadığı dövrdə şərqin böyük şairi kimi məşhurlaşan Nizaminin yaradıcılığı da bu elm ocaqları üçün böyük bir xəzinə idi.
Elmin Nuri
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...