28 May - Azərbaycanı müstəqilliyə qovuşduran gün
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümüdür. Bu tarix Azərbaycanda Respublika Günü kimi dövlət səviyyəsində qeyd olunur.
1918-ci il mayın 28-də Azərbaycanda müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yarandı. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Müvəqqəti hökumətə - Milli şuraya Fətəli Xan Xoyski başçılıq edirdi. Bakı, daşnak-rus qüvvələrinin əlində olduğu üçün hökumət 10 gün Tiflisdə fəaliyyət göstərdi, daha sonra mərkəz, Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər əldə etdi. İlk dəfə qadınlara seçim hüququ tanındı, bununla da qadın-kişi bərabərliyi təmin olundu. Milli ordu təşkil edildi, milli pul vahidi təsis olundu, beynəlxalq ictimaiyyət Azərbaycanın müstəqilliyini rəsmi şəkildə tanıdı. Bu tarixi hadisə həm də ölkəmizin sivil və müstəqil dövlət qurmaq bacarığını dünyaya nümayiş etdirdi.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri oldu. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olundu.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qaldı.
Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu.
Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edildi. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırdı. Artıq 1920-ci ilin aprelinə qədər Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi.
İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın, ümumiyyətlə, incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradıldı. Azərbaycan hökuməti türk teatr truppasını öz himayəsinə aldı.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Bununla belə, müstəqilliyimizin ilk illərində ölkədə vəziyyət çox mürəkkəb idi.
Müstəqilliyə xas bütün atributlar geri qaytarılsa da, xarici və daxili siyasi kursla bağlı ciddi problemlər qalırdı. Dövlət xarici təsirlərdən asılı vəziyyətdə idi. Bu da faktiki olaraq ölkəmizin gələcəyini şübhə altına alırdı. Azərbaycan xalqının tələbi ilə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin rəhbərliyi sayəsində dövlətimiz bu təhlükədən qurtuldu. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün ölkədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Hazırda qüvvədə olan Konstitusiyamızda da deyildiyi kimi, bugünkü Azərbaycan dövləti 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi, hüquqi və siyasi varisidir.
1998-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 80 ili ölkəmizdə təntənəli şəkildə qeyd olundu. Ulu öndər Heydər Əliyev Respublika günü ilə bağlı keçirilən tədbirlərə böyük əhəmiyyət verir, ADR-in yaranmasını Azərbaycan üçün taleyüklü hadisə adlandırırdı. O, çıxışlarında deyirdi: "Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdi, Azərbaycanda sovet hakimiyyəti quruldu. 1922-ci ilin dekabrında Sovet Sosialist Respublikaları İttifaqı yarandı və Azərbaycan bu ittifaqa daxil oldu. SSRİ-nin tərkibində olduğu dövrdə Azərbaycan bir çox dövlətçilik atributlarını saxlaya bilmiş, iqtisadiyyatını, elmini və mədəniyyətini inkişaf etdirmişdir. 1918-ci ildə Azərbaycanda yaranmış respublika müstəqil dövlət kimi süqut etsə də, respublika quruluşu yaşamış və müstəqillik hissləri xalqımızı heç vaxt tərk etməmişdir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır".
Ümummili liderin yürütdüyü daxili və xarici siyasi kursu uğurla davam etdirən İlham Əliyev də Respublika günü ilə bağlı tədbirlərə xüsusi önəm verir. 2008-ci ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunub, Bakının mərkəzində - İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş abidə ucaldılıb.
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...