Tərcümə Mərkəzinin Azərbaycan dili kurslarına maraq artmaqdadır
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi artıq bir ilə yaxındır ki, tərcümə sahəsinin təkmilləşdirilməsi məqsədi ilə ixtisasartırma və dil kursları ilə yanaşı, dövlət dilinin təbliği istiqamətində qeyri-rezidentlər (Azərbaycanda yaşayan xarici vətəndaşlar) üçün Azərbaycan dili kursları təşkil edir.
Dil kursları, müxtəlif səviyyələr və pillələr üzrə - ingilis, alman, fransız, ispan, italyan, rus, türk, fars, ərəb dilində təşkil edilir.
Dillər və sahələr üzrə ixtisasartırma kurslarına maraq, daha çox özünü media, rəsmi və hüquqi sənədləşmə, iqtisadiyyat, maliyyə və bədii tərcümə sahələrində büruzə verir.
Qeyri-rezidentlər üçün Azərbaycan dili kurslarına gəlincə, bu dərslərə qatılanların sayı gün-gündən artmaqdadır.
2015-ci ilin fevral ayından fəaliyyətə başlamış bu kurslarda birinci mərhələdə Kuba, Serbiya, İspaniya və Niderlandın ölkəmizdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirləri, həmçinin, digər səfirliklərin əməkdaşları iştirak ediblər. İkinci mərhələdən başlayaraq, dərslərə Avstriya Respublikasının Azərbaycandakı konsulu və səfir müavini, Braziliya səfirliyinin əməkdaşları və Bakıda yaşayan bir neçə Braziliya vətəndaşı, eləcə də Pakistan səfirliyinin hərbi attaşesi qatılıb. Azərbaycan dili kurslarına maraq göstərən qeyri-rezidentlər sırasında, dərslərə iki, ayrıca qrupla qatılan Rusiya səfirliyinin, həmçinin, Hindistan, Yaponiya, Türkmənistan və Tacikistanın Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin əməkdaşları var.
Hal-hazırda Azərbaycan dili üzrə yeni qrupların təşkili ilə bağlı sənədləşmə işləri aparılır.
Dil kurslarının müddəti 6-12 ay, ixtisasartırma kurslarının müddəti isə - tərcüməçinin səviyyəsindən asılı olaraq 2-6-12 aydır. Məşğələlər, dərs müddəti 1,5 saat olmaqla, həftədə 2 dəfə Tərcümə Mərkəzinin inzibati binasında keçirilir.
Kurslara qeydiyyata düşmək üçün sənədlər aşağıda qeyd olunmuş elektron poçt ünvanına göndərilə, yaxud kağız formatında Tərcümə Mərkəzinin kurs rəhbərliyinə təqdim edilə bilər.
Kurslara qeydiyyat üçün lazım olan sənədlər:
1) Şəxsiyyət vəsiqəsinin surəti
2) 2 ədəd fotoşəkil
3) CV
Ünvan: Əlimərdan Topçubaşov küçəsi, 74
E-mail: idk@aztc.gov.az
Əlaqə telefonu: (+994 12) 595-10-69
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...