Afaq Məsudun “Əziz Ukrayna” essesi xarici KİV-də
Bir sıra dünya KİV-ləri – İspaniyanın “Alquiblaweb.com”, İrlandiyanın “Medium.com”, Türkiyənin “Dibace.net”, “Edebiyat-vesanatakademisi.com”, “Erikaga-cioyku.com”, Çexiyanın “Rebuil-dsyria.cz”, Əlcəzairin “Alharir.info”, Niderlandın “Glagoslav Publications”, Mərakeşin “News International”, Gürcüstanın “GAXA.ge”, “İverioni”, “Axali saunce”, İranın “Saeb Təbriz” qəzeti, El Salvadorun “Literatura y poesía”, “Reflexiones Internacionales”, Ukraynanın “Kievinform.com”, “Ukrlib.com.ua”, “Litgazeta.com.ua”, “International Trade Club Ukraine.posts”, “Kyivdiplomatic.com.ua”, “Bukvoid.com.ua” saytları və sosial şəbəkələri Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun “Əziz Ukrayna!” essesinin yayınına başlayıb.
Əziz Ukrayna!
Sənə necə qıydılar?.. Uca, saf göylərini, bəmbəyaz buludlarını, buğda ətirli, bərəkətli torpaqlarını nədən bu hala saldılar?.. İndi buludların Sənə göz yaşı axıtmaqda, Qəlbinə sancılan mərmilərin od-alovunu duman örtüyünə bürüyüb, yağışları, çiskini ilə söndürməyə çalışmaqda, canını uğrunda fəda edən igid oğullarının, mərd qızlarının, günahsız körpələrinin qanı ilə suvarılan torpaqların adını bəşər tarixinin Əbədiyyət Zirvəsinə yazmaqdadır...
İndi o buludlarla bir, mərdliyin və yenilməzliyinlə qəflət yuxusundan oyandırıb ayıltdığın İnsanlıq da göz yaşı axıtmaqda, Sənin ağrı-acının, yaralarının sızıltısıyla sızıldamaqdadır... Bu sızıltı – min illərin sinir ağrısı, axan yaşlar – əsrlərin göz yaşıdır... İnsan dəyərləri və ruhsallığının tarix boyu güc və zor qarşısında təsliminə axıdılan ağrı yaşlarıdır. Bu, səbirli, Ulu Tarix Yaddaşının Xocalıya, Ağdabana, Van, Xatın, Srebrenitsa, Holokost soyqırımlarına axıtdığı qan yaşlarıdır...
Özünü qoru, igid Ukraynam! Doğma torpaqların, azadlığın uğrunda qalxdığın bu savaş, savaşların ən müqəddəsi – insan zülmü və zorakılığına açılan Haqq Savaşıdır! Bu, buludla mərminin, göz yaşıyla yumruğun döyüşü – Yer üzünün düzənini, İnsanlığın mənzərəsini dəyişməyə başlamış, taleyüklü Səmavi Qarşıdurma, İnsan və İnsanlıq naminə müqəddəs ölüm-dirim Savaşıdır.
Ruhdan düşmə, cəsur Qardaşım! Dünya – Sənin mərd oğullarına, həyatlarını mərmi zərbələri altında itirən körpələrinə, lal xarabalıqlara çevrilmiş susqun şəhərlərinə axıdılan bu göz yaşı çayında durulmaqda, pisliklərdən, çirkab və saxtalıqlardan yuyulub-təmizlənməkdədir...
Qəm yemə, əziz Bacım... bil ki, axşamlar – qürub çağının səssiz ala-toranlıqlarında küskün ruhlarıyla Kiyev küçələrində dolaşan dahi oğullarının – Qoqolun, Bulqakovun, Dovjenkonun, vətənpərvər şair qızın Lesya Ukrainkanın qəhər dolu lal iniltilərini Səninlə bir biz də eşidirik... Böyük şairin Taras Şevçenkonun usanmaz oğul sevgisi ilə yazdığı sətirlərin ağrısını Səninlə bir yaşayır, yenilməz mərdliyin, şücaətinlə qürur duyuruq...
Bir gün ölüm gəlib qapımı döysə,
Doğma Ukraynamda basdırın məni.
Bu göz işlədikcə uzanıb gedən
Çöllərin qoynunda qazın qəbrimi.
Uyuyum torpaqda, laylamı çalsın
Qosqoca, möhtəşəm Dnepr çayı.
Çatsın qulağıma coşub-çağlayan,
Doğma dalğaların dəli harayı.
Gün gələr, yurdumdan yağı qanını
Bu çayın suları yuyub aparar.
Bax onda qalxaram mən məzarımdan,
Bax onda ruhum da təskinlik tapar.
Afaq Məsud
https://www.rebuildsyria.cz/afag-masud-mila-ukrajino/ | |
http://www.dibace.net/ | |
https://edebiyatvesanatakademisi.com | |
https://www.facebook.com/International | |
https://reflexionesinternacionalessv. | |
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...