Afaq Məsudun “Acın acımızdır, Türkiyə” essesi Türkiyə portallarında
Türkiyənin “detayhaberler.com”, “erikagacioyku.com”, “dibace.net”, “guvengazetesi.com”, “ığdırım76.com” kimi aparıcı xəbər və mədəniyyət portalları Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun baş vermiş təbii fəlakətlə bağlı qardaş türk xalqına ünvanladığı “Acın acımızdır, Türkiyə” essesinin yayınına başlayıb.
Esseni bir daha nəzərinizə təqdim edirik:
"Acın acımızdır, Türkiyə”
Acın acımız, canın canımızdır, Türkiyə... Sinənə çəkilən bu dağ, qoynunda açılan qanlı yaralar, minlərlə bacı-qardaşımızı, oğul-qızlarımızı, körpələrimizi udan yarğanlar bütün Azərbaycanın, ümumilikdə böyük türk dünyasının qəlbini yaraladı, ruhunda dərin, dibsiz uçurumlar açdı...
Nə baş verdiyini anlamayan yaralı körpələr... özü dağıntılar altında qala-qala, soydaşlarının, uşaqların, qadın və qocaların qurtulmasına çaba göstərən igid cavanlar, yaşlılar, yeniyetmələr... körpəsinə sarılıb onu öz canı bahasına qorumağa çalışan analar... həyatını dağıntılar altında itirmiş 15 yaşlı qızının uçuqlar arasından imdad diləyi ilə çölə asılan cansız əlini ovuclarında sanki ömrünün sonuna qədər səbirlə saxlayacaq çarəsiz ata... təkanlarının gücü getdikcə səngisə də, binaları titrətməyə davam edən zəlzələnin növbəti dağıntıları altında qalmaqdan çəkinməyən, qaçıb canını qurtarmaq əvəzinə, özünü qaynar nöqtələrin mərkəzinə atan qorxmaz tibb bacıları, fədakar həkimlər, jurnalistlər, operatorlar, xilasedicilər, sürücülər, fəhlələr...
Bütün bu mənzərələr, Ümuminsanlıq üçün oyandırıcı, sarsıdıcı hadisələr bir daha Sənin yenilməzliyini, Qəlbinin nəhəngliyini, gücünü Allaha, İnsana, həyata olan sonsuz Sevgidən alan Əbədi Qalib Ruhunun qüdrətini bütün dünyaya nümayiş etdirdi... şərəfli Türk Tarixinin yeni Səhifəsini yazdı...
Sarsılma, ruhdan düşmə, ey bu dünyanın Sarsılmazlıq və Yenilməzlik Abidəsi! Var ol, Yaşa, Ucal, Çiçəklən! İşığın dünyanı bürüsün!
Afaq Məsud
Xalq yazıçısı
VƏ DİGƏR...
-
Zərdüşt Şəfizadənin hekayəsi ərəb portallarında
Əlcəzairin populyar "Alharir.info", Küveytin "Fikr hur", İraqın "Fikr hur", Misirin "Navadir əl-Ərəb əl-Cəmilə", Mərakeşin "Xəbər əl-Yaum" xəbər, mədəniyyət portalları...
-
İsi Məlikzadə yaradıcılığı Türkiyə portallarında
Türkiyənin populyar "Detay haberler", "Haber 232" portalları Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində...
-
“Qarabağın incisi – Şuşa” kitabı Bosniya və Herseqovinada maraqla qarşılanıb
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Bosniya və Herseqovina Respublikasının zəngin ənənəli "Yesari Qrup" nəşriyyatında Bosniya dilində işıq...