Zati-aliləri…

Zati-aliləri…

      Zati-aliləri…

 

     İlk öncə nəzərinizə çatdırım ki, hər zaman Sizə məhz bu müraciətlə ünvanlanmaq ehtiyacımın səbəbi – bu dünyaya, qaranlıqları aydınlatmaq, qəlbi, niyyəti və əməlləri ilə xeyirxahlıq və işıq saçmaq, məmləkətini, xalqını darısqallıqlardan azad etmək, qorumaq, ən çətin günündə ona arxa durmaq, sahib çıxmaq kimi ağıryüklü, eyni zamanda şərəfli tale yazısı ilə göndərilmiş fədakar İnsanıma – ali və nəcib şəxsiyyətinizə duyduğum dərin ehtiramımdır.

   Unudulmaz Heydər Əliyevdən irsən keçmiş bu Vətən heysiyyətli qoruma instinktini, xalq təəssüblü sahiblik əzmini, hələ Siz ölkə rəhbərliyinə gəldiyiniz ilk illərdə – 2008-ci ilin yay aylarında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Azadlıq meydanında düzənlənən hərbi parad zamanı – qırıcı təyyarələrimiz meydanın səmasını milli bayrağın rənginə boyaya-boyaya, sanki göy üzünə “Qəm yemə, mənim xalqım, sən sahibsiz deyilsən!” yazdığını gözlərim dola-dola izləyəndə duymuşdum… bir vaxtlar Bakının küçələrini qan gölündə boğan 20 Yanvarı – həmin o kimsəsiz, sahibsiz, sərhədsiz və dövlətsiz olduğumuzun acı həqiqətini, qəflət yuxusundan oyanmıştək bütün reallığı və dəhşəti ilə anladığım qara günümüzü xatırlamış, olanların ağrı-acısını yenidən yaşamışdım…

      Bu böyük yiyəlik, xalq və Vətən heysiyyətli sahiblik əzmi qarşıda gələn daha çətin, ölkə taleyi yüklü illərdə özünü daha qabarıq büruzə vermişdi, Azərbaycan və azərbaycanlı adı uğrunda, tarixi ədalətin bərpası, həqiqətin qələbəsi naminə dünya ilə qarşı-qarşıya təkbaşına dayandığınız Haqq savaşlarında, təmkin və səbir, peşəkar, azad və səmimi diplomatiya ilə addım-addım irəlilədiyiniz soyuq siyasi döyüşlərdə bütün cizgiləri və miqyası ilə bilinmişdi… dünyanın tarım sınaq imtahanına çəkildiyi, insanların öz talelərinin ümidinə buraxılıb amansız laqeydlik, sahibsizliklə üzləşdiyi ağır pandemiya illərində isə, insan sevgisi dolu məhrəm doğmalığı ilə lap yaxından, hər kəsin evində, qəlbində duyulmuşdu…

    Bütün bu fədakarlıqların, bu düşünülmüş, məqsədyönlü və gərgin fəaliyyətin nəticəsi olaraq uzun illər, əsrlərlə haqqı tapdalanan, torpaqları zəbt edilib, insanları didərgin salınan, səsi, sözü heç bir yandan eşidilməyən Azərbaycan, sürükləndiyi həmin bu görünməzliklər və eşidilməzliklər bataqlığının dərin qaranlıqlarından suyun üzünə qalxantək – zəngin milli mədəniyyətə və insan potensialına malik, güclü siyasi, iqtisadi, hərbi qüdrət sahibi kimi beynəlxalq müstəviyə çıxdı, dünya bizi tam ayrı – yeni baxış bucağından gördü və tanıdı.

     Zaman baxımından göz qırpımı qədər ani olan 18 il ərzində Azərbaycanın və azərbaycanlıların milli-ictimai statusunu, fundamental islahatlar və quruculuq işləri ilə ölkənin mənzərəsini, həyat səviyyəsini dəyişmiş bütün bu inqilabi hadisələrin, daha möhtəşəm və tarixi qələbələrə aparan geniş, sərrast bir yolun başlanğıcı olduğunu isə biz çox-çox sonralar – ən müasir silah-sursatla təhcizatlanmış güclü Azərbaycan ordusu görünməz qeybin dərinliklərindən, vücudu od püskürən nəhəng əjdahatək şahə qalxanda anlamağa başlamışdıq… Bir-birinin ardınca işğaldan azad edilən Füzulinin, Cəbrayılın, Zəngilanın qələbə xəbərlərini aldıqca, baş verənlərin yuxu, yoxsa gerçək olduğunun şokundan ayıla bilmədiyimiz, sevinc və göz yaşları dolu unudulmaz günlər… Axşamlarla Sizi – Ali Baş Komandanımızı, qorxularımız və ümidlərimizlə sığındığımız ailə başçımızı gözləyən tək, ekran qarşısında gözləməyimiz… Sizin isə – uzun illərin milli faciələri ilə, şüuraltı yaddaşımıza yerimiş miskin məğlubiyyət sindromunu dağıtmaq, bütün inamsızlıqları və ümidsizlikləri heçə endirib yaddaşlardan həmişəlik silmək üçün bizimlə görüşə gəlməyiniz… Çiyninizdə qanlı-qadalı Vətən müharibəsi, sinənizdə şəhid ağrıları, azad edilmiş şəhərlərin, kəndlərin adlarını rahat arxayınlıqla elan edə-edə, bizləri – qəlbisınıq həmvətənlərinizi, incik körpələri ovudantək ovutmağınız… Zəfər günü Şuşaya da ata qucağınızı açıb, illərdən bəri donub-daşlaşmış milli ruhu, bütün Azərbaycanı silkələyib oyatmanız…

 

     Möhtərəm Prezident!


    İllər uzunu səbir və dözümlə, addım-addım yol gələn uzaqgörən, peşəkar siyasətiniz, davamlı fədakar fəaliyyətiniz və müzəffər Azərbaycan ordusunun igidliyi ilə qazanılan bu böyük Qələbənin, üzü qədimdən bəri süqut və parçalanmalar, siyasi-mənəvi iflas, torpaq, sərhəd, ərazi təslimləri ilə müşayiət olunan üzücü xronologiyanı XX əsrin sonlarında Qarabağın işğalı ilə tamamlayan milli tariximizin Ən Şərəfli səhifəsi olduğu danılmaz tarixi həqiqətdir. Bütöv bir ölkənin, xalqın taleyini dəyişmiş bu Şərəf Səhifəsinin, məhz Sizin taleyinizə və məhz niyyət və əməllər barədə hər kəsin öz vicdanı qarşısında hesabat verdiyi 60 yaşınızın astanasına yazılması, düşünürəm, Azərbaycana rəhmi gəlmiş, ona xilas üçün, yaratdıqları sırasından, qəlblərin ən işıqlısını – bir ölkə insanın, bütöv bir məmləkətin sığışa biləcəyi ən nəhəngini seçib göndərmiş uca Yaradanın sehr dolu sirlərindəndir…

       Uca Yaradanımıza şükürlər olsun! Sizin fədakarlıq, xeyirxahlıq və işıq dolu 60 Şərəf İliniz mübarək olsun!    

 

                                                                    

                                                        Dərin ehtiramla,

                                                              Xalq yazıçısı  Afaq Məsud

 

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.