Novruzun mahiyyəti və tarixi

Novruzun mahiyyəti və tarixi

Şərq mənbələrində Novruz

Orta əsr Şərq mənbələrində Novruzla bağlı bəzi rəvayətlər günümüzə qədər gəlib çatıb. “Novruznamə” əsərində bu bayramın tarixi barədə deyilir: “Novruzun yaranmasının birinci səbəbi odur ki, həmin gün Günəş dövrə vurub 365 gün 6 saatdan sonra öz yerinə qayıdır. Hökmdar Cəmşid bu günü müəyyənləşdirdiyinə görə onu yeni gün – Novruz adlandırıb və ölkə bayram edib”.

Bu rəvayətlərdən bəzilərində Novruzun yaranışı əfsanəvi İran hökmdarlarından Cəmşidin Azərbaycana gəlişi ilə əlaqələndirilir. Əl-Biruni isə “Asar əl-Baqiyyə” əsərində bu haqda belə yazır:

“Deyirlər, Cəmşid şəhərləri gəzərək, nəhayət, Azərbaycana gələndə taxta çıxıb və camaat onu çiyinlərində aparıb. Günəşin şüaları taxta düşüb, hər yan nura qərq olub. Camaat bu günü uğurun başlanğıcı kimi qəbul edərək onu Novruz – Yeni gün adlandırıb”.

Cəmşidlə bağlı digər rəvayətdə Novruz tonqalının da atəşinin Cəmşid tərəfindən kəşf edildiyi bildirilir. İbn əl-Bəlxi “Farsnamə” əsərində Yaz bayramı haqqında yazır ki, Cəmşid yeni tikdirdiyi sarayda taxta çıxır, əyalətlərdən bütün hakimləri saraya çağırtdırıb deyir: “Bu gündən Günəş ili başlanır. Tanrının bizə verdiyi bütün nemətlərə şükür edək və rəiyyətlə ədalətlə davranaq”. Hamı dualar edir və bu günü bayram kimi “Novruz” adlandırırlar.

İlin yazdan başlanması haqqında ilk məlumat isə I Daranın dövrünə aid edilir. Qədim şumerlər də ölüb-dirilən tanrının şərəfinə mart ayında bayram keçirib. Həmin bayram təbiətin oyanışını, yazın gəlişini əks etdirib. Şumerlər baharı bolluq, ruzi, məhsuldarlıq bayramı kimi qarşılayıblar.

 

Türk düşüncəsində Novruz

Novruz – türkün təbiətə bağlılığından və ona sevgisindən təşəkkül tapan bir bayramdır. Türk düşüncəsində təbiətdəki dəyişiklik millətin həyatında dönüş və təzələnmə nöqtəsi kimi qəbul olunur. Qədim türklərdə ilk bahar və son baharın rəsmi dövlət bayramları olması haqqında Çin qaynaqlarında məlumat verilir. Türkün düşüncəsində yeni il təbiətin yaşıllığa bürünməsi ilə başlayır. Mahmud Kaşğari “Divani lüğət-it-Türk”də baharın gəlişini  sellərin, suların çağlaması, dünyanın nəfəsinin isinməsi, çiçəklərin açması və s. şəkildə təsvir edir.

Qədim türklərdə də Novruz “yeni gün” kimi səslənirdi. Bu bayram ayrı-ayrı günlərdə “Ulu kün”,  “Ergənəkon”, “Bozqurd çağan”,  “Sultan mevriz” və s. şəkillərdə işlənib. Novruz – türk düşüncəsində xaosdan kosmosa keçidi simvolizə edir.

 

Novruzun yanlış simvolu

1967-ci ildə Bakıda Novruz bayramına hazırlıqla bağlı keçirilən iclasda qədim bayramımızın adının dəyişdirilməsi, onun nə üçün bahar adlandırılması, Bahar qızı və s. məsələlər mübahisələrə səbəb olmuşdu.

İclasda görkəmli alimlərimiz M.Təhmasib, M.Seyidov, xalq şairi Bəxtiyar Vahabzadə çıxış edərək bildirdilər ki, əgər biz bu gün uydurma Bahar qızını bir rəmz kimi qəbul etsək, o, əbədi olaraq Novruzun mərkəzində möhkəm və əsaslı yer tutacaq.  Həqiqətən də, bu uzaqgörənlik sonradan öz təsdiqini tapdı. Moskvanın göstərişi ilə Novruz bayramının əsas simvolları sırasına daxil edilən “Bahar qızı” artıq uzun illərdir ki, mühüm rəmzlərdən hesab olunur.

Mərkəz, əslində, Novruz bayramında “Bahar qızı”nın surətini yaratmaqla Qar qız obrazını təkrarlamışdı. Məqsəd Novruzun qədim mədəniyyətinə yad elementlər salmaqla xalqın ulu tarixini təhrif etmək idi. Amma Novruz bayramını, təbii ki, Kosa və Keçəlsiz təsəvvür etmək mümkün deyil.

 

Unudulmuş Novruz adətləri

Mahiyyətində böyük fəlsəfə daşıyan, ölüb-dirilən təbiət, yeniləşən insan ruhunun tərənnümçüsü olan Novruzun bir sıra adətləri hamımıza məlumdur. Ən azından get-gedə unudulmaqda olmasına baxmayaraq tonqal qalamaq, papaq atmaq (əslində, qurşaq sallamaq və xurcun atmaq – E.N) , qulaq falı, üzük falı və s. kimi adətlər  bu gün də yaşayır.

Amma yaşı qədimdən qədim olan ulu Novruzun elə adətləri olub ki, onlar bu gün xatırlanmır. Ata-babalarımızın mifoloji təfəkkür süzgəcindən keçən və inanc sistemini formalaşdıran həmin adətlər, çox təəssüf ki, bu gün unudulub. Həmin adətlərin bir neçəsinə diqqət edək:

Alma falı: İlaxır çərşənbə və Novruz bayramı axşamı iki alma seçilir və onlardan birinə nişan qoyulur. Daha sonra həmin nişanı gizlədərək ürəkdə niyyət tutulur və evdəkilərdən biri almalardan hansınısa götürür. Həmin adam nişanlanmış almanı götürərsə, bu, niyyətin həyata keçəcəyinə işarə kimi anlaşılır. Burada istifadə olunan alma isə mifoloji dünyagörüşündə xoşbəxtlik, uğur deməkdir.

Ayna falı: İlaxır çərşənbəsi və Novruz axşamında subay qızlar bir evə yığışıb ayna falını icra edirlər. Ayinin qaydası belədir: bir güzgü qoyulub şam yandırılır.  Evdəki digər işıqlar söndürülür, güzgüyə yalnız şamın işığı düşür. Niyyət tutan qız güzgünün qarşısında oturur. İnanca görə, qız güzgüyə xeyli baxdıqda orada oğlan əksi görünür. Qız, əksi görünən həmin oğlanla nişanlanacağına inanır.

Cıdır falı: İlaxır çərşənbə və  Novruzda keçirilən bu falı oğlanlar icra edirdi. Kəndin cavanları bayramda cıdıra gedər, hansısa atı ürəyində nişanlayıb niyyət tutardı. Kimin işarələdiyi at birinci olardısa, o zaman həmin adamın niyyəti yeni ildə gerçəkləşə bilərdi. Buradakı at və cıdır isə qədim türkün düşüncə sistemindən qaynaqlanır.

 

Unudulmuş digər inanclar:

● Axır çərşənbə və Novruz axşamında evin damına buğda atardılar ki, il bərəkətli olsun.

● İlaxır çərşənbəsi və Novruzda axar suyun qabağını kəsmək olmaz. Kəssən, sənə xətər toxunar. Bu da əcdadlarımızın suyu müqəddəs bilməsinə dəlalət edir.

● Bayram tonqalı yanıb qurtarandan sonra onun dövrəsinə üç cızıq çəkərdilər. Deyirmişlər ki, əgər belə etməsən, evin bərəkəti gedər. Bu da əcdadlarımızın torpaq və su kimi, odu da müqəddəs hesab etməsinə bir işarədir.

● Bayram axşamının səhərisi su üstündən atılmaq adəti olub. Təbii ki, axar, saf su nəzərdə tutulurdu. Üç dəfə atılandan sonra həmin axar suda bir saxsı qab sındırıb “Nə dərd-bəlamız varsa, bu saxsıyla getsin” deyərdilər.

 

Oxşar Novruz adətləri

Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşdürülür. Qırğız süfrəsində məxsusi Novruz üçün quzu ətindən və makaronaoxşar un məmulatından bişirilən beşbarmaq olur. Bu qida əllə yeyildiyinə görə bu adı alıb. Tacikistanda Novruz martın 20-də başlayır və 3–4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür, ev sahibinə çiçəklərdən bağışlayır, ev sahibi də onlara konfet, yumurta, ya da pul verir.

Azərbaycanda isə, adətə görə, Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan xalqı səməni göyərdib növbəti ilə bərəkət, bolluq arzulayaraq bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı oxumaqla inamını ifadə edir.

 

Elmin Nuri

 

VƏ DİGƏR...