On min əlyazma
Dünya Yaddaş Xəzinəsinin 3 faizi Azərbaycana məxsusdur
Orta əsrlər Azərbaycanının alim, mütəfəkkir, filosof və şairlərinə aid xeyli sayda dəyərli əlyazmaları bu gün dünyanın müxtəlif ölkələrinin kitabxanalarında saxlanılır. Azərbaycan orta əsrlərdə Qərblə Şərqin kəsişmə nöqtəsi olduğu üçün tarixi əlyazmalarımıza hazırda həm Avropa, həm də Asiyada rast gəlinir.
Azərbaycan əlyazmaları Asiyada ən çox İran, Türkiyə kimi ölkələrin, Avropada isə Moskva, Sankt-Peterburq, London, Paris, Dublin, Berlin, Drezden, Vatikan, Vyana, Praqa, Sarayevo, Upsala kimi bir sıra şəhərlərin ən məşhur kitabxana və muzeylərində saxlanılır. Həmçinin Qahirə, Daşkənd, Düşənbə, Kəlküttə, Laknau, Dəkkə, Pəncab kimi şəhərlərin arxivlərində də Azərbaycanın orta əsrlər dövrünə aid nadir əlyazmalar var. Həmin əlyazmaların bu gün bizdə yox, Şərq və Qərbin arxiv və kitabxanalarında olmasının bir neçə səbəbi var. Birinci səbəb budur ki, XII-XIX əsrlərdə hansısa azərbaycanlı şair, alim, filosof, xəttatın Şərqin mədəni cəhətdən inkişaf etmiş şəhərində yaşaması adi hal hesab edilirdi. Tarixdən də məlum olduğu kimi, neçə-neçə mütəfəkkirimiz Azərbaycan sərhədlərindən kənarda yaşayıb və orada da vəfat edib. Deməli, qürbətdə yaşayıb-yaradan şairimizin əlyazmalarının bizdə yox, başqa diyarda olması təbii haldır. Həmçinin orta əsrlərdə alimlər arasında öz əsərlərini əlyazma şəklində bir-birilərinə bağışlamaq ənənəsi də olub.
Əksər əlyazmaların yad əllərə düşməsinin başlıca və əsas səbəbi isə müharibələr olub. Atabəylər, Elxanilər və Səfəvilərin hakimiyyəti zamanı nəhəng imperiyalara hansısa döyüşdə məğlubiyyət eyni zamanda kitabxanaların, elm ocaqlarının yağmalanması demək idi.
1828-ci ildə Rusiya–İran müharibəsi sona çatandan sonra Ərdəbildəki Şeyx Səfi məqbərəsində Səfəvi hökmdarlarının uzun illər topladığı və zənginləşdirdiyi kitabxananı ruslar bütövlüklə ələ keçirərək Sankt-Peterburqa apardılar. Həmin əlyazmalar əsasında XIX yüzilliyin əvvəllərində Rusiyada şərqşünaslıq elmi meydana gəldi və inkişaf etdi.
Ən ağrılı məqam budur ki, həmin qiymətli əlyazmalar öküz arabaları ilə dəyərsiz əşya kimi yad diyarlara daşınıb. Səfəvi kitabxanasından Rusiya Dövlət Ermitajına daşınan mədəni sərvətimizdən biri də Nizaminin "Xəmsə"sinin əlyazmasıdır. Əlyazma 1430-cu ildə məşhur azərbaycanlı xəttat Cəfər Təbrizi tərəfindən Heratda köçürülüb. "Xəmsə"nin bu variantına 38 orijinal miniatür çəkilib. Əlyazmanın son səhifəsində onun Ermitaja gəlib çatana qədər keçdiyi yol qeyd olunub. Həmin qeyddən məlum olur ki, qiymətli nüsxə Nadir şahın sərkərdələrinin birinə məxsus olub.
Uzun müddət yoxa çıxan əlyazmanın sonrakı taleyi araşdırmaçılar üçün də qaranlıq qalıb. Məlum olan budur ki, "Xəmsə"nin nadir əlyazması iranlı tacir tərəfindən Sankt-Peterburqa gətirilərək, şəxsi muzeyi olan Ştiqlis adlı almana satılıb və yalnız 1917-ci il inqilabından sonra Ermitaja gətirilib. Bu cür faktları sadalamaqla qurtarmaz. Dünyanın arxiv və kitabxanalarında saxlanılan əlyazmalarımızın dəqiq sayı bilinməsə də, bu rəqəmin 10.000-dən artıq olduğuna heç bir şübhə yoxdur. Azərbaycan əlyazmaları Dünya Yaddaş Xəzinəsinə daxil olan əlyazmaların təxminən 3 faizini təşkil edir. Yəni dünya tarixinin ən vacib yazılı sənədlərinin üç faizi bizə məxsusdur.
Vatikandakı əlyazmalarımız
Azərbaycan əlyazmalarının saxlanıldığı xarici ölkələrdən biri də Vatikandır. Cırtdan dövlətin bütün dünyada məşhur olan iki böyük kitabxanasında – Vatikan Məxfi Arxivlər və Vatikan Apostolik Kitabxanasında Azərbaycana aid nadir nüsxələr bu gün alimlər qrupu tərəfindən tədqiq edilir. Heydər Əliyev Fondu Vatikandakı əlyazmaların araşdırılmasına dəstək verəndən sonra bu iş sistemli şəkildə həyata keçirilməyə başladı.
Vatikan Məxfi Arxivlər Kitabxanasında rəflərin uzunluğu 85 kilometrdir. Burada əlyazmalar 330 nəhəng fondda cəmləşib. Həmin fondlarda VII əsrdən XX əsrə qədərki tarixi dövrü əhatə edən nadir əlyazmalar saxlanılır. Professor Fərid Ələkbərli Vatikan Məxfi Arxivlər Kitabxanasında Azərbaycana aid 85 nadir sənəd aşkarlayıb. Həmin sənədlər X–XX əsrləri, yəni tariximizin minillik dövrünü əhatə edir. Onların əksəriyyəti Elxani, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi dövlətlərinin, Qaramanlı, Əfşar, Qacar tayfaları ilə Roma papaları arasındakı məktublaşmalardır. Vatikandakı Məxfi Arxivlər Kitabxanasında əsasən rəsmi yazışmaların aşkarlanması təbii haldır. Çünki həmin kitabxananın əsas funksiyası qədim dövrdən bu vaxta qədər olan dövlətlərarası münasibətlərə aid rəsmi sənədləri qoruyub saxlamaqdır. Fərziyyələrə görə, əgər Vatikandakı Məxfi Arxivlər Kitabxanasındakı yazışmalar sirr kimi saxlanılmayıb, ictimaiyyətə açıqlansa, o zaman bütün dünya siyasət burulğanında boğula, ən yaxşı halda III Dünya Müharibəsi başlana bilər.
Vatikan Apostolik Kitabxanasında saxlanılan əlyazmalar isə daha çox ayrı-ayrı ölkələrin alim və mütəfəkkirlərinin elmi, bədii əsərlərindən ibarətdir. Professor Fərid Ələkbərli həmin kitabxanadan Azərbaycana aid 65 sənəd aşkarlayıb. Onların arasında Əbdül-Məcid Şirvaninin "Kitabi-Sihri", Əbdül-Vəhhab Zəncaninin ərəb qrammatikasına aid əsərinin şərhi, Cəlaləddin ət-Təbrizinin, Əli Şirvaninin, Yusif Qaramaninin, İbrahim Zəncaninin elmi mövzulardan bəhs edən əlyazmaları var.
Əlyazma problemləri
Təəssüflər olsun ki, tariximizə güzgü tuta biləcək nadir sənədlərin çoxu hazırda bizim kitabxana və arxivlərdə deyil. Xarici ölkələrdə saxlanılan qiymətli əlyazmaların dəqiq sayı isə məlum deyil. Çünki Azərbaycana aid əlyazmalar kataloqlaşdırılmayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Əlioğlunun sözlərinə görə, hazırda Şərqi Avropada və dünyanın başqa yerlərində Azərbaycana aid əlyazmalar müəyyən edilir, onların bəziləri ölkəyə gətirilir:
"Dünya Yaddaş Xəzinəsinə əsasən, Azərbaycana aid sənədlərin, əlyazmaların dəqiq sayını demək mümkün deyil. Çünki onların əksəriyyəti kataloqlaşdırılmayıb. Əlyazmaların Azərbaycanda deyil, başqa dövlətlərdə olması təbii haldır. Çünki nadir sənədlərin qorunduğu kitabxanalar hər zaman paytaxt şəhərlərdə olardı. Bizim də orta əsrlərdəki paytaxt şəhərlərimiz əsasən Təbriz, Ərdəbil, yaxud Cənubi Azərbaycanın başqa şəhərləri olub. Rus–İran istilası zamanı elə həmin şəhərlərin kitabxanalarından xeyli sayda əlyazmalar Rusiyaya daşındı. Bu gün xarici ölkələrdəki Azərbaycan əlyazmalarından danışanda daha çox Vatikanın adı çəkilir. Amma sizə deyim ki, Şərqi Avropa ölkələrində – Çexiya, Polşa, Bosniya və Herseqovinada olan əlyazmalarımızın sayı heç də Vatikandakı sənədlərdən az deyil. Məsələn, biz son illər ərzində Vatikandan deyil, Parisdən xeyli sayda əlyazmalar almışıq. Bəzi Şərq ölkələrində – İranda, Türkiyədə, Hindistanda, Pakistanda, hətta Əfqanıstanda olan Azərbaycan əlyazmalarının sayı Vatikanın Məxfi Arxivlər Kitabxanası və Apostolik Kitabxanasında bizə aid sənədlərdən dəfələrlə çoxdur. Sadəcə, təəssüflər olsun ki, bu gün adlarını çəkdiyim ölkələrdə Azərbaycan aid əlyazmaların sayı dəqiqləşdirilməyib. Əksəriyyətinin adı kataloqlara salınmayıb deyə, pərakəndəlik yaranıb. Vatikandakı əlyazmalar, demək olar ki, tariximizin bütün dövrlərini əhatə edir. Onların arasında Qədim Albaniya dövlətinə aid rəsmi sənədlərlə yanaşı, Səlcuqlara, Atabəylərə, Elxanilərə, Səfəvilərə, Ağqoyunlulara, Əfşarlara aid əlyazmalar var. Əksəriyyəti də Roma papaları ilə rəsmi yazışmalardır. Orta əsrlərdə missionerlik çox yayılmışdı. Arxivlərdə saxlanılan bəzi əlyazmalar da missionerlərin bir-biriləri ilə olan yazışmalarıdır. Onların arasında dəyərli elmi, fəlsəfi, astroloji nümunələrə də rast gəlmək mümkündür. Orta əsr səyyahlarının Azərbaycanda olan zaman yazdıqları qeydlər bizim tariximizi öyrənmək üçün vacib mənbələr ola bilər. Holland səyyahlarının birinə aid olan əlyazmada Azərbaycanın xəritəsi ustalıqla təsvir olunub, bütün ərazilərimiz, sərhədlərimiz orada göstərilib. Vacib faktlardan biri də budur ki, həmin əlyazmalarda erməni adı qəti çəkilmir".
Filologiya elmləri doktoru, şərqşünas Sənan İbrahimov isə tariximizə, mədəniyyətimizə aid nadir əlyazmaların Azərbaycanda deyil, başqa ölkələrdə saxlanmasını mədəni irsə vurulan zərbə kimi dəyərləndirir:
"Yusif Qarabağinin ədəbi irsi Oksforddadır. Klassiklərin, demək olar ki, hamısının əsərləri bizdə yox, xarici ölkələrdə saxlanılır. Buna misal olaraq Nizaminin, Füzulinin, Fələki Şirvaninin, Şah Qasım Ənvarın və başqalarının adını çəkmək olar. Təəssüflər olsun ki, onlara aid nadir əlyazmaların heç birini ölkəyə gətirə bilməmişik. O əlyazmaların hamısı bizim milli-mənəvi irsimizdir. Hamısı bizim tariximizin bir parçasıdır. Düzdür, Əlyazmalar İnstitutu bu işlərlə ciddi məşğul olur, hətta uzaq Hindistandan Azərbaycana aid sənədləri, əlyazmaları gətirir. Amma yenə də görüləsi işlər çoxdur. Bunun üçün mütəxəssislərimiz azdır. Siz bir təsəvvür edin ki, 1828-ci ildə ruslar Azərbaycanı işğal edən zaman Səfəvilərin Ərdəbildəki kitabxanalarının əlyazmalarını öküz arabaları ilə daşıdılar. Tarixçilər yazırdılar ki, ağırlığından o əlyazmaları öküzlər də dartıb apara bilmirdilər".
Elmin Nuri
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...