“Azərbaycan hekayələri” Böyük Britaniyada təqdim olundu
Azərbaycan Tərcümə Mərkəzinin beynəlxalq layihələrindən olan “Azərbaycan hekayələri” kitabı Londonun Britaniya Kitabxanasında təqdim olunub.
Tədbirdə İngiltərənin tanınmış elm və ədəbiyyat adamları, yazıçı və tədqiqatçılar iştirak edib.
Kitabın redaktoru, ingilis filoloqu, yazıçı-tərcüməçi Anne Tompson çıxışında dünyanın dini və irqi ayrı-seçkilikdən, sosial və siyasi ədalətsizlikdən yeganə xilas yolunun qarşılıqlı anlaşma və ədəbiyyatlararası mübadilə olduğunu bildirib. “Böyük xilas yolunun müjdəçisi olan bu nəşr sevginin və mərhəmətin dialoqu üzərində qurulmuş qardaşlıq, doğmalıq abidəsidir”, – deyə yazıçı Afaq Məsuddan sitat gətirən Anne Tompson, eyni zamanda Mərkəzin fəaliyyəti haqqında da tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra ədəbi tənqidçi Vesna Petkoviç, məşhur “EU Today” dərgisinin baş redaktoru Hari Qartrayt, tərcüməçi-şair Karolina Valton, “University College London” universitetinin elmi işçisi Sevinc Baxış, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin əməkdaşı Hüseyn Hüseynov və digərləri çıxış edərək, kitabın ədəbi-bədii məziyyətləri barədə fikirlərini bölüşüblər. Tədbir, kitaba daxil edilmiş əsərlərdən parçaların səsləndirilməsi ilə sona çatıb.
Qeyd edək ki, Müasir Azərbaycan ədəbiyyatının dolğun mənzərəsini əks etdirən kitaba 24 Azərbaycan yazıçısının – Əbdürrəhim bəy Haqverdiyev, Əli Vəliyev, Mir Cəlal Paşayev, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Anar, Vaqif Nəsib, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Seyran Səxavət, Məmməd Oruc, Kamal Abdulla, Aqil Abbas, Saday Budaqlı kimi ədiblərin hekayələri daxil edilib. Kitabın “Ön söz”ünün müəllifi “British Council Azərbaycan” ofisinin direktoru, filoloq Elizabet Uaytdır.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...