15 İyun – Milli Qurtuluş günü

15 İyun – Milli Qurtuluş günü

Azərbaycan 1991-ci ilin 18 oktyabrında yenidən müstəqillik qazandıqdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə ictimai həyatın bütün sahələrində hökm sürən xaos, hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, anarxiya respublikanı bürüdü. Orduda da vəziyyət ağırlaşdı, fərarilik halları artdı. Erməni təcavüzü get-gedə daha geniş miqyas alırdı. Respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ildə hakimiyyətə gəlmiş Xalq Cəbhəsi ilk gündən özünün qeyri-peşəkar, yarıtmaz fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərdi. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi yazıldı.

1993-cü ilin yayında vətəndaş müharibəsi həddinə qədər yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhlükə altına aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin ağır sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğu zərurəti yaratmışdı. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü bu ağır  vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Vətənin belə ağır günündə xalq Azərbaycanın böyük oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi.

Heydər Əliyev qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi və bununla da ölkədə yeni eranın başlanğıcı qoyuldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Ulu öndər bütün maneələrə baxmayaraq ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ümummilli lider dağılmaqda olan, parçalanan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin edərək, Vətənimizi dünyada söz və nüfuz sahibi, dinamik inkişaf edən ölkəyə çevirdi.

Bu önəmli tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi yazıldı və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilməyə başladı.

Bu gün qazanılan nailiyyətlərin əsasında Ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bunun nəticəsində Azərbaycan dünyanın inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gün-gündən artan dövlətinə çevrilib, möhtəşəm iqtisadi uğurlara imza atıb.

 

VƏ DİGƏR...