Azərbaycan ədəbiyyatı Sofiyada təqdim olundu
ARNK yanında Tərcümə Mərkəzinin layihələrindən olan “Müasir Azərbaycan ədəbiyyatı” kitabı Sofiyada bolqar dilində təqdim olundu. Bolqarıstan Yazıçılar Birliyinin “Български писател” nəşriyyatında çap edilən kitabın təqdimat mərasimi Sofiya Milli Mədəniyyət Sarayında keçirildi. Tədbirdə tanınmış bolqar yazıçı və şairləri, tənqidçiləri, o cümlədən Nobel mükafatına namizəd, yazıçı Anton Donçev, Müqəddəs Kliment Oxridksi adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska, Azərbaycan Respublikasının Bolqarıstandakı konsulu Kənan Məmmədov və digərləri iştirak ediblər.
Mərasimi giriş sözü ilə görkəmli bolqar şairi, Bolqarıstan Yazıçılar Birliyinin sədri Boyan Angelov açıb: “Başlıca olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan ədəbiyyatı bolqar oxucularına ilk dəfə bu kitabda geniş şəkildə təqdim olunur. Kitaba daxil olan əsərlər yüksək bədii keyfiyyətə malikdir. Müasir Azərbaycanın ədəbi incilərindən ibarət belə bir gözəl toplunu oxuyan hər bir bolqar oxucusunda Azərbaycan xalqının zəngin mənəvi dünyası haqda aydın təsəvvür yaranacaq. Ölkəmizdə Azərbaycan ədəbiyyatına böyük marağın oyanmasına səbəb olacaq bu layihə ədəbiyyat tarixində misilsiz hadisədir. Biz ARNK yanında Tərcümə Mərkəzi ilə bu işıqlı yolda əməkdaşlığımızı sonsuza qədər davam etdirməkdə qərarlıyıq. Bolqarıstan və Azərbaycan arasında bu cür ədəbi-mədəni körpünün yaranmasına təşəbbüs göstərən Mərkəzin direktoru Afaq Məsuda BYB adından dərin təşəkkürümü bildirirəm”.
Sonra söz ARNK yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsuda verilib. A.Məsud Azərbaycan ədəbiyyatının tarixi, müasir mənzərəsi və Mərkəzin son illərdə həyata keçirdiyi beynəlxalq əməkdaşlıqlar nəticəsində geniş müstəvidə dünyaya təqdim olunması haqda ətraflı məlumat verib.
Daha sonra Sofiya Milli Teatrının aktrisası Yonka İliyevanın ifasında Əli Kərim, İsa İsmayılzadə, Vaqif Səmədoğlu, Musa Yaqub, Ramiz Rövşən, Zakir Fəxri, Rüstəm Behrudi, Aqşin Yenisey, Leyla Əliyeva və Qismətin kitaba daxil olan şeirləri təqdim olunub.
Ardınca toplunu tərcümə edən şair və yazıçılar – İva Nikolova, Nadya Popova, İvan Yesenski, Dmitri Xristov kitabın nəşri və əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb, tərcümə etdikləri əsərlərdən bir neçəsini qiraət ediblər.
Tədbirin yekun çıxışında BYB-nin sədri B.Angelov kitabın Sofiyada daha beş təqdimat mərasiminin keçiriləcəyi və nüsxələrin ABŞ, Avropanın kitabxanalarına və elektron portallarına yerləşdiriləcəyi barədə məlumat verib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...