İstanbulda kitab mənzərələri
Noyabrın 8-dən 16-dək İstanbulda 33-cü Beynəlxalq Kitab Fuarı (sərgisi) keçirilir. Sərgidə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşları Fərid Hüseyn və Etimad Başkeçid də iştirak edirlər.
Mərkəz əməkdaşlarının İstanbuldan “Aydın yol” qəzetinə göndərdikləri yazını biz də oxucuların ixtiyarına veririk.
İstanbul kitab fuarında diqqəti ilk çəkən hələ sərginin açılmasına yarım saat qalmış girişlər önündə növbə tutan insanların yaratdığı mənzərə oldu. Sonu görünməyən sıralar göz qaraldırdı. Əlil arabasında gələnləri, uşaqlı və yaşlı insanları növbəsiz, onlar üçün ayrılmış xüsusi girişdən içəri buraxırdılar.
Hər kəsin əlində sərgi haqqında bütün məlumatların yer aldığı rəhbər (buklet) vardı. Bunsuz dünyanın qırxa yaxın ölkəsindən 800 nəşriyyatın qatıldığı, 32 min kvadrat metr ərazini əhatə edən sərgidə istədiyin stendi tapmaq asan olmazdı.
Qapılar açılan kimi insanlar salonlara dağılışır, az sonra stendlər önündə əməlli-başlı tünlük yaranırdı...
Rəsmi məlumata görə, bu mötəbər fuarda dünyanın tanınmış nəşriyyatlarının bir milyondan çox nəşri nümayiş olunur.
***
Azərbaycan Tərcümə Mərkəzinə sərginin fəxri qonağı Macarıstanın stendi ilə üzbəüz yer ayrılıb. Fəxri qonaq adını doğrultmağa çalışan Macarıstanın stendi sərginin ən zəngin, ən maraqlı stendlərindən biridir. Burada həmin ölkənin mədəniyyəti, ədəbiyyatı ilə bağlı ən müxtəlif kitablar, kompozisiyalar, etnoqrafik əşyalar, macar mətbəxinin məhsulları sərgilənir. Günboyu canlı macar musiqisi səslənir, mədəniyyət xadimlərinin, tarixçilərin, etnoqrafların interaktiv mühazirələri dinlənir. Macarların türklərə identifikasiyası alimlərin mühazirələrindən qırmızı xətt kimi keçir və həqiqətən böyük maraqla qarşılanır.
Macar stendinə gələnləri İbrahim Müteferrikanın böyük rəsmi qarşılayır. Məlumat üçün bildirək ki, İbrahim Müteferrika XVII əsr savaşlarında türklərə əsir düşmüş macardır. İstanbulda tərcüməçi kimi çalışan Mütefferrika sonralar Osmanlıda ilk mətbəənin əsasını qoyub və macar-türk mədəni əlaqələrinin simvoluna çevrilib.
Macar alimlərinin çıxışlarında tez-tez Azərbaycanın da adı hallanırdı. Fürsət tapıb Beynəlxalq Şamanizm Araşdırmaçıları Birliyinin prezidenti Mihali Hoppal və məşhur macar yazıçısı Robert Cey-Bertlə söhbətləşdik. Cey-Bertin “Atilla” romanı hazırda Türkiyə türkcəsinə tərcümə olunur.
Onlarla müsahibəni “Aydın yol”un növbəti sayında sizə təqdim edəcəyik.
***
Tərcümə Mərkəzinin sərgiyə ilk dəfə qatılmasına baxmayaraq, stendimizi ziyarət edənlərin ardı-arası kəsilmir. Bunların sırasında İstanbul universitetlərində təhsil alan tələbələr, müxtəlif ali təhsil müəssisələrində çalışan azərbaycanlı müəllimlər, Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətini araşdıran türk alimləri xüsusi yer tutur.
Qonaqlara Azərbaycan Tərcümə Mərkəzinin yaranma tarixi, fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat veririk. Ziyarətçilər bir qayda olaraq Tərcümə Mərkəzinin yaradılmasının Azərbaycanın humanitar sferasında atılan ən əhəmiyyətli addımlardan biri olduğunu vurğulayırlar. Bilgi Universitetinin professoru Arif Acaloğlu və Ərciyəz Universitetinin professoru Sevinc Üçgüllə görüşlərimizi xüsusi qeyd etmək istərdik. Bu dəyərli alim və tərcüməçilərlə müsahibələri də yaxın vaxtlarda oxuya biləcəksiniz.
Arif Acaloğlunun yardımıyla müxtəlif nəşriyyatların nümayəndələri və tərcümə fəaliyyəti ilə məşğul olan insanlarla görüşlərimizdən aydın olur ki, Türkiyədə kitabı çap olunan yazıçılarımız nəyi necə etmək lazım olduğundan xəbərsizdirlər.
Birincisi, nəşriyyatlar müəlliflərə qonorar ödəməli olduğu halda, bizimkilər əksinə, pul verib kitab çap etdirir, çox vaxt həmin kitab da anbarlarda yatıb qalır.
İkincisi, bizimkilər Türkiyə türkcəsinə tərcümə olunan kitabların hansı nəşriyyatda çap ediləcəyinə əhəmiyyət vermirlər. Halbuki Türkiyədə hər yayın evinin öz auditoriyası var; məsələn, dini mövzuda ixtisaslaşmış “Dərgah” nəşriyyatının kitablarını dünyəvi mövzularda kitablar çap edib yayan “Ötükən” nəşriyyatının oxucuları almır.
Bir sözlə, Türkiyədə kitab çapında nəşriyyat seçimi çox əhəmiyyətlidir. Burada nəşrin ucuz başa gəlməsinə aldanmaq gərək deyil, bütün hallarda öz nüfuzunun qeydinə qalan, mötəbərliyi şübhə doğurmayan nəşriyyatlara üstünlük verilməlidir.
Üçüncü vacib məqam əsərlərin keyfiyyətli tərcüməsidir.
İstanbulda azərbaycancadan çevrilib anbarlarda yatıb qalan, yaxud çap edildikdən sonra bütün tirajı müəllifə göndərilən kitablar haqqında əfsanələr dolaşır.
Müasir Azərbaycan ədəbiyyatı oxucularının əhəmiyyətli hissəsi İstanbulda toplaşıb. Bizə sadəcə, kitabın oxucuya çatdırılması mexanizmi ilə bağlı müasir texnologiyaları mənimsəmək və onlardan praktikada yararlanmaq qalır.
***
Türkiyə intellektual kəsiminin Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatına şahidi olduğumuz sonsuz marağını ödəmək üçün çox az iş gördüyümüzü desək, yanılmarıq. Burada çap olunan Azərbaycan kitablarının populyarlığını əngəlləyən ən böyük problem nəşriyyat seçimi və tərcümələrin keyfiyyətidir.
Bu müşahidəmizi Ərciyəz Universitetinin rus dili və ədəbiyyatı bölümünün müəllimi, əslən azərbaycanlı olan professor Sevinc Üçgül də təsdiqlədi: “Azərbaycan yazıçılarının Türkiyədə çıxan kitabları nə azəri, nə də Türkiyə türkcəsindədir... Elə bərbad tərcümə edilir, alıb oxuyan bir daha heç bir azərbaycanlının kitabına yaxın durmur. O kitabların çoxu Türkiyədə “Butik yayın evləri” kimi nə gəldi çap eləyən nəşriyyatlarda işıq üzü görür”.
***
Sərginin də göstərdiyi kimi, əlimizdəki bütün imkanlara baxmayaraq, Türkiyədə Azərbaycan ədəbiyyatının zənginliyi layiq olduğundan aşağı səviyyədə təmsil edilir. Yalnız bəzi ayrı-ayrı uğurlu proyektlərdən söz açmaq mümkündür. Məsələn, sərgidə müxtəlif nəşriyyatlarda çapdan çıxmış Elçin Əfəndiyevin “Mahmud və Məryəm”, “Ölüm hökmü”, “Şuşa dağlarını duman bürüdü”, Kamal Abdullanın “Gizli Dədə Qorqud”, “Yarımçıq əlyazma” əsərlərini, Musa Qasımlının “Qafqazda erməni problemi”, Akif Aşırlının “Nargin adasında türk əsirləri” adlı kitablarını görəndə sevinməyə bilmirsən.
Düşünürük ki, başqa ölkələrin təcrübəsindən yararlanıb ya dövlət xətti ilə, ya da hansısa iş adamının təşəbbüsü ilə Türkiyədə Azərbaycan üzrə ixtisaslaşmış bir nəşriyyat qura bilsəydik, ümumi işimizin xeyrinə olardı.
***
Azərbaycan ədəbiyyatının dünyaya çıxması problemi ilə bağlı söhbətlərə son vermək üçün bütün detalları ilə işlənmiş planlı fəaliyyət proqramı olmalıdır. Necə ki, bunu bir çox ölkədə, o cümlədən Türkiyənin özündə uğurla həyata keçirirlər.
Fürsət yarandıqca sərgidə ən müxtəlif fikir adamları, təşkilat nümayəndələri ilə görüşlərə, panellərə qatılırdıq. Bunlardan biri də türk ədəbiyyatının dünyada tanıdılması ilə bağlı TEDA-nın (Türkiyə mədəniyyəti və ədəbiyyatı ilə bağlı əsərlərin başqa dillərdə yayımına dəstək verən qurum) təşkil etdiyi panel idi. Bu qurum işin bütün incəliklərini nəzərə almaqla fəaliyyət göstərir. Məsələn, TEDA-nın dəstəyi ilə başqa ölkələrdə çap olunmuş kitabların taleyi axıradək izlənir – nəşr olunmuş kitabdan nə qədəri satılıb, kitab təkrar çap olunub, yoxsa yox, nəşr barədə dövri mətbuatda, yaxud ixtisaslaşmış nəşrlərdə rəy və ya tənqidi yazılar yazılıbmı... Bu hesaba Türkiyə ədəbiyyatı bütün dünyada getdikcə daha çox oxunur.
TEDA-nın baş direktoru Hamdi Turşucu ilə söhbətimizdə o, Azərbaycan Tərcümə Mərkəzinin yaradılmasını son dövrlərdə ölkəmizin ən uğurlu proyektlərindən biri kimi qiymətləndirdi və bizimlə bütün təcrübəsini paylaşmağa, lazımi dəstəyi verməyə hazır olduğunu bildirdi.
***
Sərgiyə gəlişimizin ilk günü gördük ki, iştirakçı ölkələrin böyük bayraqlarının asıldığı giriş hissədə Azərbaycan bayrağı tərsinə qoyulub. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Faiq Xudanlı (yeri gəlmişkən, təşkilatçılıq qabiliyyəti ilə seçilən, sözün əsl mənasında ürəyi vətən eşi ilə döyünən Faiq müəllim sərgi müddətində qarşımıza çıxan irili-xırdalı problemlərin öhdəsindən layiqincə gəldi) bunu təşkilat komitəsinə bildirən kimi yanlışlıq aradan qaldırıldı.
Bundan sonra komitə üzvləri dəfələrlə stendimizə gəlib, dönə-dönə üzr istədilər.
“Ötükən” yayın evinin zəngin stendinin fotosunu çəkmək istəyərkən sərt təpkiylə qarşılaşdıq. Sən demə, stendin rəhbəri bizi rəqib nəşriyyatın nümayəndələri bilib, onlara gizlicə göz qoyduğumuzu zənn edirmiş. Azərbaycandan gəldiyimizi öyrənəndə yumşaldılar, hansı kitablarla maraqlandığımızı soruşdular, endirimlə kitab təklif etdilər. Bir neçə kitab seçdik, pulunu ödəmək istəyəndə isə stendin rəhbəri hədiyyə olduğunu dedi.
***
Sərgidə erməni nəşrlərinə də göz gəzdirdik. İki-üç metrlik kiçik bir sahədə özünə yer eləmiş bədnam ölkə təmsilçilərinin beş kitabından dördü ingilis, rus, türk və erməni dillərində qondarma soyqırımı, “Böyük Ermənistan dövləti” haqqında idi. Orada olduğumuz müddətdə Ermənistanın stendinə göz gəzdirən cəmisi bir-iki adam gördük.
Hələ sərgi açılmamışdan Faiq Xudanlı təşkilat komitəsinə bildirmişdi ki, ermənilərin sərgidə Qarabağ məsələsi ilə bağlı hədyan yazan kitabları olacaqsa, etirazımızı bildirəcəyik. Bilmirik bunun təsirindən idi, yoxsa yox, Ermənistan stendində bu tip kitablar görmədik.
***
Sərgi müddətində Tərcümə Mərkəzinin təmsilçiləri olaraq TEDA-nın, Yunanıstan Mədəniyyət Fondunun, həmin ölkənin Mədəniyyət Nazirliyinin, Rus Mədəniyyət Mərkəzinin nümayəndələri ilə görüşdük, qarşılıqlı əməkdaşlıq barədə söhbətlərimiz oldu, müəyyən layihələrdə birgə çalışacağımızı qərarlaşdırdıq.
Bundan başqa, Türkiyənin böyük yazıçısı Orxan Kamalın oğlu İşıq Öyütçü ilə də danışıb, atasının bəzi əsərlərinin Azərbaycanda nəşr hüquqlarının Tərcümə Mərkəzinə verilməsi barədə razılığa gəldik.
Sərgidən sonrakı günlərdə Türkiyə Tərcüməçilər Dərnəyi və müxtəlif ədəbi birliklərlə görüşlər keçirdik, səmərəli fikir mübadiləsi apardıq, qarşılıqlı maraq doğuran məsələlər ətrafında söhbətlər etdik.
***
İstanbul Kitab Fuarında ən çox diqqət çəkən “Sel”, “Can”, “İletişim”, “İş Bankası Yayınları”, “Omega”, “Domingo”, “Yapı Kredi Yayınları”, “Metis” və “Kırmızı Kedi” nəşriyyatlarıdır. Onların gün ərzində 10-15 min kitabı satılır.
Kitab almaq üçün növbəyə dayanan insanları görmək isə bir özgə zövqdür. Xüsusən, bu nəşriyyatlarda hansısa yazıçının imza günü keçirilirsə (9 gün ərzində 300-dən çox tədbir - imza saatı, mühazirə, görüş təşkil olundu), növbə tutanlar saya gəlmir.
Türkiyənin nüfuzlu nəşriyyatlarının kitablarına və təqdim etdikləri yazıçılara maraq daha böyükdür. Onların yanında digər nəşriyyatların imza tədbirləri özünün kədərli mənzərəsiylə böyük kontrast yaradır. Baxırsan, yazıçı kitablarını qarşısına qoyub oturub, gəlib-keçənləri məlul baxışlarla izləyir. Belələri öz reputasiyasını yüksək tutan nəşriyyatların imtina etdiyi, kitablarını öz hesabına buraxdıran yazıçılardır.
Məsələn, “Ötükən”in təmsilçiləri ilə söhbətdən öyrəndik ki, böyük məbləğli pul-para müqabilində belə, heç kəsin aşağı səviyyəli kitabını çap eləmirlər.
***
Sərgidə Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyinin, Tərcümə Mərkəzinin, “Hədəf”, “Altun”, “Qələm” nəşriyyatlarının ayrı-ayrı stendləri qurulub. Bir çox media və təşkilat nümayəndələri, o cümlədən, Kulis.az saytının redaktoru, yazıçı Mirmehdi Ağaoğlu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparıcı məsləhətçisi, şair Qismət Rüstəmov da sərgiyə ezam olunublar.
Yeri gəlmişkən, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalova və konsulluq əməkdaşlarına göstərdikləri köməyə görə ayrıca təşəkkür etmək istərdik. İlk gündən bir an bizi tək qoymayıblar, əllərindən gələni əsirgəməyiblər.
Xülasə
Bu müddətdə poeziya, roman sənəti, yazı texnikası və tərcüməyə aid 30-dan çox kitab alanda başa düşdük ki, bir türk yazarı ona lazım olan bütün əsərləri əldə edib oxuya bilir. Bütün dünya ədəbiyyatı bir neçə nəşriyyatda sürətlə türkcəyə çevrilir. Təkcə Dostoyevsknin “Cinayət və cəza” romanının 11 tərcüməsi var. Bu ölkədə pişik bəsləməkdən tutmuş ən müasir elm sahələrinə qədər hər mövzuda kitab var.
Suvenir kitablara da baxmağa fürsət tapdıq: Azərbaycan nəşriyyatlarının məhsullarından fərqli olaraq burda qalın kitabların çəkisi ağır deyil, rahat daşına bilir. Əksər satıcıların soruşulan kitablar barədə hərtərəfli bilgisi var. “Kırmızı Kedi” nəşriyyatının satıcısı olan xanımla bir saat Joze Saramaqonun əsərləri haqda söhbətləşdik.
Türkiyədə uşaq ədəbiyyatına aid nümunələr baha başa gəlsə də, bu yönümlü kitabların qiymətləri münasibdir. Nəşriyyatlar uşaq kitablarına bilərəkdən aşağı qiymət qoyur, bəzi özəl təşkilatlarsa bu sektora pul ayırır ki, rəngli, şəkilli uşaq nəşrləri baha başa gəlməsin.
Dərslik sahəsində problemləri də çoxdan həll ediblər. Bir maraqlı məqam da var ki, bəzi ölkələrin hətta dərslikləri də türk dilinə tərcümə edilib. Uşaqlar bu yolla xarici ölkələrdə yaşayan yaşıdlarının nə oxuduqları ilə tanış ola bilirlər.
Nəhayət, Türkiyədə məşhur nəşriyyatların əsərləri hansı kriteriyalara əsasən çap etdiyini də öyrəndik. Əksərində belədir: yazının təxminən bir çap vərəqi həcmində parçası türk dilinə çevriləndən sonra nəşriyyata göndərilir; redaktorlar bəyənsə, mütəxəssislər müsbət rəy versə, müəlliflə müqavilə bağlanır...
Etimad Başkeçid
Fərid Hüseyn
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...