Azərbaycan ədəbiyyatı Tiflisdə təqdim olundu
ARNK yanında Tərcümə Mərkəzinin aparıcı layihələrindən olan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” Tiflisdə gürcü dilində təqdim olunub. Gürcüstan Yazıçılar Birliyinin akt zalında baş tutan tədbirdə Gürcüstanın Baş nazirinin müavini cənab Quram Odişaria, Gürcüstan Mədəniyyət Departamentinin rəisi Aleko Qriqolaşvili, tanınmış gürcü yazıçı və şairləri, tənqidçiləri, Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov iştirak ediblər.
Tədbiri giriş sözü ilə görkəmli gürcü şairi, Gürcüstan Yazıçılar Birliyinin sədri Baqater Arabuli açıb. Sədr Azərbaycan ədəbiyyatının Gürcüstanda yaxından tanıdılmasına və tədqiq olunmasına geniş imkanlar yaradacaq bu nəşrin müasir milli ədəbiyyatın ümumi mənzərəsini əks etdirən ilk akademik nümunə olduğunu xüsusi qeyd edib: “Xüsusi qeyd etmək istəyirəm ki, təqdim olunan bu kitab Azərbaycanın və Gürcüstanın mədəni həyatında fövqəladə bir hadisədir. İlk dəfədir ki, qardaş Azərbaycan ədəbiyyatının bütöv mənzərəsi gürcü oxucusunun diqqətinə belə bir səviyyədə çatdırılır. Sizə bir şad xəbər də vermək istəyirəm ki, belə bir gözəl kitabı ərsəyə gətirmiş Azərbaycan Tərcümə Mərkəzi gürcü ədəbiyyatı antologiyasını da artıq nəşrə hazırlayıb. Biz Gürcüstan Yazıçılar Birliyi olaraq, Tərcümə Mərkəzinin başladığı bu müqəddəs məramlı işi birlikdə sonsuza qədər davam etdirəcəyik. Sirr deyil ki, xalqlararası dostluğu və anlaşmanı siyasi niyyətlər yox, məhz bəşəriyyəti insanlığa və mərhəmətə çağıran belə nəşrlər təmin edir”.
Daha sonra kitabın ön sözünün müəllifi – Gürcüstan Baş nazirinin müavini cənab Quram Odişaria çıxış edib:
“Bu kitabın ön sözünün müəllifi olmaq mənim üçün böyük şərəfdir. Azərbaycan və gürcü ədəbiyyatları arasında əlaqələrin dərin kökləri var. Sevindirici haldır ki, bu ənənə bu gün də belə bir səviyyədə davam etdirilir. Bu gün Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar yaxın və uzaq ölkələrlə ədəbi-mədəni əlaqələrin genişlənməsində də özünü büruzə verir. Məhz bunun nəticəsidir ki, bu gün Bakı bütün Qafqazın qeyri-rəsmi paytaxtına çevrilib”.
Sonra ARNK yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, Gürcüstan Mədəniyyət Departamentinin rəisi Aleko Qriqolaşvili, Yazıçılar Birliyinin katibi, görkəmli gürcü şairi Makvala Qonaşvili, tanınmış yazıçılar Rezo Mşveladze, Zaur Motxoveli, Aleko Qriqolaşvili, “Didube” yazıçılar panteonunun direktoru, şair Badri Kutateladze, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin mədəniyyət attaşesi Fəxri Valehoğlu çıxış edərək kitabın nəşri və əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Sonda Gürcüstan Yazıçılar Birliyinin sədri Baqater Arabuli Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin gücləndirilməsinə və məhsuldar yaradıcı fəaliyyətinə görə Afaq Məsuda Gürcüstan Yazıçılar Birliyinin “Mədəniyyət elçisi” fəxri diplomunu təqdim edib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...