Afaq Məsud: “Sanki “Orfoqrafiya lüğəti”ni Azərbaycan dilindən tam xəbərsiz insanlar hazırlayıb”

Afaq Məsud: “Sanki “Orfoqrafiya lüğəti”ni Azərbaycan dilindən  tam xəbərsiz insanlar hazırlayıb”

ARNK yanında Tərcümə Mərkəzinin direktoru,
yazıçı Afaq Məsudun APA-ya müsahibəsi

– Afaq xanım, Tərcümə Mərkəzi yaradılanda demişdiniz ki, bu sahədə fəsad və nöqsan çoxdur. İki il ərzində bu nöqsanlar hansı səviyyədə aradan qaldırılıb?

– Tərcümə Mərkəzinin yaradılmasında əsas məqsəd, bildiyiniz kimi, Azərbaycan dilinin və tərcümə işinin təkmilləşdirilməsi, yəni sahələr üzrə düzgün tətbiqinin təmin edilməsi və təşkilidir ki, fəaliyyətə başladığımız gündən bu sahələr üzrə müəyyən irəliləyişlərə nail olunub. Təkcə dövlət qurumlarının rəsmi yazışmalarında və saytlarında Azərbaycan dilinin tətbiqi və tərcümə işinin vəziyyəti ilə bağlı aparılan yoxlamalar nəticəsində 300-ə qədər ekspert rəyi hazırlanıb ki, bu rəylər əsasında da qurumlar tərəfindən xeyli düzəlişlər edilib, nöqsanlar aradan qaldırılıb. Bu yoxlamaların iki ildən bir aparılacağı nəzərdə tutulur. Lakin ölkənin dil və tərcümə sahəsinin, Mərkəzin daimi yoxlama və düzəlişləri əsasında təkmilləşdirilməsi bu irimiqyaslı, geniş əhatəli məsələnin həlli yolu deyil. Yəni Mərkəz bütün gücünü və fəaliyyətini daim səhvlərin düzəlişinə sərf edə bilməz. Mövcud vəziyyətin aradan qaldırılması üçün ilk növbədə, dilin tətbiqi, işlədilmə və tədris mənbələri təkmilləşdirilməli, peşəkar tərcümə qurumları və tərcüməçilər bazası müəyyən edilməlidir. Azərbaycan dilinin və tərcümənin işlədilməsi üzrə meydana çıxan qüsurlara gəlincə, bu mənzərəyə təkcə dövlət qurumlarında aparılan rəsmi yazışmalarda və saytlarda rast gəlinmir. Bu, ibtidai və ali təhsildə istifadə olunan Azərbaycan, rus, ingilis, habelə digər xarici dil dərsliklərində, dilimizin ana kitabı “Orfoqrafiya lüğəti”ndə, eləcə digər dil mənbələrində, kütləvi informasiya vasitələrində, afişa və reklamların tərtibində, bir sözlə, dil və tərcümənin işləndiyi hər sahədə müşahidə olunur.

– Tərcümə Mərkəzi neçə vaxtdan bəridir ki, “Orfoqrafiya lüğəti” üzərində işləyir. Lüğətdən çıxarılan sözlər “Aydın yol” qəzetində dərc olunur. Məsələnin bu yerə gəlib çatmasının səbəbi nədir?

– Əvvəla, qeyd edim ki, bizi “Orfoqrafiya lüğəti”nə gətirib çıxaran, elə həmin bu dövlət qurumlarında aparılan yoxlamalar oldu. Belə ki, yazışmalarda rast gəlinən eyni səhvlərə, həmin “Orfoqrafiya lüğəti”nə istinadən yol verildiyi aşkar edildi. Və biz anladıq ki, əslində Azərbaycan dilinin ehtiyatını, sözlərin düzgün yazılışını müəyyən etməli olan bu iri kitab həcmli qüsuru aradan qaldırmasaq, çəkdiyimiz əziyyətlər boşa gedəcək. Biz bir tərəfdən səhvləri düzəldəcəyik, o biri tərəfdən, dövriyyədə olan bu kitaba istinad olunaraq, yenə səhvlər baş alıb gedəcək, nəticədə, xəlbirlə su daşımağa bənzər bir mənzərə alınacaq. “Aydın yol” qəzetinin hər sayında təsnifat üzrə verilən sözləri siz də oxuyursuz. Bu sözləri görənlər dəhşətə gəlir və bu, həqiqətən dəhşətdir. Əlbəttə, həmin bu minlərlə süni düzəldilmiş, yazılışı səhv və sair sözləri lüğətdən küll halında da çıxarmaq olardı, lakin düşündük ki, bu işi əsaslandırılmış şəkildə görək. Adıçəkilən kitabda “Orfoqrafiya lüğəti” statusuna aidiyyəti olmayan 40 mindən çox söz yer alır – mənası anlaşılmayan, yazılışı səhv, dilimizdə işlənməyən ərəb, fars sözləri, Azərbaycan dilində qarşılığı olan rus sözləri, minlərlə dərman, kimyəvi element adları, ara sözlər və sair və ilaxır. Elə əcaib sözlərə rast gəlinir ki, onların hardan götürüldüyünü, bu kitaba hansı məqsədlə salındığını heç bir məntiqlə əsaslandırmaq olmur. “Dartmayaxamcırıldı”, yaxud “qaşıyıbqurdunçıxaran”, yaxud, “meyitatış”, “meyittullama”, “gövdəqucaqlama”, “gövdəqucaqlayan”, “cıbrığınıçıxarma”, “cıbrığınıçıxaran” və sair və ilaxır. Kitab minlərlə belə əcaibliklərlə doludur. Bu nəşrin digər böyük qüsuru – sözün düzgün yazılışına cavabdehlik qayəsinin əksinə, bəzən iki, üç şəkildə verilməsidir. “Altun”-“altın”, “yelpənək”-“yerpənək”, “alaf”-“ələf”, “kompyuter”-“kompüter”, “dırmıqlamaq”-“dırmaqlamaq” və sair. İndi bu kitabdan istifadə edən sözün hansı variantını seçməlidir? Lüğətin digər daha pis qüsuru – minlərlə sözlərin yazılışının səhv verilməsidir. Sanki bu lüğəti Azərbaycan dilinin qrammatikasından tam xəbərsiz insanlar hazırlayıb. Bu nəşrə istinad edilərək isə təhsil kitabları, imtahan testləri, dövlət sənədləri hazırlanır, bir sözlə, Azərbaycan dilinin işlənildiyi hər müstəvidə bu kitaba istinad edilir. Əlbəttə, dilin söz ehtiyatının artırılması təbii prosesdir və zaman-zaman ədəbiyyat, elm və mədəniyyət, yaranmaqda olan yeni fəaliyyət sahələri, yeni texnologiyalar dilimizə yeni-yeni sözlər, işlək terminlər gətirməkdədir. Amma bu prosesi süni şəkildə təşkil etmək, dili “söz ehtiyatımızı artıraq” devizi altında minlərlə əcaib, qondarma sözlərlə çirkləndirmək yolverilməzdir.

– Yeni “Orfoqrafiya lüğəti” nə vaxt nəşr ediləcək?

– Bütün ili Mərkəz süni şəkildə şişirdilib yararsız hala salınmış bu kitab üzərində işləyib. Lüğətə, hansı səbəbdənsə bu nəşrdə yer almayan yeddi yüzdən çox sözün daxil ediləcəyi nəzərdə tutulur. Bu, 50-ci, 60-cı və sonrakı dövr ədəbiyyatlarına istinad olunan təmiz Azərbaycan sözləridir ki, onları kitaba daxil etməzdən əvvəl mütəxəssislərin müzakirəsinə çıxarmaq niyyətindəyik. Kitabın nəşrinə gəlincə, düşünürəm, burada tələsməyin yeri yoxdur. Təmizlənmə prosesi artıq başa çatıb, kitab indi korrektə prosesindədir. Lüğətin öz formatına uyğun nəşr edilməsi üçün sözlər mütləq vurğular üzrə də işlənməlidir. Ümid edirəm ki, bu ilin sonuna, bəlkə də, növbəti ilin əvvəllərinə yekun nəticə əldə olunacaq. Bu, akademik nəşrdir. Hədsiz diqqət və məsuliyyət tələb edir. Odur ki, gəlin tələsməyək.

– Lüğətə məsul Dilçilik İnstitutudur. İradlarınızı onlara deyəndə, cavabları nə olur?

– Gəlin, indi günahkar axtarmayaq. Dediyim kimi, “Aydın yol” qəzetinin hər sayında lüğətdən çıxarılması vacib bilinən sözlərin təsnifatı dil və lüğət mütəxəssislərinə müraciətlə nəşr edilir. Neçə aydan bəridir ki, biz bütün əlaqədar qurumların və şəxslərin diqqətini bu mövzuya yönəldirik, hər kəsi rəy bildirməyə dəvət edirik. Axı bu dil hamımızındır. Bizə bu təsnifatla bağlı çoxlu zənglər olur, məktublar yazılır. Hamı pis mənada heyrət içindədir və hamı yeni lüğətin nə vaxt nəşr olunacağını gözləyir, yeni lüğət işıq üzü görənəcən hansı mənbədən istifadə edilə biləcəyi barədə məsləhət alırlar.

– Kütləvi informasiya vasitələrində dilin işlədilməsi hansı vəziyyətdədir?

– Hələ ki, Azərbaycan dilinin efirdə, radioda işlədilməsi sahəsinə keçməyə nə vaxtımız, nə də fiziki imkanımız var. Lakin bu sahədə də vəziyyətin hansı durumda olduğu göz qabağındadır. Sözlər, hətta hərflər belə, aparıcılar tərəfindən laqeyd kobudluqla dönə-dönə təhrif olunur. Hər şey bir yana, elementar “layihə” sözünü, demək olar, bütün kanallarda aparıcılar, hətta tanınmış ictimai xadimlər, yüksək vəzifə sahibləri də “lahiyə” kimi səsləndirir. Yaxud “c”, “ç” hərfləri rus dilinin “ц” hərfi kimi işlədilir, “t” hərfi süni şəkildə rus dilinin yumşaq “tъ”-sı kimi işlədilir: “tъermin” “tъibb”, “tъemp”, vurğular düz işlədilmir və sair.

– Küçə reklamlarının dili ilə bağlı fikriniz necədir?

– Özünüz də bilirsiniz, bu sahədə də vəziyyət ürəkaçan deyil. Bakının mərkəzi küçələrində rast gəlinən reklam lövhələrində, afişa və plakatlarda, iaşə obyektlərinin adlarında Azərbaycan dilinin və tərcümənin tətbiqi yararsız vəziyyətdədir. Çoxlu sayda kobud, bəzən yolverilməz xətalara rast gəlinir. Bununla əlaqədar ötən il Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə məktub ünvanladıq, mövcud vəziyyətin aradan qaldırılmasıyla bağlı köməyimizi təklif etdik. Lakin onlardan heç bir cavab almadıq. Qida məhsullarının etiketlərində rast gəlinən dil və tərcümə, bəzən isə təhrif xarakterli kobud məna xətalarının aradan qaldırılmasıyla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə də məktub ünvanlandı.

– Dərs vəsaitlərindəki qüsurlarla bağlı necə, Təhsil Nazirliyi ilə qarşılıqlı iş aparılırmı?

– Dərsliklərimizin durumu bu gün bütün ictimaiyyətin diqqət mərkəzindədir. Mərkəz dərsliklərin tərtibi ilə bağlı Təhsil Nazirliyinə bir neçə layihə təqdim edib. Burada tərcüməçilik tədrisinin yenidən - beynəlxalq normalara və standartlara uyğun səviyyədə qurulması, ibtidai siniflərdə tədris olunan “Azərbaycan dili” dərsliyinin yeni formatda tərtibi və dərsliklərin müəllif heyətini müəyyənləşdirəcək “Daimi Dərslik Şurası” deyilən xüsusi Şuranın yaradılması təklif olunur. Dünyada belə bir təcrübə var. Bir çox sivil ölkələrdə bu sahənin fəaliyyəti ən ali dövlət qurumları tərəfindən müəyyən edilir. Məsələn, İsveçdə dərslik siyasətini bilavasitə İsveç Riksdaqı, yəni Parlamenti aparır. Əslində, ölkənin gələcəyinin, maarif durumunun, ümumi savad səviyyəsinin, bilavasitə təyinatçısı olan bu sahənin ən ali səviyyədə təşkil olunması, ölkənin hər sahədə işıqlı, sabit gələcəyini təmin etmək məqsədi daşıyır.

– Bədii tərcümə sahəsində durum necədir?

– Bədii tərcümə yaradıcı sferadır və burada iş prosesi digər sahələrdəki kimi hansısa dəqiq düsturlara, hesablamalara əsaslanmır, əsaslana da bilməz. Bir əsəri on müəllif tərcümə edərsə, on müxtəlif əsər alınar. Bədii tərcümədə əsas məsələ tərcüməçinin bədii təfəkkürə, istedada malik olması, tərcümə etdiyi yazıçının, yaxud şairin iç dünyasını, üslubunu duymağı və ifadə etməyi bacarmasıdır. Təəssüf ki, bu sahədə də boşluqlar çoxdur. Peşəkar tərcüməçilərimiz var, lakin onlar çox azdır. Düşünürəm, konveyer üsulu ilə ayda beş-on kitab tərcümə edib həm dilə, həm də müəllifin ədəbi orijinallığa xələl yetirməkdənsə, aylar, bəzən illər tələb edən mükəmməl tərcümələrə vaxt ayırmaq daha çox fayda verər.

– Tərcüməçilərin məlumat bazası ilə bağlı işlər nə yerdədir?

– Bazanı yaratmışıq, amma bu bazada peşəkar tərcüməçilərlə yanaşı pul, qazanc xatirinə istənilən mətni istənilən qiymətə tərcümə etməyə hazır olan qeyri-peşəkarların da adı yer alır və onların sayı peşəkarları xeyli üstələyir. Bayaq dediyim yarıtmaz tərcümələri meydana çıxaranlar da, həmin bu “tərcüməçilər ordu”sudur. Mərkəzə isə hələ ki, ölkə üzrə fəaliyyət göstərən tərcüməçiləri akkreditə etmək hüququ verilməyib. Təkliflər paketi ilə müraciət etmişik, gözləyirik. Nəzərdə tutulan bu baza, yəni dillər və sahələr üzrə müəyyən ediləcək peşəkar tərcüməçilər bazası yaranarsa, dövlət qurumları, eləcə digər təşkilatlar da, hansı sahədə hansı tərcüməçiyə müraciət olunacağını müəyyən edə biləcək. Yəni bütün dünya praktikasında bu məsələ belə həll olunur.

– Mərkəz Azərbaycan ədəbiyyatının dünyada tanıdılması istiqamətində də fəaliyyət göstərir. Antologiyalar çap olunur, Azərbaycan beynəlxalq kitab sərgilərində təmsil olunur... 

– Azərbaycan ədəbiyyatının dünya müstəvisinə çıxarılması Mərkəzin ən mühüm layihələrindən biridir. Bilirsiniz ki, ötən il Mərkəz ikicildlik “Müasir Azərbaycan antologiyası” kitabını rus dilində Moskvada, bu ilin iyul ayında türk dilində Ankarada nəşr etdirdi, sonra Moskva və Ankara ali ədəbi dairələrinin təşkilatçılığı ilə bu nəşrlərin geniş təqdimatı baş tutdu. Azərbaycan şeirlərinin toplandığı digər antologiya ötən il Londonda – şəhərin ən böyük, mərkəzi kitabxanasında – Votestounsda təqdim edildi. Bu kitablar nəşr olunduğu ölkələrin kitabxanalarına, elm və təhsil müəssisələrinə, universitetlərə paylanıldı. Payızda antologiyamızın Misirdə nəşri və təqdimatı gözlənilir. Hazırda kitab ingilis, fransız, ispan, alman və fars dillərinə tərcümə edilir. Etiraf edək ki, Azərbaycan ədəbiyyatı dünyada çox az tanınır. Praqa Milli kitabxanasında Azərbaycanı təmsil edən yeganə kitab – Nizaminin “Xəmsə”sidir ki, onun da müəllifi, bizlər üçün nə qədər acınacaqlı olsa da, “fars şairi” kimi təqdim edilir. Kitabı yenidən nəşr etmək üçün PDF formatını əldə etməyə çox çalışdıq, mümkün olmadı. İndi məcburuq yenidən çex dilinə tərcümə edək. Bu isə xeyli vaxt tələb edir. Azərbaycanda fəaliyyət göstərən səfirlərlə görüşlərimizin əsas məqsədi də budur: ədəbiyyatımızı ən yüksək səviyyədə dünyaya təqdim etmək.

– Rəhbərlik etdiyiniz qurumu bəzən tənqid edirlər. Əsasən də bədii tərcümə ilə məşğul olanlar...

– Onları qınamıram. Tərcümə Mərkəzi hələ də hamının yaddaşında ədəbiyyat qurumu kimi yaşamaqdadır. Zaman ötdükcə, düşünürəm, fəaliyyətimizin ünvanı, məqsədi və mahiyyəti hamıya aydın olacaq.

– Olsun ki, bu incikliyin səbəbi bəzi müəlliflərin tərcümə işindən uzaq qalmasıdır. Tərcümələrini məmnuniyyətlə oxuduğunuz müəlliflər kimlərdir?

– Vilayət Hacıyev, Vilayət Quliyev, Elçin, rəhmətlik Natiq Səfərov, Yaşar, Etimad Başkeçid, İlqar Əlfi, Saday Budaqlı... bizim gənc yetirməmiz, “Dəfinə Yarpağı” tərcümə müsabiqəsinin qalibi Təvəkkül Zeynallı, adları indi yadıma düşməyən neçə-neçə digər peşəkarlar. Mərkəzin qapıları hər zaman mükəmməl bədii tərcümələrin üzünə açıqdır. Lakin bunu da unutmayaq ki, bu gün ədəbiyyatımız dünyaya çıxarılmağa daha çox ehtiyaclıdır. Düşünürəm ki, bədii tərcümə sahəsində görülməsi ən vacib iş də budur.

Cavid Zeynallı – APA.


Qalereya

VƏ DİGƏR...