Seyid Yəhyanın son duası

Seyid Yəhyanın son duası

1514-cü ildə Maku yaxınlığındakı Çaldıran düzündə Şah İsmayılı məğlub edən Sultan Səlim o gündən demək olar ki, rahatlıq tapmadı.  Osmanlı alimləri məğlub olmuş Səfəvi dövlətinin müdrikləri ilə söhbətdən sonra heyrətlərini gizlədə bilmədilər.  Onlar bu qədər dərin və sağlam təməl üzərində qurulan, özülündə saf ruhla dərin zəkanın bərqərar olduğu dövlətin Çaldıran döyüşündən sonra qətiyyən çökməyəcəyinə inandılar. Sultan Səlimi də alimlərin bu ehtimalı narahat edirdi. Alimlər şah və onun qoşunundan da çox Səfəvilərin elmi mərkəzlərinin, mədrəsə və xanəgahlarının daha təhlükəli olduğunu sultana  demişdilər. Sultan anladı ki, İsmayılın babası Şeyx Səfiəddindən gələn yolun, o yolun özəyini təşkil edən elm və irfanın bazasında formalaşan Səfəvilər bundan sonra da Osmanlıya  qarşı mübarizə aparacaq. Əslində bu mübarizə qanı və ruhu, inanc sistemləri bir olan iki dövlətdən heç birini – nə Osmanlını, nə də Səfəvilərin xeyrinə idi.  Avropa missionerləri, Romadakı Papa hakimiyyəti bu iki dövləti bir-biri ilə müharibəyə sövq etməklə, bütün Şərqi və onun intibah dövrünü yaşayan düşüncə sistemini çökdürmək istəyirdi. Çox təəssüf ki, onlar bu yolla öz məqsədlərinə çata bildilər...

Sultan Səlim isə inadından əl çəkmirdi. Doğrudur, sonradan onun başladığı səhvi oğlu Sultan Süleyman qismən də olsa, düzəldəcək. Şah İsmayılın oğlu Təhmasiblə 1555-ci ildə imzaladığı Amasya sülhü Avropa fitnəkarlarına əsl zərbə olacaqdı. Lakin Süleyman və Təhmasibdən sonra Osmanlı-Səfəvi müharibələri yenidən alovlanacaqdı.

Saray alimlərinin Sultan Səlimə verdiyi məlumat onu fikir dəryasına qərq etmişdi. O, necə olursa-olsun, Şeyx Şəfi və onun tətbiq etdiyi sistemi Osmanlıya gətirməyi düşünürdü. Şeyx Səfinin “Darül irşad” adlı elm ocağında əsasını qoyduğu və sonunda Səfəvilər kimi nəhəng imperiyanın yaranması ilə meydana gələn təfəkkür sistemi mütləq Osmanlıya da yol açmalı idi.

Alimlər Sultan Səlimə Azərbaycanın ən böyük elmi mərkəzlərindən biri olan “Dürül irşad” və onun əsasını qoyan Şeyx Səfi haqqında aşağıdakı məlumatı vermişdilər:

“Şeyx Səfiəddin 35 il irşad və təlimatlarla məşğul olub, çoxlu tələbələr yetişdirib. Onun ömrünün daha faydalı və təsirli dövrü məhz həmin illərə təsadüf edib. Şeyx Səfiəddinin şöhrəti tezliklə bütün Şərq dünyasına, Şərqi Romaya, Suriyaya, Hindistana yayılıb. O, Şərqdə irfan və din sahəsində yeganə şəxsiyyət kimi tanınıb, bütün məzhəb və təriqətlərə mürşid və ustad ola bilib.

Şeyx Səfi dövrünün ən böyük bilgələrindən olub. 35 il ərzində Şeyx Səfiəddinin nüfuzu o qədər artdı ki, dövrün hökmdarları belə onunla hesablaşmalı oldular. Məhz bu böyük nüfuz sayəsində Ərdəbil və onun ətrafı əmin-amanlıq mülkünə çevrildi, hətta Monqolların Xacə Rəşidəddin kimi çox şöhrətli bir vəziri ona mürid olmağı özünə şərəf bildi.

Şeyx Səfiəddin Ərdəbili təriqət başçısı olmaqla yanaşı, məşhur alim və şair idi. Onun yaradıcılığı sırf sufi-mistik xarakter daşıyır. Onun əsərləri təsəvvüf ədəbiyyatının mühüm mərhələlərindən birini təşkil edir.

Şeyx Səfiəddin Ərdəbildə “Darül-irşad”ın (Hidayət evi) başında dururdu. Tam bacarığı ilə təqiyyə prinsipinə əməl edərək elə bir dünyagörüş nümayiş etdirirdi ki, ayrı-ayrı İslam məzhəbləri və təriqətləri də onun mənəvi xəzinəsindən faydalanırdı. Səfəviyyə təriqəti özünəməxsus bir təşkilat vasitəsilə təbliğ olunur və uzaq yerlərdə olan nümayəndələrə çatdırılırdı.

Bu təşkilatın başında “pir”, yaxud “mürşid” dayanırdı. Əsas iş mürşid ilə müridlər  arasında vasitəçi rolu oynayan xəlifənin üzərinə düşürdü. Xəlifə hər tayfanın sufilərinə başçılıq etməklə bərabər, həm də rəhbərlə birbaşa əlaqədə olurdu. Xəlifələr və sufilər tabeçilikdə olan camaatla rəhbər arasında elə möhkəm əlaqə yaratmışdılar ki, bu əlaqə gündən-günə genişlənməkdə və möhkəmlənməkdə idi.

“Darül irşad”  dünyəvi işlərə, dövlət idarəçiliyinə qarışmırdı. Sizinlə döyüşdə məğlub olan Şeyx Cüneydə kimi belə də davam etmişdi. Ancaq ”Darül-irşad” Şeyx Cüneyddən başlayaraq siyasi məsələlərlə də maraqlanmağa başladı. Uzun müddət təşkilata rəhbər olan Ərdəbil piri bu təşkilatdan təriqət və ideoloji məsələlər üçün istifadə etdi, həm də oranı böyük hərbi və siyasi təşkilata çevirdi. Siyasətlə təriqət birləşərək Səfəviyyə ideologiyasını formalaşdırdı. Belə bir zamanda Şeyx Səfiəddinin formalaşdırdığı şiizm-sufizm ideologiyası mahiyyəti etibarı ilə siyasət və hakimiyyətdən uzaq qala bilməzdi və istər-istəməz “Darül-irşad”a rəhbərlik edən pir siyasi hərəkatlara da qoşulmalı idi. Şeyxdən sonra bir-birinin ardınca Sədrəddin, Xacə Əli İbrahim, Şeyx Cüneyd, Şeyx Heydər və nəhayət, Şah İsmayıl Ərdəbil “Darül-irşad”ına rəhbərlik edib.

Bu müqəddəs ocaqda  Şeyx Cüneyd, Şeyx Heydər, Şah İsmayıl kimi başçılar yetişdi. Şeyx Səfiəddinin nəvəsi Şah İsmayıl Təbriz şəhərində özünü şah elan edənə qədər Cənubi Azərbaycanda əsas təriqət mərkəzi, elm və irfan məbədi kimi baş şəhər rolunu ”Darül İrşad” oynadı.

Bu elm ocağının sayəsində 200 ildən sonra da Şeyx Səfiəddinin əsasını qoyduğu Səfəviyyə təriqətinin tərəfdarları və Səfəvi övladları hakimiyyətə yiyələnirlər”.

Alimlər bu müraciətlə nəyə ümid edirdilər. Onlar çox istəyirdilər ki, Sultan Səlim bu cür elmi təmələ malik olan dövlətlə sülh bağlasın. O zaman hər iki imperiya daha da güclənəcəkdi. Lakin alimlərin bu niyyəti baş tutmadı. Sultan Səlim “Darül irşad” məktəbinin mahiyyətini onlar qədər başa düşmürdü...

Seyid Yəhya mədrəsəsi

1426-cı ilin soyuq qış ayları... Şamaxından Bakıya gələn əli əsalı, çiyni heybəli bir dərvişin yorğun görkəmi yolçuların diqqətindən yayınmır. Lakin kimsə fərqinə varmır ki, onu yoran uzun yol yox, sufi ocağının adına yaraşmayan, mənəviyyatını ləkələyən hadisələrdir. O, da bununla barışa bilmədiyi üçün Şamaxıdan Bakıya pənah gətirir.

Həmin qış Şirvan şeyxi Sədrəddinin ölümündən sonra, oradakı xanəgahda mürşidin kim olacağı üstündə mübahisə başlanır. Şeyx Sədrəddin ölümündən qabaq hamının yanında ən sevimli müridi, gələcəkdə xəlvətilik cərəyanının “piri–sani”si adlandırılacaq Seyid Yəhyanı öz yerinə mürşid təyin edir. Amma şeyxin ölümündən sonra təkkədə onun zəkasını qəbul edə bilməyən dərvişlər Seyid Yəhyanın mürşid seçilməsinə qarşı çıxır. Nəticədə Pirzadə adlı mürid dərgahın şeyxi olur. Bununla barışa bilməyən Seyid Yəhya Şamaxıdan Bakıya yol alır. Amma nə o, nə də Şamaxıdakı sufi dərgahının müridləri bilmirdilər ki, bu səfər Seyid Yəhyanı Şərqin böyük müdriklərindən birinə çevirəcək, birbaşa Şirvanşah Xəlilullahın özündən dəstək alan Seyid Yəhya Bakıda məşhur elm ocaqlarından birinin – Seyid Yəhya mədrəsəsinin əsasını qoyacaq. Bu elm ocağının əsas işi xəlvətiyə təriqətinin təbliği olsa da, dövrün bütün dünyəvi elmlərinə də burada yer verilirdi.

Seyid Yəhya Bakıya gələndən sonra Şirvanşah I Xəlilullahın yardımı ilə xəlvətiliyin ilk böyük xanəgahını açır. Seyid Yəhya Bakıdakı xanəgahın inşasında Şirvanşah I Xəlilullahın yardımçı olmasını əsərlərində dönə-dönə qeyd edir. Bir dərgahdan daha çox elm ocağı rolunu oynayan Seyid Yəhya mədrəsəsi Şərqin bir çox ölkələrindən olan insanları özünə cəlb edir.

Şirvanşah I Xəlilullah xan ilə aralarındakı isti münasibəti göstərən əlamətlərdən biri də Seyid Yəhyanın “Kəşfül-qülub” əsərini Şirvanşaha ithaf etməsidir. Belə ki, əsər bu ifadələrlə başlayır: “Bu risaləni uca ədalət əmiri, aləmdəki bütün sultanların ən şərəflisi, Xəlilür-Rəhmanın adaşı Sultan ibni Sultan Əmir Xəlilullahın gündən-günə artan dövlətinin vasitəsi ilə tapdığım əmniyyət ilə yazdım”.

Seyid Yəhya 1466-cı ilə qədər həmin elm ocağından kənara çıxmadı. Dünyanın dörd tərəfindən yanına axışan mürid və tələbələr onun elmindən, irfanından yararladılar. Seyid Yəhya mədrəsəsi haqqında əfsanələr dildən-dilə dolaşdı. Deyilənə görə, ömrünün sonunda Seyid Yəhya altı ay heç nə yemədi, yalnız hər on beş gündən bir iftarını açdı. Daim öz hücrəsinə çəkildi. Ölüm ayağında olanda isə, müridlərinə onun üçün yox, Şirvanşah Xəlilullah üçün dua etmələrini istədi. Baxmayaraq ki, Şirvan şahı 8 ay əvvəl dünyadan köçmüşdü. Səbəbini soruşanda isə belə dedi: ”O, bu həyatda ən vacib işi gördü, elmə dayaq oldu. Bir elm ocağı tikən adam bütün alqışlara və rəhmətə layiqdir”.

 

Elmin NURİ

VƏ DİGƏR...