Mücadilələrdə keçən ömür
...Paris tezdən oyanır, qəribədir, görəsən, bu şəhər nə vaxtsa yuxuya dalırmı? Dünyanın göbəyi sayılan meqapolisin nəbzi elə bir müəmma ilə ayarlanıb ki, hətta ilin fəsilləri də bu həyat tərzi qarşısında duruş gətirə bilmir. 1928-ci ilin adi may günlərindən biri də Paris üçün istisna deyil.
Saysız-hesabsız gecə klublarını, kazinoları tərk edən zənginlərin sərxoş qəhqəhələri, avtomobillərin səs-küyü, tramvayların zəngi, səyyar satıcıların ora-bura vurnuxub müştəri səsləməsi, işə tələsən adamların ayaq taqqıltısı, məzhəkəçinin boynundan asdığı və dəstəyini əsnəyə-əsnəyə fırlatdığı şarmankadan ətrafa yayılan melodiya, bir sözlə, nəhəng şəhərin əsrarəngiz izdiham akkordları heç də bununla bitmir.
Parisin rəmzi sayılan Site adasındakı Notr-Dam de Pari kilsəsinin qarşısı həmişəki kimi qələbəlikdir. Gün başlar-başlamaz yüzlərlə adam bura ibadətə gəlir, kilsə xoru möhtəşəm orqanın müşayiəti ilə dini nəğmələr oxuyur. Qucağı qəzetlə dolu çəlimsiz qəzetsatan uşaqlar ora-bura vurnuxur, uca səslə xəbər başlıqlarını söyləyib müştəri çağırırlar:
- Madam, müsyö, "Mond" alın, "Mond"! Fransada iqtisadi böhran dərinləşir! Böhran nə vaxt bitəcək? Ən son xəbərlər "Mond"da!
- Müsyö, "Fiqaro"nun təzə nömrəsi! Alın, oxuyun! Mussolinidən xəbər var. O, müxalifətə divan tutmaq üçün "Xüsusi tribunal" təsis etdi. Ölkədə tətillər qadağan olundu. İndi İtaliyada istənilən tətil cinayət kimi qiymətləndiriləcək!
- Müsyö, müsyö, "Humanite" alın! Dürüst xəbərləri bu qəzetdə oxuyun! Sovetlər "Brian-Kelloq paktı"na qoşuldu!
Qəzetsatan oğlan əlində tutduğu qəzeti meydan boyu aramla irəliləyən dolubədənli, girdəsifət bir kişiyə uzadır.
- Müsyö, çox maraqlıdır, alın, birja xəbərləri də var, alın, rica edirəm...
Yaşıötmüş bu adam ayaq saxlayır, ona qəzet uzadan bu balaca uşağa gülümsünür, qəzeti alır, eynəyini taxıb birinci səhifədəki sərlövhəyə baxır.
- Deyirsən, "Brian-Kelloq paktı"na qoşulublar? Hə ... demək belə... Yaxşı, al pulunu - deyə kişi uşağa pul uzadır, - Qalığı lazım deyil, özünə bir şey alarsan, - Sonra da gülərək əlavə edir, - amma bax ha... sən bu lənətə gəlmiş pakta yox, səni sevən dostlarına qoşul...
- Allah sizdən razı olsun, müsyö, təşəkkür edirəm.
Balaca qəzetsatanın "müsyö" deyə müraciət etdiyi bu yaşlı adam Azərbaycan Demokratik Respublikasının ilk xarici işlər naziri, neçə illərdir ki, Fransada mühacir həyatı yaşayan Əlimərdan bəy Topçubaşov idi. Qəzetsatan, gəldiyi kimi də gözdən itdi. Ahıl adam azacıq kənara çəkilib yazını oxumağa başladı. Məqalədə bildirilirdi ki, Fransa SSRİ-ni "Brian-Kelloq paktı"na qoşulmağa dəvət edib. SSRİ, pakta tərksilahla bağlı öhdəliyin daxil edilməməsini, paktın yalnız milli siyasət vasitəsi kimi müharibəni qadağan etməsini çatışmayan cəhət kimi qeyd edir. Sovet hökumətinin fikrincə, hər cür beynəlxalq müharibə, müdaxilə, mühasirə, özgə əraziləri işğal etmək kimi hərbi əməliyyatlar qadağan edilməlidir...
Xəbərin ardını oxumadı. Qəzeti büküb cibinə qoydu. Aramla yoluna davam etdi. Ürəyində öz-özünə danışırdı: "Həyasızlığa bir bax! Sovetlər işğalı pisləyir. Bəs özləri? İşğal etmədikləri ərazi qalıb ki? Əllərinə nə keçib, qamarlayıblar, Azərbaycanı da üstəlik. Bolşeviklər neçə-neçə xalqı, milləti diz çökdürüb, azadlığını, xöşbəxtliyini, gələcəyini əlindən alıb, namuslu övladlarını didərgin salıb. Ürəkləri soyumur, gözləri doymur, bunların. İndi də paktla dünyanın gözünə kül üfürmək istəyirlər..."
Ürəyi sıxıldı, meydandakı skamyalardan birində əyləşdi ki, nəfəsini dərsin. Kilsə xorunun mahnıları indi daha aydın eşidilirdi. Gözlərini yumdu, xatirələr onu çox-çox uzaqlara apardı. Düz 9 il əvvəl, 1919-cu ilin may ayında Fransaya səfər etmiş Azərbaycan Demokratik Respublikasının ilk xarici işlər naziri Əlimərdan bəy Topçubaşov bilirdi ki, bir neçə gün öncə Versal sülh konfransında ABŞ prezidenti Vudro Vilson Azərbaycan məsələsini gündəmə gətirib,
"Böyük 4-lük" yeni yaranmış cümhuriyyətin taleyini müzakirə edib. Tərəflər masa arxasına əyləşən kimi, Əlimərdan bəy dərhal bir neçə dildə hazırlanmış Memorandumu prezident Vilsona təqdim etdi, ABŞ ilə ölkəsi arasında ikitərəfli diplomatik əlaqələrin qurulmasının vacibliyini vurğuladı.
- Cənab prezident! Müstəqillik və demokratiya yolunda çox çətin mücadilə aparan Azərbaycan Demokratik Cümhuriyyətinin yaşamaq haqqı var. Biz uzun illər çar Rusiyasının əsarəti altında əzilmişik, ölkəmizə, milli sərvətlərimizə, mənəvi dəyərlərimizə sahib çıxa bilməmişik. İndi Azərbaycan öz müstəqilliyinə qovuşur və bu gün, mayın 28-i, Demokratik Cümhuriyyətin ildönümündə Sizinlə görüşdən böyük şərəf duyuram. Cənab Vilson, Sizdən dönə-dönə təvəqqe edirəm: biz çətinliklə əldə etdiyimiz müstəqilliyimizi qorumalıyıq. Azərbaycan dövlətinin Dünya Birliyinin dəstəyinə böyük ehtiyacı var...
Prezident Vilson dərhal cavab vermədi. Görünür, amerikalı siyasətçi qarşısında əyləşmiş bu israrlı azərbaycanlı diplomata nə deyəcəklərini fikrində götür-qoy edirdi.
- Cənab Topçubaşov, biz dünyanı xırda dövlətlərə bölmək niyyətində deyilik. İngilislər mənə vəziyyət barədə ətraflı danışdı. Qafqazda qeyri-sabitlikdir. Bolşeviklər kimsəyə aman vermir, Qızıl Ordu da işğalçı yürüşünü davam etdirir. Elə ingilislər də Bakını tərk etməyə məcbur olub. Aydındır ki, Lenin neftdən və Qafqazdan əl çəkən deyil. Bu səbəbdən, müstəqilliyinizin tanınması barədə xahişinizə əməl edə bilməyəcəyik. Yaxşı olardı ki, siz federasiya barədə düşünəsiniz. O ki qadı bizə, cənab Topçubaşov, vəd edirəm ki, bundan sonra Azərbaycan xalqı öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq işində böyük Amerikanın yardımını alacaq.
Əlimərdan bəy Topçubaşov və Azərbaycan diplomatlarının Versal sülh konfransındakı gərgin səyləri nəticəsiz qalmadı: 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyi "dе-fakto" tanındı.
...Əgər Parisin döyünən nəbzini tutmaq istəsən, mütləq şəhərin rəmzi sayılan Site adasındakı Notr-Dam de Pari kilsəsinin qarşısındakı meydana baş çəkməlisən. Burda kimlər yoxdur? Kilsəyə ibadətə gəlmiş kübar cənablar və xanımlar qol-qola gəzişib bir-birini təbəssümlə salamlayır, çörək pulu qazanmaq üçün ora-bura vurnuxan xırdavatçılar səhərdən-axşamadək müştəri səsləyir, məzhəkəçilər, şarmanka oxudanlar, dilənçilərdən isə danışmağa dəyməz. Bu zavallılar üçün fərqi yoxdur, gecə də gündüz kimidir. Onlar bu "çörəkli" məkanı bir an belə tərk etmirlər, sanki burda, kasıbçılığın girdabında ömür sürüb, elə burda da ölürlər...
Kilsə xorunun gur səslə oxuduğu dini mahnılar isə qələbəliyin uğultusu ilə çulğalaşıb çox-çox uzaqlara, yenicə oyanmağa başlayan şəhərin küçələrinə yayılıb qəribə əks-səda verir. Bəli, Parisin adi sayılan qeyri-adi günlərindən biri də başlayır...
1928-ci ilin ilıq yaz günü meydandakı oturacaqlardan birinə sığınmış yaşlı adam izdihamın uğultusunu sanki eşitmir. Yorğun və üzgün görünür, bayaqdan gözləri yol çəkir. Hiss olunur ki, ürəyi nisgildən qubar bağlayıb. Bu şəxs Azərbaycan Demokratik Respublikasının ilk xarici işlər naziri, uzun illərdən bəri Fransada mühacir həyatı yaşayan Əlimərdan bəy Topçubaşovdur.
İndicə küçədə qəzetsatan uşaqdan aldığı "Humanite" qəzetində bir xəbər oxuyub, qanı qaralıb. Yazırlar ki, Sovetlər "Brian-Kelloq paktı"na qoşulub və digər ölkələrin işğalına qarşı çıxır. Xəbər onu bərk hiddətləndirib. Çünki bolşeviklərə bələddir. Ürəyində öz-özü ilə danışır: "Sovetlərin ən böyük cinayəti elə işğalçılıq siyasətidir. Zəbt eləmədikləri torpaq qalıb ki? Ürəkləri bununla soyumur, gözləri doymur, bolşeviklərin. İndi də bu qondarma paktla dünyanın gözünə kül üfürmək isəyirlər..."
- Müsyö, sinematoqrafda əylənmək istəyirsiz? Elə bir həzz alacaqsınız ki, bu, heç nə ilə müqayisəyə gəlməz, müsyö...
Danışanda bir əli ilə hörüyünü oynadan bu çəlimsiz qızın qəfil təklifi Əlimərdan bəyi düşüncələrdən ayırdı. Əlində bir dəstə kino bileti vardı, deməli, meydandakı səyyar satıcılardan biridir. Qara gözləri, boya sürtülməmiş incə dodaqları, solğun sifəti, zövqsüz geyimi bəlli edir ki, yaşı 20-dən artıq olmaz. "Ay Allah, bu qız hardan peyda oldu? Ləhcəsindən bilinir ki, gəlmədir. Eh, bu qarışıq zamanda kimin-kim olduğunu ayırd etmək olur ki?"
- Sən hansı həzzdən danışırsan, qızım? - satıcının düz gözlərinin içinə baxdı, sözünə ara verdi, sonra meydana işarə elədi, - Gördüyün bu şəhərin özü həzz çəlləyi deyilmi?
Qız istehzanı anlamadı. Anlaya da bilməzdi. Çünki Parisdə hamı onun üçün potensial müştəridir, bilet satıb çörək pulu qazanmalıdır. Yaxşı əzbərlədiyi mətni qırıq fransız dilində birnəfəsə dedi:
- Müsyo. Sinematoqrafın görünməmiş möcüzəsi! "Caz müğənnisi" ilk səsli filmdir. Adamlar öz səsi ilə danışır, canlı musiqi eşidilir. Əsl möcüzədir! 1927-ci ildə Amerikada çəkiblər. Fürsəti qaçırmayın. Bir bilet özünüzə, bir bilet madamınıza alın, hədiyyə edin! İstəsəniz qısa məzmununu danışaram...
Əlimərdan bəy artıq deyilənləri eşitmirdi. Onun teatra, kinoya böyük rəğbəti vardı. Elə burda, Parisdə də incəsənətə olan məhəbbəti azalmamışdı. 1925-ci ildə Parisdə fransız dilində "Arşın mal alan" komediyası tamaşaya qoyulmuşdu. Əsəri fransız dilinə Ceyhun Hacıbəyli tərcümə etmişdi. Parisdə "Azərbaycan" adlı jurnalın nəşr edilməsi də mühüm mədəni hadisələrdən biri idi. Jurnal "Müsavat" partiyasının nəşri kimi 1926-cı ilin oktyabrından çapa başlamışdı.
1925-ci il iyunun 4-də Parisdə təhsil alan azərbaycanlı tələbələrin səyi ilə şəhərin Femia Teatrı səhnəsində "Arşın mal alan" komediyası təkrar tamaşaya qoyuldu. Bütün bu əlamətdar mədəni hadisələr Ə.Topçubaşovun maddi dəstəyi ilə baş tutmuşdu. Amma az keçmiş onun maddi durumu çətinləşdi.
Cümhuriyyətin süqutundan sonra mühacirətdəki hökumətin nümayəndələri və cümhuriyyət dönəmində Avropaya göndərilən tələbələr həm təhsil haqqını ödəmək, həm də mədəni-kütləvi tədbirlər keçirmək üçün gözünü ona dikmişdi: hamı elə düşünürdü ki, dünya dövlətləri Topçubaşovdan siyasi və maddi dəstəyini əsirgəməyəcək. Hamı ondan pul gözləyirdi, hamı istəyirdi ki, təhsilini, siyasi fəaliyyətini, görüşlərini, səfərlərini Topçubaşov maliyyələşdirsin.
Məcburən mühacirlik həyatı sürən bu şəxs çevrəsindəki gənclərin istəyinə qarşı çıxmırdı, əlindən gələn köməyi əsirgəmirdi. Amma kimsə Azərbaycan parlamеntinin ilk sədri Əlimərdan bəy Topçubaşovu anlamaq istəmirdi, kimsə onun maddi vəziyyətinin ağır olduğunu qəbul еtmirdi, bəlkə də inanmırdı...
Bu gün səhər Ceyhun bəydən aldığı məktub da ovqatını təlx eləmişdi. Yaxın dostuna böyük ümid bəsləyirdi. Nə fayda? Ceyhun Hacıbəyli yazırdı: "...Sizin maddi yardım barədə yazdığınız məktubu aldım. Nə şəхsən mənim özümdə, nə də nümayəndəliyin хəzinəsində pul var..."
Amma bu, heç də mücadiləyə son qoymağa əsas vermirdi. Əlimərdan bəy məğlub olmağa, geri çəkilməyə, ruhdan düşməyə adət eləməmişdi. Deməli, çətinliyə sinə gərib mübarizə aparmaq, haqq işini davam etdirmək, demokratik respublikanın azadlıq qığılcımlarını daha da şölələndirmək lazım idi.
Əlimərdan bəy qərarını vermişdi. O, sakitcə, kimsəyə minnət qoymadan bacardığını еdir, Azərbaycan istiqlalının bərpası yönündə mübarizə aparır, bütün məhrumiyyətlərə, sıхıntılara, əzablara qatlaşırdı...Çünki onun yaşadan və ruhdan düşməyə qoymayan bir işıqlı ümid var idi. Bu ümid Azərbaycanın öz müstəqilliyinə gec-tez yenidən qovuşacağına olan dərin inam hissindən qaynaqlanırdı.
Fərhad SABİROĞLU
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...