Müasir dövrdə ərazi bütövlüyü prinsipinin yeni aspektləri
XX əsrdə siyasi mədəniyyətində demokratik prinsiplərin bərqərar olduğu dövlətlər bir-biri ilə müharibə etməyib. Bu və ya digər regionda demokratik rejimlərin meydana çıxması prosesi, bir qayda olaraq, həmin ərazilərdə beynəlxalq gərginliyin və münaqişələrin səngiməsi ilə müşayiət olunur. Bu, tədqiqatçıların müəyyənləşdiridyi empirik faktdır. Təxmin etmək olar ki. möhkəmlənmiş demokratiyaların daxili xüsusiyyətləri konfliktlərin siyasi və hüquqi vasitələrlə həll edilməsini şərtləndirir. Bu isə onların həm daxili, həm də xarici münasibətlərində əks olunur və dövlətlər arasında qarşılıqlı əlaqələrin xarakterini dəyişdirir.
Xaqan Məmmədov
Bu faktı demokratik dövlətlərin siyasi oxşarlığı və siyasi struktur tiplərinin eyni olması ilə izah etmək doğru olmazdı. Məsələn, XX əsrdə siyasi təfəkkür və sosial-siyasi planda bir-birinin bənzəri olan, sosialist düşərgəsinə aid bir çox dövlətlərdə beynəlxalq münaqişə ocaqları yaranmışdı. Dövlətlərin sosial-siyasi oxşarlığı öz-özlüyündə münaqişə və müharibələrdən sığortalanmır. Xatırladaq ki, XX əsrin iki totalitar rejimi - kommunist və faşist dövlətləri ideoloji xilaskar doktrinasını əldə bayraq etmişdilər. Bu doktrinaya görə, həmin dövlətlərin əsas məqsədlərindən biri də öz ideologiyalarını bütün dünyaya yaymaq idi. Bu, öz növbəsində ekspansionist xarici siyasətin meydan sulamasına gətirib çıxarır, qaçılmaz olaraq, qarşıdurmalarla, o cümlədən də, silahlı münaqişələrlə nəticələnirdi.
Lakin beynəlxalq arenada dövlətin fəaliyyəti və iddiaları müvafiq iqtisadi, siyasi və hərbi potensiala, resurslara söykənmirsə, aparılan xarici siyasətin strateji «dalan»a dirənməsi ehtimalı artır. Ermənistan məhz belə bir vəziyyətlə üzləşib. Bu ölkənin iddialarının paradiqması iqtisadi və hərbi zəiflik, güczüslük üzərində qurulub.
Nəticədə ölkənin böhrana düşəcəyi və «Böyük Ermənistan» arzusunun puç olacağı şühbə doğurmur.
Dağlıq Qarabağ münaqişəsində ərazi faktoru başlıca rol oynayır və Ermənistanın sosial-iqtisadi maraqlarını (təbii ehtiyatlar, əhalinin sayı və s.) əks etdirir. Tədqiqatçıların qənaətinə görə, separatçı əhvali-ruhiyyəyə köklənmiş qrup və ya təbəqələrin hamısı öz maraqlarını «ümummilli», yaxud «ümumbəşəri» xarakterli məsələlərlə pərdələməyə çalışır.
Elmi ədəbiyyatda «milli maraqlar» anlayışının iki əsas yozumu və şərhi var. Bunlardan biri - liberal izahdır ki, burada milli maraqlar inkişaf etmiş demokratik ölkələrdə vətəndaşların ümumiləşmiş maraqları kimi anlaşılır. Xarici siyasət sahəsində ölkənin qarşısında duran vəzifələr, o cümlədən də, dövlət maraqları bu konsepsiyaya söykənir. Nəticə etibarilə, ilk növbədə, iqtisadi, siyasi, hərbi sferalarda vətəndaşların maraqları qorunur və onların təhlükəsizliyi təmin edilir. Bu cür mexanizmlər yetkin vətəndaş cəmiyyəti olan demokratik ölkələrin xarici siyasətinin formalaşmasını şərtləndirir.
Alim-siyasətçilərin başqa bir qrupu digər konsepsiyanı dəstəkləyir-burada milli maraqlar dövlətin maraqları ilə eyniləşdirilir, yəni «milli-dövlət» maraqları anlayışına üstünlük verilir. Bu konsepsiyanı dərindən təhlil edərkən məlum olur ki, etnik zəminə əsaslanan spesifik bütövlük kimi, dövlətin maraqları ilə millətin maraqları eyniləşdirilə bilməz.
Məsələnin bu şəkildə qoyuluşu, qaçılmaz olaraq qonşu dövlətlərlə ixtilafa gətirib çıxarır, çünki bu, istər-istəməz, həmin dövlətin xarici siyasətində separatizm meyillərinin artması ilə nəticələnir. Bu isə ölkənin gücündən yox, dövlətin bürokratik strukturlarının zəifliyindən xəbər verir. Bu strukturlar demokratik nəzarət şəraitində effektiv işləməyə qadir olmadığı üçün dövlətin konstitusiya hədəflərini mifik «böyüklük» ideyaları ilə əvəzləyir. Ermənistan kimi monoetnik dövlətdə bu, «Böyük Ermənistan» mifi kimi meydana çıxır. Ermənistanla Azərbaycan arasındakı münaqişə, əsassız ərazi iddiaları, qonşu dövlətə sırınmış müharibə - bütün bunlar məhz həmin mifin doğurduğu fəsadlardır.
Beləliklə, «soyuq müharibə»dən sonra yaranmış dövlətlərarası münaqişələrin özəlliklərindən biri də onların daxili konfliktlərlə bağlı olmasıdır. Dövlətlər arasında ziddiyyət yaradan faktorlardan biri tərəflərdən birinin daxilində yaşanan təbəddülatların doğurduğu nəticədir. Çünki etnik siyasətin bu şəkildə aparılması hansısa azlığın yeni liderlərinin daha çox səlahiyyət əldə etmək istəyini şərtləndirir. Onlar mövcud dövlət sisteminin legitimliyini şübhə altına alır, bütün vasitələrdən yararlanaraq, azlığın öz müqəddəratını müəyyən etmək hüququnu qabardır, onu beynəlxalq siyasi sistemin bərabərhüquqlu subyekti kimi qələmə verməyə çalışırlar. Dağlıq Qarabağ konflikti məsələsində Ermənistanın separatizmi dəstəkləməsi bir yana, açıq şəkildə münaqişə tərəflərindən birinə çevrilməsi yuxarıda söylədiklərimizi bir daha sübuta yetirir.
80-ci illərin sonunda, SSRİ-də yenidənqurma siyasətinə start verildikdən sonra Ermənistanda leqal əsaslarla bir çox ictimai «qeryi-formal» təşkilatlar yarandı. Onlardan erməni ümummilli hərəkatı Qarabağ münaqişəsindən istifadə etməklə hakimiyyətə yiyələnmək planını gerçəkləşdirməyə başladı.
İrəvanda keçirilən kütləvi nümayişlər, mitinqlər, imzatoplama kampaniyaları, Qarabağın Ermənistana birləşdirilməsini tələb edən bəyannamələr, könüllü dəstələrinin formalaşdırılması - bütün bunlar hakimiyyətdə qalmaq istəyən dövlət rəhbərliyinin heç bir hüquqa söykənməyən addımlar atması ilə nəticələndi. 1988-ci il, iyunun 15-də Ermənistan Ali Soveti DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul etdi. Azərbaycan Ali Soveti və SSRİ Ali Soveti bu qərarın hüquqi qüvvəsi olmadığını bəyan etdi və beləliklə, dövlətlərarası münaqişənin əsası qoyuldu.
Ermənistanın daxilindəki siyasi qüvvələrin hakimiyyətə gəlmək üçün Dağlıq Qarabağ problemindən istifadə etdiyi heç kəsdə şübhə doğurmur. Ter-Petrosyan hakimiyyətə yiyələndikdən sonra başa düşdü ki, Qarabağın Ermənistana birləşdirilməsi ideyasını praktik olaraq həyata keçirmək mümkün deyil - bu, təkcə Azərbaycanla qanlı müharibəyə gətirib çıxarmayacaq, həm də ölkənin beynəlxalq aləmdən təcrid olunması ilə nəticələnəcək. Ermənistan rəhbərliyi tamamilə başqa mövqe tutaraq, Qarabağ münaqişəsində birbaşa iştirakını danmağa, özünü «üçüncü tərəf» kimi qələmə verməyə başladı. 1992-ci il fevralın 18-də Ermənistan bəyan etdi ki, DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı ölkənin Ali Sovetinin 1988-ci il 15 iyun tarixli qərarı artıq qüvvədən düşmüş sayılır və bu məsələdə Ermənistan beynəlxalq hüququn normalarına əməl edəcək. Lakin yeni siyasi xətt baş nazir R.Köçəryan və müdafiə naziri V.Sarkisyanın güclü müqaviməti ilə üzləşdi və nəticədə Ter-Petrosyan istefa verməli oldu. 1998-ci il martın 30-da Ermənistan respublikasının yeni prezidenti R.Köçəryan oldu.
Aydındır ki. Qarabağ münaqişəsi olmadan Ermənistanın indiki iqtidarı hakimiyyətdə qala bilməz. Bu iqtidar maksimalist şüarlarla manipulyasiya edərək, öz sələflərinin «məğlubiyyətçi» siyasətini tənqid etməklə məşğuldur. Ermənistan rəhbərliyi danışıqlar görüntüsü yaradır, bütün vasitələrlə münaqişənin həllini uzatmağa çalışır və bunun üçün öz suverenitetini məhdudlaşdırmağa belə razı olur.
Ermənistanın xarici siyasətinin əsas hədəflərindən biri də beynəlxalq səviyyədə «erməni soyqırımı»nın qəbul edilməsi məsələsidir. Erməni siyasətçiləri nüfuzlu beynəlxal təşkilatlarda (BMT, Avropa Şurası Parlament Assambleyası və s.) daim bu məsələni gündəmdə saxlamağa çalışırlar. Ermənistan gizlətmir ki, bu «problem» uydurma soyqırımını qəbul etməyən qərb dövlətlərinə təzyiq vasitəsi - Dağlıq Qarabağ böhranının tənzimlənməsi ilə bağlı danışıqlar prosesində Ermənistanın diplomatik müdafiəsini təmin edə biləcək faktorlardan biri kimi nəzərdə tutulur. Məlum olduğu kimi, 2000-ci ildə Amerika Konqresi «erməni soyqırımı» qanun layihəsini müzakirə etməyi planlaşdırmışdı. Yalnız prezident Klintonun şəxsi müdaxiləsindən və bu halda «Amerikanın milli maraqlarının zərər görəcəyi» ilə bağlı xəbərdarlığından sonra bu məsələ gündəmdən çıxarıldı. Ancaq Fransada J.Şirak və L.Jospen deputatlara birbaşa təzyiq göstərməkdən çəkindilər, çünki bu ölkədə erməni diasporunun təsiri çox güclüdür. Ermənistan «soyqırım»ı qəbul edən ölkələrdən psixoloji dəstək alaraq, öz tarixi iddialarını Dağlıq Qarabağ ermənilərini «növbəti dəfə» xilas etmək siyasəti ilə pərdələməyə çalışır.
Ermənistanın daxili siyasətində demokratik prinsiplərin və insan haqlarının kobud şəkildə pozulması (bütün qeyri-erməni əhalinin ölkədən və DQMV ərazisindən qovulub çıxarılması, rejimin totalitar mahiyyəti və s.), xarici siyasətində isə «Böyük Ermənistan»ın yaradılması naminə heç bir beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi paradiqması üstünlük təşkil edir.
Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin təhlili göstərir ki, nəticə etibarilə münaqişənin başlıca faktoru Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, əsas səbəbi isə erməni ekstremistlərinin millətçilik ideologiyası və Ermənistanın daxilində davamlı olaraq tüğyan edən siyasi böhrandır.
Tərcümə edən: Etimad Başkeçid
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...