Ermənistan - Azərbaycan münaqişəsi: səbəb və nəticələr

Ermənistan - Azərbaycan münaqişəsi: səbəb  və nəticələr

Xaqan MƏMMƏDOV

Strateji mövqeyi və zəngin karbohidrogen ehtiyatları ilə seçilən Xəzər dənizi hövzəsi müxtəlif iqtisadi və ticari maraqların daim rəqabətdə olduğu bir məkandır, Azərbaycan isə hazırda bu regiona nüfuz etmək istəyən böyük dövlətlər tərəfindən vacib geostrateji və iqtisadi dayaq nöqtəsi kimi nəzərdən keçirilir.

Cənubi Qafqaz regionu böyük inkişaf potensialına malikdir - bunu sözügedən ərazilərin resursları, geosiyasi mövqeyi, buradakı ölkələr üçün ümumi səciyyə daşıyan mənəvi-mədəni irs və s. kimi faktorlar şərtləndirir. Lakin bu potensial yalnız siyasi və hərbi-siyasi stabillik şəraitində reallaşa bilər. Digər hallarda bir çox obyektiv və subyektiv səbəblər bu imkanların reallaşmasına əngəl törədir ki, bunlardan biri də etnik konfliktlərdir.

Ərazinin inkişaf tarixinin təhlili göstərir ki, Qafqaz böyük imperiyaların iştilasına məruz qaldıqdan sonra region dünyanın ən qeyri-stabil rayonlarından birinə çevrilib. «Soyuq müharibə» başa çatdıqdan sonra Avrasiyanın enerji ehtiyatları və onların daşınması üzərində nəzarət məsələsi gündəmə gəldi. Hazırda regionda neft və geosiyasi nüfuz uğrunda mübarizəyə yalnız ölkələr yox, özəl kompaniyalar da qoşulublar.

Qafqazdakı münaqişə ocaqları həm region dövlətlərinin mövqeyinə və imkanlarına, həm də bütövlükdə MDB-nin geosiyasi vəziyyətinə təsir göstərir. Belə ki, region ölkələri istər Şimal və Cənub, istərsə də Şərq və Qərb arasında nəhəng nəqliyyat-kommunikasiya dəhlizi yaratmaq şansı əldə ediblər. Milli təhlükəsizlik, konfliktlərin həlli, davamlı sülhün və sabitliyin yaradılması məsələləri ilə bağlı Qafqazın yeni dövlətlərinin qarşısında ciddi problemlər durur.

Neft uğrunda mübarizə, millətlərarası ixtilaflar, qeyri-müəyyənlik, Qafqazın təhlükəsizliyini təhdid edən faktorlardır. «Tarixi torpaqlar»ını birləşdirmək üçün dəridən-qabıqdan çıxan erməni separatçıları DQMV-nin erməni əhalisinin hüquqlarını qorumaq bəhanəsiylə böyük iddialar irəli sürməkdədir. Onların məqsədi ilk növbədə etnik prinsiplər əsasında adminstrativ bölgünün aparılmasına nail olmaq idi. Nəticə etibarilə, bu hərəkətlər ərazinin qeyri-erməni əhalisinin sıxışdırılıb çıxarılmasına, dinc sakinlərə qarşı terror aktlarının həyata keçirilməsinə, «etnik təmizləmə» siyasətinin aparılmasına gətirib çıxardı. Unutmayaq ki, bütün bu cinayət tərkibli hadisələr «tarixi ədaləti bərpa etmək» çağırışları ilə müşayiət olunurdu.

Qeyd etmək lazımdır ki, bu və ya digər torpaqlarda kimin daha əvvəl məskunlaşması ilə bağlı mülahizələr, müasir sərhədlərin hansı əsaslarla təftiş edilməsi cəhdləri heç vaxt səmərəli nəticələr verməyib, əksinə, həmişə millətçiliyi və münaqişələri daha da qızışdırıb. Erməni separatizminin hərəkətverici faktoru «tarixi ədalətsizlik»lə bağlı onların şüurunda formalaşmış təsəvvürlərdir. Onların milli ideyasının özünəməxsus «motor»u rolunda isə Avropa və ABŞ-dakı çoxsaylı erməni diasporları çıxış edir.  Bunlar, bir qayda olaraq, yaxşı təşkilatlanmış, öz vətənləri ilə əlaqələrini qoruyub saxlamış diaspor cəmiyyətləridir.

Ermənistanın əksər rayonlarında, eləcə də, DQMV-də azərbaycanlılarla ermənilər onilliklər boyu birgə yaşadıqları üçün, bu regionda dinc yolla monoetnik dövlətin yaradılması mümkün deyildi.

«Soyuq müharibə»dən sonra meydana gəlmiş Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin öz tarixçəsi var. Hadisələri doğru-düzgün təhlil edə bilməyimiz üçün, qısaca olaraq, konfliktin tarixinə nəzər salaq.

«Erməni məsələsi»nin ilk rüşeymləri hələ XVIII əsrdə cücərməyə başlamışdı. Bütün Türkiyə ərazisinə yayılmış ermənilər özlərinin ticarət burjuaziyasını formalaşdırmağa nail olmuşdular. Qərb kapitalizmi Yaxın Şərqə nüfuz etməyə başladıqdan sonra, Qərb dövlətləri orta səviyyəli erməni burjuasiyasının dəstəyini əldə edərək, Türkiyənin natural təsərrüfatını dağıtmaq məqsədi ilə onlardan istifadə etməyə başladılar. Bir yandan çar Rusiyası, «Xristianları müsəlman Türkiyəsinin zülmündən azad etmək» şüarları ilə pərdələnərək, Qara dəniz, Bosfor və Dardaneli ələ keçirməyə çalışır, digər tərəfdən isə, Yaxın Şərqdə Rusiyanın əsas rəqibi olan İngiltərə onun bu cəhdlərinin qarşısını alaraq, öz niyyətlərini gerçəkləşdirməyə səy göstərirdi. İngiltərə ermənilərə «dənizdən dənizə, Böyük Ermənistan» vəd etmişdi. Eyni zamanda İngiltərə Türkiyə ilə məxfi müqavilə əsasında Kipri ələ keçirmiş, əvəzində isə Rusiya təhlükəsinə qarşı birgə fəaliyyət göstərəcəyinə söz vermişdi. Beləliklə, Türkiyə erməniləri himayədən məhrum oldu. Lakin buna baxmayaraq, erməni separatçıları «Böyük Ermənistan» sevdasından əl çəkmədilər.

Azərbaycana gəlincə, XVIII əsrdə «parçala, hökm sür» siyasətini əldə rəhbər tutaraq, Azərbaycana yiyələnmək istəyən qüvvələrin mübarizəsi Bakı, Qarabağ, Quba, İrəvan, Naxçıvan və s. kimi xanlıqların meydana gəlməsinə gətirib çıxardı.  XVIII-XIX əsrlərin qovşağında Qafqazda nüfuz savaşı aparan İran, Türkiyə və Rusiya arasında ziddiyyətlər kəskinləşdi və bu, Azərbaycan xalqının taleyinə təsirsiz ötüşmədi.

Çoxsaylı elmi araşdırmalar nəticəsində sübuta yetirilib ki, e.ə. III əsrdən XIX əsrə, yəni Rusiya imperiyasının tərkibinə daxil edildiyi vaxta qədər, Qarabağ həmişə tarixi Azərbaycan dövlətlərinin ayrılmaz tərkib hissəsi olub.

1721-ci ildə İsveçlə Niştad sülh müqaviləsini imzaladıqdan sonra Rusiya çarı I Pyotr Xəzər dənizi hövzəsindəki torpaqlara göz dikdi və 1723-cü ildə Bakını işğal etdi. Əsasən müsəlmanların məskunlaşdığı bu ərazilərdə möhkəmlənmək üçün I Pyotr müəyyən tədbirlər görməyə başladı. O, xristianların, o cümlədən də ermənilərin bu torpaqlara köçürülməsini zəruri hesab edirdi. I Pyotrun yürütdüyü bu siyasəti sonralar çar Rusiyasının başqa hökmdarları davam etdirdi. 1802-ci ildə çar I Aleksandr N.Sisyanova məktubunda yazırdı: «Nəyin bahasına olursa olsun, bu və ya digər Azərbaycan xanlıqlarında ermənilərdən istifadə olunmalıdır». Çar Rusiyasının imperiya siyasətinə alət olmuş erməni millətçiləri fürsətdən istifadə edərək, «Böyük Ermənistan» xülyasını hər vəchlə gerçəkləşdirməyə çalışırdılar. General Yermolov 1817-ci ildə Qafqaza gəldikdən sonra, demək olar, bütün xanlıqlar öz müstəqilliyini itirdi, Qarabağ hakimi Mehdiqulu xan İrana sığınmağa məcbur oldu. Türkmənçay müqaviləsinin (10 fevral, 1828-ci il) 3-cü bəndinə əsasən İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın tərkibinə daxil edildi. Türkmənçay müqaviləsi bağlandıqdan dərhal sonra I Nikolayın 21 mart, 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının torpaqlarında «Erməni vilayəti» inzibati-ərazi vahidi yaradıldı. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, İran ermənilərinin kütləvi şəkildə Qarabağ, İrəvan və Naxçıvan ərazilərinə köçürülməsi prosesinə start verildi: «...bu gündən başlayaraq, öz ailəsi ilə sərbəst şəkildə İrandan Rusiya ərazisinə keçmək üçün sakinlərə bir il vaxt verilir...». 1829, 1878-ci illər Rusiya - Türkiyə müharibələrindən sonra da analoji hadisələr baş verdi.

Bütün bunlara baxmayaraq, XIX əsrdə İrəvan quberniyası, Bakı və Gəncə quberniyalarından sonra, azərbaycanlıların ən çox yaşadığı üçüncü bölgə idi. Lakin 1905-1906-ci illər erməni-müsəlman davası və 1918-ci ilin mart hadisələri bu quberinyada azərbaycanlıların sayının xeyli azalmasına səbəb oldu. Bununla belə, Sovet hakimiyyəti qurulandan sonra da Dağlıq Qarabağ zonası Azərbaycanın tərkibində saxlanıldı.

MK Kavbürosunun 5 iyul, 1921-ci il tarixli qərarında deyilirdi: «...müsəlmanlarla ermənilər arasında milli barışıq zərurətini, Yuxarı və Aşağı Qarabağın Azərbaycanla daimi iqtisadi əlaqələrini nəzərə alaraq, Dağlıq Qarabağa geniş muxtariyyət verməklə, onu Azərbaycan SSR-nin tərkibində saxlamağa qərar verilir».

SSRİ-də həyata keçirilən yenidənqurma və aşkarlıq prosesləri yeni torpaq iddialarının meydana çıxmasını şərtləndirdi. Erməni millətçiləri hərəkətə keçərək, azərbaycanlılıları Ermənistandan və Qarabağdan qovub çıxarmağa başladılar. Nəticədə, Azərbaycanın işğal edilmiş şəhər və kəndləri xarabazara çevrildi, yüz minlərlə insan çadır şəhərciklərinə sığındı, erməni yaraqlıları isə hələ də terror əməllərini davam etdirirlər.

Dünya ictimaiyyəti bilir ki, bu münaqişə nə «köhnə düşmənçiliyə», nə də dini və mədəni ixtilaflara söykənir. Konfliktin əsl səbəbləri daha prozaik səciyyə daşıyır: bu, regional faktorlarla xarici qüvvələr arasında maraqların toqquşması və sadəcə olaraq, torpaq uğrunda aparılan mübarizədir. Bu mövzuda olan bir tətqiqat işində sülhyaratma prosesləri ilə neft boru xətlərinin marşrutları arasında açıq əlaqənin olduğu qeyd edilir. Sülhyaratma problemləri və neft diplomatiyası mürəkkəb geosiyasi düyün əmələ gətirib. Əvvəlcə böyük dövlətlər münaqişələrdən və neftdən geosiyasi manipulyasiya vasitəsi kimi istifadə etdiklərini gizlətməyə çalışırdılar. Təsadüfi deyil ki, neft oyunlarının və sülhyaratmanın əsas kuratorları (ABŞ və Rusiya) konfliktlərin geosiyasi səbəblərini, eləcə də, konfliktlərlə neft boru xətləri layihələrinin arasındakı əlaqəni pərdələməyə üstünlük verir, münaqişələrin «daxili» motivlərini qabartmağa çalışırlar. Bütün bunlara baxmayaraq, müəllif hesab edir ki, böyük dövlətlər, hər halda, regionda sülhün və stabilliyin bərqərar olmasında maraqlıdırlar. Davam edən münaqişələr, başlıca olaraq, separatist qrupların millətçi ideologiyasından bəhrələnir və münaqişənin ədalətli həllinə yalnız yüksək siyasi mədəniyyət zəmin yarada bilər.

 

Tərcümə edən: Etimad BAŞKEÇİD

 

 

VƏ DİGƏR...