Bu dünyanın Əşrəfi

Bu dünyanın Əşrəfi

"Təsadüfdən zərurət doğur". Dünyanın ağıllı adamlarından birinin fikridir. Çox olub ki, təsadüf sayılan hansısa bir anın içində insan talelərində həlledici məna kəsb edən zərurətlər meydana çıxır. Rəssam Əşrəf Heybətlə mənim tanışlığım və dostlaşmağım kimi.

Azərbaycanın Almaniyadakı səfirliyində işimi bitirib eşiyə çıxdım, elə səfirliyin avtomobilinə əyləşmək üçün kabinanın qapısını açmışdım ki, bir nəfər mənə yaxınlaşdı:

- Üzr istəyirəm, Bonnun mərkəzinə gedirsinizsə məni də apara bilərsinizmi? - dedi.

Təmiz azərbaycanca müraciətinə elə azərbaycanca da cavab verdim:

- Məmnuniyyətlə. Əyləşin!

Səfirliyimiz o zaman Bonndan bir qədər aralı Bad-Qodesberqdə qərarlaşmışdı. Odur ki, Bonna avtomobillə getmək zərurəti vardı. Nə isə, elə maşındaca tanış olduq. Əşrəf Heybət özü barədə qısa məlumat verdi: "Rəssamam. Almaniyaya təzəcə köçmüşəm. Koblents şəhərində yaşayıram. Səfirlikdə bir balaca işim vardı".

Mən də özümü təqdim etdim (Deyim ki, bu görüş 1991-ci ilin payızında baş tutmuşdu).  AFR-ə gəlişimin səbəbini anlatdım:

- Avropanın bir çox ölkələrini gəzərək, soydaşlarımızı arayıb axtarıram, üzərində çalışdığım "Yol" kitabının birinci hissəsi üçün faktlar toplayıram. Özünüz öz ayağınızla qarşıma çıxmısınız. İndi hər ikimiz tələsirik. Telefon nömrəsini lüftən mənə verin. Sağlıq olsun, sabah-birisigün zəngləşib ətraflı söhbət etsək lap yerinə düşər. Elə axtardığım soydaşlarımızdan biri də sizsiniz...

...Xülasə, ayrıldıq. İki gün sonra yenidən görüşdük. Özüylə gətirdiyi kataloqda əsərlərini gözdən keçirdim. Çox mehriban və istiqanlı bir insan, istedadlı rəssam kimi ürəyimə yatdı. Aramızda xoş münasibət yarandı. Onun Köln şəhərindəki Türkiyə Mədəniyyət Mərkəzində rəngkarlıq əsərlərinin sərgisinin açılışında da iştirak etdim və seyrçilərin azərbaycanlı fırça ustasının müxtəlif səpkili tablolarına sonsuz marağının canlı şahidi oldum.

Bundan sonra Almaniyaya hər səfərimdə mütləq onunla zəngləşib görüşürdük. Ən maraqlısı da bu idi ki, sənət və sənətkarlıq, təsviri sənətdəki cərəyanlar, yeni baxışlar və s. barədə fikirlərimiz üst-üstə düşürdü. Odur ki, Almaniyada ezamiyyətdə olduğum müddətdə onsuz keçirdiyim günlər az olurdu. O da, görünür, mənə alışmışdı. Hiss edirdim ki, aramızdakı səmimiyyət hər şeyi üstələyir. Həmin təsadüfi görüşdən yaxşıca bəhrələnmişdik və "təsadüfdən zərurət doğar" anlamı hər ikimiz üçün vacib komponentə çevrilmişdi.

Bu yaxınlarda mənə olan telefon zəngindən məlum oldu ki, Bakıdadır. 65 illiyi münasibəti ilə burada fərdi yaradıcılıq sərgisinin açılışına hazırlaşır. Təbii ki, sevindim. Mən də ona şad xəbər verdim: "Yol" kitabının ikinci cildində AFR-də yaşayan bir sıra soydaşlarımız sırasında rəngkar dostum barədə yazdığım qeydlər də oxuculara təqdim olunacaq...

Əşrəf Heybət 1951-ci ildə İçərişəhərdə doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Tbilisi Rəssamlıq Akademiyasını bitirib. Ali təhsilini başa vuran gənc rəssam doğma şəhərindən ayrılmalı olur. Məsələ burasındadır ki, 1980-ci ildə Moskvada Olimpiya oyunları keçirilməliydi. İdman obyektlərindən birinin tərtibatı üzərində işləmək üçün Əşrəf monumentalçı rəssam kimi ora dəvət aldı. O zamankı Moskva mühitində böyük ziyalılarla, sənətkarlarla ünsiyyəti, dostluğu onu bu şəhərdə qalıb işləməyə sövq etdi. İctimai-siyasi, mədəni mühitə uyğunlaşan gənc və istedadlı rəssam bir-birinin ardınca sərgilərinin təşkilinə nail oldu.

Əşrəf həmin dövrü belə xatırlayır:

- Həmin sərgilərdən ən çox yadımda qalanı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda açılan ilk fərdi sərgimdir. Hörmətli Prezidentimiz İlham Əliyev o zaman həmin ali təhsil ocağında müəllim kimi çalışırdı. Məhz onun və Moskvadakı digər azərbaycanlı ziyalılarımızın yaxından köməyi sayəsində əsərlərimin nümayişi baş tutdu.

Rəssamın bu sərgidə qazandığı uğur ona qol-qanad verdi. Onun əsərlərində Şərqlə Qərbin ecazkar vəhdətini görən sənətsevərlər bu tabloları böyük maraqla qarşıladılar. Bu sırada soydaşımızın yaradıcılığı ilə bağlı iki rəyi oxucuların diqqətinə çatdıraq:

Tahir Salahov,

Xalq rəssamı:

"Mən bir daha əmin oldum ki, Əşrəf öz xalqı, Abşeron və Bakı haqqında böyük bir səmimiyyətlə, ürək yanğısı və qəlb açıqlığı ilə söhbət açan əsl sənətkardır. Əşrəf Heybətin hər bir əsəri qiymətlidir. O, rəssamlıq peşəsinə ustad sənətkar kimi çox ciddi və məsuliyyətlə yanaşır:

Çingiz Abdullayev,

Xalq yazıçısı:

"Əşrəf öz işinin ustası olan bir yaradıcı insandır. Mən onun rəsmlərində rəngkarın Şərqin mistik və sehrli atmosferiylə Qərbin modern materialist düşüncəsini birləşdirmək kimi böyük bir hünərin olduğunu görürəm. Məncə, Əşrəf Heybət öz fantaziyasını müxtəlif rənglərlə kətan üzərinə köçürə bilən mahir bir sənətçidir".

Əşrəf Heybət barədə yüksək fikirlər onun əsərlərinin sərgidən-sərgiyə püxtələşdiyinə, cilalandığına, daha da inkişaf etdiyinə əyani sübutdur.

Rəssam Moskvada 18 il yaşadı. Ancaq müəyyən çərçivələrə uyğunlaşmaq ona çətin gəlirdi. Azad, sərbəst, ilhamlı yaradıcılıq ab-havasının intizarındaydı. Bilirdi ki, planetin çox ölkəsində rəssam öz dünyasında sərbəstdir. Nəhayət, Sovet imperiyası çökdü və bir çox yaradıcı adam kimi Əşrəf Heybət də öz hisslərinin sərbəst ifadəsi üçün imkanlar qazandı. Çox da fikirləşmədən Almaniyaya üz tutdu. Əvvəlcə Mayns şəhərində yaşadı. Qəriblik onu tezliklə həmvətənlərini tapmağa, onlarla görüşlərə sövq etdi. Almaniya Federativ Respublikasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Hüseynağa Sadıqovla görüşüb, ona Maynsda Bakı Mədəniyyət Cəmiyyəti yaratmaq arzusunu bildirdi. Səfir rəssamın nəcib niyyətini alqışladı və ona dəstək verdi. Əşrəf Almaniyadakı çoxsaylı sənətkarları bu ocağa yığdı. Məqsəd bir idi - Azərbaycanı təbliğ etmək və müstəqil ölkəmizin dostlarının sayını çoxaltmaq...

Əşrəf Heybət yaratdığı yağlı boyalı tabloların hər birində mikro Azərbaycanın təcəssümünə ciddi səy göstərir, istəyir ki, bu tabloların hamısı birlikdə qədim yurd yerimizin toplu halda ecazkarlığını dolğun təcəssüm etdirsin. Hər halda "İçərişəhərin küçələri", "Azərbaycan süitası", "Bakı", "Abşeron", "Şərq məhəbbəti" əsərlərinin sehrinə düşən qərib soydaşlarımız nisgili, vətən həsrətini bir anlıq unudub, xəyalən qədim Odlar diyarını dolaşırlar.

1990-cı ilin yanvar faciəsi hər bir azərbaycanlının qəlbində əbədi bir yaradır və bu hiss, ağrı bizləri heç zaman tərk etməyəcək. Odlar yurdu barədə silsilə tablolar yaradan Əşrəf həmin faciəli hadisənin də təcəssümünə nail olub. Onun "20 yanvar" pannosu yüksək sənətkarlıqla işlənməsi, mövzunun dinamik həlli baxımından böyük dəyər kəsb edir. Tariximizin bu qanlı səhifəsi ilk dəfə olaraq məhz Əşrəf Heybətin monumental pannosunda özünün bədii təcəssümünü tapıb.

Vatikanda ilk dəfə olaraq müsəlman rəssamın sərgisinin açılışı yalnız bizim məmləkətimiz üçün deyil, bütün islam dünyası üçün xüsusi məna kəsb edir. Həmişə doğma Azərbaycanı özünün əsas yaradıcılıq mövzusu seçən istedadlı fırça ustasının heç kəsin gözləmədiyi halda "Bibliya" motivlərinə müraciətlə yaratdığı süjetli tabloları çox böyük marağa səbəb oldu. İncəsənət tarixində hələ heç zaman olmayıb ki, sırf milli düşüncəli rəssam, türk dünyasının yetirməsi "Bibliya" süjetlərinə müraciətlə əsərlər ərsəyə gətirsin. Əşrəf belə bir yaradıcılıq imtahanını da verdi və nəticədə tabloları yalnız Vatikanda, Romada deyil, Avropanın bir sıra xristian ölkələrinin ictimaiyyəti arasında böyük maraq oyatdı.

Həmin tablolar silsiləsi Vatikandan sonra Avropanın bir sıra digər ölkələrində - İsveçrədə, Belçikada və s. məmləkətlərdə də nümayiş etdirildi. Qeyd edək ki, Vatikanın "Kanselariya sarayı" muzeyində bir qayda olaraq klassik rəssamların əsərlərinin sərgisi düzənlənir. Muzeyin tarixində ilk dəfə soydaşımız Əşrəf Heybətin simasında müasir fırça ustasının tabloları sərgiləndi.

Bir qədər sonra Əşrəf Heybət müsahibələrinin birində deyəcəkdir: "Sərgiyə gələnlərin sayı çox idi. Xüsusən rəsmi şəxslərə burada tez-tez rast gəlmək olardı. Hamısı da müxtəlif suallarla mənə müraciət edirdi. Kardinallardan biri "Məxfi axşamlar" tablosunu göstərib məndən soruşdu: "Da Vinci şifrəsi" kitabını oxumusunuzmu?" Dedim "Bəli". Dərhal tablodakı bir fiqura işarə ilə "Bəs bu Mariya deyilmi?" - deyə soruşdu. "Yox!" deyə qətiyyətlə bildirdim. Yanımda olan səfirimiz Elçin Əmirbəyov yavaşca pıçıldadı: "Sağ ol. Bu, provakasion sual idi. Yaxşı ki, belə cavab verdin..."

Məsələ burasındadır ki, katolik kilsənin, mübahisəli "Da Vinci şifrəsi" romanına və bədii filminə mənfi münasibətlərindən xəbərdardım. Ona görə də başağrısı olmasın deyə, ayrı cür cavab verə bilməzdim. Ertəsi gün Vatikanın dövlət katibi, iki-üç gündən sonra isə İtaliya müsəlmanlarının başçısı sərgiyə baş çəkdi..."

Vatikan radiosu Əşrəf Heybətin yaradıcılıq sərgisinin uğuru barədə 30 dəqiqəlik veriliş səsləndirdi. Almaniyada nəşr olunan "Beynəlxalq xristian qəzeti"ndə dərc olunan irihəcmli resenziyada sərginin açılışı Vatikanın həyatında "görünməmiş hadisə" və "əhəmiyyətli ölçüyəgəlməz" kimi səciyyələndirildi, Əşrəf Heybət yaradıcılığı yüksək dəyərləndirildi.

Romadakı kinostudiya sərginin açılışından film çəkdi, həmin lent AFR-in alman və rus telekanallarında göstərildi. Vatikan qəzetlərində də sərgi geniş işıqlandırıldı.

Soydaşımızın Avropa şəhərlərində fərdi yaradıcılıq sərgiləri bir-birini əvəz edir. Berlin, Brüssel və daha neçə-neçə Avropa şəhərlərində tələbkar sənətsevərlər azərbaycanlı fırça ustasının yaradıcılıq işi ilə tanış olaraq, ümumən bizim milli incəsənətimiz, məmləkətimiz, xalqımız barədə yeni məlumatlara sahib olurlar.

Biz şöhrətli soydaşımıza daha böyük uğurlar arzulayır, yubileyi münasibətilə onu ürəkdən təbrik edirik.

 

Fazil RƏHMANZADƏ

 

 

 

VƏ DİGƏR...