1918-ci ilin mart hadisələri sənədlərdə
1918-ci ilin mart ayında Bakıda və Azərbaycanın digər yerlərində baş vermiş qanlı hadisələrin iştirakçısı və şahidi olmuş şəxslərin xatirə və qeydlərinin hamısı, təəssüf ki, günümüzə qədər gəlib çatmayıb. Onlardan bəziləri NKVD tərəfindən məhv edilib, bəziləri isə hələ də üzə çıxarılmayıb. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da bu barədə materiallar o qədər də çox deyil.
Mirzəbala Məhəmmədzadə 1920-ci ilin 31 martında qanlı faciənin ikinci ildönümü münasibəti ilə “İstiqlal” qəzetində çap etdirdiyi “Mart günləri” məqaləsində yazırdı: “1918-ci sənənin qanlı mart günləri Azərbaycan türklərində oyanmış istiqlal və hürriyyəti-milliyyə fikrini məhv etmək üçün bolşeviklər Azərbaycan məbədgahını bombardman və xəlqini qılıncdan keçirməyə məcburiyyət hiss etmişdi və bu yolda müavinət üçün qanlı daşnak bandalarına müraciət edib, Azərbaycan tarixində unudulmayacaq qanlı bir xatirat buraxmışdı”.
Qanlı faciənin şahidləri qırğında bolşeviklərlə erməni daşnaklarının birgə fəaliyyət göstərdiklərini, azərbaycanlılardan ibarət ayrı-ayrı silahlı dəstələrin düşmənə qarşı qəhrəmancasına mübarizə apardığını söyləyirlər. 1918-ci ilin mart hadisələri, bir tərəfdən, Azərbaycan tarixinə böyük bir faciə kimi düşmüşsə, digər tərəfdən, hər birimizin iftixar hissi ilə yad etməli olduğumuz qəhrəmanlıq səfihələrini təşkil edir.
***
Görkəmli yazıçı, şair, ədəbiyyatşünas Əliabbas Müznibin (1882-1938) Əlyazmalar İnstitutunda saxlanılan arxivindəki cib dəftərçəsində 1918-ci il mart qırğınına dair qeydləri diqqəti cəlb edir. “Bakıda millət müharibəsi. Müsəlman ilə erməni və rus davası” başlığı altında gedən yazıda hadisələr başlandığı saatdan təsvir edilir: “18 cəmadiyil-axər 1336-və 18 mart (yeni təqvimlə 31 mart) 1918-ci il yekşənbə günü günortadan sonra saat beşdə Bakının yuxarı məhəlləsi ilə şimal cəhətində müsəlmanlarla zahirən bolşeviklər arasında müharibə başlanmışdır. Fəqət, bu müharibədə yalnız ruslar iştirak etməyib, ermənilər dəxi şiddətli surətdə müsəlmanların əleyhinə fitva açmışlar. İlk atışmada əhəmiyyətli tələfat olmamışdır. O günün gecəsi müsəlmanlarımız hücum edərək, böyük qazarmanı atəş saçmaqda olan toplar ilə [birlikdə] zəbt etmişlər və düşmən əsgərlərini Bakının şimal-şərq cəhətinə sıxışdırmışlar”.
Əliabbas Müznib yalnız tüfənglərlə silahlanmış azərbaycanlıların və onlara yardım edən I Dünya Müharibəsində əsir düşmüş türk əsgərlərinin nizamsız dəstələrinin şücaətindən fəxrlə danışır, qəhrəmanlıq nümunələri göstərmiş bir sıra şəxslərin adlarını çəkir: “Düşmənlər Kərpicbasana çəkilmişdilər. Qayət qırğın bir hal kəsb edən bugünkü davada şəhər atıcılarından Teymur bəy, Nəcəfqulu Rzaqulu oğlu, novxanılı Məhəmmədhüseyn, məhəmmədili Şiruyə öz dəstələrilə iştirak edirdi. Əsir türk zabitləri də onların yardımında bulunurdu. Axsamüstü müsəlmanlara məşğətəlilərlə (maştağalılarla) kürdəxanılılar köməyə gəlmişdilər. Kürdəxanılıların başında məşhur qaçaq Adil duruyordu. Müsəlmanlar rus və erməniləri sıxışdırdıqdan sonra Tağıyevin böyük məktəbini əllərinə keçirmiş və oraya səngər yapmışlardı. Müsəlmanlar dava görməmiş və nizamsız olduqları halda, düşmənlərin yaylım atəşlərinə, pulemyot güllələrinə və top atəşlərinə sinə gərmişlər”.
Ə.Müznibin qeydləri həmin günlərdə bəzi Bakıətrafı kəndlərdə baş vermiş hadisələrin əksi baxımından da maraqlıdır: “Gecə yarısı rus və ermənilər məhəmmədililərin sakin olduqları məhəllələrə şəbxun (gecə basqını) edib, yatmış ailələrə çox tələfat vermişlər. Bu məhəllələrdə böyük qəhrəmanlar düşmənlərə sinə gərib, onlara böyük zərbə yetirən Şiruyə olmuşdur. Şiruyə sübh günəş doğana qədər onlarla mübarizədə bulunmuşdur. Ayın 19-u Bakının şimal cəhəti tam bir müharibə şəklini almış bir hal kəsb edibdir. Bu müharibədə müsəlmanların yalnız müxtəlif tüfəng və tapança ilə müsəlləh olduqları halda, rus və ermənilərin nizami əsgərləri, top, güclü pulemyot, əl bombası və vintovka ilə silahlanmışlardı”.
Ədib göstərir ki, bu hadisələrdə menşeviklər də bolşevik və ermənilərlə birləşib müsəlmanlara qarşı vuruşurdular. Martın 19-da bütün günü döyüşlər davam etmiş, martın 20-də sübh çağı rusların top və pulemyot atəşləri şəhəri hər tərəfdən çulğamışdı. Bombardmandan bir çox müsəlman evləri dağılmış, şəhərə böyük zərər dəymiş, həmin gün çox sayda dinc əhali qırılmışdı.
Müəllif göstərir ki, döyüşlər martın 21-i çərşənbə günü səhərdən saat ona qədər davam edib, saat 11-də ermənilər təkrar elçi göndərərək barışıq istəyib və üç şərt irəli sürüblər:
1. Bütün Bakı əhalisi raboçi, soldat və matros deputatlarının təhti-təbətindən olsunlar.
2. Gərək müsəlman və gərək erməni dikaya (vəhşi) diviziyaları onların idarəsində olmalı, yaxud bütün-bütünə ortadan qaldırılmalıdır.
3. Müsəlmanların əlində olan Bakı-Tiflis və Bakı-Petrovsk yolları aprelin 1-nə qədər açılmalıdır.
Bu şərtləri hər iki tərəf qəbul etdikdən sonra sülh bərpa edilib.
Qeydlərdə hadisələr zamanı şəhərə böyük xəsarət yetirildiyi, “Cəmiyyəti-xeyriyyə” binasının, “Aşıq söz” və “Kaspi” mətbəəsinin, bazarın böyük hissəsinin düşmənlər tərəfindən yandırıldığı göstərilir.
Müəllif göstərir ki, bir neçə gün sonra, mart ayının 25-də yekşənbə gecəsi saat 12-də qəflətən dağıstanlılar Bakı mahalına hücum edib bolşeviklərlə davaya başlayıblar. Lakin bu hücum heç bir siyasi xarakter daşımırdı. Adi bir qaçaq dəstəsinin həmləsi idi və tezliklə dəf edildi.
Görkəmli yazıçı və dramaturqumuz Cəfər Cabbarlının Əlyazmalar İnstitutunda saxlanan arxivindəki qovluqlardan birində Bakı sakinləri Məşədi Hilal Kazımov və Dadaş Rzazadənin 1918-ci il mart hadisələrinə dair xatirələrinə rast gəlirik. Bu xatirələr bilavasitə həmin zaman düşmənlərə qarşı döyüşlərdə iştirak edən şəxslər (sonradan öyrəndiyimizə görə, onlar qoçu olublar) tərəfindən yazıldığına (və ya deyildiyinə) görə, tarixi sənəd kimi əhəmiyyət daşıyırlar. Bu qeydlərdə qüvvələrin qeyri-bərabər olduğu mübarizədə düşmənə qarşı qəhrəmancasına döyüşən bir sıra azərbaycanlıların adları göstərilib.
Keşləli Məşədi Hilal Kazımov qeyd edir ki, hadisədən xəbər tutan kimi o, Müsavat firqəsi idarəsinə gedib: “Oradakı arkadaşlarımızla etdiyimiz müzakirə nəticəsində Nikolayevski (Parlaman) caddəsini saxlamaq qət edildi və müdafiəyə başladıq. Ətrafdan üzərimizə olunan hücumlara qarşı durduq. O gün saat 5-dən yarın sübh saat 4-ə qədər şiddətli müqavimətdə bulunduq”.
Məşədi Hilal İçərişəhər uğrunda gedən şiddətli döyüşlər barədə yazır: “...Bizə ermənilərin Qoşa qala qapısından içəriyə girdiklərini xəbər gətirdilər. Biz onları bir hücum ilə dışarıya qovduq. İki qapı ortasında ufaq-təfək kaşıdan yapılmış bir səngəri-sipər gözümüzə ilişdi. Hərbi təlim və üsulundan xəbərsiz olduğumuzdan naşi, bədbəxtanə orayı tutduq və müdafiəyə girdik.
Fəqət, bu müdafiəmiz düşmənin qorxulu hərbiyyəsi, şiddətli hücumu və 20-30-a qədər müntəzəm surətdə tərbiyə edilmiş makinalı tüfənglərinin ardı-arası üzülməyən atəşləri qarşısında heç dərəcəsində görünürdü. Çünki, 16-17 nəfərin vintovka ilə silahlanması, təbii, tüfənglərlə olan düşmən əsakiri-müntəzəməsi müqabilində heç bir şey yapmayacaqdı. Bununla bərabər, bir addım düşməni irəliyə buraxmadıq və bu şiddətli müqavimət əsnasında böyük rəşadət göstərən qəhrəman yoldaşımız Mehdinin başından bir makinalı tüfəng mərmisi isabət edərək şəhid oldu”.
Məşədi Hilal Kazımov Qoşa qala qapısı önündəki şiddətli atışma və bu döyüşdə özünün iştirakı barədə sonra yazır: “Sipər qarşısındakı Qoşa qapının şərq cəhətindəki qapıdan “Ara, Avanes!” bağırtısını eşitdim. Silahımı doldurub onlara atmaq istədiyim halda, başım üzərindən bir mərmi keçib divara dəydi və bütün sovurduğu qübarı (tozu) gözlərimə doldurdu. Fəqət, cənabi-həqqin tovfiqi ilə kəndimi şaşırmayıb, həmən silahımı düşmənə doğrulatdım. Silahımdakı 5 qurşunla düşmənin beşini yerə sərdim. Bağırtıma qoçu Əlabbas Babayevin bəradəri Kərbəlayi Əbdülhəmid gəldi və məndən əhval sordu. Mən: “Yardım və fişəng lazımdır!” dedim. O, isə dərhal 2 şahsevən, 2 türk əsirlərindən, 2 şağanlı, bir kaç nəfər içərişəhərlilərdən toplayıb gətirdi... Axşama qədər müdafiədə bulunduq. Düşməni sükuta məcbur etdik. Onların mənəviyyatını tamamilə qırdıq. Artıq atışmaya cəsarət edəmədilər”.
Dadaş Rzazadənin xatirələrində 1918-ci ilin mart, aprel aylarında, sonrakı vaxtlarda Bakıda, Azərbaycanın digər bölgələrində baş vermiş hadisələr barədə maraqlı məlumatlar var. O, xatırlayır ki, mart ayının 18-də axşam saat beş radələrində Verxni Priyut küçəsində, Mixaylov xəstəxanasının yanında durarkən atışma səsi eşidib, ona “bolşeviklər ilə müsəlmanların davası başlamışdır”. – deyiblər. Səhərisi gün atışma zamanı biliblər ki, düşmənlər ermənilərdir. Xatirə müəllifi göstərir ki, ermənilər şəhərdə vəhşiliklər törədir, döyüşlərdə hiyləgərliklərindən də qalmırdılar. “Bir neçə dəfə nümayəndə göndərib sülh təklif etmək, ağ bayraq çıxarmaqla bizi aldatmaq istədilərsə, fəqət, müvəffəq olmadılar. Bu minvalla Əlixan ilə üç gün-üç gecə atışdıq. Üçüncü gün martın 21-də axşamüstü barışıq sözü olduğuna görə, hər bir tərəfdə atəş sükuta daldığı kimi, bizim məhəllədə də sükutpəzir oldu”.
Dadaş Rzazadə yazır ki, Bakı hadisələrindən sonra bir neçə gün Novxanı kəndində xəstə yatır, burada eşidir ki, ermənilər Qubada və digər yerlərdə müsəlmanlara qarşı vəhşiliklər törədirlər. O bunu eşitdikdə özü ilə on beş nəfər götürür və Dəvəçiyə gedir. Burada on beş gün qalır. Bir gecə xəbər verirlər ki, ermənilər müsəlmanlara əziyyət verirlər. Özünün dediyi kimi, doqquz nəfər erməni canisini tapıb müsəlmanları onlardan xilas edir.
D.Rzazadə yazır ki, bir neçə gündən sonra Dəvəçi tərəfə eşelonlarla ermənilər gəlməyə başlayırlar, Dəvəçini toplardan atəşə tuturlar. Xəndiqanı təhlükədən qurtardıqdan sonra o, Bakıya qayıdır. Müəllif xatırlayır: “Bu vaxtlar qəhrəman Osmanlı türklərinin Şamaxıya hücum etmək xəbərini eşitdiyimə görə yeddi nəfər Osmanlı əsirlərindən götürüb Bağça adlanan yerə getdim. Bağçadan bir nəfər bələdçi tapdım. Məzkur bələdçi vasitəsilə bir məktub və əsirləri osmanlılara yolladım. Oradan mənə bir neçə məktub gəlib çatdı. Məktubları götürüb Bakıya gəldim. Bu əhvalatdan 4-5 gün keçdikdən sonra bir gecə üç atlı – kürdəxanılı Adil, Mövsüm Səlimov, bir də qeyrisi yanıma gəlib, Mərəzəyə getməyi mənə təklif etdilər. O vaxt Bakıdan Mərəzəyə olan yol ermənilərin əlində olduğuna görə, böyük əziyyətlərlə özümüzü Mərəzəyə saldıq. O vaxt Mərəzə türklərin əlində idi. Mərəzədə türklərlə bərabər biz, Məhəmmədhəsən Hacızadə, – Abbasqulu Kazımzadə və qeyriləri Qobu köyünə getdik”.
Sonra yazır ki, Bakının mühasirəsinə Osmanlı ordusunun sərkərdələrindən biri olan Mürsəl paşanın əmri ilə ətraf kəndlərdən əsgər toplamaqla məşğul olub.
Bu deyilənlərə onu da əlavə etmək istərdik ki, Əlyazmalar İnstitutunun əməkdaşlarının səyi nəticəsində Məşədi Hilal Kazımovun və Dadaş Rzazadənin şəxsiyyəti müəyyən edilib, onların nəvələri tapılıb. Əməkdaşlarımızın təqdimat məktubu ilə Keşlənin mərkəzi küçələrindən birinə Məşədi Hilal Kazımovun adı verilib.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan arxiv materialları bir daha sübut edir ki, 1918-ci ilin mart ayında ermənilər bolşeviklərin dəstəyi ilə Bakının türk-müsəlman əhalisinə qarşı əsl soyqırımı həyata keçiriblər. Lakin bu tarixdə xalqımızın cəsur övladları qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, qəhrəmanlıq nümunələri göstərib, əhalini tam qırğından qurtara biliblər.
Xalqımızın bu qəhrəman övladlarının hər birinin adının üzə çıxarılması, onlara layiqli dəyər verilməsi tarixçilərimizin, əlyazmaçı mütəxəssislərimizin müqəddəs borcudur.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...