Azərbaycanda mart qırğını (1918-20-ci illərdə Bakı və digər şəhərlərdə müsəlmanların soyqırımı)
Səməd SƏRDARİNİYA
Tarixçi-alim, İran
Erməni millətçilərinin zaman-zaman Rusiyanın imperiyapərəst qüvvələri ilə əlbir olaraq azərbaycanlıların başına gətirdikləri faciələr tariximizin qanlı səhifələrini təşkil edir. Bu barədə ölkə tarixçilərimiz kifayət qədər ciddi və sanballı əsərlər ortaya qoyublar. Onların əməli fəaliyyətləri olaraq artıq beynəlxalq aləmdə “məzlum erməni” mifi aradan qalxmaqdadır. Bunun nəticəsi kimi xarici ölkə alimlərinin Azərbaycan xalqının başına gətirilənlər barədə obyektiv elmi-tədqiqat işləri meydana gəlməkdədir. Həmin tədqiqatlardan biri də İranın görkəmli tarixçi alimi Səməd Sərdariniyanın “Qarabağ tarixin keçidlərində” adlı əsəridir. Müəllif həqiqətləri olduğu kimi, haqq və ədalət mövqeyindən əks etdirməyə çalışıb.
Həmin kitabdan bir hissəni oxuculara təqdim edirik.
***
1917-ci ilin fevral və oktyabr aylarında Rusiyada baş verən inqilablar çarizmin hakimiyyətinə son qoydu. Diktatura altında millətlər, o cümlədən Arazın o tayındakı azərbaycanlılara millətlər həbsxanası adlanan Rusiya imperiyasının yüzillik alçaldıcı əsarətindən xilas olmağa fürsət yarandı. Lakin sonrakı hadisələr bu millətlərin rus inqilabçılarının da nəzərində bərabər olmadığını göstərdi. Belə ki, çarizmin azərbaycanlılara etimadsızlıq, ermənilərlə isə müttəfiqlik siyasətini inqilabçılar da davam etdirdilər. Erməni tarixçisi Hrant Pasdramaciyan bu acı həqiqəti belə bəyan edir: “1917-ci ilin fevral inqilabı nəticəsində çar hökuməti süqut etdi. Bu inqilabın ən mühüm səbəblərindən biri Rusiyanın millətlər arasında ayrı-seçkilik qoyması idi. Fevral inqilabı nəticəsində Sankt Peterburqda Ermənistan məsələsinə maraqlarını açıq şəkildə büruzə verən Lvov, Milyukov və Kerenskidən ibarət müvəqqəti hökumət yarandı. Bu hökumət yalnız üç millətə tam müstəqillik verilməsi ilə razılaşdı: Finlandiya, Polşa və Ermənistan. Fevral inqilabı Türkiyədən azad olan Ermənistanın idarə edilməsini Osmanlı ermənilərinin özlərinə həvalə etdi”.
Arazın o tayında bir əsr Romanovlar diktaturasının əsarətində yaşamış azərbaycanlılar da öz müstəqillikləri uğrunda mübarizəyə girişərək, nəhayət, 1918-ci ildə milli istiqlaliyyət əldə etdilər. O il mayın 28-də elan olunan Azərbaycan Cümhuriyyəti tarixə “birinci cümhuriyyət” adı ilə daxil oldu. Ceyhun Hacıbəyov bununla bağlı yazırdı: “Azərbaycanın müstəqilliyinin elanı hadisələrin məntiqi nəticəsi idi. Bu hökmün həm tarixi zəmini var idi, həm də azərbaycanlıların düşdüyü vəziyyətdən irəli gəlirdi. Rus imperiyası süquta uğrayan zaman azərbaycanlılar digərləri ilə bərabər hüquqlara malik deyildilər. Buna baxmayaraq, imanlarını, adət-ənənələrini və dillərini qorumuşdular”.
Azərbaycanlılarla eyni vaxtda Tiflisdə Gürcüstan və İrəvanda Ermənistan Respublikası yarandı (Qeyd edək ki, Ermənistan Respublikası Azərbaycanın dörd vilayətindən biri olan Çuxursəddə meydana gəlmişdi. Bədnam “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələrindən əvvəl həmin torpaqlar azərbaycanlıların məskəni olmuşdu). 1918-ci ildə rus qoşunu Qafqazdan çıxandan sonra daşnaklar İrəvan və onun ətrafındakı 211 kəndə hücum edərək, 300 min müsəlmanı qətlə yetirib, onların meyitləri üstündə Ermənistan Respublikasını qurdular. Üstəlik, onlar qanla əldə etdikləri ilə qane olmayıb, rus inqilabı və daxili müharibə nəticəsində Azərbaycanda yaranmış qeyri-sabit və böhranlı vəziyyətdən istifadə edərək, nəhayət, 1920-ci ildə birinci cümhuriyyəti süquta uğratdılar.
Azərbaycanlılar istiqlal uğrunda mübarizə apardıqları zaman ermənilər onlara zərbə vurmaq üçün əllərindən gələni etdilər. Belə ki, 1918-ci il martın 31-də, Azərbaycan müstəqilliyini elan etməzdən təqribən iki ay əvvəl, ermənilər silahsız əhaliyə hücum edib, onları qətlə yetirməklə dəhşətli cinayətlər törətdilər. Bu barədə Məhəmməd Əli Mənşur Gurganinin yazdıqlarına nəzər salmazdan öncə onu qeyd edim ki, azərbaycanlılara qarşı soyqırımı törədənlər rus ordusunda xidmət edən erməni zabit və əsgərlərindən ibarət xüsusi diviziya olmuşdu. Hrant Pasdramaciyanın yazdığına görə, Almaniya və Avstriya cəbhəsindən yenicə qayıtmış bu diviziyanın komandirləri Rostom (Stepan) Zuriyan adlı Daşnaksyutun partiyasının yaradıcılarından biri idi. Bu silahlı diviziya silahsız əhaliyə hücum edərək minlərlə dinc sakini qanına qəltan elədi.
Mənşur Gurgani yazır: “1297-ci il fərvərdin ayının 10-da (1918-ci il martın 30-da) ermənilərlə bolşeviklər Lənkərana gedən müsəlmanların bir dəstəsinin qarşısını almaqla toqquşmaya səbəb oldular. Bolşeviklər ermənilərə yardım edərək, dənizdən öz gəmiləri ilə qədim Bakının qalasını topa tutdular. Təzəpir məscidinin minarələri və şəhər qalasının bir hissəsi dağıdıldı. Döyüş 52 saat davam etdi və nəhayət, bolşeviklər şəhəri ələ keçirdilər. Ermənilər fürsətdən istifadə edərək minlərlə müsəlmanı qətlə yetirdilər. Bu müharibədə 500 nəfərə yaxın iranlı həlak oldu. Ölənlərin arasında İran konsulu generalının qardaşı da var idi. Sonda ifratçı bolşeviklərin hökumətinin rəsmən tanınması və müsəlmanların tərki-silah olması ilə bağlı müqavilə imzalandı. Beləliklə, Bakıda Şaumyanın başçılığı altında bolşevik hökuməti təşkil olundu”.
O günlərdə İranın Bakıda baş konsulu olmuş Məhəmməd Saed Mərağai həmin dəhşətli hadisələri xatırlayaraq Bakıda 5 mindən çox müsəlmanın qətlə yetirildiyini qeyd edir: “Bu qırğını təsəvvür etmək mümkün deyil. Bakının küçələrində müsəlman meyidləri əlindən tərpənmək mümkün deyildi. Qətllər bir həftə davam etdi. Nəhayət, mənim vasitəçiliyimlə iki tayfanın başçıları görüşüb, bu dəhşətli qırğına son qoydu”.
M.Ə. Rəsulzadə Şaumyanın qüvvələri ilə Daşnakların müttəfiqliyi barədə yazır: “Bolşevik hökumətinin nümayəndəsi Şaumyan Azərbaycanın muxtariyyətinə hədələyici reaksiya verdiyi halda, Türkiyə ərazilərindən işğalçı rus qoşununun çıxarılması ilə bərabər həmin həmin ərazilərdə Leninin fərmanı ilə muxtar erməni dövlətinin yaradılmasını razılıqla qarşıladı. Lenin bu fərmanla erməni təşkilatlarına “məzlum erməni millətinə milli ideyalarını gerçəkləşdirmək üçün” Şaumyana bütün köməklərin göstərilməsini tapşırmışdı”.
1918-ci ildə ermənilər Bakı ilə yanaşı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və başqa yerlərdə dinc əhaliyə divan tutaraq yüz minlərlə insanı qətlə yetirmiş, kəndləri yandırmış və tarixi abidələri məhv etmişdilər.
“Bakı bolşevikləri Seym tərəfindən Zaqafqaziyanın müstəqilliyinin elan edilməsini Sovet Rusiyasına xəyanət hesab edərək, aprelin 25-də solçu inqilabçıların yardımı ilə “sovnarkom” adı altında hökumət təşkil etdilər. Bu şuranın başçısı Şaumyan idi. Çaparidze (daxili işlər), Karqanov (müdafiə), solçu sosialist Suxartsov (poçt və teleqraf) və s. nazir vəzifəsini öhdələrinə götürdülər. Bakı Soveti 1918-ci il 1 may bəyanatında mərkəzi Rusiya hökumətinə sədaqətini, bütün Qafqaz və Dağıstanda son nəfəsədək sovet iqtidarının istiqlalı yolunda döyüşəcəklərini bildirmişdilər”.
Məhəmməd Əmin Rəsulzadənin yazdığına görə: “Bakının üsyançı bolşevikləri tezliklə qırğınlara başladılar. Bu təcavüzkar qüvvələrin içində Amazasb və Avtişov kimi erməni və Petrov kimi rus topçuları da vardı. Gəncəyə gedən bu qüvvələrin hücumundan birinci Şamaxı ziyan gördü. Şirvanşahların əski paytaxtı, şəhərin tarixi cümə məscidi külə çevrildi. Yalnız erməni məhəlləsinə toxunulmadı, şəhərdə iki kilsədən başqa bütün tikililər dağıdıldı. Lənkəran, Salyan, Quba, Kürdəmir və digər şəhər və qəsəbələr də Şamaxı kimi təcavüzə məruz qaldı. Bu təcavüz zamanı qətlə yetirilmiş insanların, namusu tapdalanmış qadın-qızların, viran olmuş evlərin, qarət olmuş mal-dövlətin faciəsini təsəvvür etmək mümkün deyil. Təhlükə artıq Gəncəyə çatmışdı. Bir tərəfdən Gəncə təhlükə altında idi, o biri tərəfdən Qarabağ erməniləri Bakı bolşevikləri ilə əməkdaşlıq üçün plan cızırdılar. Heç bir şübhə yox idi ki, plan Azərbaycanı qılıncdan keçirmək və külə çevirmək idi. Şaumyanın qəzeti Azərbaycanın milli qüvvələrinə müraciət edərək yazırdı: “Muxtarlıq əvəzinə xarabalıq qazanacaqsız ”.
Qafqazda gürcülər, azərbaycanlılar və ermənilər birinci Zaqafqaziya Federasiyasını təşkil etmişdilər. 1918-ci il mayın 26-da Gürcüstan özünü Rusiyadan ayrı müstəqil respublika elan etdi. Zaqafqaziya Federasiyasından gürcülərin çıxması ilə federal hökumət əməldə dağıldı. Bu məsələdən sonra seymin müsəlman üzvləri də gürcülər kimi, Milli Şura yaratmaq qərarına gəldilər. İki gündən sonra, mayın 28-də həmin Şura Azərbaycan müstəqilliyini elan etdi. Bu fərman mayın 30-da yekdilliklə bütün dövlətlərin nəzərinə çatdırıldı. Milli Şura müstəqilliyin elanı ilə bərabər Azərbaycan dövlətini təşkil etdi. Rus imperiyası xarabalıqları üzərində qurulan respublikaların arasında Azərbaycan yeganə müsəlman dövlət idi ki, avropalılar tərəfindən rəsmiyyətə alınmışdı. Bu yeni yaranmış türk hökuməti bütün islam aləmində birinci respublika idi. Erməni tarixçisi Riçard Hovanesyan yazır: “1918-ci ilin noyabr və dekabr aylarında Xan Xoyski elə bir Milli Məclis təşkil etdi ki, orada Azərbaycanın bütün etnik qrupları təmsil olundu”.
Doktor Adəmiyyət Qafqaz millətlərinin respublikaları, o cümlədən Azərbaycan Respublikasının yaranması barədə yazır: ”Qafqaz millətlərinin muxtariyyət və müstəqillik hərəkatının tarixi kökləri var. Bu ölkələrin millətləri həmişə rus hökmranlığından özlərini qurtarmaq istəyiblər və müstəqillik, apardıqları ardıcıl müharibələrinin nəticəsidir. Bu kütləvi hərəkat Osmanlının müdaxiləsindən, alman, ingilis imperiyalarının bu məntəqədə görünməsindən əvvəl, Qafqaz federal respublikasının təsis edilməsində reallaşmışdı və Qafqazdan yabançı ordunun çıxmasından sonra da bu üç respublika öz müstəqilliyi yolunda çalışmışdı. Ümidlər sülh konfransına idi. Müttəfiqlərin Ali Şurası Parisdə təşkil edildi və Qafqazın üç respublikasını həqiqi hökumət kimi tanıdılar. İngilislər Gürcüstanın müstəqilliyini (Lenin də Brest-Litovsk müqaviləsində bunu vəd etmişdi) ciddi sürətdə dəstəkləyirdilər və Gürcüstanın müstəqilliyi rəsmi və qanuni surətdə tanındı. Ermənistan Respublikası da Fransanın himayəsinə arxalanırdı. Qərbdə nüfuza sahib olan erməni qurumları Ermənistanın müstəqilliyi yolunda ciddi çalışırdılar. Köməksiz qalan yeganə müsəlman dövləti idi. Sülh konfransında iştirak etmək üçün Müsavat hökumətinin nümayəndələrinə fransızlar hətta viza vermədilər. Qafqaz müsəlman dövlətinin nümayəndə heyətinin sədri Əlimərdan Topçubaşov sülh konfransına müfəssəl sülh layihəsini təqdim etdi (1919, mart) və Qafqaz müsəlman millətinin öz müqəddəratını təyin etmək haqqını alimanə müdafiə etdi”.
Erməni tarixçisi Hovanesyan öz tədqiqatında bu barədə yazır: “Topçubaşovun layihəsi nəinki Ermənistan və Gürcüstan nümayəndələrinin sülh konfransına təqdim etdiyi sənəddən daha geniş idi, bəlkə Qafqazın tarixi, mədəniyyəti, coğrafiyası, iqtisadiyyatı və əhalisinin sayı haqda təfsilatlı informasiya idi. “Sülh siyasətçilərinin uzun və ardıcıl sükutları da bu geniş sənədin hazırlanmasında çəkilən zəhmətin mükafatı idi”.
1918-ci il iyulun 24-də ingilislərin təhriki ilə bolşevik hökuməti əleyhinə çevriliş oldu. Bolşeviklərin başçıları Şaumyan və Petrov Həştərxana tərəf getdilər və “Xəzər dənizi idarə heyəti” adında hökumət təşkil olundu. Bu hökumət ingilislərdən yardım istədi. Avqustun ortalarında general Denstrovilin komandanlığı altında kiçik bir ingilis qoşun dəstəsi Bakıya daxil oldu. Bu qoşun zahirən ermənilərin istəyi ilə və onlara yardım məqsədi ilə dəvət olunmuşdu. Əslində, ingilislərin məqsədi Azərbaycanı və başqa Qafqaz respublikalarını öz müstəmləkəsinə çevirmək, neft resurslarından və ticarət yollarından istifadə etmək idi. Osmanlılar isə başqa səmtdən ermənilərə qarşı mübarizə və müsəlmanlara yardım məqsədi ilə (əslində, ingilisləri buradan çıxartmaq üçün) İran yolu ilə Bakıya tərəf hərəkət etdilər. Sentyabr ayında ingilis generalı yardım vədəsi ilə Azərbaycanın “əlaltı” hökumətinin başını qatdığı zaman Osmanlı türkləri qəti hücumlarla oyuncaq hökuməti məğlubiyyətə uğratdı və idarə heyəti süquta uğradı. Bu hadisənin şərhi “General Denstrovilin xatirələri ” kitabında verilib.
Bu hadisədən sonra yeni yaranmış Azərbaycan Cümhuriyyəti öz qərargahını Gəncədən Bakıya köçürdü. 120 deputatdan ibarət parlament işə başladı. 1919-cu ilin mart ayının 1-də İsmayılxan Ziyadxanov Tehranda səfir kimi fəaliyyətə başladı.
Romanovlar sülaləsi süquta uğradığı, Birinci Dünya müharibəsində Rusiya məğlubiyyətə düçar olduğu və Qafqazda müstəqil dövlətlər meydana gəldiyi bir zamanda Dağlıq Qarabağ Azərbaycan Cümhuriyyəti ilə Ermənistan Respublikası arasında şiddətli münaqişə meydanına çevrildi. Daşnaklar İrəvanda və onun ətrafındakı 211 kənddə 300 min müsəlman türkünü qətlə yetirərək onların meyitləri üstündə Ermənistan Respublikası qurdular və Dağlıq Qarabağın Ermənistan Respublikasına birləşməsini istədilər. Riçard Hovanesyan yazırdı: “Qarabağ strateji baxımdan ermənilər üçün nə qədər mühüm idisə, azərbaycanlılar üçün də bir o qədər əhəmiyyətli idi. Qarabağ Azərbaycan üçün elə təbii sərhəd idi ki, əgər başqa dövlətin ixtiyarında olsaydı, Azərbaycan kövrək mövqedə qalardı. Gəncə əyalətinin Azərbaycanla əlaqələrinin bir səbəbi bu idi ki, o zonanın əsas yolları nə qərbə, nə İrəvana tərəf getmirdi, o yollar şərqə, yəni Bakıya bağlanırdı. Qarabağ erməniləri öz məişət tələbatlarını təmin etmək üçün Bakıdan çox asılı idilər. Minlərlə erməni Bakının gündən-günə artan neft mədənlərində və ticarət təşkilatlarında mövsümi və daimi işlə məşğul olur”.
Qarabağ erməniləri Rusiya inqilabı nəticəsində yaranan qeyri- sabit vəziyyətdən və onun ardından baş qaldıran daxili müharibədən bəhrələnərək ingilis dövlətinin yardımı ilə məntəqədə bir erməni dövləti yaratdılar. Daşnaklar general “Dru” və polkovnik Nejdinin qüvvələrinin köməyi ilə 1918-ci il martın 22 -23-də Xankəndində qırğına başladılar. Ona oxşar qırğınlar Qarabağın başqa yerlərində də baş verdi. Daşnakların hücumu nəticəsində Şuşa şəhərinin yarısı odlandı. Riçard Hovanesyan yazır: ”Azərbaycan müsavatçıları Gəncəni özlərinə müvəqqəti paytaxt seçdilər və Qarabağın qurtuluşu üçün, xüsusən də erməni millətçiləri və bolşeviklərdən ibarət koalisiya dövlətinin nəzarətində olan Bakını xilas etmək üçün Osmanlı hərbi qüvvələrindən yardım istədilər. Nuru Paşa (onun qardaşı Ənvər Paşa Osmanlı dövlətində hərbi nazir idi) müsavatçıların dəvətini qəbul edərək öz qüvvələrini Gəncədə yerləşdirdi və bir sıra ordu hissələrini Bakı istiqamətinə yönəltdi. Osmanlı qüvvələri Qafqaza gələndə Ermənistan Respublikası çətin vəziyyətdə idi və Qarabağ iddialarını ciddi surətdə izləyə bilmirdi. “Qarabağ hökuməti ” 1918-ci ilin avqust ayının əvvəllərində ilk Qarabağ erməni qurultayında seçilmişdi. Onlar Nuru Paşanın iki tələbi ilə - Azərbaycan dövlətinin Qarabağ ərazisində hakimiyyətin rəsmən tanınması və Osmanlı qüvvələrinin Şuşa şəhərinə daxil olması – razılaşmadılar və Nuru Paşanın elçilərini əliboş qaytardılar.
Bakı hökuməti 1918-ci il sentyabrın ortalarında Müsavat - Osmanlı müştərək qüvvələrinin vasitəsiilə süquta uğrayandan sonra Nuru Paşa yenidən ermənilərdən onun istəkləri ilə razılaşmağı tələb etdi, amma 1918-ci il sentyabr ayının 20 -24-də İkinci Qarabağ erməni qurultayında onlar mövcud vəziyyətin qorunmasını və Qarabağın muxtariyyətinin qalmasını istədilər. Bakının süqutundan sonra Osmanlı qüvvələrinin bir hissəsi Qarabağa göndərilmək üçün hazırlandı. Bu səbəbdən Nuru Paşa Qafqazın 11-ci alayının komandanı Camal Cavad bəyə Şuşa istiqamətində irəliləməyi əmr etdi. Bu alay hücuma keçməzdən əvvəl müsavatçıların hərbi qüvvələrinin bir hissəsi partizan qruplarla birgə, iki həftə davam edən döyüşlərdən sonra Qaraqışlaq erməni kəndinin əhalisinin müqavimətini qıra bildi və Qarabağın Zəngəzur məntəqəsi ilə əlaqəsini kəsməyə müvəffəq oldu. Qaraqışlaq müqaviməti sona çatandan sonra Nuru Paşa Qarabağ ermənilərinə son təklifini göndərdi”.
Nəhayət, üçüncü konqres təslim oldu. Oktyabr ayının 7-də Azərbaycan dövlət nümayəndələri Camal Cavad bəy və İsmayıl Ziyadxanov Osmanlı qüvvələrinin müşayiəti ilə Şuşaya daxil oldular. Bir həftə ərzində 60 nəfər erməni rəhbəri və ziyalısı həbsə alındı və ermənilərin tərksilah edilməsinə başlandı. Şuşanın təslim olmasına baxmayaraq, Qarabağın bəzi məntəqələrində hələ də Osmanlı hərbi qüvvələrinə qarşı erməni partizanları müqavimət göstərirdi.
Birinci Dünya müharibəsi bitəndən dərhal sonra, 1918-ci il oktyabr ayının sonlarında Qarabağ erməni hərbi komandirləri general Andranikdən (Ozaniyan) məntəqədə ermənilərin iqtidarını bərpa etmək üçün Şuşaya irəliləməsini istədilər. Andranik əvvəl Zəngəzur və Qarabağ idarə və hərbi rəhbərlərindən onun əməliyyatlarının keçirilməsində yardımçı və himayədar olmaq barədə yazılı etibarnamə istədi. Noyabrın ortalarında etibarnamələr ona təhvil verildi və o, noyabrın 18-də hərəkətə keçdi. Bu zaman Şuşa meri Gerasim Məlik-Şahnəzəryan idi. Erməni partizan komandirlərindən olan Sokrat bəyə Məlik-Şahnəzəryandan bir ismarıc gəldi. O, xahiş edirdi ki, əməliyyat 10 gün gecikdirilsin. Bu müddətdə onlar Qafqazın müsəlman icmaları başçılarını Andranikin qüvvələrinin irəliləməsinə qarşı müqavimət göstərməməyə razı salmalı idilər. On gün möhlət qurtardı və Andranik noyabrın 29-da Zəngəzurdan hərəkətə başladı.
Zəngəzurdan Şuşaya çəkilmiş yol Zabox və Hakaro dərələri, Markiz və Hacışamlı yüksəkliklərinin ortasından və ətrafında 20 müsəlman kəndi olan ərazilərdən keçirdi və bu kəndlər Sultanbəy Sultanovun (malikədar) rəhbərliyi altında müqavimətə hazırlaşmışdılar. Üç gün şiddətli döyüşdən sonra erməni qüvvələri yüksəklikləri ələ keçirdilər və Avdallar kəndinə yaxınlaşdılar. Andarnikin qüvvələri hələ kəndə daxil olmamışdı ki, Şuşadan ağ bayraqlı bir maşın gəldi. Maşının sərnişinləri iki ingilis zabiti - kapitan Skitabr və kapitan Nikolasa Gesfild idi. Onlar Qafqazın şərqində yerləşən müttəfiq qüvvələrin komandanı general Tomsonun ismarıcını Andranikə çatdırdılar. Bu ismarıcda müharibə sona çatdığından hərbi aksiyanın Ermənistan məsələsinin mürəkkəbləşməsi ilə nəticələnəcəyi bildirilirdi. Qeyd edilirdi ki, məntəqə məsələlərinə, o cümlədən Qarabağ məsələsinə, Paris sülh konfransında baxılacaq.Onlar erməni generalını hərbi hücumu dayandırmağa və Zəngəzur Gorusuna qayıtmağa razı saldılar. General Tomsonun başqa fərmanı gələnə qədər Andronik Gorusda nizam-intizam yaratmağı öhdəsinə götürməli idi. Andranik bu istəyi qəbul etdi və erməni qüvvələri dekabrın 4-də Gorusa qayıtdılar. Lakin onlar geri qayıdanda müsəlman kəndlərini qarət etdilər.
1919-cu ilin yanvarın ayının əvvəllərində Azərbaycan dövləti Sultanbəy Sultanovun qardaşını, doktor Xosrov bəy Sultanovu Qarabağ və Zəngəzur valiliyinə rəhbər təyin etdi. Bir müddətdən sonra Azərbaycan Demokratik Cumhuriyyətinin ordu və partizan qüvvələri Qarabağ sərhədləri istiqamətində, Əskəranda, Xankəndində və Kabaqində yerləşdi. Doktor Sultanov Şuşaya daxil olandan sonra məntəqədə Azərbaycan hakimiyyətini gücləndirməyə başladı. Seroy Avanesyan yazır: “1918-ci ildən Qarabağ məntəqəsinə sahib olmaq məsələsi üstündə Ermənistanla Azərbaycan arasındakı gizli ixtilaf 1919-cu ildə mart ayında Andranik Zəngəzuru tərk edəndən sonra aşkar oldu. Dağda yaşayan ermənilər inadkarlıq göstərsələr də, ingilislər onlardan himayələrini kəsdikdən sonra, o ilin avqust ayından Azərbaycan tabeçiliyini müvəqqəti qəbul etməyə məcbur oldular”. Başqa erməni tarixçisi Riçard Hovanesyan yazır: “1919-cu ilin avqustun 22-də bir həftəlik müzakirələrdən sonra Qarabağın erməni icmasının seçdiyi yeddinci heyət Şuşa şəhərində bir mərasimdə iştirak etdi. Burada doktor Sultanov, Vahan Oskov və başqa tanınmış müsəlman və erməni şəxsiyyətləri millətlərin qardaşlığı, indiki anormal vəziyyətə son qoymaq zərurəti haqda çıxış etdilər. Burada ermənilər Azərbaycanın müvəqqəti hökumətinin Qarabağa hakim olması haqda sənədə imza atdılar”.
Bu müqavilənin imzalanması ilə eyni vaxtda, 1919-cu il avqust ayında Qafqazda yerləşmiş ingilis qüvvələri Azərbaycan torpağını tərk etdilər. Hökumət rəisi Nəsib bəy Yusifbəyli bu münasibət ilə parlament deputatlarına belə dedi: “Möhtərəm cənablar sizi təbrik edirəm. Bu gündən tam müstəqil olduq”.
Bu dövrdə cavan sovet dövləti Qafqazı, o cümlədən Azərbaycanı işğal etmək fikrinə düşdü. 1919-cu il avqustun 22-də ki, müqavilə əsasında Azərbaycan cumhuriyyətinin hakimiyyətini qəbul edən Qarabağ erməniləri yaranmış vəziyyətdən bəhrələnərək üsyan etmək fikrinə düşdülər, onların xəyanəti Azərbaycan Demokratik Cümhuriyyətinin süqutunda xüsusi rol oynadı. 1920-ci il mart ayının 23-də səhər vaxtı Qarabağ iğtişaşları Xankəndi, Əskəran, Dizaq və başqa yerlərdə erməni hərbi birləşmələrinin əməliyyatları ilə başlandı. Ancaq üsyan müxtəlif birləşmələrin arasında əlaqənin kəsilməsi və Zəngəzurdan gələcək qüvvələrin gecikməsi nəticəsində məğlubiyyətə uğradı. Sultanovun qüvvələri mövqeyini bərpa etdi. Bu arada Şuşa şəhərinin ermənilər yaşayan hissəsi tam məhv oldu. Əgər aprelin 13-də Dru qüvvələri Qarabağa daxil olmasaydı, Varandiv və Dizaq məntəqələrində səfərbərlik etməsəydilər, vəziyyət bundan da pis olardı. Aprelin 23-də Təqarud kəndində Qarabağ ermənilərinin 9-cu konqresi təşkil edildi və burada Qarabağ Ermənistan Respublikasının ayrılmaz hissəsi elan ediidi. Az müddətdən sonra bolşeviklər Azərbaycan sərhədlərinə çatdılar.
Məhəmməd Əmin Rəsulzadə yazır: “Hökumətin böhran keçirdiyi vaxtda Qarabağ hadisəsi baş verdi. Novruz bayramı gecəsi Şuşanın yaxınlığındakı hərbi qəsəbədə bayram şənlikləri keçirildiyindən, gecəni yatmamış hərbi hissənin zabitləri və əsgərləri səhər çağı möhkəm yuxuya getmişdilər. Bu vəziyyətdən istifadə edən erməni yaraqlıları hücuma keçdilər. Lakin əsgərlərin cəsarəti nəticəsində hücum dəf edildi.
Bununla bərabər, məşhur Əskəran keçidi erməni yaraqlıları tərəfindən işğal edildi. Bu işğal nəticəsində Bakı ilə Qarabağın əlaqəsi kəsildi. Qarabağ məntəqəsinin valisi hadisə haqda Bakıya məlumat göndərərək yardım istədi. O, hərbi hissənin ermənilər tərəfindən mühasirəyə alındığını bildirərək, kömək gəlmədiyi təqdirdə Qarabağın bütünlüklə ermənilərin ixtiyarına keçəcəyini bildirmişdi. Birinci addımda mövcud hərbi qüvvələrin mühüm hissəsi dərhal Əskərana göndərildi. Şiddətli müqavimətdən sonra, ikinci hücumda Əskəran keçidi düşmən qüvvələrindən təmizləndi və Xankəndi azad olundu. Geri oturdulan yaraqlılar dağlarda qərarlaşıb müqaviməti davam etdirdlər.
Beləliklə, Qarabağ ermənilərinin üsyanı səbəbindən Azərbaycan silahlı qüvvələrinin əsas hissəsi bu məntəqəyə göndərildi və nəticədə ölkə Moskva hərbi qüvvələri qarşısında müdafiəsiz qaldı. Seroj Avanesyan yazır: “Azərbaycan 30 minlik ordunu şimalda qızıl ordunun qarşısına çıxarmaq əvəzinə, mart ayında Qarabağın yerli ermənilərinin üsyanını dəf etmək üçün onun dörddə üçünü Qarabağ sərhədlərində saxlamışdı. Nəticədə Bakı məntəqəsində cəmi 2 min əsgər qalmışdı”. Hərbi qüvvələrin Qarabağda olmasından istifadə edən Qızıl ordu komandanlığı 1920-ci il aprelin 23-də hücum barədə fərman vermişdi. Beləliklə, tez bir zamanda Qızıl ordunun 75 min nəfərdən ibarət 11-ci ordusu Sergey Kirovun komandanlığı ilə Bakıya daxil oldu və Azərbaycan Demokratik Cümhuriyyəti süqut etdi.
Bakının süqutundan sonra Azərbaycanın əksər məntəqələrində işğalçılara qarşı kütləvi üsyanlar başlandı. Azərbaycan Respublikasının tarixində bu üsyanların hər biri qızıl səhifə təşkil edir. İlk ciddi etiraz Gəncədə oldu. Sonra Tərtər, Ağdam və Şuşa şəhər və qəsəbələrində üsyanlar başlandı. Britaniya Xarici İşlər Nazirliyinin məxfi sənədləri əsasında yazılmış “Zaqafqaziyada ingilis müstəmləkəsi ” kitabında Gəncə əhalisinin ermənilərin xəyanəti nəticəsində məğlubiyyətə uğradılması barədə ətraflı yazılıb.
Britaniyanın Tiflisdəki ali komissarı iyunun 9-da Lord Krezernə yolladığı teleqrafda yazırdı: “Gəncədə və Azərbaycanın başqa yerlərində tatarların (azərbaycanlılar) qiyamı bolşeviklər tərəfindən qəddarlıqla yatırıldı. Etibarlı mənbələrə əsasən, bolşeviklər tərəfindən qətlə yetirilən (qadın və uşaqlarla birlikdə) tatarların sayı 15 min nəfər təxmin edilir. Çox təəssüf ki, onların mütəşəkkil üsyanları əsasən Azərbaycanın erməni bolşevikləri vasitəsi yatırıldı. Bunlar Ermənistanda hakim Daşnak partiyası ilə (millətçi və bolşevizm əleyhinə olmalarına şübhə yoxdur) ziddiyyətdədirlər”.
Beləliklə, Azərbaycan xalqının müstəqillik ideyası ermənilərin yardımı və xəyanəti nəticəsində bolşeviklər tərəfindən qan içində boğuldu. Mart qırğınında 30 mindən çox müsəlman qətlə yetirilmişdi, Gəncə qiyamında isə daha 15 min azərbaycanlı qanına qəltan oldu.
Tərcümə edən: İbrahim QULİYEV
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...