Şuşa həqiqətləri
Dövlət Tərcümə Mərkəzi Şuşanın tarixindən, Rusiya və İran arasında bağlanmış Türkmənçay müqaviləsinə əsasən Dağlıq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim mədəniyyət mərkəzi olan bu şəhərdə törətdiyi vəhşiliklərdən bəhs edən “Şuşa həqiqətləri” adlı sənədli videoçarx hazırlayıb. Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dilində yayınlanacaq material xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.
Qarabağ Azərbaycandır!
Şuşa həqiqətləri
Şuşa Azərbaycanın muğam beşiyi, milli musiqi, poeziya mədəniyyətinin qədim abidəsidir. Şəhərin yadelli işğalçılardan qorunması məqsədilə şimal hissəsində ucaldılmış Şuşa Qalasının tarixi isə xüsusi diqqət çəkir.
Belə ki, 1747-ci ildə Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xan Qarabağlı Qarabağın xarici hücumlardan müdafiəsinin gücləndirilməsi məqsədilə 1752-ci ildə Şuşa Qalasının inşa edilməsi barədə göstəriş verir. 5.5 min kv.km sahəsi olan bu ərazi Qalanın qurucusu şərəfinə “Pənahabad Qala” adlandırılır. Həmin dövrlər xanlığın “Pənahabadi” adlanan gümüş sikkəsi də təsis edilir. Qarabağın ikinci hökmdarı İbrahimxəlil xanın hakimiyyəti dövründə (1732–1806) Qala daha güclü müdafiə səddi ilə əhatə edilir, burada çoxlu sayda sənətkarlıq, dəmirçilik, silahqayırma ocaqları yaradılır. Şuşa sənətkarlarının sənət nümunələri o dövrlərdə ətraf ölkələrdə böyük şöhrət qazanır. Şəhərin gerbində isə yerdən alovlanan od dilimləri, güc rəmzi olan pələng və yaşıl vadidə məğrur dayanmış Qarabağ atı əks olunur. 17 məhəllədən ibarət olan Şuşa o dövrlər, həm də hər məhəlləsində inşa edilmiş məscidləri, qədim hamamları və bulaqları ilə tanınır.
XVIII əsrin əvvəllərindən başlayaraq Şuşa Qarabağ xanlığının, eləcə də Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilir, qonşu ölkələrdə isə özünə “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”, “Zaqafqaziya konservatoriyası” kimi adlar qazandırır. Və o dövrlərin nə tarixi sənədlərində, nə ədəbiyyatlarda “erməni” sözünə rast gəlinmir.
https://az.wikipedia.org/wiki/
1805-ci il mayın 14-də Qafqazdakı rus qoşunlarının baş komandanı Pavel Sisiyanovla İbrahimxəlil xan arasında Qarabağ xanlığının Rusiyanın tərkibinə keçməsini, xanlığın Rusiya tərəfindən birmənalı şəkildə müstəqil dövlət olaraq tanınmasını, İbrahimxəlil xanın və onun varislərinin xanlığın yeganə sahibi olduğunu təsdiq edən Kürəkçay müqaviləsi imzalanır. İbrahimxəlil xanın imzası həmin sənədlərin artikullarında öz əksini “Şuşalı Qarabağlı İbrahim xan” kimi tapır.
http://www.virtualkarabakh.az/az/post-item/32/52/kurekcay-muqavilesi.html
1828-ci ilin 10 fevral tarixində Rusiya və İran arasında bağlanmış Türkmənçay müqaviləsinə əsasən, Qarabağa köçürülən erməni tayfaları Rusiya imperiyasının regionda apardığı xristianlaşdırma siyasətinə uyğun şəkildə Şuşanı, eləcə də digər qədim Azərbaycan torpaqlarını özününküləşdirmək iddiasıyla fəaliyyətə başlayırlar. Həmin dövrlər erməni əsilli rus generalı Valerian Qriqoryeviç Madatovun Şuşaya komendant təyin olunmasıyla ermənilərin bu ərazilərə yerləşdirilməsi daha intensiv xarakter alır. 1865-ci ilin mayında Şuşaya səyahət edən məşhur rus rəssamı Vasili Vereşşaginin Şuşanın təsvirləri əks olunan silsilə rəsmləri şəhərin o dövrlərə aid mənzərələrini əbədi olaraq tarixə həkk edir. “Şuşa məscidi”, “Şuşada məhərrəmlik”, “Müsəlman məktəbi”, “Şuşada varlı azərbaycanlının qonaq evi” və s. kimi adlar daşıyan bu tablolar indi də muzeylərdə saxlanır.
https://ru.wikipedia.org/wiki/Şuşa
1988-ci ildə erməni separatçılarının Azərbaycanın Dağlıq Qarabağ torpaqlarına ərazi iddiaları ilə düzənlənən mitinqlərin ardınca Azərbaycan ərazilərinə silahlı hücumlar başlayır. Qədim Azərbaycan şəhəri Şuşa məhz həmin bu hücumlar zamanı – 1992-ci il mayın 8-də rus-erməni hərbi birləşmələri tərəfindən işğal olunur.
Şuşadan Azərbaycan izlərinin itirilməsi məqsədilə 600-ə qədər milli memarlıq abidəsi və tarixi ərazilər, o cümlədən Qarabağ xanlığının yarandığı dövrdən cıdır yarışlarının və yerli türk əhali tərəfindən Novruz bayramlarının keçirildiyi Cıdır düzü erməni işğalçılarının tapdağı altında qalır. Pənahəli xanın sarayı, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Şərqin məşhur şairi xan qızı Xurşidbanu Natəvanın evi, Qarabağ xanlığında vəzir olmuş klassik Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi, professional Azərbaycan simfonik musiqisinin, eləcə də Şərqin ilk operasının yaradıcısı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, dünya şöhrətli opera müğənnisi Bülbül, məşhur tarixçi, rəssam, musiqişünas Mir Möhsün Nəvvabın ev muzeyləri vəhşicəsinə dağıdılır, milli muzey fondlarından 10 mindən çox eksponat, Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Dövlət Qarabağ Tarixi Muzeyindən 1000-dən çox əşya qarət edilərək Ermənistana daşınır. Ümumilikdə 60-dan çox kitabxana, muzey, musiqi məktəbi və şəhərin qədim müsəlman qəbiristanlığı məhv edilir...
https://az.wikipedia.org/wiki/
Haqq, ədalət əvvəl-axır öz yerini tapır...
28 ildir ki, Azərbaycan Şuşasının həsrətiylə yaşayır, böyük səbir və dözümlə işğal altında olan doğma torpaqlarının qansız, müharibəsiz, beynəlxalq hüquq normalarına uyğun şəkildə geri qaytarılmasını gözləyirdisə də, məsələ kağızlar üstündə qalmağa, Azərbaycanın digər əraziləri, dinc azərbaycanlılar düşmən təxribatlarına tuş gəlməyə davam edirdi. Və nəhayət ölkə rəhbəri – Azərbaycanın Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev həddini aşıb azğınlaşmış ermənilərin yerinə oturdulması məqsədilə məsələnin hərbi qaydada həllini yeganə çıxış yolu olaraq ortaya qoydu.
Bu ilin sentyabr ayının 27-dən başlayaraq müzəffər Azərbaycan ordusu ölkənin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğalçı ermənilərin xarabalıqlara çevirdiyi torpaqlarımızı kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər qəsbkarlardan azad etməyə, bayrağımızı ucaltmaqla başladı... 8 noyabr tarixi Azərbaycanı uzun illərlə həsrətində olduğu doğma Şuşasına qovuşdurdu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi şanlı Qələbə Gününə çevrildi.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...