Tanınmış gürcü yazıçısı “Azadlıq” romanından yazdı
Tanınmış gürcü yazıçısı, publisist David Şemokmedeli Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun Gürcüstanda işıq üzü görmüş “Azadlıq” kitabı haqqında məqalə yazıb.
“AzərTAc” Gürcüstanın ədəbiyyat qəzeti “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetində dərc edilmiş məqaləni təqdim edir.
David Şemokmedeli
Ümumgürcüstan Rustaveli Cəmiyyətinin prezidenti,
Qalaktion Tabidze Mükafatı laureatı, yazıçı-publisist
AFAQ MƏSUD GÜRCÜ DİLİNDƏ
Gürcü ədəbiyyat aləmində əlamətdar hadisə baş verdi – oxucuya tanınmış Azərbaycan yazarı Afaq Məsudun “Azadlıq” kitabı təqdim edildi. Kitabda eyniadlı romanla yanaşı, yazıçının 11 hekayəsi də yer alıb. Sözügedən kitabın gürcü dilində nəşr edilməsi ilə böyük ədəbi irsə malik olan iki millətin – gürcü-Azərbaycan ədəbi əlaqələri yeni mərhələyə qədəm qoydu. Düşünürük ki, belə səmərəli ədəbi əlaqələr gələcəkdə də davam etdirilməlidir.
Kitabı Azərbaycan dilindən gürcü dilinə tanınmış Azərbaycan və gürcüdilli yazar İmir Məmmədli tərcümə edib. Elə buradaca onu da qeyd edim ki, İmir Məmmədli bizim göz bəbəyi kimi qoruduğumuz mənəvi incimiz olan Şota Rustavelinin “Pələngdərili cəngavər” poemasının Azərbaycan dilində olan orijinaldan tərcümənin müəllifidir. O, məmləkətimizin ali ödülü – Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür. İmir Məmmədlinin xeyli vaxtdır Azərbaycanda yaşayıb fəaliyyət göstərməsinə rəğmən, ustalıqla tərcümə edilən bu kitabın tərcümə dilində gürcü dilinin zənginliyi bütün çalarlarıyla gözə çarpır.
Kitabın ədəbi dəyərləri barədə söz açmamışdan öncə geniş oxucu ictimaiyyətini Afaq Məsudun tərcümeyi-halının bəzi ştrixləri ilə tanış etsək, düşünürəm, maraqlı olar: Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Rusiyanın Pyotr Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq xanım Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib; bir çox hekayə, roman, pyes və esseistik yazının müəllifidir. Yazıçının əsərləri dünyanın bir çox dilinə tərcümə edilib. Çox uğurlu orijinal yaradıcılıqdan əlavə intensiv tərcüməçilik fəaliyyəti ilə də məşğuldur. Həm Qərb, həm də Şərq ədəbiyyatından nümunələr tərcümə edib. O cümlədən sufi ədəbiyyatından etdiyi tərcümələri xüsusi qeyd etmək lazımdır. Yazıçının bir neçə pyesi səhnələşdirilib. Onun ssenariləri əsasında televiziya filmləri çəkilib. 2000-ci ildə Vyana Universitetində Afaq Məsudun əsərlərinin təhlili əsasında doktorluq dissertasiyası müdafiə edilib. Yazıçı teatr sənətinin inkişafına verdiyi töhfələrinə görə dəfələrlə Türksoy medalı ilə təltif edilib. 2005-ci ildə Türkiyə Mədəniyyət Nazirliyinin, Türksoy və Avrasiya Yazıçılar Birliyinin birgə təsis etdiyi “Beynəlxalq səhnə əsərləri müsabiqəsinin” qalibi olub, gürcü ədəbiyyatının tərcüməsinə və təbliğinə görə Gürcüstan Yazıçılar İttifaqı tərəfindən “Mədəniyyət elçisi” fəxri adına və digər mükafatlara layiq görülüb.
“Azadlıq” – son illər oxucunun ixtiyarına verilən çox əhəmiyyətli bir əsər, azadlığın həqiqi mahiyyətini çözən mürəkkəb, metaforik bir romandır. Digər tərəfdən onu, mübaliğəsiz, “psixoloji roman” da adlandırmaq olar. Yazıçının yazı manerasını “soyuq romantizm” üslubuna da aid etmək mümkündür. Əsər magik realizm elementləri ilə də zəngindir. Eyni zamanda, o passiv altşüurun gizli qatlarını ustalıqla açır. O altşüurun ki, hərəkətə gəlib oyanarkən, insanın düşüncəsində və həyatında taleyüklü, həlledici dəyişikliklərə səbəb ola bilir.
“Azadlıq”da həqiqi və karikatur diktaturanın bir-birinə qovuşduğu, anarxizmlə idarəçiliyin bir-birinə qarışdığı tipik postsovet dövləti obrazı təsvir olunur. Bu dövləti dünyanın istənilən dövləti ilə müqayisə etmək olar. İnsanda belə bir təəssürat yaranır ki, romanda cərəyan edən hadisələr Gürcüstanda da baş verib. Bu hiss beləcə, postsovet məkanının istənilən oxucusunda yarana bilər. O səbəbdən ki, əsərdə baş verənlər hər kəsə tanış və doğmadır.
Romanın qəhrəmanları çaşqınlıq içindədirlər, onlar gerçəkliyin harada bitib, yuxunun haradan başladığını ayırd edə bilmirlər, burada reallıqla irreallığın sərhədləri silinib. Həqiqi olanın kriteriyasını izah etmək, tarix boyu fəlsəfənin tədqiq etdiyi əbədi və mürəkkəb mövzulardandır. Axı nəyin gerçək, nəyin həqiqi olduğu, öz-özlüyündə, həqiqətən, mübahisəli məsələdir.
“Azadlıq nədir?” – romanın aparıcı xətti budur. Bəzi dinlərdə azadlığın mahiyyəti – haqqı, həqiqəti dərk etmək kimi izah edilir. Bibliya deyir: “Haqqı dərk et, haqq səni azad edəcək”. Azadlığın mahiyyətini dərk etmək cəhdi bütün zamanlarda dünya fəlsəfəsinin həll edə bilmədiyi başağrısına çevrilib. Bu mövzu ezoteriyanı da hər zaman narahat edib – Rudolf Ştaynerin “Azadlıq fəlsəfəsi” və sair...
“Azadlıq” romanının da personajları bu vəziyyətdədir, onlar həqiqətin mahiyyəti barədə düşünmürlər... Müstəqilliyini yenicə əldə etmiş ölkədə “azadlıq” deyilən məfhumun dərk olunmadığı səbəbindən, bəziləri bunu zorakılıq haqqı kimi başa düşür, əhalinin digər qismi üçün isə azadlıq – tam mənasız, istifadəsinə ehtiyac duyulmayan, gərəksiz bir şeydir. Gərəksiz azadlığın bariz nümunəsini Lev Tolstoy “Zühur” romanında çox gözəl verib – Nexlyudov qullarını azad edərkən, onlar narazılıqlarını gizlədə bilmir, sahiblərinə giley-güzar edirlər ki: “Nə oldu, axı? Sizə nə pisliyimiz dəyib?”
Afaq Məsudun romanında da baş qəhrəmanlardan birinin belə bir mövqeyi ilə rastlaşırıq: “...Xalqın həqiqi azadlığını, ölkənin həqiqi müstəqilliyini bərqərar etmək əvəzinə, azadlıq və müstəqillik uğrunda əbədi mübarizə ovqatı yaradırlar...”
Yazıçını narahat edən – təhrifedilmiş dövlət modelində “azadlıq” deyilən məfhumun düzgün dərk edilməməsi, bunun, anarxiya və özbaşınalıq kimi ifadə olunmasıdır ki, bu da öz növbəsində, bütövlükdə cəmiyyətin, mənəvi dəyərlərin tam iflasına – deqradasiyasına gətirib çıxarır. Belə bir ovqatın hökm sürdüyü dövlətin nevrotik fonunda reallıqdan kənarda, onun fövqündə baş verənlər təsvir olunur, roman bizi, eyni dərəcədə həm gerçək, həm də yuxu aləminin yolçusuna çevirir. Burada yuxular – personajları qaçılmaz təhlükədən, əvvəlcədən xəbərdar edən danılmaz fantomlardır. Bu, bizə, tanrıların qisasından canını necə qurtara biləcəyi barədə röyaların xəbərdarlığından faydalanan Bilqamisi xatırladır. Belə ki, romanın personajları yuxularında ayrı bir həyatın iştirakçısına çevrilirlər, uzun illər mürgüdə olan altşüurlar oyanır və fəal mərhələyə keçir...
Belə bir oyanış, romanla yanaşı, kitabda yer alan 11 hekayədə də izlənilir və oxucunun gizli şüuraltısının bir sıra oyanışlarına səbəb olur. Burada mətnləri səciyyələndirən başlıca xüsusiyyət – dərin psixologizmdir. Fikir üzdə deyil, alt qatlardadır, hermetikdir. Əksər hallarda, əsas fikir bədii rəmzlər vasitəsilə çatdırılır. Bunun bariz nümunəsi “Dovşanın ölümü” hekayəsidir. Hekayə kişi və qadın duyğularından, başqa sözlə desək, “İn”lə “Yan” arasında öləziyib sönmüş məhəbbətdən sonra yaranan soyuq münasibətdən bəhs edir.
“Ağ dovşan” sevgi simvoludur, kirpi isə, tənhalığın harmoniya ilə əvəz olunmasının, qadın və kişi impulslarının qovuşmasının, personajlar arasında yaranan ali, romantik münasibətlərin rəmzidir. “Romeo və Cülyetta” “faciə” adlandırılsa da, nikbin sonluqla bitir, son ucda sevgi ölmür, əksinə, qələbə çalır. “Dovşanın ölümü”ndə isə, əsərin qəhrəmanları yazıçının bizə təqdim etdiyi amansız reallıqda yaşayır, həyatlarına davam edirlər. Lakin hər şeyin əsasını təşkil edən məhəbbət yoxdur, yəni “ağ dovşan” ölüb!
Afaq Məsudun digər hekayələri də bunabənzər psixoloji gedişlərlə, nüanslarla zəngindir və son dərəcə təsirlidir.
Yazıçının kəlamı dərin mənalı və dolğundur. Cərəyan edənlər yüksək bədii estetik vasitələrlə, incə çalarlarla səciyyələnir. Onlardan, yalnız bir neçəsini xatırlatmaq kifayətdir: “...İlk günlər pianonun dilləri üzərində, bataqlığın üstü ilə yeriyəntək ehtiyatla, barmaq-barmaq gəzinən Rəna bir neçə aydan sonra iri akkordlarla Motsartın “Rekviyem”ini çalmağa başladı...” (“Alman kilsəsi”), “Üzündə dərddən yoğurulmuş kədərli kölgələr sayrışırdı...” (“Dovşanın ölümü”), “Külək bir də cövlan edib, haradasa damda nəyisə kökündən qopartdı...” (“Qəza”) və sair. Belə misalları istənilən qədər gətirmək olar.
Haqqında danışdığımız romanda da bu sayaq maraqlı bədii elementlərlə rastlaşırıq: “...Mədəniyyət naziri – keçmiş aqronom violonçeli rəsmi qərarla, bir musiqi aləti kimi ləğv etdirdi: “Skripkadı, trambondu, cəhənnəm, yenə nəyəsə yarıyır, bu violonçel nəyə lazımdır axı?! Həmin yekə skripkadı, fərqi bir odur ki, ucunu yerə qoyub çalırsan”.
Yekun olaraq bildirməliyəm ki, son dərəcə əhəmiyyətli azərbaycanlı yazar Afaq Məsudun yaradıcılığı ilə tanış olan gürcü oxucusunu qarşıda olduqca maraqlı anlar, əlamətdar hadisələr gözləyir.
“Literaturuli Saqartvelo” (Ədəbi Gürcüstan)
5 iyul. 2019-cu il
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...