Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının ilk iclası
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yanvarın 9-da Elmi-Bədii Şurasının ilk iclasını keçirdi. İclasda Tərcümə Mərkəzinin üç ay ərzində gördüyü işlər, tərcümə sahəsinin mövcud problemləri müzakirə olundu.
İclası giriş sözü ilə Tərcümə Mərkəzinin direktoru, Şuranın sədri Afaq Məsud açdı:
– Hər birinizi salamlayır, dəvətimizi qəbul edib Şuranın iclasına qatıldığınız üçün minnədarlığımı bildirirəm. İlk növbədə bildirim ki, Elmi-Bədii Şuranın ümumi iclasının rübdə bir dəfə, dil və tərcümənin ayrı-ayrı sahələri üzrə işçi qruplarının toplantılarının isə tez-tez keçirilməsi nəzərdə tutulur. Şuranın tərkibi 13 nəfərdən ibarətdir. İcazənizlə sizi tərkiblə tanış edim: Azərbaycan Tərcümə Mərkəzinin Elmi-bədii Şurası aşağıdakı tərkibdə təsdiq edilib:
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Nizami Cəfərov,
Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov,
Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva,
Azərbaycan Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev,
Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, professor Rafael Hüseynov,
Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Əlioğlu,
Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov,
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, professor Vilayət Hacıyev,
Xalq artisti, rejissor Ramiz Mirzəyev,
Şair Ramiz Rövşən,
Mərkəzin Aparat rəhbəri Yaşar Əliyev,
Şuranın katibi Fərid Hüseyn.
Əvvəla, istəyirəm görülən işlər barədə qısa məlumat verim.
Tərcümə Mərkəzi ötən ilin avqust ayının 16-dan fəaliyyətə başlayıb və bu müddət ərzində bir sıra işləri həyata keçirib. Bilirsiniz ki, Mərkəz uzun illərdən bəri “Xəzər” dünya ədəbiyyatı jurnalını, bir vaxtlar böyük oxucu auditoriyası toplamış “Yol” qəzetini, həmçinin, yüzlərlə dünya ədəbiyyatı nümunələrindən tərcümə etdiyi əsərləri, maddi imkansızlıq ucbatından nəşr edə bilmirdi. Dövlət başçısı cənab İlham Əliyevin Azərbayan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması ilə bağlı 21 may 2012-ci il tarixində imzaladığı sərəncam vəziyyəti dəyişdi. Uzun illərdən bəri fəaliyyəti dondurulmuş bu nəşrlər artıq işıq üzü görməyə başlayıb. Bu sərəncam, həmçinin, dil və tərcümə sahəsində bir çox mühüm islahatların aparılmasına yol açdı. Yeni statusla fəaliyyətə başlamış Mərkəz indi təkcə bədii ədəbiyyatın yox, dünyanın aparıcı elmi-fəlsəfi, ictimai-siyasi ədəbiyyatlarının tərcüməsi ilə, həmçinin, dil və tərcümənin təhsil mərhələsindən başlayaraq təşkili, ali və orta təhsildə istifadə olunan ana dili və ədəbiyyat dərsliklərinin dil və məzmun baxımından təkmilləşdirilməsi məsələləri ilə məşğul olacaq.
Bu il biz “Xəzərin enerji resursları Qərb mətbuatında”, Lütfi Zadənin elmi irsi, Andrey Parşinin “Tərcümənin nəzəriyyəsi və praktikası”, Zaxariya Sitçinin Şumer tarixinin tədqiqinə dair elmi araşdırması, Venedikt Vinoqradov “Tərcüməşünaslığa giriş”, “Dünya xalqlarının mifləri” seriyasından kitabları, uşaqlar üçün müxtəlif formatlı ensiklopediyalar, sinifdənxaric oxu vəsaitlərini, həmçinin, uzun illərdən bəri Əlyazmalar İnstitutunun arxivində əski əlifbada saxlanılan qədim əlyazmaları, fars, ərəb dillərində yazıb-yaratmış Azərbaycan şairlərinin, filosof və siyasətçilərin əsərlərini, eləcə də, elm, təhsil, dil sahəsi üzrə mühüm əsərlərin tərcüməsini və nəşrini həyata keçirəcəyik. Həmçinin, müxtəlif spesifik sahələr üzrə sözlüklərin, terminoloji, izahlı lüğətlərin tərtib və çap məsələləri ilə də məşğul olacağıq.
Bir neçə aydır ki, Mərkəzin aztc.gov.az ünvanlı rəsmi saytı fəaliyyətə başlayıb. Sayt 8 dildə – Azərbaycan, rus, ingilis, alman, ispan, ərəb, fars və türk dillərində yayımlanır ki, bu da ölkənin ictimai və mədəni həyatında baş verən mühüm hadisələrin, dövlətçiliyə dair mühüm sənədlərin, sərəncam və fərmanların dünyaya mükəmməl tərcümədə təqdim edilməsinə imkan yaradır. Həmçinin, “Xəzər» dünya ədəbiyyatının arxivi və dövri nəşrləri yer alan “Xəzər” (xezerjurnali.az) saytı, ölkədə gedən dil, tərcümə və ədəbiyyat proseslərini mütəmadi şəkildə işıqlandıran “Aydın yol” qəzetinin saytı (aydinyol.az) fəaliyyətə başlayıb. Hazırda Mərkəzin tərcümə etdiyi kitabların, həmçinin, xarici dildə ədəbiyyatların, tərcüməyə dair kitab və dərsliklərin, lüğətlərin və digər ədəbiyyatların onlayn yayımlanacağı “Açıq Kitab” elektron kitabxanasının yaradılması üzərində iş gedir.
Mərkəzin fəaliyyətinin bu başlanğıc dövründə dil və tərcümə sahəsinin təkmilləşməsi istiqamətində təməlini qoyduğumuz digər iş – orta və ali təhsildə Azərbaycan dili və ədəbiyyat dərsliklərinin məzmun və tərtib keyfiyyətinin araşdırılması üzrə işçi qrupunun yaradılmasıdır. Bununla əlaqədar biz Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, universitetlərə və institutlara məktublar ünvanlamışıq. Bu məktubda ali təhsil ocaqlarının Azərbaycan bölməsində dərs vəsaiti çatışmazlığı ucbatından rus, yaxud digər əcnəbi dillərdə tədris olunan dərsliklərin siyahısının Mərkəzə göndərilməsini xahiş etmişik. Bir çox universitetlərdən bu siyahıları almışıq. Lakin bəzi universitetlərdən, hələ də bu cavab gəlməyib. Həmçinin, Azərbaycan dili və ədəbiyyatı fənni orta təhsil üzrə dərslikləri ilə bağlı Mərkəzə hələ də heç bir siyahı təqdim olunmayıb. Bizim niyyətimiz təhsilə kömək etmək, fakültələr və ixtisaslar üzrə çatışmayan dərslikləri tərcümə, yaxud tərtib etmək, orta və ali təhsildə istifadə olunan yararsız Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin məzmun və tərtib keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan işləri həyata keçirməkdir. Məlumat üçün bildirim ki, ali təhsildə rus, yaxud digər əcnəbi dildə tədris olunan dərsliklərin siyahıları ixtisaslar üzrə Mərkəzin Koordinasiya Şurasında müzakirə ediləcək. Bu müzakirələrə Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının aidiyyatlı əməkdaşları, ixtisaslar üzrə professor-müəllim heyəti də dəvət olunacaq. Müzakirələrdən keçmiş ortaq dərsliklərin tərcüməsi həmin fənnlər üzrə ixtisaslaşmış professor-müəllim heyəti ilə bizim dil mütəxəssisləri tərəfindən həyata keçiriləcək və nəşr ediləcək. Bu, yüzlərlə dərs vəsaitinin Azərbaycan dilinə tərcüməsi, tərtibi və nəşri kimi, ölkəəhəmiyyətli mühüm bir hadisədir.
Dil və tərcümə sahəsində yaşanan digər problem – Azərbaycan dilinin orta və ali təhsildə istifadəsi məsələsidir ki, bununla əlaqədar biz Təhsil nazirliyinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəfələrlə müraciət etmişik. Lakin hələ də nə bir siyahı, nə də məktubumuzda qeyd edildiyi kimi, orta məktəblərdə tədris olunan dil və ədəbiyyat dərsliklərinin nümunələrini əldə edə bilmişik.
Azərbaycan dili ilə bağlı həyata keçirmək istədiyimiz işlərdən biri də, ana dilimizin beynəlxalq müstəvidə aktuallaşdırılması, xarici ölkələrin universitetlərində tədrisinin təşkilidir. Bu məqsədlə biz ölkədə fəaliyyət göstərən səfirlərlə görüşlər keçirir, bu istiqamətdə, eləcə də milli ədəbiyyatımızın dünyaya mükəmməl səviyyədə təqdimi və təbliği ilə bağlı layihə və təklifləri müzakirə edirik. Görüşlər nəticəsiz qalmır. Hər belə görüşdən sonra o ölkənin aidiyyatlı qurumları və nümayəndələri ilə əlaqələr qurulur, müxtəlif səpkili iş birliklərinin təməli qoyulur.
Mərkəzin bu qısa müddət ərzində həyata keçirdiyi digər layihə – tərcüməçilik peşəsinin təkmilləşdirilməsi işidir ki, bununla bağlı biz tərcümənin spesifik sahələri üzrə ixtisasartırma kurslarını təşkil etmişik. Kurslar Mərkəzin binasındatəşkil ediləcək, dərslər həm Mərkəzin, həm də dəvətli dil mütəxəssisləri tərəfindən aparılacaq. Hazırda ölkədə fəaliyyət göstərən əcnəbi dil mütəxəssislərinin də, bu kurslara cəlb olunması üzərində iş gedir, bu barədə səfirliklər və əlaqədar qurumlarla danışıqlar aparılır. Düzdür bu, böyük vəsait tələb edən bir işdir, lakin, biz bu işləri həyata keçirməyə çalışırıq. Mərkəz, həmçinin, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, konsulluqların və şirkətlərin nümayəndələri üçün Azərbaycan dili kursları da təşkil edib. Artıq kurslarımıza 6 səfir yazılıb.
Mərkəzin beynəlxalq aləmlə əlaqələri də gün-gündən genişlənməkdədir. Biz dünyanın ən böyük beynəlxalq kitab sərgilərində təmsil olunmağa başlamışıq. Ötən ilin sentyabrında İsveçin Nöteborq şəhərində, oktyabr və noyabr aylarında Ərəb Əmirliklərində və İstanbulda keçirilən sərgilərdə uğurla iştirak etmişik. Yanvarın sonlarında Misirdə baş tutacaq 46-cı Beynəlxalq Qahirə Kitab Sərgisində, apreldə Londonda, mayda Praqada keçiriləcək beynəlxalq kitab sərgilərində iştirak etməyə hazırlaşırıq.
Hazırda Mərkəzdə Azərbaycanın şair və yazıçılarının əsərlərindən ibarət çex dilində yığcam antologiya hazırlanır. Tərcümənin mükəmməl versiyası çex şair və yazıçıların mətn üzərində aparacağı redaktə işi ilə tamamlanacaq. Antologiya Çexiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə Praqada nəşr olunacaq. Kitabın, həmçinin, beynəlxalq kitab sərgisində təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Çexiya Mədəniyyət nazirinin rəsmi dəvəti ilə bir neçə şair və yazıçının təmsil olunacağı heyət may ayında Praqada keçiriləcək sərgiyə qatılacaq. Hazırda bu antologiya daha geniş formatda rus, alman, ingilis, gürcü, türk və ərəb dilinə tərcümə edilir. İki cilddə: nəsr və poeziya üzrə nəzərdə tutulan bu antologiyanın rus dilində Moskvanın, gürcü dilində Tiflisin, türk dilində İstanbulun aparıcı nəşriyyatlarında nəşr ediləcəyi nəzərdə tutulub.
Bu gün Mərkəzin həyata keçirdiyi ən önəmli işlərdən biri isə, bu günəcən hansısa səbəbdən tərtib olunmamış, ölkənin elm, təhsil və mədəni həyatı üçün vacib olan mühüm bir nəşrin – Azərbaycanda ta qədimdən bu günümüzə qədər yazıb-yaratmış görkəmli şairlərin, yazıçı və dramaturqların seçilmiş əsərlərinin yer alacağı dördcildli “Azərbaycan ədəbiyyatı antologiyası”nın tərtibidir ki, hazırda bu istiqamətdə iş gedir. Artıq istehsal prosesində olan digər antologiya üçcildlik dünya dramaturgiyası antologiyasıdır ki, bu nəşrin tərtib baxımından, dünyada analoqu yoxdur. Belə ki, antologiyaya daxil edilən əsərlər illər üzrə yox, üç mövzu üzrə – məhəbbət, müharibə və oyun mövzusu üzrə seçilib. Digər formatlı antologiyalar hazırlanır: Uşaq ədəbiyyatı antologiyası, Dünya hekayəsi antologiyası, ayrı-ayrı ölkələrin ədəbiyyatlarına, mif və nağıllarına dair antologiyalar və sair və ilaxır.
Mərkəzin ölkənin dil və tərcümə sahəsinin təkmilləşməsi istiqamətində həyata keçirdiyi mühüm layihələrdən biri də, Əlyazmalar İnstitutu ilə qurduğu mütəmadi iş birliyidir. Bilirsiz ki, Azərbaycanın qədim tarixi, elmi-fəlsəfi fikri, misilsiz dil və ədəbiyyat nümunələri hələ sovetlər dönəmindən Azərbaycan oxucusunun nəzər-diqqətinə çatdırılmadan, bu institutun arxivində saxlanılmaqdadır. Bu qiymətli sərvətin əksər hissəsi əski əlifbada, qalanı qədim ləhcəli fars, cığatay, ərəb dilində olduğundan onların üzə çıxarılması, müasir oxucuya çatdırılması mümkün olmurdu. Bu gün bu qiyməti əsərlərin tərcüməsinə hissə-hissə “Aylın yol” qəzetində və “Xəzər” jurnalında yer ayırırıq. Son mərhələdə bu mətnləri kitab şəklində nəşr etdirməyi, sonradan dünya dillərinə tərcümə edib xarici ölkələrin kitabxanalarına göndərməyi planlaşdırırıq. Məsələ burasındadır ki, bu əlyazmalar arasında qədim ədəbiyyatlardan savayı, Azərbaycanın qədim tarixinə, torpaqlarına, malik olduğu ərazilərə dair qiymətli məlumatların və faktların yer aldığı sənədlər və mətnlər də var. Bu materiallar Azərbaycanı, onun ruhunu, hansı söz sərvətinə və tarixə malik olduğunu əyani şəkildə dünyaya çatdıra bilər.
Azərbaycan dilinin düzgün mənimsənilməsi sahəsində görmək istədiyimiz işlərdən biri də, ibtidai siniflər üçün nümunəvi "Əlifba" kitabının tərtib edilməsidir. Biz bu kitabın mütləq şəkildə təhsil dövriyyəsinə müdaxiləsinə iddialı deyilik. Sadəcə, tənqid və iradlardansa, ortaya nümunə qoymağı daha məqsədəuyğun hesab edirik.
Nizami Cəfərov:
– Mərkəzin bu qısa müddət ərzində gördüyü işlər təqdirəlayiqdir, və yaxşı olardı ki, indiyə qədər Şərq dillərindən və rus ədəbiyyatından hansı əsərlər tərcümə olunub, tərcümə təcrübəmiz nədir - bunların kataloqu hazırlansın. Lap belə “Kəlilə və Dimnə”dən başlamış tərcümələrin keyfiyyəti, Mirzə Əliəkbər Sabirin tərcümələri araşdırılsın, bunun üçün xüsusi bank yaradılsın. Bu, gələcəkdə kitab kimi də nəşr edilə bilər. Dilimizə tərcümə edilməsi vacib olan əsərlərin də siyahısı hazırlanmalıdır. İstər tədris, istər bədii və elmi ədəbiyyat sahəsində fundamental kitablar var. Necə ola bilər ki, dünyanın ən böyük sanskrit ədəbiyyatı Azərbaycan dilində olmasın? Məsələn, mən Ferdinand de Sossürün əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişəm. O, dünya dilçiliyinin banilərindən biridir. Ədəbiyyatşünaslıqda da belə əsərlər var. Məsələn, Pol-Royal qrammatikası var, o da tərcümə olmalıdır. Dünya xalqlarının dini kitablarının da dilimizə tərcüməsi vacibdir. Bu, dilimizin böyük düşüncəni nə dərəcədə əks etdirməsi baxımdan da maraqlıdır. Bir də yeni, ən yaxşı əsərlər – Nobel mükafatı alan əsərlər dərhal dilimizə tərcümə edilməlidir.
Azərbaycan dili və ədəbiyyat dərsliklərinin hazırlanmasına gəlincə, mən inanmıram ki, Tərcümə Mərkəzi bu işə xüsusi səlahiyyətlə yanaşa bilə. Çünki bu, tamamilə ayrı, Təhsil Nazirliyinin səlahiyyətində olan bir sahədir. Onun üçün xüsusi müsabiqələr keçirilir. Doğrudur, o müsabiqələr heç vaxt uğurlu nəticə verməyib. Bir vaxtlar müsabiqələr müəlliflər arasında keçirilirdi, indi isə nəşriyyatlar arasında keçirilir. Yəni müəllifin burda iş görmək imkanı 30 faizdir. Alternativ dərsliyə də gərək Təhsil Nazirliyi icazə versin. Bilirsiniz, burda söhbət Tərcümə Mərkəzinin missiyasından gedir. Bu, bir dövlət qurumudur və gördüyü işlər də gərək digər dövlət qurumları ilə əlaqəli şəkildə aparılsın. Rafael Hüseynov da o vaxt bir “Əlifba” yazmışdı, mən də yaza bilərəm, Afaq xanım da. Ancaq bu, Tərcümə Mərkəzinin işi deyil. Dərsliklərin müqayisəsini aparmaq isə Mərkəzin işidir. Məsələn, Amerika dərsliyi necədir, başqası necə? Mərkəz dərsliklər barədə rəy verə, hazırlanmasında, proqramın tutulmasında iştirak edə bilər. Düşünürəm, bu gün ən aktual və maliyyə dəstəyi göstəriləcək iş dediyiniz ali məktəblər üçün dərsliklərin hazırlanmasıdır. Çünki bu dərsliklər biabırçı vəziyyətdədir.
Fərəh Əliyeva:
– Nizami müəllim, heç yoxdur?
Nizami Cəfərov:
– Ali məktəblər üçün humanitar dərsliklər mütəxəssislərin doktorluq işləridir və bu da heç cür dərslik hesab oluna bilməz. Bizim “Filologiyaya giriş” adlanan dərsliyimiz yoxdur. Tələbələr Filologiya fakültəsini bitiriblər, ancaq bilmirlər ki, “filoloq”, yaxud “loqos” nə deməkdir. Daha sonra türkologiya elminə aid tərcümə edilməli yaxşı türk mətnləri var.
Afaq Məsud:
– “Əlifba”ya dair deməliyəm ki, Tərcümə Mərkəzinin Əsasnaməsi fəaliyyətimizin, əsasən Azərbaycan dilinin təhsildən başlayaraq, sahələr və sferalar üzrə norma və qaydalarına uyğun işlədilməsinə nəzarət edilməsi funksiyasının icrasını təsdiq edir. Mütləq deyil ki, bizim tərtib edəcəyimiz “Əlifba” kitabı tədris proqramına salınsın, bu, əlavə oxu kitabı da ola bilər. Mən, sadəcə, uzun illərlə tənqid olunub pislənsə də, heç cür lazım olan səviyyəni əldə edə bilməyən bu dərslikləri pisləmək əvəzinə, bu kitabların mükəmməl variantının ortaya qoyulmasını məqsədəuyğun hesab edirəm. Qoy bu işə cəmiyyətimiz qoşulsun. Dərsliklər müzakirə edilsin. Çünki bu kitablar, tədris hamıya, bütün ailələrə toxunan bir məsələdir. Qoy insanlar özləri müqayisə apara bilsinlər ki, pis hansıdır, yaxşı hansı. Dərsliklərin tədris proqramını əhatə etmək məsələsinə gəlincə, biz bu işi Azərbaycanda fəaliyyət göstərən Oksford məktəbinin müəllim heyəti ilə birlikdə görmək niyyətindəyik.
Ramiz Rövşən:
– Uşaqlar üçün dərsliklər oyun elementləri, uşağın fantaziyasını, məntiqini inkişaf etdirəcək interaktivlər üzrə qurulmalıdır. Hətta Sovet dövründə, totalitar rejimdə bunun müstəsna və dahiyanə nümunəsi olub. Moldav şairi Qriqoriy Vieru özü elə bir “Əlifba”, sonra “Ana dili” kitabı hazırlayıb ki, bu kitab, nəinki Moldavada, Rumıniyada da tədrisə salınıb. “Əlifba” kitabı uşağa dil açdıran müqəddəs bir kitabdır. Və bu kitab tədris peşəkarlığıyla yanaşı, istedadla hazırlanmalıdır. İndiki halda isə dərsliklərə salınan uşaq şeirlərinin çoxu fəlakətdir.
Yaşar Əliyev:
– Mən dərsliklərin monitorinqində ekspert qismində iştirak etmişəm. Bizə maketlər verilmişdi, onları yoxlayırdıq. Orada nə müəllifin, nə də nəşriyyatın adı var idi. Sonra bizə bir neçə kitab nümunəsi göstərildi, məsələn, Nyu-Yorkda çıxan “Əlifba” kitabı. O qədər maraqlıydı ki... Hərflər uşağa tanış qəhrəmanların şəkilləri əsasında öyrədilir. Elə bil serialdır, gözləyirsən, sabah ardı necə olacaq?
Asif Hacıyev:
– Bizim təhsildə müasir ədəbiyyatımız, rus, türk xalqlarının ədəbi nümunələri, demək olar ki, təmsil olunmur.
Yaşar Əliyev:
– Mənim oğlum İncəsənət Universitetinin kino rejissorluğu ixtisasını bitirib. Kino ilə bağlı Azərbaycan dilində, demək olar ki, dərs vəsaiti yoxdur.
Nizami Cəfərov:
– Tamamilə doğrudur. Yalandan deyirik ki, uşaqlarımız universitetdə ingilis dili öyrənirlər. İngilis dilində bədii əsər oxumaq, məişət dilini öyrənmək olar, ancaq ingilis dilində elmi əsəri oxumaq və dərk etmək çox çətindir. Ona görə də bu, birinci dərəcəli iş olmalı və universitetlər də bu işdə təşəbbüs göstərməlidirlər.
Onu da deyim ki, hələ qarşıda tərcümə modelinin hazırlanması problemi də durur. Bunun üçün də yaxşı lüğətlər lazımdır. Elə lüğətlər ki, axtardığımız sözləri onlarda tapa bilək.
Dublyaja gəlincə, bizdə Şərq filmlərinin dublyaj təcrübəsi çox yaxşıdır. Hind, İran filmləri rus dilindən tərcümə olunub və əksəriyyətini yazıçılar, dili bilən adamlar edib. Ancaq amerikan, fransız filmlərinin uyğun tərcümə variantını azərbaycanca tapmaq mümkün deyil. Çünki o dildəki ifadələrin adekvat variantı bizdə yoxdur. O filmlərdə olan replikaların, səhnələrin tərcüməsi bizim dildə maraqsız alınır. Bu da təkcə tərcüməçilərin günahı deyil, dilin reaksiyasıdır. Amerikan ingiliscəsinə bizim dilimizin reaksiyası çox kütdür.
Ramiz Mirzəyev:
– Bizim dilimizə yaxın olan türk dilinin dublyajına baxanda görürsən ki, burda avropa mətnlərindən tərcümə çox rahat qəbul edilir.
Ramiz Rövşən:
– Burada söhbət qeyri-peşəkar tərcümədən gedir. Filmlərin mətni də qeyri-peşəkarcasına tərcümə edildiyinə görə uğurlu alınmır. Kino adamı kimi bir şeyi deməliyəm. Təxminən 1970-ci illərdə bizim dublyajımızla türklərin dublyajı müqayisə oluna bilməzdi. Bizim dublyaj məktəbimiz olub. Dublyajın peşəkarlığı nədir? Əvvəla bu işə peşəkarlar cəlb olunmalıdır. Digər tərəfdən, bir var “ukladka” ilə dublyaj, yəni dodaq dublyajı, bir də var tərcümə olunmuş mətn. Əgər elə deyilsə, dublyaj kadrarxası səslə veriləcəksə, onu emosional etmək olmaz. Onu sakit, emosiyasız təqdim etmək lazımdır. Hətta çalışmaq lazımdır ki, orijinal səs az da olsa, eşidilsin. Yəni biz dublyajın işini xeyli yüngülləşdirə bilərik.
Asif Hacıyev:
– Mən Nizami müəllimlə müəyyən mənada razıyam. Tədris təhsilin fəlsəfəsindən gəlir. Bizdə əvvəllər dərsliklər informativ idi, indi ancaq məntiq üzərində qurulub. Bizdə rusdilli təhsil sistemi var. 400 rus məktəbi fəaliyyət göstərir. Onların dərsliklərinin dili ciddi şəkildə araşdırılmalıdır. İstərdim ki, Tərcümə Mərkəzi bu məsələ ilə xüsusi olaraq maraqlansın.
Afaq Məsud:
– Bu məsələ ilə bağlı biz Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmişik. Orta və ali məktəblərdə tədris olunan ana dili və ədəbiyyat kitablarının siyahılarının bizə göndərilməsini xahiş etmişik. Lakin bu günə qədər hələ də heç bir siyahı ala bilməmişik. Mən bu dərslikləri özüm əldə edib, dil və məzmun araşdırılmasını işçi qrupu ilə həyata keçirə bilərəm. Lakin sonradan təhsildə bu yox, ayrı kitabların istifadəsi məsələsi ortaya çıxacaq, etiraz edəcəklər ki, tədris bu dərsliklər üzrə təşkil edilmir. Odur ki, onlardan bu siyahı rəsmi alınmalıdır ki, biz də işə başlaya bilək.
Asif Hacıyev:
– Məncə, ali məktəblər üçün dərsliklərin tərcüməsi məsələsi ön plana çəkilməlidir. Çünki tələbələrin çoxu rus dilində olan dərsliklərdən istifadə edə bilmirlər. Həmin dərsliklərin hazırlanıb dövriyyəyə buraxılmasına, məncə, qadağa qoyula bilməz. Orta məktəblər üçün də Rusiyada, məsələn, elə gözəl coğrafiya dərslikləri tərtib edirlər ki... Həmin kitabları da tərcümə edib, dərs vəsaiti kimi istifadəyə vermək olar. Yaxud onların əsasında yeni dərsliklər hazırlamaq olar. Bu kimi nümunələr ortaya qoyulandan sonra dərslik hazırlanması işinə də başlamaq olar. Ədəbiyyat antologiyasının hazırlanması da yaxşı fikirdir. Tərcüməşünaslıq üzrə mütəxəssis yetişdiririk, ancaq bu sahə üzrə də dərsliklər yoxdur. Bu barədə də düşünmək lazımdır. Tərcüməşünaslıq məsələləri ilə bağlı elmi toplu hazırlamaq da yaxşı olardı. Respublika səviyyəsində koordinasiya üçün bu, vacibdir.
Afaq Məsud:
– Biz belə bir toplu hazırlamağı nəzərdə tutmuşuq. Lakin hələ ki, bu işin başında dura biləcək, onu müvafiq səviyyədə təşkil edəcək mütəxəssis tapa bilməmişik. Və ümumiyyətlə, nəinki xarici dil üzrə, Azərbaycan dili üzrə mütəxəssis tapmaqda çətinlik çəkirik.
Asif Hacıyev:
– Bizdə dünya ədəbiyyatı üzrə tərcüməçilər var. Ancaq bu sahədə də ənənə zəifdir. Tərcüməçinin statusunu qaldırmaq lazımdır. Çünki o, əsərin həmmüəllifi sayılır. Tərcümə etmək, bəlkə də, əsər yazmaqdan da çətindir. Tərcüməçilərin əməyinin qiymətləndirmək üçün mükafatlar da müəyyən etmək olar.
Afaq Məsud:
– Mərkəzimizin “Dəf(i)nə yarpağı” adlı bədii tərcümə müsabiqəsi keçirilir. Fərid Hüseyn müsabiqə haqqında məlumatı nəzərinizə çatdırsın.
Fərid Hüseyn:
– “Dəf(i)nə yarpağı” bədii tərcümə müsabiqəsinə 115 tərcümə əsəri qəbul edilib. Əsərlər hazırda ekspertlərdədir. Ekspertlərin seçdiyi əsərlər sonra münsiflər heyətinə təqdim olunacaq. Poeziya və nəsr üzrə tərcüməyə görə birinci yerin qalibinə 3 min manat, ikinci yerin qalibinə 2 min manat, üçüncü yerin qalibinə min manat mükafat verilməsi müəyyənləşdirilib. Hər nominasiyada iki həvəsləndirici mükafat da olacaq.
Mərkəz, həmçinin, Kulis.az saytı ilə birlikdə “Tərcümə probleminin aktuallaşdırılması” layihəsini həyata keçirir. Layihə 6 paneldən ibarətdir. Hər panel üzrə 4 məruzə var. Panellərdə aşağıdakı mövzularda - “Türk dilindən tərcümə lazımdırmı?”, “İkinci dildən tərcümə problemi”, “Poeziya tərcüməsinin çətinlikləri”, “Tərcümə mətnlərinin müqayisəli təhlili”, “Tərcümənin problemləri”, “Fəlsəfi mətnlərin tərcümə problemləri” müzakirələr aparılacaq. Bu məruzələr daha sonra universitet tələbələrinin vəsait kimi istifadə edə biləcəyi ayrıca kitab şəklində çap ediləcək. Tərcümə nəzəriyyəsinə dair kitablar barədə də Asif müəllim tərcümə fakültələrində dərslik çatışmazlığından danışdı. Qeyd edim ki, Mərkəzin illik tematik planında Venedikt Stepanoviç Vinoqradov “Tərcüməşünaslığa giriş”, Andrey Parşin “Tərcümə nəzəriyyəsi və praktikası, Tatyana Kazakova “Bədii tərcümə”, Ryurik Konstantinoviç Minyar Beloruçev “Tərcümə peşəsinə necə yiyələnmək olar” və Aleksandr Davidoviç Sveyster “Tərcümə nəzəriyyəsi” kitabları daxil edilib. Tərcümə fakültəsində təhsil alan tələbələr üçün bu dərslik əhəmiyyətli vəsait olacaq.
Afaq Məsud:
– Ümumiyyətlə, biz gələcəkdə Tərcümə Akademiyası yaratmaq niyyətindəyik. Açdığımız ixtisasartırma kursları bu Akademiyanın ilkin təməlidir və biz bu sahədə dərsliklərin də hazırlanmasında maraqlıyıq. Bu gün Mərkəz gələcəkdə görüləcək işlərin təməlini qoyur. Dil və tərcüməyə dair boşluqlara isə bu gün bütün sahələrdə rast gəlinir. Yəni qarşıda görüləcəyi vacib olan böyük işlər durur.
Nizami Cəfərov:
– Bizdə bütün sahələrdə mexaniki tərcümə prosesi gedir, peşəkarlıq yoxdur.
Afaq Məsud:
– Mən düşünürəm ki, bu gün bura toplaşanlar Azərbaycan dilinin təəssübünü çəkən maarifçi insanlardır. Dil, tərcümə bizim yaralı yerimizdir. Bu mənada, qarşımızda duran milli və ölkəəhəmiyyətli məsələlərin həyata keçirilməsində birgə çalışmağımıza ehtiyac var. Ümid edirəm, bu işlərin öhdəsindən gələcəyik.
Fərəh Əliyeva:
– Mən Mərkəz tərəfindən 2015-ci il üçün nəzərdə tutulan nəşrlərin siyahısına baxdım. Ali təhsil müəssisəsi rəhbəri kimi demək istəyirəm ki, humanitar sahə üzrə – kino, rejissorluq, aktyorluq üzrə dərsliklər dünyada çox tez-tez yenilənir. Bizdə isə dərs vəsaitləri nəinki yenilənmir, onlar ümumiyyətlə yoxdur. Düşünürəm ki, bu dərsliklərin teatr, kino sahəsi üzrə peşəkar mütəxəssislər tərəfindən hazırlaması, yaxud aparıcı ölkələrin təhsil sistemində istifadə olunan dərsliklərin tərcüməsi və redaktəsi işini Mərkəz edə bilər. Bizdə dərsliklər olmadığından ümid o dərsi deyən müəllimlərin səviyyəsinə qalır. Müəllim hər il gəlib eyni mühazirəni deyirsə, materiallar yenilənmirsə, bu, artıq problemdir. Dünya ədəbiyyatı tarixindən dərs deyən müəllimlərin əksəriyyəti müasir ədəbiyyatın nümayəndələrini tanımır. Tələbələrin də rus, yaxud digər əcnəbi dili bilməməsi, başqa ölkələrin dərsliklərindən istifadə edə bilməməsi böyük problemlər yaradır. Tələbələr Azərbaycan dilində dərslik tələb edir. Bizdə müasir Azərbaycan ədəbiyyatı antologiyası, ümumiyyətlə, yoxdur. Mərkəz tərəfindən bu kitabın nəşri ədəbiyyat və mədəniyyət sahəsi üçün çox önəmlidir. Tələbələr müasir Azərbaycan ədiblərini ümumiyyətlə tanımırlar, ədəbiyyat nümayəndələrindən xəbərsizdirlər. Düşüncə tərzimiz müasirləşməsə, bizi ətalət basacaq.
Ramiz Rövşən:
– Bir də necə gəldi, hansı əsəri istədim, tərcümə etmək olmaz. Bizə elə gəlir ki, rus ədəbiyyatını dərindən bilirik. Ancaq rus ədəbiyyatının böyük bir xəzinəsi Azərbaycan dilində yoxdu. Mən hazırda rus ədəbiyyatının Gümüş dövrünün şairlərinin şeirlərini tərcümə edirəm. Bu, sadəcə, bir mərhələdir. Daha sonra Qızıl dövr olacaq. Bütün bu əsərlər mərhələ-mərhələ çevrilməli, Azərbaycanın mədəni həyatına ötürülməli və təhsildə istifadə edilməlidir.
Ramiz Mirzəyev:
– Rus dilində rejissorluğa və aktyor oyununa aid yaxşı ədəbiyyat siyahısı var. Mən o siyahını hazırlayıb, sizə təqdim edərəm. Mənə elə gəlir ki, biz qlobal bank yaratmaq istəyiriksə, burda təkcə bədii ədəbiyyat yox, həm də spesifik ədəbiyyat olmalıdır.
Vilayət Hacıyev:
– Tərcümə Mərkəzinin fəaliyyət göstərdiyi 3 ay ərzində tərcümə sahəsinə münasibət tamamilə dəyişib. Arzu edirəm ki, dəyişən bu münasibəti qoruya bilək. Mənə elə gəlir ki, Mərkəz hələ yeni yarandığı üçün bir qədər dar çərçivədə fəaliyyət göstərməlidir. Dərsliklər qlobal məsələdir. Yaxşı təşəbbüsdür, alternativ kimi nə isə etmək olar. Yəni Mərkəz dərslik yox, əlavə oxu kitabları hazırlamaqla bu sahəyə öz töhfəsini verə bilər. Dərslik hazırlamaq sizin vaxtınızı da çox alacaq və digər işlərinizi ləngidəcək.
Çox istərdim ki, indiyə qədər edilən tərcümələrin kataloqu hazırlansın. Bununla tərcümə təsərrüfatımızın hansı səviyyədə olması barədə təsəvvürümüz olacaq. Bilməliyik ki, nə tərcümə edilib və nəyi etməliyik?
Bir şey də deyim. Azərbaycan ədəbiyyatı antologiyası hər yerdə çap oluna bilər. Mənə elə gəlir ki, siz əsas qüvvəni Azərbaycan ədəbiyyatı antologiyasının xarici dillərə tərcümə edilməsinə sərf edəsiniz. Təcrübəmə əsaslanaraq deyim ki, bu məsələdə biz bir qədər ehtiyatlı olmalıyıq. İnsan yalnız ana dilinə yaxşı tərcümə edə bilər. Xüsusən bədii mətnləri. Çünki burda təkcə dil faktoru yox, ekstra-linqivistik faktorlar da var. Sözü bilmək yetmir, duymaq lazımdır. Xarici dili nə qədər bilsək də, duya bilmirik.
Afaq Məsud:
– Biz, dediyim həmin Azərbaycan ədəbiyyatı antologiyasının artıq rus dilinə tərcüməsinə başlamışıq. Bu nəşrin Moskva Yazıçılar Birliyinin mənəvi dəstəyi ilə Moskvada nəşr etməyi planlaşdırmışıq. Xarici dilə olunan bədii tərcüməyə gəlincə, tərcümə ilkin mərhələdə sətri edilir. Onun bədii mərhələsi, çevrildiyi dilin daşıyıcıları – o dildə yazan yazıçı-şairlərlə birgə mükəmməl həddə çatdırılır. Və yeri gəlmişkən, tərcümə sahəsində yaratmaq istədiyimiz “abadlığın” ilkin şərti barədə demək istəyirəm. Səfirlərlə görüşlər zamanı Avropada, eləcə də digər ölkələrdə tərcüməçilərin xüsusi lisenziya üzrə fəaliyyət göstərdiyi, xüsusi möhürə malik olduqları barədə məlumat alırıq. Bu sistemi Azərbaycanda da tətbiq etmək vacibdir. Tərcümə peşəkarlığının səviyyəsinin təkmilləşməsinin ilkin mərhələsi, hər şeydən əvvəl budur.
Ramiz Mirzəyev:
– Səslənən bir çox fikirlərlə razıyam. Sadəcə, şəxsi təcrübəmdən çıxış edərək bəzi faktları söyləmək istəyirəm. Nəvələrimdən biri ingilis təmayüllü məktəbin 7-ci sinfində oxuyur. Orda Azərbaycan dili də tədris edilir. Bu sahədə vaxtaşırı məndən kömək umur, bacardığım qədər izah etməyə çalışıram. Görürəm ki, kitabda nə qədər təsadüfi müəlliflər, şərhlər var. Bu mənada, Tərcümə Mərkəzi gərək bu sahəyə diqqət ayıra. Sahə çox genişdir, ilk növbədə, məqsədləri müəyyənləşdirmək lazımdır.
Televiziya ekranlarında gedən filmlər barədə dəyərli tənqidi fikirlər səsləndi. Razıyam ki, dublyajın səviyyəsi çox aşağıdır. Bu işdə sizə bacardığım köməyi göstərəcəyəm.
Afaq Məsud:
– Düşünürəm dublyajın təşkil edilməsi məsələsinə ayrıca baxılmalıdır. Məncə, Mərkəz bu işdə öz köməyini belə göstərə bilər ki, tərcümə olunan dublyaj mətnlərinin redaktəsini, yaxud sifarişlər əsasında bu işi öz mütəxəssislərinin, bədii tərcümə ustalarının köməyi ilə həyata keçirə bilər. Məncə, ən optimal yol budur.
Ramiz Rövşən:
– Burda məsələ belədir ki, dublyajı hər telekanal özü edir. Və onlar üçün peşəkarlıq məsələsi bir o qədər də önəmli deyil. Dublyaja qəpik-quruş ayrılır ki, heç bir peşəkar tərcüməçi bu qiymətlə razılaşmaz. Nəticədə, həmin bu mənzərə alınır. Telestudiyalar mükəmməl dublyaj mətni üçün sifariş verməlidirlər. Digər tərəfdən Azərbaycanda peşəkar dublyaj studiyası yoxdur. Belə bir studiya, dublyaj üzrə peşəkar heyət formalaşarsa, bu problem həllini tapar.
Paşa Əlioğlu:
– Qədim əlyazmaların tərcüməsiylə bağlı çoxlu problemlər var. Tərcümə olunmamış nəhəng bir xəzinəmiz arxivdə yatır. Həm bədii, həm elmi irs. Bu sahədə mütəxəssislər də sürətlə azalmaqdadır. Qonorar azlığına görə başqa işlərlə məşğul olurlar. Nəsrəddin Tusi irsinin böyük bir qismi dilimizdə yoxdur. Bu tərcümələr həm də tədqiqat sayılır.
Türk xalqları ədəbiyyatının tərcüməsi əlyazmaya baxmadan edildiyinə görə həmin ədiblər bizdən çox uzaq düşüb. Bizə gəlib çıxanlar, türk variantından götürülmüş mətnlərin dəyişilmiş formalarıdır. Nəvainin böyük bir irsi, 4 “Divan”ı, 7 poeması var, ancaq nə orta, nə də ali təhsil məktəblərində tədris edilmir. Bu xəzinə tərcümə olunmasa, biz ədəbiyyat tariximizi olduğu şəkildə öyrənə bilməyəcəyik. Hətta türk olmayan fars şairləri var ki, onlar olmadan biz ədəbiyyat tariximizi öyrənə bilmərik. Bu gün tədris edilən ədəbiyyat tariximizin böyük bir hissəsi təhsildən kənarda qalır.
Cəfər Cəfərov:
– Problemlər çoxdur. Tərcümə Mərkəzi problemlərin bir qismini aradan qaldıracaq. Ancaq Mərkəzin üzərinə çox yük düşsə, yenə hərəkətsiz bir vəziyyət yaranacaq. Ona görə də güc tərcümə işinə verilməlidir. İnkişafayönəlik dünya ədəbiyyatı tərcümə edilərək cəmiyyətə çatdırılmalıdır. Bizi məhz bu kitablar silahlandırıb irəliyə aparar. Tövsiyə edilən ədəbiyyat siyahıları saf-çürük edilib ekspertlərə təqdim edilə bilər. Tərcümə sənəti itib-gedib. Tərcümə sahəsinin xaricində olan problemlərə zamanla baxmaq olar. İşimiz uğurlu olsun!
Afaq Məsud:
– Göründüyü kimi, dil və tərcümə sahəsində yaşanan problemlər o qədər şaxəli və fərqlidir ki, bu məsələlərin ayırd edilməsi və həlli yollarının araşdırılması bir iclasın işi deyil. Biz bu səbəbdən Şuranın iclaslarını sahələr üzrə, işçi qrupları ilə keçirməliyik. Təhsil və dərslik məsələləri ilə əlaqədar bir işçi qrupu, kino dublyaj məsələsi ilə ayrı bir qrup, tərcümə təhsilinin təşkili ilə bağlı digər qrup yaratmalıyıq. İşçi qrupları işləməli, ümumi iclaslarda yekun qərarlar qəbul edilməlidir. İclasımızın gedişatı bunu bir daha sübut etdi ki, Şuranın üzvləri düzgün seçilib. Burda əyləşən hər bir kəsin ölkənin mənəvi-maarifçi durumunun tərəqqisi, dil və tərcümə sahəsinin təkmilləşməsi üçün dediyi fikirlər, irəli sürdüyü təkliflər bizim üçün dəyərlidir. Hər birinizə ürəkdən təşəkkür edir, iş birliyimizin uğurlu nəticələr verəcəyinə inanıram.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...