Ümummilli Lider Heydər Əliyevin 8 mart – Beynəlxalq qadınlar bayramına həsr olunmuş təntənəli mərasimdə nitqi

Ümummilli Lider Heydər Əliyevin 8 mart – Beynəlxalq qadınlar bayramına həsr olunmuş təntənəli mərasimdə nitqi

(“Gülüstan” sarayı, 7 mart 2000-ci il)

Hörmətli xanımlar, analar, bacılar!

Sevimli qadınlar!

Sizi 8 Mart – Beynəlxalq qadınlar günü, qadın bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu gün bu salon həmişəkindən daha da gözəldir. Çünki salonun əksəriyyətini təşkil edən qadınlardır. Qadın gözəlliyi bu salona daha da çox işıq verir və salondakı kişilərə, o cümlədən mənə də ilham verir.

Zəhra xanım dedi ki, siz bu bayramı həmişə səbirsizliklə gözləyirsiniz. Amma bilin ki, biz kişilər də bu bayramı səbirsizliklə gözləyirik. Ona görə ki, bu bayramda kişilər qadınlara həmişə xüsusi diqqət göstərirlər, öz kişiliyini, yəni qadına olan hörmətli münasibətini daha da nümayiş etdirmək istəyirlər. Qadınlara mütləq hədiyyə bəxş edirlər, güllər verirlər. Onları, bəlkə də, əvvəlki vaxtlardan çox öpürlər.

Amma təkcə buna görə yox. Bu bayram, doğrudan da, bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadınların rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur. Qadınsız həyat yoxdur. Bu, həmişə belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.

Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdır.

XX əsr dünyada qadınların emansipasiyası əsri olmuşdur. Bu gün böyük iftixar hissi ilə qeyd etmək olar ki, Azərbaycan qadınları bu imkanlardan çox səmərəli istifadə edib, dərhal cəmiyyətdə öz hüquqlarının bərpa olunmasına çalışıb və onlar üçün yaranmış imkanlardan çox yaxşı bəhrələniblər. Beləliklə, demək olar ki, XX əsrin əvvəllərindən və xüsusən 20-ci ildən sonra Azərbaycanda qadınların azadlığa çıxması, tam müstəqil olması, qadınlarla kişilərin hüquqlarının bərabərləşməsi üçün və qadınlara cəmiyyətdə öz istedadlarını nümayiş etdirmək üçün, həyatın müxtəlif sahələrində çalışmaq, zəhmət çəkmək üçün və beləliklə də qadının nəyə qadir olduğunu bir daha nümayiş etdirmək üçün imkanlar yaranıbdır.

Bu gün Azərbaycanda bu problem artıq yoxdur. Çünki Azərbaycan qadını hələ 30-cu illərin əvvəllərində çadranı atdı, öz azadlığını elan etdi, öz hüquqlarının sahibi olduğunu bəyan etdi və tarixi nöqteyi-nəzərdən qısa bir zamanda Azərbaycanda qadınlar cəmiyyətdə, həyatın bütün sahələrində özlərinə məxsus olan yeri tutdular. Biz fəxr edirik ki, Azərbaycan qadınları həm elmdə, mədəniyyətdə, təhsildə, səhiyyədə, həm də iqtisadiyyatın bütün sahələrində – sənayedə, kənd təsərrüfatında, ticarətdə, hər sahədə özlərini göstərdilər və ölkəmizin, millətimizin inkişafına öz töhfələrini verdilər.

Məhz qadınların bu cür geniş fəaliyyəti nəticəsində Azərbaycanda qısa müddətdə təhsil inkişaf etdi, insanlar savadlandı və Azərbaycan təhsili belə yüksək səviyyəyə qalxdı. Qadınların fədakar zəhməti nəticəsində Azərbaycanın səhiyyəsi belə yüksəklərə qalxdı. Mən bu sahələri ona görə xüsusi qeyd edirəm ki, bildiyiniz kimi, Azərbaycanda qadınlar bu sahələrdə işləyənlərin 60 faizini, bəlkə də, çoxunu təşkil edir.

Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar, onlar bizim nəslimizi artırırlar. Qadınlarla kişilərin bərabərliyinə gəldikdə, açıq demək lazımdır ki, qadınlar həmişə kişilərdən çox zəhmət çəkiblər.

Qədim zamanlardan belə təsəvvür var ki, kişi işləyir, pul qazanır, ailəni saxlayır, qadın isə ev işi görür. Bu, belə olubdur. Amma indi belə deyildir. İndi kişi də işləyir, qadın da işləyir, kişi də qazanır, qadın da qazanır. Demək olar ki, ailəni ikisi birlikdə saxlayırlar, uşaqlarını böyüdürlər. Amma onların arasında böyük fərq var. Qadın uşaq doğur, körpə böyüdür. Qadının bu zəhməti əvəzsizdir və heç bir kişi belə zəhməti çəkə bilməz.

Biz qadınları ilbəil daha da çox qiymətləndiririk. Bu da müəyyən qədər təbiidir. Çünki keçmişdə qadınlara olan münasibət dərin köklər salmışdı və bu dəyişiklikləri təmin etmək üçün zaman lazım idi. Bu zaman da, təbiidir ki, artıq gəldi, çatdı. İndi Azərbaycan müstəqil dövlətdir. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulur. Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir. Azərbaycan dünya mədəniyyətinə sıx qoşulur. Bütün bu sahələrdə qadının rolu həmişə böyük olub və böyükdür. Biz “dünyəvi dövlət” məfhumunu işlədəndə, təbiidir ki, bunun çox anlayışını bilirik. Amma onlardan biri də odur ki, dünyəvi dövlətdə qadın azaddır, müstəqildir, qadına onun qadın olmasına görə heç bir məhdudiyyət qoyulmur.

Şəxsən mən sevinirəm ki, bizim Azərbaycan qadınları çox qısa bir zamanda bu azadlığı əllərinə alıblar və bu azadlıqdan istifadə edirlər. Beləliklə də həm cəmiyyətə öz xidmətlərini göstərirlər, həm də xalqımızı yüksəldir, xalqımızı gözəlləşdirirlər.

Hər bir qadının üzərinə çox ağır vəzifələr düşür. Ancaq bizim həyatımızın son illərinin xüsusiyyəti ondan ibarətdir ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizə çox zərbələr vuraraq, ən böyük zərbəni də qadınlara vurdu. Çünki qadınlar övladlarını itirdilər, qadınlar ərlərini, qardaşlarını itirdilər. Adətən, faciələri qadınlar kişilərdən daha çox hissiyyatlarla keçirirlər. Ona görə də bu itkilər, bu məhrumiyyətlər də Azərbaycan qadınına çox zərbələr vurubdur. Təkcə ona görə yox ki, onlar şəhid anası, yaxud şəhid ailəsidir, ya şəhid bacısıdır. Bütün başqa qadınlar da. Çünki qadınlar arasında həmrəylik, mənəvi birlik daha da möhkəm olur.

Azərbaycan torpaqlarının bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bir milyondan artıq soydaşımız yerindən-yurdundan didərgin düşüb, ağır vəziyyətdə yaşayır, çoxları çadırlarda yaşayırlar. Onların da belə bir həyatının ən çox ağırlığı yenə də qadınların üzərinə düşür.

Mən bu əziz bayram günü Azərbaycanın şəhid analarını, qaçqın-köçkün vəziyyətində yaşayan, çadırlarda yaşayan qadınları böyük hörmət-ehtiramla yad edir və onlara bu salondan bütün Azərbaycan qadınlarının adından, bizim hamımızın adından bayram salamı göndərirəm.

Azərbaycan qadını bir xüsusiyyəti ilə də fərqlənir. O da onun gözəlliyidir. Kişilər gedib başqa ölkələrdə, başqa millətlər içərisində gözəl qadınlar axtarmasınlar. Dünyanın ən gözəl qadınları Azərbaycandadır.

Qadınlar bir belə əziyyət, zəhmət çəkərkən nə istəyirlər? Sadəcə, onlara diqqət, qayğı, hörmət, ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətli yanaşsınlar.

İnsan mədəniyyətinin ən mühüm cəhətlərindən biri cəmiyyətdə qadına hörmət etmək və hörmət etməyi, diqqət göstərməyi bacarmaqdır. Mən arzu edirəm ki, xalqımızın mədəni səviyyəsinin bu qədər yüksəldiyi bir zamanda müstəqil Azərbaycanın kişiləri qadınlara diqqət, xoş münasibət göstərməyi, onlara hörmət bəsləməyi heç vaxt unutmasınlar.

Azərbaycanda qadınlar çox sahələrdə öz yerlərini tutublar. Ancaq biz hələ ki istədiyimizə nail ola bilməmişik. Məhz buna görə də mən dünən “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” xüsusi fərman imzaladım. Məmnunam ki, bu fərman qadınlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıbdır. Sizi əmin edirəm ki, biz bu fərmanı ardıcıl surətdə həyata keçirəcəyik.

Hesab edirəm ki, qadınlar Azərbaycanın dövlət strukturlarında, icra orqanlarında, müxtəlif iqtisadi strukturlarda daha da çox təmsil olunmalıdır. Bu fərmanın həyata keçirilməsi üçün artıq mən belə qərar qəbul etmişəm ki, bütün icra orqanlarında, xüsusən şəhər, rayon icra hakimiyyəti orqanlarında qadınlarla iş üzrə ya xüsusi şöbə yaranmalıdır, yaxud icra orqanlarının rəhbərlərindən biri mütləq qadın olmalı və qadın problemləri ilə məşğul olmalıdır.

Biz Qadın Problemləri üzrə Dövlət Komitəsi yaratmışıq. Bu komitənin nə qədər vacib olduğunu və ölkəmiz üçün lazımlı olduğunu artıq bu gün görürük. Ancaq bu komitənin daha da geniş fəaliyyət göstərməsi üçün biz gərək bütün rayonlarda, şəhərlərdə onun strukturlarını yaradaq və bu vasitə ilə də qadınların bütün sahələrdə işə daha fəal cəlb olunmasını təmin edək. Qadınlar bunu istəyirlər. İndi qadınlar var ki, kişidən də çox işləmək istəyirlər və çox hallarda kişidən də yaxşı işləyirlər. Bunlar məlumdur. Ancaq biz onlar üçün şərait yaratmalıyıq, bunu etməliyik. Əmin ola bilərsiniz ki, edəcəyik.

Mənim sizə, Azərbaycanın bütün qadınlarına münasibətim məlumdur. Bu da ondan ibarətdir ki, birincisi, mən hamınızı çox sevirəm. Eyni zamanda həm dövlət başçısı kimi, həm də sadə bir insan kimi, yəni kişi kimi hər birinizə diqqət göstərməyə hazıram.

Bu gün, bu bayram günü mən sizə, Azərbaycanın bütün qadınlarına səadət arzulayıram. Səadət anlayışı qadın üçün çox böyük, geniş anlayışdır. Hər bir qadın istəyir ki, xoşbəxt olsun, o, səadətə nail olsun. Mən bunu arzulayıram. Azərbaycanın bütün qadınlarına cansağlığı, bütün işlərində uğurlar arzulayıram. Sizə, Azərbaycanın bütün qadınlarına günü-gündən gözəl olmağınızı arzu edirəm.

Bayramınız mübarək olsun, əziz qadınlar! Sağ olun.

 

VƏ DİGƏR...