Azərbaycan ədəbiyyatı Berlində təqdim olundu
Azərbaycan Tərcümə Mərkəzinin, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələrindən olan "Sirr" (Azərbaycan hekayələri) kitabı Berlində təqdim olunub. Almaniyanın “Hans-Yürgen Maurer” nəşriyyatında çap edilən kitabın təqdimat mərasimi Berlin Poeziya Evində baş tutub.
Mərasimi giriş sözü ilə tədbirin moderatoru – Filologiya elmləri doktoru Maykl Hess açıb: “Bu kitab XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti, adət-ənənəsi və xalqı ilə yaxından tanış olmaq üçün bir pəncərədir. Özünün və ölkəsinin mənzərəsini öz əsərində əks etdirmiş yazıçıların bir araya gətirilməsi, ümumilikdə bu ölkə və onun xalqı, milli-mənəvi dünyası və düşüncəsi haqqında geniş təsəvvür yaradır”.
Ardınca söz toplunun “Ön söz”ünün müəllifi – Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenştayn cəmiyyətinin sədri Ziqlinde Hartmana verilib.
O, kitabın Almaniya-Azərbaycan ədəbiyyatları arasında körpülərin yaradılmasında əhəmiyyətli rolundan danışaraq, bu layihənin hər iki ölkənin söz mədəniyyətinə öz töhfəsini verəcəyini bildirib.
Sonra söz Azərbaycan Tərcümə Mərkəzinin direktoru Afaq Məsuda verilib. A.Məsud Azərbaycan ədəbiyyatının tarixindən, müasir mənzərəsindən, Mərkəzin son illərdə həyata keçirdiyi çoxsaylı beynəlxalq layihələrindən söz açıb.
Daha sonra topluya daxil olunan hekayələr oxunub. Almaniya Televiziya və Radio verilişləri aktrisası Nina Vestin ifasında Maqsud İbrahimbəyovun, Mövlud Süleymanlının və Afaq Məsudun hekayələri təqdim olunub.
Qeyd edək ki, müasir Azərbaycan ədəbiyyatının Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Afaq Məsud kimi ədəbi simalarının hekayələri toplanmış kitabı alman dilinə alman və avstriyalı tərcüməçilər – Luts Engel, Helqa Pabl, Sena Doqan, Hilda Tanik, Marion Kubin-Semyonova, Valtraut və Volfram Şröderlər çevirib.
Qalereya
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...